Qaynar xətt:

(+99450) 247 90 86

Bakının qış havası təhlükədə: Zəhərli tullantılar havaya qarışır - Ekoloqdan XƏBƏRDARLIQ  

Bakının qış havası təhlükədə: Zəhərli tullantılar havaya qarışır - Ekoloqdan XƏBƏRDARLIQ  

CƏMİYYƏT

129

27.10.2026, 19:01

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qış mövsümünün yaxınlaşması ilə paytaxt Bakıda havanın keyfiyyəti və atmosferin çirklənməsi məsələsi yenidən diqqət mərkəzinə gəlib. Sənaye sahələrinin sürətli inkişafı, Xəzər sahilinin coğrafi mövqeyi və hakim küləklər müxtəlif tərkibli zərərli maddələrin ərazidə yayılmasına şərait yaradır. Xüsusilə energetika müəssisələri, neft-kimya, metallurgiya və tikinti materialları istehsalı sahələrindən yaranan tullantılar qış aylarında sayı bir milyona yaxınlaşan avtomobil nəqliyyatının emissiyaları ilə birlikdə şəhər atmosferində toplanır.

Monitorinqlər göstərir ki, həmin tullantılar içərisində tozun, dəm qazının, kükürd və azot 4-oksidin miqdarı qatılıq həddindən 1,2-1,6, bəzi pik saatlarda isə 2,0 dəfədən artıq qeydə alınır. Soyuq aylarda meteoroloji şərait və binaların qızdırılması da bu mənfi prosesi daha da sürətləndirən əsas amillər sırasındadır. Paytaxtda ekoloji tarazlığın qorunması və yaranan təhlükənin qarşısının alınması üçün avtomobil və sənaye emissiyalarının azaldılması, tikinti tozuna nəzarət, həmçinin yaşıllıqların artırılması kompleks şəkildə həyata keçirilməlidir. Mütəxəssislər hesab edirlər ki, elektriklə işləyən nəqliyyata keçid, aşağı emissiyalı zonaların yaradılması və havanın keyfiyyətinin davamlı monitorinqi mövcud problemin həllində mühüm rol oynaya bilər. 

Görəsən, qışda paytaxtın havasını çirkləndirən əsas amillər hansılardır və bu təhlükənin qarşısını almaq üçün təxirəsalınmaz hansı addımlar atılmalıdır?

Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən ekoloq İlqar Xəlilov bildirib ki, qış mövsümünün yaxınlaşması ilə Bakıda havanın keyfiyyəti və atmosfer çirklənməsi məsələsi yenidən aktuallaşır:

"Soyuq aylarda nəqliyyat vasitələrinin yaratdığı tullantılar, binaların qızdırılması və meteoroloji şərait havanın çirklənməsinə birbaşa təsir göstərir. Bakının Xəzər sahilinin coğrafi mövqeyi və hakim küləklər burada müxtəlif tərkibli sənaye və nəqliyyat tullantılarının yayılmasına şərait yaradır. Yəni dəniz sahili boyunca formalaşan hava axınları və güclü küləklər zərərli maddələri bir nöqtədə saxlamır, şəhərin müxtəlif hissələrinə dağıdaraq daha geniş əraziyə yayır”.

Ekoloqun sözlərinə görə, sənaye sahələri içərisində energetika müəssisələri, xüsusilə də İstilik Elektrik Stansiyaları (İES), İstilik Elektrik Mərkəzləri (İEM) və digər qazanxanalar, həmçinin neft-kimya, metallurgiya, tikinti materialları istehsalı sahələrində yaranan tullantılar qış aylarında sayı bir milyona yaxınlaşan avtomobil nəqliyyatı tullantıları ilə birgə şəhərin atmosferində toplanırlar. Həmin tullantılar içərisində tozun, dəm qazının, kükürd və azot 4-oksidin miqdarı normada icazə verilən qatılıq həddindən 1,2-1,6, nəqliyyatın və sənayenin ən gərgin işlədiyi pik saatlarda isə 2,0 dəfədən artıq qeydə alınır. Bu o deməkdir ki, nəfəs aldığımız havada normadan iki dəfə çox zəhərli və sağlamlıq üçün təhlükəli qazlar mövcuddur. 

İlqar Xəlilov vurğulayıb ki, Bakı üçün bu ekoloji təhlükənin qarşısını almaq üçün kompleks və əlaqəli addımlar atılmalıdır:

"Avtomobil və sənaye emissiyalarının miqdarının azaldılması, tikinti tozu, şəhərsalma, yaşıllıqlar və hava keyfiyyətinin davamlı monitorinqi bir-birindən ayrı deyil, vahid mərkəzdən və birlikdə idarə edilməlidir. Başqa sözlə, yalnız avtomobilləri məhdudlaşdırmaqla iş bitmir; paralel olaraq tikinti meydançalarında tozun yayılması önlənməli, yeni binalar salınarkən havanın dövranı nəzərə alınmalıvə havanın tərkibi fasiləsiz izlənməlidir”.

“Bu istiqamətdə əsas çıxış yolları kimi elektriklə işləyən nəqliyyatın təşviq edilməsini, şəhərdə yalnız aztullantılı nəqliyyatın hərəkət edə biləcəyi aşağı emissiyalı zonaların yaradılmasını və havadakı zərərli qazları süzən, oksigen istehsal edən yaşıllıq sahələrinin artırılmasını göstərə bilərik",- deyə ekoloq əlavə edib. 

Çimnaz Telmanqızı