Qaynar xətt:

(+99450) 247 90 86

100 yaşlı PROFESSOR:Kriminalistika ixtisası üzrə alimlik dərəcəsi almış ilk qadın 

100 yaşlı PROFESSOR:Kriminalistika ixtisası üzrə alimlik dərəcəsi almış ilk qadın 

CƏMİYYƏT

69

22.10.2026, 23:35

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün  xalqımızın nəcib xanımlarından biri, görkəmli alim, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı  (2003-2007), Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri (1979-1992),  Əməkdar hüquqşünas, professor Kamilə  Sarıcalinskayanın (1926-2012) 100 illik yubileyidir.

Oxu24.com bildirir ki,Kamilə Qiyas qızı Sarıcalinskaya 22 oktyabr 1926-cı ildə Ağdam rayonunun Sarıcalı kəndində dünyaya gəlmişdir. 1944-1950-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil almışdır.

Əmək fəaliyyətinə 1949-cu ildə hələ tələbə olarkən BDU-nun Cinayət hüququ kafedrasının laborantı vəzifəsindən başlamış, 1950-ci ildən Cinayət hüququ kafedrasının müəllimi olmuş, sonra pedaqoji fəaliyyətini Cinayət prosesi kafedrasında davam etdirmişdir. 1967-ci ildə "Azərbaycan SSR istintaq və məhkəmə təcrübəsində yazının kriminalistik ekspertizası" mövzusunda dissertasiya işini müdafiə etmiş, Cənubi Qafqazda kriminalistika ixtisası üzrə alimlik dərəcəsi almış ilk qadın olmuşdur. 

1979-cu ildən 1992-ci ilə qədər alimin təşəbbüsü və təşkilatçılığı ilə yaradılan Kriminalistika və məhkəmə ekspertizası kafedrasına rəhbərlik etmişdir. 2003-2007-ci illərdə Hüquq fakültəsinin dekanı olmuşdur. 

BDU-nun Hüquq fakültəsinin, Azərbaycan Məhkəmə Ekspertizası Mərkəzinin, AMEA İnsan hüquqları İnstitutunun, “Antinarkotizm” Beynəlxalq Elmi Analitik Mərkəzin elmi şuralarının, “Azərbaycan Hüquq jurnalı”, “Dirçəliş- XXI əsr”, “Qanun”, “Antinarkotizm”, “Hüquq + Gənclik” jurnallarının redaksiya heyətlərinin üzvü olmuşdur. Hüquq sahəsində fəaliyyətlərinə görə Təhsil Nazirliyinin və Bakı Dövlət Universitetinin mükafatlarına, "Əməkdar hüquqşünas" fəxri adına layiq görülmüşdür. Böyük alim  2012-ci il dekabrın 3-də Bakıda vəfat etmişdir.

Görkəmli hüquqşünas, saf və gözəl insan olan professor  Kamilə Sarıcalinskaya haqqında yazılan bir məqaləni onun 100 illik yubileyi ilə əlaqədar sizin mühakimənizə verirəm.

Hərdən mənə elə gəlir ki, Bakı Dövlət Universitetinin kollektivini əlimin içi kimi yaxşı tanıyıram-kim hansı səviyyədə alimdir, insandır, şəxsiyyətdir, hamısını dəqiq bilirəm. Əlbəttə, burada bir qədər şişirtmə də var, heç kəs, hətta mənim kimi yaxşı müşahidə qabiliyyəti və 40 ildən artıq iş təcrübəsi, aşağıdan, yuxarıdan, sağdan və soldan bu kollektivi görmək imkanı olan da onu dəqiq bilə bilməz. Çünki, şair deyir ki, “İnsan göydə ay kimidir, Görünməyən tərəfi var...”Ancaq dəqiq bilirəm ki, professor Kamilə Sarıcalinskaya çox abırlı, aristokrat, kübar bir xanım olmuşdur. Həmin illərdə, necə deyərlər, “mətbəxin içində”, hadisələrin mərkəzində idim deyə, baş verən hadisələr gözlərimin qarşısında olurdu. 1998-ci ilin avqustunda Hüquq fakültəsinin dekanı professor Məmmədxan Rəsulov vəfat etdi və o tarixdən fakültə də, bir növ “susuz səhrada dəvəsi ölmüş ərəbə” çevrildi. Bir neçə ay dekan vəzifəsini yaxşı təşkilatçılıq qabiliyyəti olan Alış Qasımov icra etdi. İdarəçilik keyfiyyətlərinə görə onun dekan təyin ediləcəyini düşündüyümüz günlərdə “yuxarıdan” birdən-birə Milli Məclisdə şöbə müdiri olan Namiq Əliyevi dekan göndərdilər. Fakültəni tanımayan, onun problemlərini və “daxili dünyasını” bilməyən Namiq müəllim  bir ildən bir az artıq duruş gətirə bildi, istefa verdi və onun yerinə tanınmış alim və səriştəli mütəxəssis olan Yusif Mehdiyev təyin edildi. Ancaq bu uğurlu təyinat da uzun çəkmədi, 2003-cü ilin yanvarında Yusif müəllim dünyasını dəyişdi. 

