Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69557
az

“Məndən 500 milyon manat tələb edirdilər” - MTN məhkəməsi

21:0417 May, 2022
334
CƏMİYYƏT
  • A

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev, həmçinin MTN-in keçmiş əməkdaşları - Vüsal Əliyev, Yasin Məmmədov, Sahib Ələkbərovun cinayət işi məhkəmə prosesi davam etdirilib.

Gundem.az Report.az-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyev zərərçəkənlərin etirazlarına, vəsatətlərinə baxmayaraq növbəti dəfə mətbuat nümayəndələrinin məhkəmə prosesində iştirakına imkan verməyib.

Prosesdə Etibar Əliyev zərərçəkən şəxs qismində ifadə verib. “Texnikabank”ın Müşahidə Şurasının sədri vəzifəsində çalışmış Etibar Əliyev deyib ki, 6 mart 2012-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat qrupu tərəfindən saxlanılıb:

"Həbs edilərkən məndən 300-500 milyon manat tələb edirdilər. Deyirdilər ki, bankdakı pulları bizə ver. İzah edirdim ki, bankın müxbir hesabındakı həmin pullar müştərilərindir, mənim deyil. Mənə saxta ittiham elan edib barəmdə həbs qətimkan tədbiri seçildi. Həbsdə olduğum vaxt Vüsal Ələkbərovun və Təhsin Ağayevin göstərişi ilə dəfələrlə təcridxanadan onların xidməti otaqlarına çağırtdırırdılar. Orada Vüsal Ələkbərov və Təhsin Ağayev məndən külli miqdarda pul tələb edirdilər. İş yerimdə aparılan axtarış zamanı digər sənədlərlə birlikdə həyat yoldaşım Esmira Bayramovanın adına olan Akademik Həsən Əliyev küçəsi, 63 ünvanında yerləşən 5 mərtəbəli evin sənədlərini də götürmüşdülər. Sözlərindən belə başa düşdüm ki, evim Mövlam Şıxəliyevə çatır, guya əziyyət çəkib istintaq apardığına görə ona haqq kimi mənim evim verilməlidir. MTN-in nümayəndəsini banka göndərib idarəetməni ələ aldılar. Əmanətçilərin hesablardakı pullarını ölkə daxilində və xaricində olan, özlərinin istədikləri hesablara köçürdülər. Bankı talan elədilər, müflis duruma saldılar".

Zərərçəkən deyib ki, həmin günlərdə MTN-in İstintaq Baş İdarəsinin rəisi vəzifəsini daşıyan Mövlam Şıxəliyev onu qəbul edib:

"Mövlam Şixəliyev yoldaşımın adına olan 5 mərtəbəli evi israrla onların dediyi adamın adına keçirməyi tələb edirdi. Deyirdi ki, bu rəhbərliyin göstərişidir, ev onların adamına verilməlidir. Növbəti gün Təhsin Ağayev məni öz xidməti otağına gətizdirdi.Oğlum Kəramət və Vüsal Ələkbərov da otaqda idi. Oğlumun fiziki cəhətdən çox zəiflədiyini gördüm. Başqa yolum qalmadı, evi verməyə razı olduğumu dedim".

Zərərçəkən deyib ki, onun barəsində istintaq edilən cinayət işi üzrə guya onunla əlbir olmaqla günahlandırılan bir qrup şəxsdən Mövlam Şixəliyev, Vüsal Ələkbərov və Təhsin Ağayevin müxtəlif məbləğlərdə pul tələb edib alıblar:

"Banka pul qoyan adamları çağırıb pullarını alıblar. Mövlam Şıxəliyev və Vüsal Ələkbərov Nizami Kazımovdan 2 milyon dollar, Hüseyn Səfərovdan 2 milyon dollar, Namil Rzayevdən 500 min dollar, Elşən Mədətovdan 250 min dollar, Mehrac Qurbanovdan 200 min dollar, Bahəddin Sultanovdan 370 min dollar, həmyerlim və tanışım Akif Qurbanovdan 1 milyon manat, Rauf Kərimovdan 1 milyon manat alıblar. Mövlam, Təhsin və Vüsal birlikdə “Texnikabank”ın Sumqayıt filialının rəhbəri Müsənnif Salahovdan 600 min manat, Mövlam Şıxəliyev şəxsən özü Anar Heydərovdan 300 min dollar alıblar".

