Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
28513
az

Şərq: “Başqaları cənnətdir!”, Qərb: “Başqaları cəhənnəmdir!”

21:3710 Aprel, 2020
452
  • A

Budəfəki yazımızın giriş sözünü Azərbaycanın gəlmiş-keçmiş ən dərin şairi, mənə görə, mənəviyyatımızın banisi, onun sözlərindən yola çıxsaq, “cümlə-cahanın sirrinə vaqif” ola biləcəyimiz Nəsimi söyləsin:

...

Həm sədəfəm, həm inciyəm, həşru sirat ədinciyəm,
Bunca qumaşu rəxt ilə mən bu dükanə sığmazam.
...
Can ilə həm cahan mənəm, dəhrilə həm zaman mənəm,
Gör bu lətifeyi ki mən, dəhru zəmanə sığmazam.
...
Əncum ilə fələk mənəm, vəhy ilə həm mələk mənəm,
Çək dilinivu əbsəm ol, mən bu lisanə sığmazam.
...
Zərrə mənəm, günəş mənəm, çar ilə pəncu şeş mənəm,
Surəti gör bəyan ilə, çünki bəyanə sığmazam.
...
Nar mənəm, şəcər mənəm, ərşə çıxan həcər mənəm,
Gör bu odun zəbanəsin, mən bu zəbanə sığmazam.

Şəms mənəm, qəmər mənəm, şəhd mənəm, şəkər mənəm,
Ruhi-rəvan bağışlaram, ruhi-rəvanə sığmazam.

Gərçi bu gün Nəsimiyəm, haşimiyəm, qureyşiyəm,
Bundan uludur ayətim, ayətü şanə sığmazam.

İxtisarla yazdığım bu möhtəşəm beytlərində Nəsimi insanın eyni zamanda bütün kainatda mövcud olduğunu söyləyir. İnsan özü-özlüyündə bir heçdir, onun bir varlıq olması kainatın bir parçası olması halında mümkündür. Əsl insan bir bədənə müncər edilmiş bütün deyil, kainata dağılmış zərrələrdir. Bədənin özü də o zərrələrdən biridir, həm də ən kövrək olanı. İnsan “cümlə cahanın sirrinə vaqif” olsa, bütün kainatda özünü görəcək, özünü daha geniş mənada tanıyacaq. Bədən kordur. Bədən insanın heç olan, heçlik olan hissəsidir, insan varlıq kimi başqalarında mövcuddur.

Nəsimi, Sartrdan fərqli olaraq, “başqaları cəhənnəmdir” demirdi, “başqaları cənnətdir” deyirdi. Sufi düşüncəsinə görə, cəhənnəm olan insanın özüdür. İnsan özündən çıxandan sonra əslini axtara, tapa və ona qovuşa bilər. Özündə ilişib qalan insan bataqlıqdır. Onda hər şey məhvə məhkumdur.

Şərq böyükdürsə, Nəsimi də böyükdür! Nəsiminin öz “mən”ini böyük eşqlə gözəl çiçəklər kimi kainatdan toplamasını bütövlükdə Şərqin adına yazmaq olar. Şərq öz “mən”ini kosmik məkanda axtarır. Şərq düşüncəsinə görə, insan kainata səpələnmiş halda mövcuddur. Zərrəni və günəşi tanımaqdır insanı, “mən”i tanımaq.

Şərqin canından bu utopiyanı çıxarsan, yerində xarabalıq qalar.

Delfidəki Apollon məbədinin girişində yazılıb: “Gnothi seauton”. Yunancadan tərcümədə bu çağırış “Özünü tanı” mənasını verir. Həmin çağırışın arxasınca gedən hər kəs başqalarını tanımağa məhkumdur. Yunanlara görə, özünü tanımaq - başqalarını tanımaqdır. İnsan başqalarında gizlidir. Başqaları bizim “mən”imizin xəlvətidir.

