Qaynar xətt:

(+99450) 247 90 86

Şou verilişləri bağlandı, reytinqlər çökdü - Amil Xəlildən etiraf

Şou verilişləri bağlandı, reytinqlər çökdü - Amil Xəlildən etiraf

CƏMİYYƏT

94

31.10.2026, 15:52

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Şou verilişlərinin bağlanması reytinqlərə xeyli təsir etdi. Çünki bunlar əyləncə xarakterli verilişlər idi. Efirlərə nəzarət gücləndikdən sonra belə şouların sayı azaldı və bu da reytinqlərə cidi təsir göstərdi”.

Bunu “Yeni Sabah”a teleaparıcı Amil Xəlil deyib.

O bildirib ki, efirdə daha sanballı qonaqların olmasını, xalq musiqisinə üstünlük verilməsini istəyənlərin özləri həmin kanallara baxmırlar: pizza mizza

“Sizə konkret bir misal çəkim. Azərbaycan televiziyalarında, məsələn, ATV-də müğənnilərin iştirak etdiyi verilişlər yayımlanır. Mədəniyyət kanalında isə daha möhtəşəm studiyalar qurulur. Gəlin, açıq etiraf edək ki, həmin kanal dövlət tərəfindən maliyyələşdirildiyi üçün çox peşəkar studiyalar hazırlamaq imkanına malikdir. Hətta deyərdim ki, bu səviyyədə studiyalara nəinki Azərbaycanda, Gürcüstanda, hətta Türkiyədə belə az rast gəlinir.

Amma gəlin baxaq, Mədəniyyət kanalı bu gün reytinqlərdə neçənci yerdədir? Kanal hazırda sonuncu yerdədir. Halbuki xalq mahnılarına üstünlük verilməsini, xalq sənətkarlarının, muğam ifaçılarının efirə dəvət olunmasını istəyənlər var. Bəs həmin insanlar niyə bu kanala baxmırlar?

Mədəniyyət kanalının gündəlik efir proqramlarına baxsanız, orada kifayət qədər gözəl xalq mahnıları, tar və kamança ifaları təqdim edən verilişlər görərsiniz. Bəs niyə bu proqramlara baxılmır? Maraqlıdır ki, efirdə daha sanballı qonaqların olmasını, xalq musiqisinə üstünlük verilməsini istəyənlərin özləri həmin kanala baxmırlar. Əgər baxsaydılar, bəlkə də Mədəniyyət kanalı ilk beşlikdə yer alardı. O zaman da deyərdilər ki, bu kanala daha çox dəstək verilməli, belə verilişlərə üstünlük tanınmalıdır”.

Aparıcı bildirib ki, efirlərlə bağlı əsas problemlərdən biri də ölkəmizdə Türkiyə kanallarına baxanların sayı yerli telekanalların auditoriyasından çox olmasıdır:

“Növbəti sırada isə Rusiya kanalları gəlir. Türkiyə seriallarının “YouTube”dəki paylaşımlarına daxil olub şərhlərə baxın. Görəcəksiniz ki, şərh yazanların arasında azərbaycanlılar kifayət qədərdir. Axşam saat 8-9-dan sonra insanların evlərində hansı kanallara baxdıqlarına diqqət yetirin. Saat 9-10 radələrində bir çox tamaşaçı Türkiyə kanallarında yayımlanan seriallara üstünlük verir.

Əgər əmin olsam ki, ölkəmdə insanlar məhz Azərbaycan kanallarına baxacaq, mən də qalstukumu taxıb, kostyumumu geyinərəm, tarı, kamanı efirə gətirərəm, hər gün Xalq artistlərini dəvət edib onlarla müzakirələr apararam. Hətta kriminal layihəmi belə bağlayıb, Xalq artistlərinin iştirakı ilə verilişlər hazırlamağa keçərəm.

Hazırda Azərbaycan kanalları əvvəlki auditoriyalarının müəyyən hissəsini qoruyub saxlaya biliblər. Hələ də bir ovuc tamaşaçımız var və biz həmin auditoriyanı da itirmək istəmirik.

Məsələn, bu mövsüm Space televiziyası hər tamaşaçı təbəqəsinin marağına uyğun proqram hazırlayıb. Səhər saatlarında bir auditoriyaya, günorta kriminal hadisələrə maraq göstərənlərə, günortadan sonra psixologiya və yaşlı tamaşaçılara, axşam saatlarında isə əyləncəyə üstünlük verənlərə xitab edən proqramlar yayımlanır. Daha sonra seriallar təqdim olunur. Beləliklə, müxtəlif auditoriyaları əhatə etməyə çalışırıq.

Amma təxminən 10 il əvvəlki tamaşaçı auditoriyası artıq yoxdur. Vaxtilə mənim “Gəldi-danış” kriminal layihəm 7-8 reytinq toplayırdı. İndi isə bu göstəriciyə çatan proqramların sayı çox azdır. Şənbə-bazar günləri yayımlanan “Komedixana” reytinqlərdə yüksək nəticə göstərən layihələrdəndir. Həmin günlər “Komedixana” yayımlananda digər kanallar, demək olar ki, o saatlarda yeni proqram təqdim etmirlər. Ya təkrar verilişlər yayımlayırlar, ya da tamamilə fərqli formatlara üstünlük verirlər. Çünki “Komedixana” reytinqlərdə birinci yerdə olur”.

Aparıcı bununla mübarizə aparmaq üçün həmin layihədən daha çox maliyyə ayırmaq, daha güclü komanda toplamaq və keyfiyyətli proqram hazırlamaq lazım olduğunu deyib:

“Hətta eyni formatda layihə təqdim etmək də mümkündür. O zaman tamaşaçı seçim qarşısında qalacaq və bəlkə də digər kanaldakı komediya proqramına üstünlük verəcək. Ancaq hazırda digər kanalların bir çoxu məhz bu rəqabətə görə həmin saatlarda yeni proqram hazırlamaqdan çəkinir.

Əslində İctimai TV, ATV və Mədəniyyət kanalı maraqlı və səviyyəli verilişlər hazırlayır. Bəs niyə onlar reytinqlərdə ilk beşliyə düşə bilmirlər? İctimai TV-nin reytinqdə ön sıralara yüksəlməsinin səbəblərindən biri futbol yayımlarıdır. Futbol qarşılaşmaları yayımlananda kanalın reytinqi artır. Oyunlar başa çatdıqdan sonra isə yenidən yeddinci-səkkizinci yerlərə düşür”.