Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan Məkkə konvensiyasına qoşulacaq 

Azərbaycan Məkkə konvensiyasına qoşulacaq 

CƏMİYYƏT

63

28.10.2026, 10:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan hüquq-mühafizə orqanlarının korrupsiyaya qarşı mübarizədə əməkdaşlığına dair Məkkə konvensiyasına qoşulmağı planlaşdırır.

Oxu24.com  xəbər verir ki, bu barədə Azərbaycanın Baş prokuroru Kamran Əliyev Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli iclasında bildirib.

"Nisbətən qısa müddət ərzində genişmiqyaslı hüquqi və institusional islahatların həyata keçirilməsi sayəsində Azərbaycan beynəlxalq antikorrupsiya standartlarına cavab verən müasir qanunvericilik bazası formalaşdırıb. Ölkəmiz BMT-nin Korrupsiyaya qarşı Konvensiyasını, BMT-nin Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını, həmçinin Avropa Şurasının korrupsiyaya görə mülki hüquqi və cinayət məsuliyyəti haqqında konvensiyalarını ratifikasiya edib. Bundan əlavə, Azərbaycan Məkkə Konvensiyasına qoşulmağı planlaşdırır", - o bildirib.

K.Əliyev qeyd edib ki, qəti siyasi iradə korrupsiyaya qarşı səmərəli mübarizənin əsas amillərindən biridir: "Azərbaycanda Prezident İlham Əliyevin kompleks profilaktik və inzibati tədbirlərin həyata keçirilməsinə yönəlmiş qəti siyasi iradəsi korrupsiyaya qarşı səmərəli mübarizəni təmin etməyə imkan verib".

Baş prokuror bildirib ki, Azərbaycanda məhkəmə və hüquq-mühafizə sistemində də islahatlar aparılıb, ixtisaslaşdırılmış antikorrupsiya orqanları yaradılıb:

"Ölkəmiz təkcə cəza tədbirlərinə deyil, həm də korrupsiyanın qarşısının alınmasına xüsusi diqqət yetirir. Bu baxımdan "vahid pəncərə" prinsipi əsasında dövlət xidmətləri göstərən ASAN Xidmət mərkəzləri dövlət idarəçiliyinin şəffaflığının təmin edilməsinə mühüm töhfə verib".

K.Əliyev, həmçinin beynəlxalq əməkdaşlığın və təcrübə mübadiləsinin vacibliyini qeyd edərək, Bakıdakı müzakirələrin dövlətlərə korrupsiyaya qarşı qlobal mübarizədə öz öhdəliklərini yenidən nəzərdən keçirməyə və onları yeniləməyə imkan verəcəyinə əminliyini ifadə edib.