Qaynar xətt:

(+99450) 247 90 86

Evlənməyi planlaşdıranlar bunu BİLMƏLİDİR: Mütəxəssislə MÜZAKİRƏ

Evlənməyi planlaşdıranlar bunu BİLMƏLİDİR: Mütəxəssislə MÜZAKİRƏ

CƏMİYYƏT

704

23.10.2026, 17:21

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Evlənsə, düzələr”: Evlilik problemlərin həllidir, yoxsa yeni sınaq? 

“Evlənsə, düzələr”, “ailəsi olsa, məsuliyyətini anlayar”, “bəlkə, evlilik onu dəyişər”… Bəzən valideynlər övladlarının yaşadığı psixoloji və emosional çətinliklərin həllini məhz evlilikdə görürlər. Onların fikrincə, həyat yoldaşı, ailə məsuliyyəti və yeni həyat tərzi insanın davranışlarını dəyişə, onu problemlərindən uzaqlaşdıra bilər.

Ailə qurmaq insanın həyatında yeni bir mərhələnin başlanğıcıdır. Ancaq bu mərhələyə hazır olmadan daxil olmaq təkcə evlənən şəxsin deyil, onun həyat yoldaşının da həyatına təsir göstərə bilər. Üstəlik, cəmiyyətin “evlənmək vaxtıdır” yanaşması bəzən insanın öz istəyini, emosional hazırlığını və seçim hüququnu arxa plana keçirir.

Bəs həqiqətənmi nikah insanı dəyişmək gücünə malikdir? Valideynlərin yaxşı niyyətlə atdığı bu addım hansı hallarda əlavə problemlərə yol aça bilər? Evlilik həqiqətən psixoloji çətinliklərdən çıxış yoludur, yoxsa həll edilməmiş problemlər yeni ailəyə də daşınır? Mövzunu mütəxəssislərlə müzakirə etdik.

Oxu24.com-a danışan klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov evliliyin  müalicə üsulu olmadığını bildirib.

Onun sözlərinə görə, valideynlərin övladlarının psixoloji problemlərini evliliklə həll etməyə çalışması elmi əsası olmayan stereotipdir:

“İnsanın məsuliyyət hissinin artması üçün onu evləndirmək, depressiv əhvaldan çıxması üçün ailə qurmasını gözləmək problemin mahiyyətini anlamamaqdır. Nikah psixoloji reabilitasiya vasitəsi deyil. Həll olunmamış problemlər nikahla yoxa çıxmır. Əksinə, birgə yaşayışın yaratdığı məsuliyyətlər, fikir ayrılıqları və gündəlik çətinliklər həmin problemləri daha da qabarıq göstərə bilər.Valideyn övladını evləndirməklə onun problemini həll etmir, sadəcə həmin problemin məsuliyyətini başqa bir insanın üzərinə qoyur. Həyat yoldaşı terapevt, xilaskar və ya tərbiyəçi deyil. Heç kim başqa bir insanın psixoloji vəziyyətini düzəltmək üçün evlənməməlidir. İnsan ailə qurmazdan əvvəl öz problemlərini tanımalı və onların həlli üçün məsuliyyət daşımalıdır. Problemi evliliklə ört-basdır etmək çıxış yolu deyil”.

Rövşən Nəcəfov qeyd edib ki, evlilikdən əvvəl cütlüklərin psixoloji qiymətləndirmədən keçməsi faydalıdır:

“Çünki sevgi insanın münasibət qurmaq bacarığını, emosional yetkinliyini və məsuliyyət daşımaq qabiliyyətini avtomatik təmin etmir. Cütlüklər münaqişələri necə həll etdiklərini, qısqanclığa münasibətlərini, maliyyə məsuliyyətlərini, uşaq tərbiyəsi ilə bağlı düşüncələrini və şəxsi sərhədlərini əvvəlcədən müzakirə etməlidirlər. Psixoloji qiymətləndirmə bu məsələlərdəki ziddiyyətləri üzə çıxarmağa kömək edir.

Ancaq heç bir test uğurlu evliliyə zəmanət vermir və insanları evliliyə yararlı və yararsız deyə qəti şəkildə ayırmır. Əsas məqsəd nikaha icazə vermək deyil, cütlüklərin özlərini və bir-birlərini daha yaxşı tanımalarıdır. İnsanlar bəzən toy hazırlığına aylarla vaxt ayırır, amma birlikdə necə yaşayacaqlarını düşünmürlər. Halbuki toy bir gündür, evlilik isə gündəlik məsuliyyətdir. Ailə qurmaq istəyən insan ilk növbədə özünün bu məsuliyyətə hazır olub-olmadığını qiymətləndirməlidir”.

“Evlilik tənhalığın və depressiv əlamətlərin müalicəsi deyil. İnsan münasibətə başlayanda müvəqqəti emosional rahatlıq hiss edə bilər, lakin bu hiss problemin aradan qalxdığını göstərmir. Daxili boşluğunu başqasının varlığı ilə doldurmağa çalışan insan zamanla həmin şəxsdən həddindən artıq diqqət, təsdiq və emosional dəstək gözləyə bilər. Gözləntilər qarşılanmadıqda isə narazılıq və münaqişə başlayır. İnsan evli olduğu halda da tənha ola bilər. Çünki tənhalıq yalnız yanında birinin olmaması deyil, münasibətdə özünü anlaşılmamış və emosional baxımdan uzaq hiss etməkdir.