Onsuz da son illərdə “şübhəli köçürmələr”, “müsabiqədənkənar qəbul”, magistraturaya seçimin daxildə aparılması  kimi amillərin hesabına fakültədə “qiblə” itmişdi, nizam-intizam, tələbələrin dərsə davamiyyəti, sessiya dövründə müxtəlif neqativ hallar barədə cürbəcür xəbərlər gəlirdi,  üstəlik beş ildə dörd dəfə dekanın dəyişməsi burada idarəolunmaz bir vəziyyət əmələ gətirmişdi. Belə bir ağır dövrdə rektor fakültədə yüksək nüfuzu olan, abırlı, dürüst bir insanı dekan təyin etmək, bununla vəziyyətdən çıxmaq qərarına gəlmişdi. Yusif Mehdiyev də bu niyyətlə fakültə rəhbərliyinə gətirilmişdi, ancaq amansız ölüm buna imkan verməmişdi. Bu çətin və olduqca mürəkkəb şəraitdə təmiz adı qoruyub saxlamaq elə də asan məsələ deyildi, necə deyərlər, “bu çirkabın içində təmiz yaşamaq ən böyük qəhrəmanlıq idi”. Bu qəhrəman isə yaşına, həyat təcrübəsinə, reputasiyasına, mənəvi dəyərlərinə görə yalnız Kamilə Sarıcalinskaya ola bilərdi.   

Yaxşı xatırlayıram ki, rektor onu ilk dəfə çağırıb dekan vəzifəsini təklif edəndə qətiyyətlə imtina etmişdi. Çoxlarının həsədlə baxdığı, bəzilərinin “dünyanın ən hörmətli, ən sanballı vəzifəsi” adlandırdığı Hüquq fakültəsinin dekanı vəzifəsi Kamilə xanım kimi dünyanın bütün nemətlərindən- hörmətdən, şöhrətdən, sərvətdən yüksəklərdə dayanan bir insan üçün əhəmiyyətsiz görünürdü. Ancaq rektor bir neçə dəfə onu qəbul edərək yola gətirdi və fakültənin və universitetin nüfuzu naminə çətinliklə razı sala bildi. Bu da yaxşı yadımdadır ki, Kamilə xanımın mənəvi səviyyəsindən çox aşağı olan bəzi “köhnə xəyallarla yaşayanlar” ona çox mane olmağa, bərpa etmək istədiyi tarixi ənənələri pozmağa çalışırdılar, bu məqsədlə onun haqqında müxtəlif şayiələr yayır, hətta təxribatlar törədirdilər. Ancaq bu ilk baxışda mülayim, daxilən aristokrat, heç vaxt səsini qaldırmayan, hirsləndiyini büruzə verməyən xanım həmin kəsləri elə məharətlə yerinə otuzdurur, elə ustalıqla idarə edirdi ki. bir də gördük ki, Hüquq fakültəsində gözlənildiyindən də çox şey qaydasına düşmüşdür. 2007-ci ilə qədər fakültəyə rəhbərlik edərək yalnız idarəçilik qabiliyyəti, insanlarla ünsiyyət qurmaq bacarıqları ilə nümunə olmadı, həm də tələbələrə ana qayğısı, müəllimlərə bacı məhəbbəti göstərməyin, yüksək mədəniyyətin, alicənablığın məktəbi oldu. Hamı şahid oldu ki, yalnız sərt rəftar, inzibatçılıq, günahkarları cəzalandırmaq ilə yox, həm də nəvaziş, məhəbbət, başa salmaq yolu ilə də insanları idarə etmək mümkündür, həm də ikinci halda səmimi münasibətlər qurulduğuna görə daha yüksək və uzunömürlü nəticələr əldə etmək olur. 

2012-ci ilin dekabrında Kamilə xanım dünyasını dəyişmişdi və cənazəni yaşadığı evdən, şəhərin mərkəzindəki Xalça muzeyinin arxasındakı həyətdən götürürdük. Elə orada təntənəli bir matəm mitinqi təşkil edildi, tanınmış ziyalılar, alimlər, hüquqşünaslar Kamilə xanım haqqında səmimi ürək sözlərini dedilər. BDU-nun rektoru, akademik Abel Məhərrəmov onu fakültənin və universitetin tarixinə həmişəlik həkk olan görkəmli alim, Hüquq fakültəsinin dekanı, BDU-nun sabiq rektoru professor Firudin Səməndərov isə onu Azərbaycan hüquq təhsilinin sonuncu mogikanı, dürüstlük və saflıq etalonu adlandırdı.  

İnsan dünyaya gəlir, yaşayır və dünyadan köçür. Bütün bəşər övladı üçün uca Tanrının yazdığı bu hökmlə insanlar bir-birlərinə çox bənzəsələr də, olum və ölüm arasındakı ömürlə bir-birlərindən tamam fərqlənirlər. Bu ömrü zəhmətlə, yaradıcılıqla, xalqa xidmətlə, dürüstlüklə keçirənlər zamana öz möhürlərini vurub gedirlər. Kamilə xanım da Azərbaycan ziyalılıq tarixinə, elm və təhsil tarixinə möhürünü vurmuş unudulmaz şəxsiyyətlərdəndir. Şair deyib ki,

Ölərkən dünyada bir iz qoyana

Ellər yaxşı deyir, ölüm-itim yox,

Nə yas tut o zaman, nə də ağla çox.

Allah rəhmət eləsin!

Müəllif: Fikrət Şiriyev