1928-ci ildə penisillin ilk dəfə icad edildiyindən bəri antibiotiklər müasir təbabətdə çox müsbət dəyişiklər yaratdı və saysız-hesabsız insan uğurla müalicə olundu.
Antibiotik nədir?
Antibiotiklər bakteriyaları ya məhv edir, ya da onların inkişaf edib çoxalmasının qarşısı alaraq insanlarda və heyvanlarda törətdiyi iltihabla mübarizə aparan dərmanlardır.
Bakteriyalar mikroorqanizmlərdir. Ətrafda və insan vücudunun hər yerində yaşayan kiçik orqanizmlərdir. Bakteriyaların çoxu zərərsizdirlər və hətta insanlar üçün faydalıdır, lakin bəziləri patogen olaraq xəstəlik yarada bilir. Antibiotik məhz bakteriyaların səbəb olduğu xəstəliklərin müalicəsində istifadə olunur. Belə ki, antibiotiklər hüceyrə divarını, nüvəsini məhv edir, qida maddələrinin verilməsini məhdudlaşdırır və hüceyrə bölünməsini dayandırırlar. Antibiotiklər streptokok anginası, sidik yollarının infeksion xəstəlikləri, bakterial pnevmoniya və s. hallarda təyin edilir. Virus təbiətli xəstəliklərə qarşı isə təsirsizdir. Bu o deməkdir ki, viral mənşəli müxtəlif növ qrip, herpes, suçiçəyi və ya COVİD-19-a qarşı effektsizdir. Bir virus üçün antibiotik qəbul etməyin heç bir mənası yoxdur. Virus quruluşca canlı bakteriyaya bənzəmir, antibiotik də ona qarşı gücsüzdür.
Niyə fərqli xəstəliklərdə fərqli antibiotiklərə ehtiyac duyulur?
Antibiotiklər geniş bir dərman qrupudur. İnfeksiyanın törədicisi dəqiqləşəndən sonra dar spektrli antibiotik seçilir. Əgər hansı bakteriyanın səbəb olduğu aydın deyilsə, geniş spektrli antibiotik tətbiq olunur. Hər hansı bir antibiotikin aktiv maddəsi onun effektliyini, əhatə dairəsini və doza rejimini təyin edir. Bəzi aktiv hissələr stafilakoklar, streptakoklarla daha yaxşı mübarizə apardığı halda, digərləri vərəm çöpləri, yaxud göbələklərə qarşı effektiv olur. Düzgün təyin edilmiş antibiotik uğurlu müalicənin açarıdır. Antibiotiki yalnız həkim yoxlama və testlərdən sonra təyin etmək hüququna malikdir, bu səbəbdən antibiotiklərlə özünümüalicə yolverilməzdir.
Artıq doza və yalnış antibiotik qəbulu hansı fəsadlar verir?
Artıq dozada antibiotiklər allergik, nevroloji və intoksikasion reaksiyalar verə bilər. Qaraciyər, böyrək, mədə-bağırsaq traktı tərəfindən pozulmalar müşahidə edilir. Aşırı doza simptomları antibiotikin qrupundan asılıdır. Məsələn, penisllin qrupundan çox istifadə olunarsa, davamlı bulantı, qusma, qıcolma və qanda kaliumun kəskin artması yarana bilər.
Yalnış antibiotik və həkimin təyin etdiyi kursu pozmanın nəticələri də sağlamlığa ciddi mənfi təsir göstərir. Qaşınma, səpki və s. yaranır. Kursun pozulması bakteriyaların davamlı formalarının artmasına səbəb olur, özləri məhv olmur, əksinə dərmanı məhv edən ferment istehsal etməyə başlayırlar. Beləliklə, müalicə təsirsiz hala gəlir.
Niyə antibiotiklər artıq təsirli deyillər?
Bir sıra ölkələrdə insanlar həkim resepti olmadan dərmanları əldə edə bilirlər. Bu səbəbdən bəzi xəstələr antibiotikləri tez-tez və nəzarətsiz qəbul edir, nəticədə patogen bakteriyaların dərmanların aktiv maddəsinin təsirinə qarşı immunitet qazanmasına - rezistent olmasına gətirib çıxarır. Eyni adam hər qızdırması qalxdığında, öskürdüyündə, bədəni, boğazı, oynaqları ağrıdığında bir dəfə effekt aldığı eyni və ya müxtəlif qrup antibiotikdən nəzarətsiz istifadə edir, bakteriyaların antibiotikə qarşı müqavimətini artırmağa xüsusi "töhfə" vermis olurlar. Nəticədə bəzi bakteriyalar "güclənir" və müdafiə mexanizmlərini yaxşılaşdırır. Bu "təbii seçmə" mexanizminin tipik bir nümunəsidir.
Nə etməli?
Antibiotiklər yalnız və yalnız həkim tövsiyəsi ilə qəbul olunmalıdır. Əgər sizə antibiotik yazılıbsa, həkiminizdən niyə bu qərarı verdiyini soruşun. Ətraflı bir izahat lamasanız, ikinci bir fikir almaq üçün başqa mütəxəssislə məsləhətləşin. Antibiotiklərin mümkün yan təsirləri haqda bilgi alın.
Əllərinizi tez-tez sabunlu su ilə yumağa vərdiş edin ki, infeksiyların qarşısını alasınız. Xəstəliklərin qaşısını alan və tövsiyə olunan peyvəndlərdən xəbərdar olun.
Sonuncu dəfə xəstələndiyiniz zaman istifadə etdiyiniz antibiotikiniz qalıbsa, onları qəbul etməyin. Yuxarıda qeyd edildiyi kimi, fərqli antibiotiklər müxtəlif bakteriyalar üçündür.
Bu məlumatların heç biri sizə antibiotik qəbul etməkdə qorxu yaratmamalıdır. Ehtiyac varsa və həkim təyin edibsə, bilməlisiniz ki, sağlamlığınız üçün riskli deyildir.
Nİyə antibiotik kursundan sonra probiotiklər təyin olunur?
Probiotiklər bağırsaq mikroflorasının bərpasından məsul olan bir qrup dərmanlardır. Fakt budur ki, antibiotiklərin təsiri "zərərli" bakteriyalarla məhdudlaşmır. Antibiotiklərin təsir mexanizmi immunitetin təsir mexanizmindən sadədir. Dərman həm "zərərli", həm də digər bakteriyaları məhv edir. Xüsusilə, bundan bağırsaq mikroflorası əziyyət çəkir. Disbakterioz başlayır, bağırsaq traktının işi pozulur, ishal və ağrı yaranır. Bu problemləri önləmək üçün probiotiklər təyin olunur ki, tarazlıq bərpa edilsin. Bəzən probiotik kursu antibiotik kursu ilə birgə təyin edilir.
Gəlin, antibiotiklərdən nəzarətsiz və sui istifadəyə qarşı birlikdə mübarizə aparaq, sağlam olaq!
Oxu24.com
ŞƏRHLƏR