Ermənistanda ciddi ictimai dəstəyi olmayan radikal müxalifət cəmiyyətin diqqətini cəlb eləmək naminə indi də başqa hoqqaya əl atıb. Radikal-revanşislər nazirlikləri, idarə-müəssisələri gəzərək, onların rəhbərlərindən “artsax heç vaxt Azərbaycanın tərkibində olmayacaq” ifadəsini almağa, əks halda, onları ifşa eləməyə çalışırlar. Amma maraqlıdır ki, öz istəklərinə çox vaxt nail olmurlar.
Məsələn, az öncə xarici işlər naziri Mnatsakan Safaryan (sərhədlərin delimitasiyası üzrə Ermənistan tərəfdən yaradılan komissiyanın üzvüdür) onu XİN binasında yaxalamış radikalların təkidlərinə baxmayaraq, həmin ifadəni təkrarlamadı. Srağagün isə parlamentin spikeri Alen Simonyan “artsax heç vaxt Azərbaycanın tərkibində olmayacaq” söyləməkdən imtina edib.
“Mənim parlament sədri kimi ”artsax"ın heç vaxt Azərbaycanın tərkib hissəsi olmayacağı barədə bəyanat verməyə haqqım yoxdur. Danışıqlar prosesi gedir və indi belə bəyanatların verilməsi həm danışıqları aparan tərəfi, həm də bütün prosesi fakt qarşısında qoymaq demək olardı", - Simonyan opponentləri pərt edib.
*****
Eləcə də digər qurumların rəhbərləri ictimai qınaqdan çəkinib-eləmədən məlum avantürist ifadəni dilə gətirmir, müxalifəti başından edirlər. Bir səbəb, ümumiyyətlə, radikal müxalifətin özbaşınalığının artıq toplumun ən müxtəlif təbəqələrini bezdirməsidirsə, ikinci motiv əlbəttə ki, bu “barıt qoxulu”, populist və mənasız tezisin geniş erməni cəmiyyəti üçün öz aktuallığını itirməsi ilə bağlıdır.
Çünki ağlı az-çox başında olan, reallıq hissini itirməyən ermənilərin hamısı anlayır ki, 44 günlük müharibədən sonra keçmiş Dağlıq Qarabağın mifik “müstəqilliyindən” və ya Ermənistanın tərkib hissəsi olmasından danışmaq absurddur, özünü aldatmaq və ya gülünc vəziyyətə salmaqdır. Ən önəmlisi, ədalətli sülhə süni əngəl yaratmaq cəhdidir.
Azərbaycan dövləti bir ovuc Qarabağ ermənilərinə heç mədəni muxtariyyət verməyə hazırlaşmır, sən bunların iştahasına bax. Sanki İkinci Qarabağ müharibəsi heç baş verməyib. Bədbəxtlər, “artsax” dediyiniz keçmiş Dağlıq Qarabağın 90%- artıq Azərbaycanın tərkibindədir, siz nə çərənləyirsiniz? “Heç vaxt Azərbaycanın tərkibində olmayacaq” nə demək? Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib!
Radikalların nümayəndələrindən biri, “Şərəfim var” fraksiyasının deputatı Ayk Mamidcanyanın bu xüsusda dünənki etirafı diqqət çəkir.
“Hamı bunu (məlum ifadəni - red.) söyləməyə qorxur. Onlar (hakimiyyət - red.) buna nail oldular ki, artıq heç bir beynəlxalq struktur ”Artsax"ın öz müqəddəratını təyinetmə hüququndan danışmır. Üstəlik, vəziyyət o yerə çatıb ki, artıq “Artsax”da yaşayan etnik erməni əhalisinin hüququndan danışırlar. Bizim “Artsax”ı Qarabağ adlandırırlar", - deyə Mamidcanyan dərin məyusluq içində qeyd edib.