Evlilik iki insanın qarşılıqlı məsuliyyətidir, bir insanın digərini xilas etmək öhdəliyi deyil. Heç kim başqasının daxili boşluğunu doldurmağa, onun bütün problemlərini həll etməyə borclu deyil. İnsan öz psixoloji problemlərini həll etmədən evlilikdən xilasedici rol gözləyirsə, münasibətə real olmayan yük qoyur. Sağlam münasibət insana dəstək verir, amma onun əvəzinə psixoloji işi görmür. İnsan ailə qurmaqla özündən qaçmamalıdır. Çünki həll olunmamış problemlər nikahdan sonra da insanın özü ilə birlikdə qalır”-, deyə psixoterapevt Rövşən Nəcəfov qeyd edib.

Klinik psixoloq əlavə edib ki, valideynlər övladlarının həyatını idarə etməyi dayandırmalıdırlar:

“Evlənmək qərarını valideynin qorxusu, cəmiyyətin təzyiqi və ya yaşla bağlı stereotiplər deyil, həmin qərarın məsuliyyətini daşıyacaq insan verməlidir. Övladın əvəzinə həyat yoldaşı seçmək, onu evliliyə məcbur etmək və ya şəxsi problemlərini ailə qurmaqla həll etməyə çalışmaq dəstək deyil. Bu, insanın müstəqil qərarvermə hüququna müdaxilədir. Valideynin vəzifəsi övladının yerinə yaşamaq deyil, onu öz həyatını idarə edə biləcək səviyyədə yetişdirməkdir.

Evliliyin yalnız fiziki deyil, psixoloji hazırlıq tərəfi də var. İnsan emosiyalarını idarə edə bilməli, münaqişələri həll etməli, qarşı tərəfin sərhədlərinə hörmət etməli və qərarlarının nəticələrinə cavabdeh olmalıdır. Gələcəkdə övlad sahibi olmağı planlaşdırırsa, uşağın fiziki və psixi sağlamlığının qorunması, onun sağlam inkişafı üçün məsuliyyət daşımağa da hazır olmalıdır. Bu bacarıqlar yalnız nikahdan sonra yaranmır. Onların təməli uşaqlıqdan qoyulur. Övladına seçim etmək imkanı verməyən valideyn ondan müstəqil qərarlar gözləyə bilməz. Valideyn övladının hər səhvini əngəlləməyə çalışmamalıdır. Çünki məsuliyyət seçim etməkdən, nəticələrlə üzləşməkdən və səhvlərdən öyrənməkdən yaranır”.

Sosioloq Naib Niftəliyev Oxu24.com-a açıqlamasında  bildirib ki, müəyyən problemlərin evlilik yolu ilə həll oluna biləcəyi düşüncəsinin müəyyən qədər rasional əsası var:

“Təbii ki, evlilik və ailə həmrəyliyi insanın təbii ehtiyaclarının ödənilməsi, gələcək nəsillər arasında əlaqənin davam etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu, cəmiyyətin inkişafı və ailə institutunun qorunması baxımından təbii bir prosesdir. Bu mənada valideynlərin övladlarının ailə qurmasını və gələcəklərini təmin etməsini istəmələri başadüşüləndir. Lakin bu, insanın psixoloji problemlərinin, psixi pozuntularının və ya normadan kənar davranışlarının evlilik yolu ilə aradan qalxacağı demək deyil. Belə düşüncələr cəmiyyətdə formalaşmış sosial stereotiplərlə bağlıdır. Bu stereotiplər ənənəvi ailə dəyərlərindən və cəmiyyətin inkişafı prosesində formalaşmış təsəvvürlərdən qaynaqlanır.

Ailə insanın davranışlarını müəyyən qədər tənzimləyə, onda məsuliyyət hissini gücləndirə, bəzi zərərli vərdişlərdən və mənfi davranışlardan uzaqlaşmasına kömək edə bilər. Bu baxımdan ailə qurmaq insanın həyatında müsbət dəyişikliklərə səbəb ola bilər. Ancaq psixoloji problemlərin evliliklə avtomatik şəkildə həll olunacağını düşünmək düzgün deyil. Son dövrlərdə sosial şəbəkələrin və ictimai qınağın insanların davranışlarına təsiri daha çox hiss olunur. İnsanlar müxtəlif sosial təsirlərə, təzyiqlərə və stress amillərinə məruz qalırlar. İctimailəşmə, sosiallaşma və kənar təsirlərin insan davranışlarına təsiri müasir cəmiyyətin səciyyəvi xüsusiyyətlərindəndir.

