Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
63233
az

Parkinson xəstəliyi. SƏBƏBLƏR, SİMPTOMLAR, MÜALİCƏ

20:5930 Dekabr, 2021
268
CƏMİYYƏT
  • A

Parkinson dofaminergik niqrostriar neyronların azalması ilə assosiasiya olunan beynin neyrodegenerativ xəstəliyidir.

Hərəki pozulma, əzələ rigidliyi, tremor, hərəkətin yavaşıması - bradikineziya, ən sonda da əzələ aktivliyinin tam itirilməsi akineziya ilə xarakterizə olunan xəstəliklər qrupuna aiddir.

İlkin əlamətlərin üzə çıxması beynin qara maddəsində olan dofaminergik neyronlarda kifayət qədər dofaminin sintez olunmaması ilə əlaqədar baş verir, bu da öz növbəsində beyin qabığında olan hərəki mərkəzlərin həddən artıq stimulyasiyası ilə nəticələnir.

Statistika

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Parkinson xəstliyi il ərzində hər 100 min nəfərdən 5-21-də rast gəlinən haldır və dünyada həmin xəstəliyə mübtəla olan təqribən 330 min nəfər var. Xəstəliyin ilk əlamətləri adətən yaşı təxminən 55 ətrafında olanlarda meydana çıxsa da, hər 10 xəstədən birində xəstəlik 40 yaşdan əvvəl baş verir.

Klinika

İlk vaxtlar xəstəliyin əlamətləri demək olar ki, hiss olunmur, gizli başlayır, nevroloji əlamətlər asimmetrik olur, adətən bir əlin, daha az hallarda isə ayağın əsməsi nəzərə çarpır. Bəzən yerişin çətinləşməsi və orqanizmin bütün əzələlərində sıxılma olur. Əl və ya ayaqda əmələ gələn tremorun dərəcəsi və amplitudu dəyişir, məsələn, stress zamanı artır, yuxudan sonra isə azalır. Diqqətli xəstələr zədələnmiş tərəfdə əldə hərəkət məhdudiyyəti hiss edir, yeriyərkən ayağının döşəməyə sürtülməsindən şikayətlənir. Müəyyən vaxtdan sonra xəstənin duruşu dəyişir, beli bükülür, qozbellik əmələ gəlir, addımın uzunluğu qısalır.

Xəstələrin ilk şikayətlərindən biri ətraf və beldə ağrılar, əzələlərin qıcolması olur. Bəzən qeyri-spesifik əlamətlər - yorğunluq, depressiya, yuxunun pozulması, vegetativ dəyişikliklər - qəbizlik, ortostatik hipotenziya, impotensiya, seboreya dermatiti, sidik və tər ifrazının pozulması ilə başlayır.

Xəstəliyin fəallaşması bəzi əlamətlərin ağırlaşmasına səbəb olur.

Hipokineziya - hərəkətlərin yavaşıması və iradi hərəkətləri başlamaqda sıxıntının olması nəticəsində xəstənin situasiyaya adekvat əzələ gücü və ritmi yarada bilməməsidir. Həmin əlamətlər özünü hipomimiya - yəni mimik reaksiyaların kasadlığı; göz qırpmalarının sayının azalması; hipofoniya - alçaq səsli nitq; mikroqrafiya - yazının kiçilməsi; braxibaziya - addımların qısalması; axeyrokinez - yeriş zamanı əllərin hərəkətsizliyi; stuldan qalxma, sağa və sola dönmə kimi hərəkətlərin və ümumiyyətlə yerişin çətinləşməsi ilə göstərir.

Rigidlik - əzələ tonusunun artması və passiv hərəkətlərə yüksək müqavimətlə xarakterizə olunur. Müqavimətin monoton yüksəlməsi "mum kukla", aralıqlı yüksəlməsi isə "dişli çarx" fenomeni adlanır.

Sakitlik tremoru - sakit vəziyyətdə ikən başda və ətraflarda 4-6 Hs tezlikli əsmənin yaranmasıdır. Tremor özünü bir neçə variantda göstərir və onlardan daha çox rast gəlinəni klassik parkinsonik tremordur. Obrazla desək, həmin əlamət xəstənin sanki əlində qəpik sayması və ya barmaqları arasında dərman yuvarlaması təsiri bağışlayır. Belə tremor hərəkətsiz ətrafda əmələ gəlir, hərəkət zamanı azalır və ya tamam itir. Başqa ətrafda əktiv hərəkət və ya yeriş, həmçinin diqqətin nəyəsə yayınması zamanı tremor çoxalır. Xəstəliyin ilk vaxtlarında parkinsonik tremor asimmetrik, yəni birtərəfli olsa da, sonralar hər iki ətrafa yayılır. Xəstəliyin ən vacib əlamətlərindən olan tremor əksər hallarda əllər, ayaq pəncələri, çənə, dodaqlar, bəzən də başda müşahidə olunur. Postural tremor isə bədənə verilmiş hər hansı vəziyyəti saxlamağa çalışanda, məsələn, əllər qarşıya uzadılanda və ya yanlara açılanda baş verir. Postural tremorun essensial, yəni adi tremordan fərqi ondan ibarətdir ki, essensialdan fərqli olaraq o, əllər qarşıya uzadılandan dərhal deyil, bir neçə saniyə sonra əmələ gəlir. Parkinson xəstələrinin az qismində yüksək tezlikli postural-kinetik tremor inkişaf edir və bəzən həmin simptom əsas əlamətlərdən bir neçə ay əvvəl əmələ gəlir.

