Xəbər verdiyimiz kimi, 2 aprel 2018-ci il tarixində Beynəlxalq Muğam Mərkəzində aprel döyüşlərinin ikinci ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbir iştirakçıları nəmçinin tanınmış jurnalist Aida Eyvazlı Göytürkün “Qalibiyyət: şəhidlər və şahidlər” kitabının ikinci cildi ilə də tanış olmaq imkanı əldə etdilər. Yüksək səviyyədə - şəhidlərin adına və ruhuna layiq şəkildə təşkil olunmuş tədbirdən kövrək nötlarla ayrıldıq. Demək olar ki, hamının yanağında gözlərdən süzülən yaş damlaları gilələnmişdi.
Beynəlxalq Muğam Mərkəzindən ayrılıb yaxındakı taksi dayanacağına gəldik, sifariş verdiyimiz taksinin yaxınlaşmasını gözləyirdik. Gec idi. Qaranlıq çoxdan düşmüşdü. Biz dörd nəfər qələm adamı idik - hörmətli şairəmiz Ofelya xanım Babayeva, istedadlı şairə Xatirə xanım Fərəcli, Sumqayıt şəhər "Poeziya evi"nin direktoru, sevimli şairimiz İbrahim İlyaslı və mən - bəndəniz Rafiq Oday.
Bu vaxt qara geyimdə, qara yaylıqda bizə bir qadın yaxınlaşdı və Lökbatan dairəsinə necə gedə biləcəyini soruşdu. Biz bilmədiyimizdən, bu xanıma kömək məqsədi ilə yaxınlıqda dayanmış polislərə üz tutduq və onlardan birinin bir dəqiqəliyinə bizə yaxınlaşmalarını xahiş etdik. Gənc polis çox ədəb və ərkanla bizə yaxınlaşdı. Qadının Lökbatan dairəsinə necə gedə biləcəyini sorduq. Polis çox təmkinlə o qadına necə gedəcəyini izah etdi. Qadının tərəddüd içində olduğunu görüb, dedi ki, əgər istəsən gözlə, mən 5 dəqiqədən sonra xidmətimi başa vururam. Səni maşınla düz Lökbatanın dairəsinə apararam. Biz soruşduq ki, siz ora gedirsiniz, yəni yolunuz oradır. Cavb vedfi ki, yox, mən sadəcə bu ananı aparıb mənzil başına çatdırmaq istəyirəm
- Bəs əziyyət olmaz?
-Nə əziyyət, elə bilərəm öz anamın qulluğunda dururam, bu da mənim üçün şərəf işi olar.
Sonra məlum oldu ki, qadın oradan da Ağsuya gedəcək. Dedi ki, gecə saatlarında da oradan maşınlar olur Ağsuya.
Gənc polis əlavə etdi ki, mən səni oradan rahat şəkildə yola salaram Ağsuya. Əgər maşın düşməsə, onda özüm aparıb səni Ağsuya qoyub gələrəm.
Elə bir kövrək tədbirdən çıxmış insanlar, qələm əhli, bu gənc polisin belə münasibəti - inanın ki, belə bir məmləkətin vətəndaşı olmaqdan qürur hissi keçirirdik. Və polisə minnətdarlıq etmək üçün söz adamları olsaq da, söz tapmaqda çətinlik çəkirdik.
Arada Xatirə xanım Fərəcli imkan yaradıb gənc polisin və ananın şəklini də çəkdi və məndən də xahiş etdi ki, bunu ictimailəşdirim. Aradan 3 gün keçsə də bu addımı atmaq qərarına gəldim.
Nə deyim. Eşq olsun bu cavan oğlana! Eşq olsun Azərbaycan polisinin belə ləyaqətli nümayəndəsinə!
Bağışla, adını da soruşmadıq. Amma sən bu hərəkətinlə özünə layiqli ad qazandın. Bir daha eşq olsun!
Bizim taksi yaxınlaşdı, əyləşdik. Bu anda gənc polislə ana da polis maşınına əyləşdilər. Maşınlar eyni vaxtda tərpəndi - biz eyni vaxtda növbəti xeyirxahlıqların ardınca yol aldıq.
Aynur Kazımlı
Oxu24.com
Oxu24.com
ŞƏRHLƏR