Putinin son vaxtlar Rusiya və xarici dövlət rəsmilərini uzun masa arxasında qəbul etməsi böyük müzakirələrə və müxtəlif iddiaların yaranmasına səbəb olub. Bəzi iddialara görə, Putin koronavirus təhlükəsindən qorunmaq üçün dövlət rəsmilərindən uzaqda dayanmağı seçir. Bəziləri də Putinin bu yolla qarşısındakı şəxsə mesaj verməyə çalışdığını bildirirlər.
Ötən gün BMT-nin baş katibi Antonio Quterreşi qəbul edən Putin yenidən sevimli masasıyla gündəmə gəlib. Belə ki, Putin Quterreşlə də uzun masa arxasında görüşüb. Görüş zamanı diqqət çəkən digər bir məqam isə onların bir-birilərindən altı metr aralıda dayanmaları və əl sıxmamaları olub.
Qeyd edək ki, bundan öncə Putin Fransa Prezidenti Emmanuel Makronu, Almaniya kansleri Olaf Şolzu da eyni masada qəbul etmişdi.
Məlumat üçün qeyd edək ki, sözügedəm masa İtaliyanın Cantu şəhərindəki “Oak” mebel firması tərəfindən istehsal olunub. Şirkətin sahibi interyer-dizayner Renato Pologna mətbuata açıqlamasında bildirib ki, masa 27 il bundan əvvəl Kremlin “xüsusi sifariş”i əsasında hazırlanıb: “Masa Kremlin verdiyi sifarişin ən unikal parçalarınan biri olub. O zaman Kremlin verdiyi sifarişlərin ümumi dəyəri təxminən 20 milyon avrodan çox olub. Masanın qiyməti indiki məzənnə ilə 100 min dollardan bahadır. Onun uzunluğu 6 metrdir. Fıstıq ağacından hazırlanıb və qızılı yarpaqlarla bəzədilib. Putinin koronavirus səbəbindən bu masadan istifadə etdiyini düşünmürəm. Hər halda bunun başqa səbəbləri var”.
Oxu24.com
ŞƏRHLƏR