*****
Yada salaq ki, cəmi bir il öncəki parlament seçkilərində erməni seçicilərinin qalib elədiyi siyasi qüvvə indi məhz “Artsax” heç vaxt Azərbaycanın tərkib hissəsi olmayacaq" söyləməkdən imtina edənlər idi. Paşinyan partiyası idi. Təəssüflər olsun ki, Rusiyaya bağlı cığal və faşist ünsürlər hələ də suyu bulandırmağa, hansı yolla olur-olsun öz varlığını sübut eləməyə, Azərbaycanla Ermənistan arasında başlamış kövrək sülh prosesini pozmağa çalışırlar. Radikalların seçkilər yolu ilə hakimiyyətə gəlmək şansı isə yoxdur. Yalnız qeyri-qanuni, antikonstitusion, terror üsulları keçərli ola bilər.
“Bir tərəfdən Ermənistanda baş verənlər erməni xalqının öz daxili işidir, digər tərəfdən isə hesab edirəm ki, orada hakimiyyət dəyişikliyi olmamalıdır. Bizə çatan məlumatlar göstərir ki, istənilən halda Nikol Paşinyanın hələ də əhalinin əksəriyyəti tərəfindən dəstəklənir. Paşinyanın əvəzlənməsi ya dövlət çevrilişi, ya da baş nazirə uğurlu sui-qəsd cəhdi, yəni hakimiyyəti ələ keçirmək üçün qəsd və terror aktı ilə mümkündür”.
“Yeni Müsavat”ın məlumatına görə, bunu “Vestnik Kavkaza” portalına rusiyalı tanınmış analitik və hərbi ekspert İqor Korotçenko deyib.
“Ancaq Ermənistanda xüsusi xidmət orqanları, o sırada Milli Təhlükəsizlik Xidməti var, onların vəzifəsi də konstitusiya quruluşunun həyata keçirilməsini təmin etmək, o cümlədən müxalifətin və terror təşkilatlarının silahlılarının birinci şəxsə qarşı sui-qəsd cəhdinin qarşısını almaqdır. Əgər qətl təhlükəsi mövcuddursa, Paşinyanın təhlükəsizliyini gücləndirmək lazımdır. Hərgah, bu, Ermənistanın problemidir. Ermənistanın konstitusiyası var və bu ölkənin güc strukturlarının vəzifəsi onun həyata keçirilməsini təmin etmək və Paşinyandan başlayaraq, hökumət nümayəndəsinə qarşı zorakı hərəkətlərin qarşısını almaqdır. Çünki o, qanuni seçilmiş və tamamilə legitim baş nazirdir”, - deyə Korotçenko əlavə edib.
*****
Ancaq bu da var ki, Ermənistanda siyasi mübarizədə terror üsulu, xüsusən də daşnaklar, Qarabağ klanı tərəfindən dəfələrlə sınaqdan çıxarılıb. Hazırda isə nə Rusiya, nə də Qərb, özəlliklə ABŞ Paşinyanın zorakı yolla iqtidardan salınmasında maraqlı görünmür. Rəsmi İrəvana, erməni cəmiyyəti və müxalifətinə şimaldan, okeanın o tayından və Avropadan ən müxtəlif səviyyələrdə çatdırılan siqnallardan bu qənaət hasil olur. Qalır, radikal-revanşistlərin bundan hansı nəticəni çıxarması.
Azərbaycan isə bütün variantlara hazırdır. Bu haqda Prezident İlham Əliyev mayın 27-də Zəngilandakı çıxışı zamanı bir daha erməni radikal-revanşistləri sərt şəkildə xəbərdar edib. Sitat: “Ermənistanda faşistlər hələ də baş qaldırmağa cəhd göstərirlər. Onlara elə gəlir ki, əgər onlar hakimiyyətdə olsaydılar, müharibənin nəticələri başqa cür ola bilərdi. Qətiyyən yox! Onlara elə gəlir ki, əgər onlar hakimiyyətə gəlsələr, nə isə əldə edə bilərlər. Qətiyyən yox! Əksinə, əgər istəmirlərsə ki, onların başı bir daha əzilsin, otursunlar və bu tərəfə heç baxmasınlar. Biz hələ ki səbirlə bu mənzərəni izləyirik. Amma bunu Ermənistan faşistləri - bizə hürməyə çalışan faşistlər bilsinlər ki, hər an onların dərsini verməyə bir daha hazırıq, necə ki, İkinci Qarabağ müharibəsi zamanı”.
Düzgün nəticə çıxarmaq isə artıq bizlik deyil...
Oxu24.com
ŞƏRHLƏR