Kompleks qazma və quyu xidmətlərinin idarə edilməsi şirkəti olan SOCAR AQŞ-nin, tarixində ilk dəfə olaraq quruda qazma xidmətlərini icra etmək üçün beynəlxalq istehsalçıya məxsus müasir qazma qurğusunu Azərbaycana gətirdiyini məmnunluqla bildiririk.
Bu, SOCAR AQŞ-nin həm ölkə daxilində, həm də xaricdə müştərilərinin mürəkkəb layihələrini və əməliyyatlarını həyata keçirmək üçün ən son texnologiyaların və yeni idarəetmə üsullarının tətbiqi üzrə çoxillik təcrübəsinə əsaslanır.
Quruda qazma əməliyyatlarının həyata keçirilməsi Azərbaycanın enerji sənayesi və iqtisadiyyatı üçün mühüm əhəmiyyətə malikdir. Belə ki, bu qurğu vasitəsilə yeni qazma layihələri ilə yanaşı, uzun müddət istismarda olan yataqlarda qalıq neft-qaz ehtiyyatının əlavə quyuların qazılması hesabına çıxarılması mümkündür. Həmçinin hələ də öyrənilməyə ehtiyac olan sahələrdə kəşfiyyat və axtarış quyularının qazılması da geoloji baxımdan daha əlverişli olacaqdır.
SOCAR AQŞ-nin Baş direktoru Samir Mollayev deyib: "Qazma sənayesində bu cür yeni texnika və texnologiyaların tətbiqi böyük inhiraflı quyuların qazılmasına, kern nümunələrinin götürülməsi və analizinə, geoloji-geofiziki tətqiqatlarınaparılmasına və yatağın işlənmə modelinə müsbət təsir göstərəcəkdir. Bu da öz növbəsində neft hasilatının artırılmasına təkan verəcəkdir."
15 illik təcrübəyə sahib olan və bu günə qədər 140-dan çox quyunun qazılmasını həyata keçirən SOCAR AQŞ, ölkənin qazma sənayesində innovativ yanaşmalar tətbiq etməyə, eləcə də təhlükəsiz və etibarlı həllər təqdim etməklə uğurlu fəaliyyətinə davam edəcəkdir.
ARAYIŞ
SOCAR AQŞ 2007-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), Nobel Energy və Abşeron Qazma MMC (AQŞ) tərəfindən təsis edilmiş kompleks qazma və quyu xidmətlərinin idarə edilməsi şirkətidir.
SOCAR AQŞ 2009-cu ildən Beynəlxalq Qazma Podratçıları Assosiasiyasının (IADC) üzvüdür və bütün tətbiq olunan beynəlxalq standartlara tam uyğun fəaliyyət göstərir.
Oxu24.com
ŞƏRHLƏR