Postural dayanıqsızlıq - bədənin vəziyyətini dəyişəndə və yeriş zamanı müvazinətin saxlana bilməməsidir. Normada postural reflekslər müvazinətin və bədənin şaquli vəziyyətdə qalmasını təmin edir. Onların zəifləməsi və itməsi nəticəsində xəstə hərəkət zamanı müvazinətini saxlaya bilmir, üstəlik hipokineziya və rigidliklə birlikdə hərəkətin tamam pozulmasına və yıxılmaya səbəb olur. Hərəkətə başlamazdan əvvəl xəstə sanki yerində tapdanır, bədəninin yuxarı hissəsi getdikcə qabağa əyilir və özünün ağırlıq mərkəzini saxlamaq üçün çox xırda addımlar atmağa başlayır ki, propulsiya deyilir. Həmin situasiyada xəstə çox vaxt yıxılır.

Parkinson xəstəliyinin müasir dövrdə tətbiq olunan təsnifatı 1967-ci ildə Hoehn və Yarh tərəfindən hazırlanmışdır:

Mərhələ 1.0 - yalnız birtərəfli təzahürlər;

Mərhələ 1.5 - birtərəfli təzahürlər, aksilyar əzələlərin prosesə qoşulması;

Mərhələ 2.0 - ikitərəfli təzahürlər, müvazinətin pozulması əlamətləri olmadan;

Mərhələ 2.5 - ikitərəfli təzahürlər, müvazinətin yüngül pozulması, xəstə retropulsiyanın öhdəsindən gələ bilir;

Mərhələ 3.0 - orta ağırlıqlı ikitərəfli təzahürlər, yüngül postural müvazinətsizlik, xəstənin kənar yardıma ehtiyacı yoxdur;

Mərhələ 4.0 - ağır hərəkətsizlik, xəstə kənar yardım olmadan çətinliklə yeriyir və ya dayanır;

Mərhələ 5.0 - kənar yardım olmadan xəstə yatağa və ya stula məhkum olur.

Dərman müalicəsi

Parkinson xəstəliyinin müalicəsi zamanı əsas prinsip hərəki pozulmaların və motor sindromların, xüsusən də psixi, vegetativ və yuxu pozulmalarının yüngülləşdirilməsidir. Müasir dövrdə dofaminergik hüceyrələrin parçalanmasını ləngidən preparatlar olmadığından xəstəliyin patogenetik terapiyası mümkün deyil. Hərəki pozulmaların müalicəsi iki istiqamətdə aparılır - neyroprotektor və simptomatik. Neyroprotektorlardan MAO inhibitorları və dofamin reseptorlarının aqonistləri daha səmərəlidir.

Cərrahi müalicə

Cərrahi müalicə üsullarından destruktiv əməliyyatlar müasir dövrdə demək olar ki, aktuallığını itirib. Nadir hallarda tətbiq olunan həmin əməliyyatlar beynin qabıqaltı strulturlarının destruksiyasına əsaslanır, daha çox birtərəfli talamotomiya və pallidotomiya aparılır.

Neyrostimulyasiya üsulu az invaziv əməliyyat olduğuna görə daha geniş tətbiq olunur. Neyrostimulyasiya zamanı beynə yeridilmiş nazik elekrtodlar vasitəsilə onun bədən hərəkətlərinə cavabdeh hissəninə dəqiq hesablanmış kiçik amplitudlu elektrik cərəyanı verilir.

Dərman bitkiləri arasında beynin dofamin sintezinə cavabdeh neyronlarını aktivləşdirən və dofaminin parçalanmasını ləngidən ginkqo-biloba yarpaqları, həmçinin onun əsasında hazırlanmış Serebratea çayı daha çox tətbiq olunur.

Xalq təbabəti reseptləri:

- 1 xörək qaşığı ginkqo-biloba yarpaqları 1 stəkan qaynar suda dəmlənir, süzüləndən sonra gün ərzində yeməkdən əvvəl 3 dəfəyə qəbul olunur.

- 1-2 filtr-bağlama Serebratea çayı 100 ml qaynar suda dəmlənir, gündə 3 dəfə yeməkdən əvvəl qəbul edilir.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qonaqlar gəlmədən tualetə bir qaşıq duz tökün – Evdar qadınların sirri
Blinken Kiyev barında gitara çalıb, mahnı oxudu - VİDEO
Yadplanetlilər bizi eşitməyəcək - SƏBƏB

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi