Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78290
az

İlkin Süleymanovun məhkəməsinə vəzifəli şəxslər çağırıldı - Yeni faktlar

21:2708 Dekabr, 2022
213
CƏMİYYƏT
  • A

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

OXU24.COM teleqraf.com-a istinadən bildirir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə baş tutan prosesdə İlkin Süleymanovun vəkilləri Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin rəisi Kamal Qılıcov, Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinin rəisi Arzu Daşdəmirov, eləcə də bu cinayət işinin istintaqını aparmış Baş Prokurorluğun İstintaq İdarəsinin müstəntiqi Nadir Mirzəyevin əlavə şahid qismində ifadə vermələri barədə vəsatətlə çıxış ediblər.

Vəkil Zabil Qasımov vəsatəti belə əsaslandırıb: "Cinayət işinin materiallarından görünür ki, müstəntiq İlkinin telefonunu tədqiq eləmək üçün Arzu Daşdəmirova verir. Birincisi, tədqiqatın nəticəsi yoxdur. İkincisi, Arzu Daşdəmirov telefonla bağlı hansı xüsusi biliklərə malikdir ki, müstəntiq tədqiq üçün İlkinin telefonunu ona təqdim edir?"

Vəkillər qeyd ediblər ki, azyaşlının ölümündə təqsirləndirilən İlkin Süleymanova qarşı sübutlardan biri onun telefonudur. İddia olunur ki, onun telefonunda müxtəlif vaxtlarda Yutub şəbəkəsində cizgi filmlərinə baxış olub: "İş materiallarında rəy də var ki, o telefonda intim xarakterli fotolara, videolara baxılıb. O da aydın oldu ki, fotolardan birinə baxışla İlkin Süleymanovun müstəntiqə şahid kimi birinci dəfə ifadə verdiyi tarix və saat eynidir. Söhbət 8 yanvar 2020-ci ildən gedir".

Vəkillər deyiblər ki, İlkin Süleymanov 6 yanvar 2020-ci ildə axşam saat 20.00-da saxlanılıb və o vaxtdan telefonu əlindən alınıb: "O vaxtdan telefonuna müxtəlif formada müdaxilələr edilib. Telefonda müxtəlif sayt və şəbəkələrə daxil olaraq, saxta sübutlar yaratmağa cəhd göstərilib. İlkin Süleymanov yanvarın 8-də müstəntiq qarşısında ifadə verərkən intim xarakterli videoya baxılması haqda ekspert rəyində yazılanlar da bunu sübut edir".

Kamal Qılıcovun dindirilməsi məsələsinə gəlincə, onun adı il yarımdır ki, bu məhkəmə prosesində hallanır: "Kamal Qılıcov gəlsin izah eləsin görək, müstəntiqə və İlkin Süleymanova niyə təzyiq edirdi? Onun nə marağı vardı bu işdə? Çünki İlkin Süleymanov özü də, məhkəmədə dindirilən şahidlər də dəfələrlə onun adını çəkiblər".

Qeyd edək ki, vəkillər müstəntiqin də cinayət işinin materiallarındakı çoxsaylı ziddiyyətlərə aydınlıq gətirməsini istəyiblər.

Müdafiəçilərin qaldırdığı başqa bir məsələ "Azad Azərbaycan" telekanalının (ATV) aparıcısı Zaur Baxşəliyevin bu məhkəmə prosesində dindirilməsi olub: "Çünki hələ ekspertizanın rəyi bir ay sonra bəlli olacaqdı, Zaur Baxşəliyev yanmış meyit tapılandan bir gün sonra efirdən səsləndirmişdi ki, baş nahiyəsinə dəmir parçasıyla 5 zərbə endirilib, həm də 5 gün öncədən öldürülüb. Birincisi, rəydə dəmir yox, daşla vurulmadan söhbət gedir. İkincisi, fevralda verilmiş rəyi yanvarın 8-də Zaur Bəxşəliyevə kim demişdi?"

Nərminin atası Şərif Quliyev bildirib ki, Zaur Baxşəliyev yanvarın 7-də onunla telefonla əlaqə saxlayıb, məlumatları aparıcıya o verib. Vəkillər isə bununla razılaşmayıblar: "Yaxşı, bəs onda sən hardan bilirdin? İkincisi, axı, aparıcı sənə istinad eləmir, Patoloji Anatomiya Birliyinə istinad edir?"

Məhkəmə Zaur Baxşəliyevi dindirməyə razılıq verməyib. Digər şəxslərin məhkəmədə dindirilməsi ilə bağlı vəsatətə münasibət bildirilməyib. Məhkəmənin növbəti iclaslarda qərar verəcəyi gözlənilir.

Xatırlaq ki, yanvarın 8-də İlkin Süleymanovgilin evinə baxış keçirilib. Baxış protokolundan görünür ki, iş üçün əhəmiyyətli olan heç bir sübut aşkarlanmayıb.

Lakin yanvarın 10-da yenidən baxış keçirilən zaman İlkin Süleymanovların hərətində darvazanın yaxınlığında divardan 2-ci qrupa aid qan ləkəsi tapıldığı iddia olunur.

Məhkəmədə dindirilən İlkin Süleymanovun əmisi oğlu Murad Süleymanov bildirmişdi ki, yanvarın 9-dan 10-na keçən gecə Tovuz rayon polis şöbəsinin rəisi Şirzad Əsgərov və bir neçə polis əməkdaşı gecə saat 4 radələrində İlkin Süleymanovgilin həyətinə daxil olublar. O, bunun sübutu kimi, orada olan polis əməkdaşlarından birinin - Azər Məmmədovun həmin vaxt ona zəng etdiyini göstərmişdi.

Lakin Azər Məmmədov məhkəmədə dindiriləndə bunu təkzib etmiş, o gecə Süleymanovların evinə daxil olmadığını, həmin vaxt öz evində olduğunu demişdi.

Bütün bu sadalananlara əsaslanan İlkin Süleymanovun vəkili Zabil Qəhrəmanov vəsatət qaldırıblar ki, Tovuz rayon polis şöbəsinin əməkdaşı Azər Məmmədovun yanvarın 9-dan 10-na keçən gecəyə aid telefon anten dairəsilə bağlı məlumatlar araşdırılsın: "Bu, çox vacib məsələdir. Necə olur, bir gün əvvəl o evdən heç nə tapılmır, amma polislər o evə gələndən sonra qan ləkəsi aşkarlanır? İş materiallarında Murad Süleymanova gəlib-gedən zənglər var. Orada görünür ki, Azər Məmmədov yalan deyir, öz evində yox, İlkingilin evinin yanında olub. Gecə saat 04.26-da onun orada nə işi vardı?"

Vəkil qeyd edib ki, bu cinayət işində ekspertiza rəylərində də xeyli ziddiyyətlər var. Meyitin üzərindən tapılmayan paltarla bağlı ekspertlər rəy verib. Həmin paltarların (cins şalvar və s.) ekspertizaya necə çıxması bəlli deyil. Ona görə vəkillər həmin ekspertlərin də çağırılaraq dindirilməsini istəyiblər.

Bu vəsatətlərin də növbəti məhkəmə iclasında müzakirə olunacağı deyilib.

Növbəti proses dekabrın 21-də davam edəcək.

İttihama görə, 2019-cu il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci ilin yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İstintaq-əməliyyat qrupu tərəfindən İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.

İlkin Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 144.3 (adam oğurluğu), 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi -QƏTNAMƏ
COP29-un bağlanış plenar iclası keçirilir
Uçan naməlum obyektlər var? – Pentaqonun yeni hesabatı

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi