Cavid Qurbanovun "Azərbaycan Dəmir Yolları"nın sədri vəzifəsindən azad edilərək nazir müavini təyin edilməsi sosial şəbəkələrdə ənənəvi müzakirələri yenidən gündəmə gətirdi. "Vəzifədən vuruldu", "daha aşağı vəzifəyə təyin edildi" kimi şərhlərin çoxluğundan anlamaq olur ki, ictimai rəy Cavid Qurbanovun yeni nazir müavini vəzifəsini yüksək qiymətləndirməyib.
OXU24.COM qafqazinfo-ya istinadən xəbər verir ki, son dövrlərdə bənzər ssenarini yaşayan təkcə Cavid Qurbanov deyil.
C. Qurbanov 1958-ci ildə Kəlbəcərdə anadan olub. İnşaat Mühəndisləri İnstitutunu bitirib. 1975-1976-cı illərdə Kəlbəcərdə elektroenergetika sahəsində əmək fəaliyyətinə başlayıb. Daha sonra Bakıda kuryer işləyib. İlk böyük vəzifəsi 1995-ci ildə "Azəravtoyol" dövlət şirkətinə prezident təyin olunmağı olub. 1996-cı ildən dəmiryolları sahəsinə keçib. 1997-2001-ci illərdə "Azərdəmiryolservis" İstehsalat Birliyində rəis olub. Cavid Qurbanov 2015-ci ildən "Azərbaycan Dəmir Yolları"na sədrlik edirdi. O, mayın 24-də Prezident İlham Əliyevin Sərəncamı ilə vəzifəsindən azad edilərək Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsinə təyin olundu.
Qurbanov eyni zamanda Voleybol Federasiyasının da prezidentidir. O, həm də 15 il (2005-2020) Kəlbəcərin deputatı olub.
1952-ci ildə Cəbrayılda doğulan və 27 il Azərbaycanın baş bankiri statusunu özündə saxlayan Elman Rüstəmov Xalq Təsərrüfatı İnstitutunu bitirib. Əmək fəaliyyətinə 1973-cü ildə Elmi-tədqiqat İqtisadiyyat İnstitutunda başlayıb. 1991-1992-ci illərdə Prezident Aparatında böyük məsləhətçi işləyib. Daha sonra Milli Bankın İdarə Heyəti sədrinin birinci müavini olub. 1995-ci ildə isə Bankın İdarə Heyətinin sədri təyin edilib. Elman Rüstəmov 5 dəfə ardıcıl Mərkəzi Bankın sədri seçilib. Bu il aprelin 11-də Prezident İlham Əliyev onun Mərkəzi Bank İdarə Heyəti üzvlüyündən xaric edilməsi barədə parlamentə təqdimat göndərib. 102 deputatın səs çoxluğu ilə Rüstəmov vəzifəsini itirib. 2 gün sonra Baş nazir Əli Əsədov E.Rüstəmovla bağlı sərəncam imzalayıb. 27 illik baş bankirlik karyerasından sonra Rüstəmov Baş nazirin müşaviri təyin olunub.
Elman Rüstəmov iqtisad elmləri dokturu, alimdir.
Dövlət Neft Şirkətinin sabiq rəhbəri Rövnəq Abdullayev baş bankir qədər uzun müddət olmasa da, 17 il SOCAR-a rəhbərlik edib. 1965-ci ildə Naxçıvanda doğulan Abdullayev Moskva İnşaat Mühəndisləri İnstitutunu bitirib. Neft-Qaz Çıxarma İdarəsində əmək fəaliyyətinə başlayıb. 2003-cü ildə Neft Emalı Zavodunun rəhbəri kimi ilk böyük vəzifəsinə təyinat alıb. Rövnəq Abdullayev 2005-ci ildə Dövlət Neft Şirkətinin Prezidenti təyin edilib. Paralel olaraq 15 il də deputat seçilib.
Oxu24.com
ŞƏRHLƏR