Kapital Bankın Lənkəran filialındakı qanunsuzluqla bağlı xəbər vermişdik. Bizim.Media-ya müraciəti əsasında Lənkəranın Boladi kənd sakini, ll qrup əlil Miriyev İlqar Heybət oğlunun iştirakı olmadan adına 5600 (beş min altı yüz) manat kredit rəsmiləşdirildiyi barədə şikayətini dərc etmişdik. Vətəndaşın bildirdiyinə görə kredit götürmədiyi halda yanvar ayından Kapital Bank onun əlillik pensiyasından hər ay 177 manat tutur. Məsələdən xəbəri olan Kapital Bank isə həmin krediti zərərçəkmişin hesabından silib dələduzluğu edənin hesabına köçürmür. DİA.AZ xəbər verir ki, Bizim.Media məsələni ictimiləşdirəndən sonra İlqar Miriyev Lənkəran Rayon Polis Şöbəsinə çağırılaraq məsələ ilə bağlı izahatı alınıb.
İlqar Miriyevun qohumu məsələ ilə bağlı növbəti dəfə saytımıza müraciət edib. Problemin hələ də həll olunmadığını vurğulayan şikayətçi İlqar Miriyevin qonşusu Səyavuş Cəfərov tərəfindən aldadıldığını bildirib:
“İlqar Miriyev II qrup əlildir. Nitq qabiliyyətində də çətinlik var. Qonşusu onun bu durumundan istifadə edib və özü üçün götürdüyü krediti İlqar Miriyevin adına rəsmiləşdirib. İlqar 1 il əvvəl həmin şəxs üçün 500 manat kredit götürüb. Kredit bitəndən sonra İlqardan şəxsiyyət vəsiqəsini və digər sənədlərini alıb. O məqsədlə ki, guya İlqarın kreditini bağlayacaq. Maska ilə banka gedib və nə sirdirsə, bankın işçilərini də aldadaraq, İlqarın adına 5600 manat kredit götürüb. Anlamıram, kimsə bankdan istənilən miqdarda pul götürəndə, onun şəxsiyyt vəsiqəsini, özünü, ailəsini və çevrəsini araşdırırlar. Üstəlik kredit götürənin imzası və zamin də tələb olunur.
Bu adamın vizual görünüşünün şəxsiyyət vəsiqəsindəki İlqarla eyni olmadığını görüb necə kredit verilib? Bunudamı incələməyiblər? Maraqlıdır ki, olayı bank və krediti götürən şəxs də təsdiqləyir. Amma heç bir ölçü götürülmür”.
İlqar Miriyevin qohumunun sözlərinə görə Boladi kənd sakinləri pensiyadan başqa heç bir yerdən gəliri olmayan və dolanışı çətin olan əlilə yardımlar edir:
“Bu adamın ailəsi və uşaqları da xəstədir. Oğlu hərbi xidmətdədir. Kəsilmiş pensiyadan əlavə heç bir qazancı yoxdur. Belə adamın da pulunu kəsərlər? Bankdan deyirlər ki, gözləyin. Dələduz isə yoxa çıxıb. Harada gizlənibsə, tapa da bilmirik. Mən özüm iş adamıyam. Bankdan 1000 manat pul götürmək istəyəndə aylarla müraciət edirəm, mənə heç kredit verilmir”.
Məsələ ilə bağlı Kapital Bankdan isə hər hansı cavab ala bilmirik. Bankın mətbuat katibi Pərviz Sədrəddinov iki gündür ki, sorğumuza susqunla yanaşır.
Bankın mövqeyini dərc etməyə hazırıq.
Oxu24.com
ŞƏRHLƏR