Bununla yanaşı, valideynlərin övladlarının ailə qurmasında, ailə dəyərlərinin və nəsillərarası bağlılığın qorunmasında, onların gələcəyinin təmin olunmasında müəyyən rol oynaması təbiidir. Azərbaycan cəmiyyətində də bu yanaşma geniş yayılıb. Mən düşünmürəm ki, valideynlərin övladlarının ailə qurmasını istəməsi özlüyündə mütləq problemlərə səbəb olur. Ancaq bəzi hallarda bu istək gənclərin şəxsi seçimlərini və imkanlarını məhdudlaşdıra bilər. Nəticədə mövcud problemi həll etmək əvəzinə, onun üzərinə yeni problemlər əlavə etmiş oluruq”.

Sosioloq hesab edir ki, insan psixoloji və ya sosial səbəblərdən ailə qurmağa hazır deyilsə və ya bu qərarı təxirə salırsa, onun sosial dəstək və reabilitasiya xidmətlərindən yararlanması daha məqsədəuyğundur:

“İnsanı ailə qurmağa məcbur etməklə onun həyat planlarını çətinləşdirə bilərik. Belə bir insan ailə üzvü və ailə başçısı kimi üzərinə düşən məsuliyyətləri yerinə yetirməkdə çətinlik çəkə, övlad sahibi olmaq və gələcək planlarını həyata keçirmək məsələsində problemlərlə üzləşə bilər. Nəticədə onun həm psixoloji, həm də fiziki sağlamlığına mənfi təsir göstərən əlavə stress yarana bilər.

Bu baxımdan insanın yalnız psixoloji vəziyyətinin deyil, sosial mühitə uyğunlaşma imkanlarının da qiymətləndirilməsi vacibdir. Bu prosesdə psixoloqlarla yanaşı, sosioloqlar, sosial işçilər və ailə mütəxəssisləri də iştirak edə bilərlər. İnsanın ailə həyatına hazırlığı, maddi vəziyyəti, ailə büdcəsini idarə etmək və müstəqil yaşamaq imkanları nəzərə alınmalıdır. Mövcud risklər qiymətləndirildikdən sonra ona uyğun sosial dəstək və yardım proqramları təklif edilməlidir”.

Sosioloq qeyd edib ki, ailə dövlətin himayəsində olan bir qurum, dövlətin əsaslarından biridir:

“Əgər biz problemli bir vəziyyətdən başlayırıqsa, ailənin sonu da çox vaxt arzuolunan şəkildə tamamlanmır. Bəzən ailə vaxtından əvvəl dağılır. Ümumiyyətlə, ailənin təbii şəkildə sona çatması dedikdə, ailə üzvlərindən birinin vəfatına qədər davam edən həyat birliyinin başa çatması nəzərdə tutulur. Bu, nəsil və şəcərə xətti ilə bağlı tarixi məsuliyyət daşıyan sosial-tarixi yanaşmanı əks etdirir.

Hər bir halda şəxsi həyata kənar müdaxilə varsa, bu, müdaxilə hesab oluna bilər. Bəzən valideynlərdən daha çox yaxın qohumlar ailə həyatına müdaxilə edirlər. Bununla belə, valideynlər adətən övladlarını daha yaxşı başa düşür və onların seçimlərinə hörmətlə yanaşırlar. Kiçik istisnalar olsa da, Azərbaycan cəmiyyətində insanları nəyəsə vadar etmək halları əvvəlki dövrlərlə müqayisədə azalıb. Bu problem aktuallığını qoruyub saxlasa da, əvvəlki qədər kəskin və sərt deyil. Bu istiqamətdə kifayət qədər müsbət irəliləyişlər və addımlar var.

Bu baxımdan ailə qurmağa çalışan insanların şəxsi həyatı və seçimləri özlərinə aid olmalıdır. Hər kəs seçim edərkən müxtəlif şərtləri nəzərə ala bilər. Bu şərtlər elə tənzimlənməlidir ki, gənclər qərarlarını düzgün şəkildə həyata keçirə bilsinlər. Bu proses onların məsuliyyətini və sosial himayəsini də əhatə etməlidir.

Gənclərə elə şərait yaratmaq lazımdır ki, onlar psixoloji, sosial, fərdi və iqtisadi məsələlərdə, eləcə də davranış və motivasiya baxımından sərbəst seçim etmək, fəaliyyət göstərmək və iradələrini ortaya qoymaq imkanına malik olsunlar. Valideynlər övladlarını tərbiyə edir və istiqamətləndirirlər, lakin bəzən kənar müdaxilələr, cəmiyyətin təsiri, yerli-yersiz qadağalar və məhdudiyyətlər buna mane olur.

İnsanın özünü reallaşdırması, həm ailədə, həm də cəmiyyətdə öz yerini tapması üçün normal şərait və cəmiyyətdə özünü ifadə etmək imkanı olmalıdır. İnsan özünü rahat hiss etməli, arzularını və istəklərini adekvat şəkildə həyata keçirə bilməlidir. Bu, xüsusilə yeni nəsil və gənclər üçün vacib məsələdir. Əvvəlcə bu şəraiti formalaşdırmalıyıq. Valideynlərin də burada təsiri mütləqdir, lakin bu təsir düzgün istiqamətləndirilməlidir”.

Qeyd: Məqalə Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” mövzusunda hazırlanıb.

Mehin Mehmanqızı