Naxçıvanda polis tərəfindən saxlanılan şəxsin döyüldüyü iddia olunub.
Oxu24.com xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb.
Belə ki, bir neçə gün öncə Naxçıvan MR-in Daxili İşlər Nazirliyinin feysbuk səhifəsində psixotrop maddələrin dövriyyəsində şübhəli bilinərək saxlanılan Vidadi İbrahimovun şəkli paylaşılıb. Şəkildə təqsirləndirilən şəxsin üzündə xəsarət izləri olduğu görünüb. Foto izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.
Babək rayon sakini Vidadi İbrahimovun yaxınları onun günahsız olduğunu, saxlanılarkən polislər tərəfindən döyüldüyünü, işgəncəyə məruz qaldığını iddia edib. Onlar V.İbrahimovun qaşının və burnunun üstündə, gözünün ətraflarında döyülmə əlamətlərinin olduğunu və nazirliyin paylaşdığı şəkildə bunun aydın şəkildə göründüyünü bildirib.
DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev isə iddiaları təkzib edib: “Vidadi İbrahimov narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılaraq istintaqa cəlb edilib. Onun üzərindən 5.137 qram olan psixotrop maddə-metamfetamin aşkar olunaraq götürülüb.
Onun üz nahiyəsində olan xəsarət polis orqanında olmayıb. Bununla bağlı istintaq materiallarında müvafiq qeydlər var. İddialar şəxsi mülahizələrdir”.
Oxu24.com
ŞƏRHLƏR