Hamam otağında qapının aşağı hissəsində ən azı 5-6 sayda dəlik qoyulmalıdır.
Havalar soyuduqca əhali arasında dəm qazından zəhərlənmə halları artır. Belə hadisələr zamanı ölümlə nəticələnmələr də müşahidə olunur. Mütəxəssislərin fikrincə, bu vəziyyət insanların təhlükəsizlik qaydalarına düzgün əməl etməməsinə görə artır. Buna isə kustar üsulla hazırlanan qaz cihazlarının hava daxil olmayan hamam otağında quraşdırılması səbəb olur.
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bu kimi halların qarşısını almaq üçün AzNews.az-a təhlükəsizlik qaydalarından danışıb:
“Dəm qazı iysiz, rəngsiz havadan yüngül olan maddədir. Yanma prosesi düzgün getmədikdə ayrılan qaz karbon 4 oksidə çevrilə bilmir, nəticədə dəm qazı yaranır. Dəm qazı əsasən hamamlarda düzələn qaz cihazlarında düzgün yanma prosesi getmədikdə və ya bu cihazlara gedən xətlərdə hər hansı nasazlıq - dəlik, çatlar olarsa yaranır. Dəm qazını gözlə görmək mümkün deyil. Amma bu zaman ürəkbulanma, baş ağrıları, halsızlıq, huşsuzluq, özündən getmə halları müşahidə olunur. Ən ağır hallarda isə insanın komaya düşməsi və ölümü ilə nəticələnir. Dəm qazı əsasən hamam otaqlarında olduğu üçün burada təhlükəsizlik qaydalarına əməl etmək lazımdır. İlk növbədə hamamlarda kustar üsulla hazırlanmış qaz cihazlarından istifadə etmək düzgün deyil, cihazı alarkən onun uyğunluq serfikatını mütləq tələb etmək lazımdır. İkincisi, hamam otağında qapının aşağı hissəsində ən azı 5-6 sayda dəlik qoyulmalıdır ki, hava içəri daxil ola bilsin. Ən azından bunlara riayət etmək lazımdır. Ümumiyyətlə, hamamda qapı bağlı halda olduqda maksimum 10 dəqiqədən sonra dəm qazı insana təsir edə bilir. Bu proses 10 dəqiqədən çox olarsa, nəticəsi daha ağır ola, hətta ölümlə nəticələnə bilər”.
E. Nurəliyev bildirib ki, son illərdə dəm qazından boğulmanın sayının artması daha çox təhlükəsizlik qaydalarına riayət olunmaması ilə bağlı olur:
“İnsanlar təhlükəsizlik qaydalarına riayət etməyə ciddi yanaşmırlar. İctimai sorğu, yoxlama aparılsa, görmək olar ki, əksəriyyətin hamamında nəfəslik, qapının altında deşiklər yoxdur. Çoxunda qaz cihazları kustar üsulla düzələnlərdir, hətta özləri aidiyyatı qurumların mütəxəssisini cəlb etmədən qaz xətlərinin yerini dəyişirlər. Bəzi insanlar hamam otağını istirahət otağı kimi istifadə edirlər. Nəzərə almaq lazımdır ki, baş verən hadisələrin çoxu hamamda 10 dəqiqədən çox qapalı qaldıqda baş verir. Daha yaxşı olar ki, hamam otağına girməmişdən qabaq qapısı açıq olsun, otağın havası dəyişilsin. Girdikdən sonra isə orada uzunmüddətli qalmaq düzgün deyil”.
Ekspert əlavə edib ki, odun yanması zamanı belə dəm qazı yarana bilər:
“Kənd yerlərində daha çox sobadan istifadə olunur və odun yanması zamanı proses düzgün getməzsə dəm qazı yarana bilir. Həmin sobalar daha çox zalda və yataq otaqlarında olur. Sobaların borularında da problem olduqda otaqda dəm qazı yarana bilər”.
Qeyd edək ki, dünən Bərdə rayonunda da iki bacı dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Hadisəyə səbəb isə vanna otağında dəm qazının sızması olub. Oxu24.com
ŞƏRHLƏR