Sartr “Varlıq və Heçlik” əsərində eqoizmin yeni bir növünü kəşf etmişdi. Başqalarında özünütəsdiqə can atan özünəvurğunluq. Buna saxta-narsissizm də deyilir. Sartra görə, insan yamsılayan varlıqdır, o, yamsılayaraq özünü təsdiqləyir. Yamsılamaq üçün ona həmişə başqaları lazımdır. İnsan həmişə özünü yaşatmaq, hiss və dərk etmək üçün özünü başqalarında çoxaltmağa məhkumdur. İnsan başqalarında mövcud olmadıqda məhv olur. Zəvzəy şairlərin darıxmaq naləsi başqası olmaq yanğısıdır. Öz mahiyyəti insanı sıxan, darıxdıran bir şeydir. İnsan həmişə öz damının altından qaçır, başqalarının xarabalığında gecələmək istəyir. İnsan özünü axtara-axtara başqalarında itkin düşür. Başqaları insanı korlayır, başqası olmaq, başqasını yamsılayaraq özü olmaq insanı əxlaqsızlaşdırır. İnsan özündə azaldıqca, başqalarında çoxalır. Başqalarında çoxaldıqca, insanda özünəvurğunluq müqəddəslik mərtəbəsinə yüksəlir, o, qurbanlar tələb etməyə başlayır. Dünyada müqəddəslərlə dolu bir məkandan daha pis heç bir yer yoxdur. Ona görə də, Sartr deyir: “Başqaları naməlumdur!”.

Niyə insan həmişə başqalarına can atır, onu başqalarına çağıran nədir?

Sartr yazır: “Bir dəlik görən insan onu öz əti ilə doldurmaq istəyir. Uşaq bir dəlik gördükdə barmağını, ya da qolunu oraya dürtmədən rahat olmur. Demək ki, dəlik özümü içinə soxaraq, varlığımı hiss etməyimə kömək edir. ...Bir dəliyi qapatmaq varlığın dopdolu olması üçün bədənimi fəda etmək anlamına gəlir.  Yəni öz varlığının fərqində olma gücünün dürtüsü ilə obyektiv varlığı tamamlamaq. Burada insan olmağın ən təməl meyillərindən birini görürük: Doldurmaq instinkti. Həyatımızın böyük bir hissəsi dəlikləri tıxamaqla, boşluqları doldurmaqla geçir”.

Sartrın bu abzasından yola çıxaraq, dönüb keçmişimizə baxsaq, geridə əlində mala və suvaq tabağı tutmuş, dəlik-deşik suvamaqdan yorulmuş bizə bənzəyən bir “ştukaturşik” görəcəyik.

Bir lider xalqı (başqalarını) ələ keçirmək üçün nitq söyləyir. Bir şair gözünü oxuculara (başqalarına) dikib şeir oxuyur. Bir aktyor tamaşaçıların (başqalarının) alqışları üçün özünü heç tanımadığı bir xarakter uğrunda “öldürür”. Bir taksi sürücüsü özünü müştərisinə (başqasına) tərifləyərək, müştəri olma hissi yaşayır və s.  

Bizi başqası olmağa çağıran başqalarında boşluq axtarmaq və dərhal oranı özümüzlə doldurmaq istəyimizdir. 

Lider xalqdakı o boşluğu görən kimi özünü ora pərçimləyir, şair arağını da götürüb, oxucuda kəşf etdiyi özünə uyğun koğuşa təpilir. Aktyoru alqışlayan, əslində, tamaşaçıdakı boşluqda yerini rahatlamış özüdür. Taksi sürücüsü əvvəlcə müştərisinin boşluğunu tapmaq üçün ona yolüstü bir sual verir; məsələn, soruşur: “Əmioğlu, deyəsən, televiziyada işləyirsiniz?”. “Yox, qardaş, pomazok ustasıyam” deyən kimi özünüzdə ölkədəki telekanalların sayı qədər dəlik açmış olursunuz ki, taksi sürücüsü yolboyu o dəlikləri bir-bir özü ilə doldurur. Hətta çatdırıb doldura bilməyəndə deyir ki, tez çıxacaqsınızsa, gözləyim.