Daha sonra Etibar Əliyevin oğlu Kəramət Əliyev də zərərçəkmiş şəxs qismində sərbəst ifadə verib:

"2012-ci il martın 6-da Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat qrupu atamı evin qarşısında tutub İstintaq Baş İdarəsinə apardılar. Sonrakı günlərdə məni də istintaqa çağırdılar. Məni şöbə rəisi Vüsal Ələkbərov qəbul etdi. Dedi ki, üzünə adam qoyub tutacağam. Təhsin və Vüsal görüş zamanı məndən tutulmamağım üçün 3 milyon manat tələb edirdilər. Deyirdilər ki, Mövlam Şixəliyevin tələbi belədir, mənim məsələmin atamın məsələsinə aidiyyəti yoxdur'.

Zərərçəkən deyib ki, həmin günlərdə Vüsal Ələkbərov onunla telefonla əlaqə saxlayaraq həbsdə olan atası ilə danışmasına şərait yaradıb:

"Atam qısa danışdı. Dedi ki, öz işini həll elə. Atam mənə görə narahat idi. Ona görə də Mövlam Şixəliyevin Vüsal və Təhsin vasitəsi ilə irəli sürdüyü tələblə razılaşdım. Onlara dedim ki, 500 min avro pul düzəldə bilərəm. Bundan sonra Təhsin məndən Mövlam Şixəliyevin pulu nə zaman verəcəyimlə maraqlandığını dedi, nə cavab verməsi barədə soruşdu. Mən də Təhsinə atamın dostu, türk iş adamı Əhmədə borc üçün müraciət etdiyimi dedim. Təhsin Əhmədin 050 211 20 93 nömrəsinə zəng edib “Kəramət sənə nəsə deyib?” soruşdu. O da cavabında sadəcə təsdiqlədi ki, demişəm. 3-4 gün sonra Əhməd 500 min avro pulu özünün “Port Baku”da yerləşən ofisində mənə verdi. Pulu həmin gün MTN-nin arxa qapısı, poliklinika tərəfdə Vüsal Ələkbərova verdim.Vüsal Ələkbərov nə qədər pul olduğunu soruşdu. Cəmi 500 min avro düzəldə bildiyimi dedim. O da Mövlam Şixəliyevin 3 milyon manat istədiyini deyib 500 min avroya razı olmayacağını bildirdi. Bundan artıq pul düzəldə bilməyəciyimi dedim. Vüsal pulu götürüb getdi.Pulu alandan bir müddət Təhsin və Vüsal məni narahat etmədilər.Sonra da Vüsal və Təhsin mənə əmlaklarımı satıb pul düzəltməyi təklif elədilər. Dedim ki, əmlaklarım həbsdədir. İsrarla pulun olmadığını deyəndə Vüsal Həsən Əliyev 63 ünvanında 5 mərtəbəli binanı onların adamına satmağımızı istədi. Dedi ki, həmin əmlakı həbsdən çıxaracaqlar. Əmlak anam Esmira Bayramovanın adına idi. 11 sentyabr 2012-ci ildə anamla notariusun binasına getdik, orada Vüsal Ələkbərov obyekti öz adamları olan Eldar adlı şəxsə satacağını deyib çıxıb getdi. Vüsal Ələkbərov tələb edirdi ki, alqı-satıqını elə notariusda edib pulu ona verim. Sonra 28 may metrosuna yaxın “Bank Respublika”nın filialına getdik. Anam pulu oradan götürdükdə obyektin 3 milyon manata satıldığını bildik. Həmin gün pulu aparıb Vüsal və Təhsinə verdim".

Məhkəmənin növbəti iclası mayın 23-nə təyin edilib.

Xatırladaq ki, MTN-nin Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi Nizami Şirinov tərəfindən qanunsuz əməllərə yol verilməsi faktları ilə bağlı başlanmış cinayət işindən Mövlam Şixəliyevin İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində külli miqdarda özgənin pul və əmlakını hədə-qorxu ilə tələb etmə, külli miqdarda rüşvət alma və sair cinayətlərinə görə ayrıca icraat ayrılıb.

İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.

Cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

Cinayət işi üzrə 32 zərərçəkmiş var.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İki gün öncə həlak olan 13 yaşlı Zaurun partası indi belə görünür -FOTOLAR
Daha bir ölkə Netanyahunu həbs etməyəcək
Lətif Cəfərov vəfat etdi

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
62 yaşlı kişi sirkə turşusu içərək intihar etdi