Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan hər gün yarım milyon dollar itirir? — Ekspertdən neftin ucuzlaşması və məzənnə ilə bağlı mühüm XƏBƏRDARLIQ  

Azərbaycan hər gün yarım milyon dollar itirir? — Ekspertdən neftin ucuzlaşması və məzənnə ilə bağlı mühüm XƏBƏRDARLIQ  

CƏMİYYƏT

45

18.11.2026, 18:22

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dünya bazarında neftin qiymətinin 100 dollardan aşağı düşməsi neft gəlirlərindən əhəmiyyətli dərəcədə asılı olan Azərbaycan iqtisadiyyatı baxımından diqqət çəkir. Qiymət enişinin dövlət büdcəsinin gəlirlərinə, manatın məzənnəsinə və inflyasiya risklərinə mümkün təsirləri ictimaiyyət arasında geniş müzakirə olunur. Eyni zamanda, qlobal enerji bazarındakı dalğalanmalar fonunda ölkənin makroiqtisadi sabitliyinin qorunması xüsusi aktuallıq kəsb edir. Mütəxəssislər hesab edirlər ki, mövcud situasiya həm də qeyri-neft sektorunun inkişafının iqtisadi asılılığın azaldılmasındakı rolunu bir daha gündəmə gətirir. Bəs Azərbaycanın dövlət büdcəsində neft gəlirlərindən asılılığın minimuma endirilməsi üçün hansı iqtisadi mexanizmlər tətbiq edilməlidir?

Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, neftin qiymətinin azalması aspektində Azərbaycan qısamüddətli dövr üzrə müəyyən birbaşa gəlir itkiləri ilə üzləşir:

“Təxminən gün ərzində 450-500 min barel neftin ixracından söhbət gedir və bir barel üçün qiymətin 1 dollar ucuzlaşması gün ərzində 450-500 min dollar, aylıq kontekstdə isə 15 milyon dollara qədər birbaşa gəlir itkisi formalaşdıra bilir. Lakin məsələyə yalnız bu kontekstdə baxılmasının müəyyən qədər təhlükəli tərəfləri də vardır. Çünki bahalı yanacaq dövründə Azərbaycanın idxal etdiyi mal və xidmətlərin də dəyəri bahalaşır. Bir tərəfdən az sayda maraqlı tərəflərin bahalı enerji satışından əlavə gəlir əldə etməsi üçün əlverişli mühit formalaşsa da, digər tərəfdən 10 milyon Azərbaycan vətəndaşı daha baha qiymətə mal və xidmətlər istehlak etməsi səbəbindən zərər görən tərəfə çevrilir”.

Ekspertin sözlərinə görə, ümumiyyətlə götürdükdə, bu kontekstdə Azərbaycan üçün ən optimal neft qiymətləri təxminən 70 dollar ətrafında hesablanır ki, bu halda Azərbaycan iqtisadiyyatı ciddi idxal riskləri ilə üzləşmir, əhali zərər çəkmir və qlobal səviyyədə bahalaşma ölkənin neft satışından əldə etdiyi gəlirləri əritmir.

Ekspert qeyd edib ki, neftin qiymətinin 100 dollardan aşağı düşməsi fonunda 2027-ci ilin büdcə planlamasında hökumətin konservativ və ehtiyatlı yanaşmanı qoruyub saxladığını nəzərə almaq lazımdır:

“Növbəti ilin büdcəsində neftin bir barelinin qiyməti 65 dollar nəzərdə tutulur və il ərzində bu sektordan təxminən 15-16 milyard manat məbləğində vəsaitin əldə olunması planlaşdırılır. Bu da əvvəlki dövrlə müqayisədə təxminən 6 faiz az olmaqla yanaşı, xüsusi çəkisinin də azalması deməkdir. Dolayısı ilə 2027-ci ilin büdcəsində neft sektorundan əldə olunan gəlirlərin payının ümumi büdcədə ilk dəfə 40 faizdən aşağı olması kimi bir hal yaranır. Eyni zamanda Beynəlxalq Enerji Agentliyi, ABŞ Enerji İnformasiya Agentliyi, "Morgan Stanley" və digər nüfuzlu qurumların proqnozlarına diqqət etsək, 2027-ci ildə "Brent" markalı neftin orta qiymətinin 71-88 dollar arasında dəyişəcəyi gözlənilir. Bu isə o deməkdir ki, proqnozlar özünü doğrultsa, Azərbaycan nefti büdcədə nəzərdə tutulan səviyyədən 10-35 faiz daha baha qiymətə satmaqla yenə də avantajlı mövqedə olacaq”.

Rəşad Həsənov əlavə edib ki, ABŞ-İsrail-İran, Rusiya-Ukrayna kimi geosiyasi münaqişə faktorlarının aradan qalxmaması fonunda neftin qiyməti proqnozlardan xeyli yuxarı olacaq və hazırkı şərtlər daxilində məzənnə riskləri ilə bağlı hər hansı neqativ ssenari gözlənilmir:

“Ümumi məsələyə baxışa gəldikdə isə, əlbəttə ki, Azərbaycan hökumətinin orta və uzunmüddətli siyasəti dövlət büdcəsinin və iqtisadiyyatın resurslardan asılılığının azaldılması, strukturun diversifikasiyası istiqamətində qurulmalıdır. Azərbaycan iqtisadiyyatının bu istiqamətdə imkanları genişdir, çünki hələ ciddi şəkildə işlənməmiş xam iqtisadiyyatdır. Bunun üçün fundamental islahatlara, liberal iqtisadi siyasətin tətbiqinə, effektiv təşviq mexanizmlərinə, qanunun aliliyinin təmin edilməsinə, rəqabət mühitinin təkmilləşdirilməsinə və xarici investisiyalar üçün əlverişli şəraitin yaradılmasına ehtiyac vardır. Bunların özündən qaynaqlanan çox böyük potensial gəlir mənbəyi formalaşa bilər. İkinci bir mühüm istiqamət isə mövcud iqtisadi potensialın daha effektiv qiymətləndirilməsi, yəni qeyri-formal sahibkarlıq fəaliyyəti ilə mübarizə tədbirləri və biznesin, dolayısı ilə gəlirlərin leqallaşdırılmasıdır. Bu yolla kifayət qədər ciddi vergi və gəlir bazası mühitinin formalaşdırılması istiqamətində görüləcək tədbirlər iqtisadiyyat üçün əlverişli imkanlar yarada bilər”.

Çimnaz Telmanqızı