Boşluq rahatlıqdır. Bu gün dünyamız ona görə dağılır ki, boş yer qıtlığıdır. Yarasada yaşamalı olan virus zorən insanda yaşamağa başlayır. Çünki o çinli yarasanı yeyib qurtardığı üçün koronavirus özünə lazım olan boşluqdan məhrum olub. Virus da özünə boşluq axtarır, o da canlıdır və həmin boşluğu insanın ağciyərlərində tapan kimi onu doldurur.

Başqasının boşluğu bizi var olduğumuza ümidləndirir, mövcudluğumuzu təsdiqləyir. Bunu hələ eramızdan əvvəl yarasa şorbasına nifrət edən yeganə Çin filosofi Lao Tszı belə izah edirdi: “Bir ovuc gildən düzəldilir, amma içindəki boşluqdur onu istifadəyə yararlı edən. Evlərin divarları var, amma o divarların arasındakı boşluqdur evi ev edən. İnsan əşyalara forma verir, amma məzmun, məna verən boşluqtur. Əskik olan varlığın səbəbini verir”.

Özünü tanımaq üçün başqaları bu qədər mühümdürsə, bəs Sartr başqalarını nə üçün “cəhənnəm” adlandırırdı? 

“Obyektiv-başqası ilə sübyektiv-mən arasında heç bir ortaq nöqtə yoxdur”, - deyir bu fəlsəfi antropoloq. Eqoizm “mən”in özündən güc almır, eqoizm “mən”də başqalarının yaratdığı təntənədir. “Mən” başqalarının əlinə keçdikdə “mən”liyini itirir, iradəsi tamamilə başqalarının istəklərindən asılı vəziyyətə düşür. 

Sartrın “Başqaları cəhənnəmdir” ifadəsini bu karantin günlərində xatırlamağımda qəribə heç nə yoxdur və bu ifadə müəllifin fəlsəfi kitablarında yox, “Basdırılmayan ölülər” pyesinin son pərdəsini endirən cümlədir. 

Bu pyesdə baş verənlər eynilə indi yaşadığımız karantin günlərinin oxşarıdır. Sanki sonsuza qədər eyni otaqda yaşamağa məhkum edilmiş üç insan bir saniyə belə tək qalmaqdan məhrum halda əzab çəkir. Eyni otaqda yaşamalarına baxmayaraq, heç bir ortaq dəyərləri yoxdur.

Bu günlərdə yaşadığımız dünya eynilə Sartrın qəhrəmanlarının yaşadığı otağın daha nəhəng variantı kimidir. “Basdırılmayan ölü”lərlə, eyni otaqlara məhkum edilmiş “ölü canlar”la dolu bir dünya. Sartr belə bir otaqda (dünyada) kəşf edir ki, “Başqaları cəhənnəmdir!”

Karantin günlərində boşanmaların sayının artması Sartrı bir daha haqlı çıxardı. İnsanlar məcburən bir-birini yaxından tanıyır və bir-birindən imtina edir. Sevgi məsafəni sevir.

Heyif deyil Nəsiminin insanı?! İnsandan başqa hər şeydir. Nəsnələr şəklində səpələnib bütün kainata. Həm sədəfdir, həm incidir, həm gərçi mühiti-əzəmdir, həm adəmdir, həm candır, həm cahandır, həm əncum ilə fələkdir, həm vəhy ilə mələkdir və s.

Nə karantinə almaq mümkündür, nə marantinə...

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qonaqlar gəlmədən tualetə bir qaşıq duz tökün – Evdar qadınların sirri
Blinken Kiyev barında gitara çalıb, mahnı oxudu - VİDEO
Yadplanetlilər bizi eşitməyəcək - SƏBƏB

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Keçmiş məhkum quldurluq etdi