Qaynar xətt:

(+99450) 247 90 86

Kolleclər və texnikumlar bağlanır? – MÜHÜM AÇIQLAMA

Kolleclər və texnikumlar bağlanır? – MÜHÜM AÇIQLAMA

CƏMİYYƏT

250

21.10.2026, 16:41

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda təhsil sisteminin müasirləşdirilməsi və kadr hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılması istiqamətində vacib addımlar atılır. Bu çərçivədə orta ixtisas təhsili müəssisələrinin, xüsusilə kolleclərin mövcud vəziyyəti və gələcək taleyi mühüm müzakirə mövzularından birinə çevrilib.

Qloballaşan iqtisadiyyat və dördüncü Sənaye İnqilabının tələbləri rəqəmsal vərdişlərə, praktiki biliklərə malik mütəxəssislərə ehtiyacı kəskin şəkildə artırıb. Hazırda fəaliyyət göstərən bir çox kolleclərin tədris proqramları olduğu kimi ötən əsrin iqtisadi modelinə əsaslandığı üçün müasir real sektorun tələbləri ilə tam uzlaşmır. Nəticədə orta ixtisas diplomu bir çox gənclər üçün birbaşa işə düzəlmək vasitəsi deyil, sadəcə ali məktəblərə imtahansız qəbul olunmaq üçün bir pillə rolunu oynayır. 

Əmək bazarında isə İT texnikləri, mühəndis köməkçiləri və modern aqrar sahə mütəxəssislərinə ciddi tələbat mövcuddur. Bu uyğunsuzluq orta ixtisas təhsilində köklü struktur dəyişikliklərinin və optimallaşdırmanın həyata keçirilməsini zəruri edir.

Yaxın illərdə oxşar profilli kolleclərin birləşdirilməsi, təkrarlanan ixtisasların ləğvi və ya bəzi müəssisələrin peşə təhsili mərkəzlərinə çevrilməsi gündəmə gələ bilər. İslahatların ana xəttini maliyyə resurslarının daha səmərəli istifadəsi, idarəetmə xərclərinin azaldılması və gənclərə praktiki vərdişlərin qazandırılması təşkil edir.

Mütəxəssislərin fikrincə, bu transformasiya prosesində kəskin inzibati qərarlarla yanaşı, dual təhsil modelinin tətbiqi və işəgötürənlərin prosesə fəal cəlb olunması vacib şərtdir.

Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib ki, orta ixtisas təhsili sistemində, xüsusilə kolleclərdə tədris olunan bəzi ixtisasların ləğvi, subbakalavr proqramlarının optimallaşdırılması və bəzi müəssisələrin peşə təhsili mərkəzlərinə çevrilməsi ətrafındakı müzakirələr təhsil siyasətinin və dövlət kadr strategiyasının mühüm istiqamətlərindən biridir:

"Qloballaşan iqtisadiyyat, dördüncü sənaye inqilabı və əmək bazarının sürətlə dəyişən konyukturası orta ixtisas diplomunun ictimai-iqtisadi çəkisini, məzunların məşğulluq imkanlarını və bu müəssisələrin struktur effektivliyini yenidən dəyərləndirməyi zəruri edir. Bu fonda kolleclərin fəaliyyət istiqamətlərinin dəyişdirilməsi və onların peşə təhsili ekosistemi ilə inteqrasiyası qaçılmaz bir təkamül prosesidir”.

Ekspert qeyd edib ki, müasir əmək bazarının analizi göstərir ki, mövcud kolleclərin əhəmiyyətli bir hissəsi hələ də ötən əsrin iqtisadi modelinə uyğun formalaşmış, bugünkü rəqəmsal və texnoloji reallıqlarla tam səsləşməyən proqramlarla fəaliyyət göstərir.

Bu vəziyyət bazarda tətbiqi bacarıqlara malik texniki kadrlara, məsələn, mühəndis köməkçiləri, İT texnikləri, müasir aqrar sahə mütəxəssislərinə olan kəskin tələbatla kollec məzunlarının daxili kompetensiyaları arasında uyğunsuzluq yaradır. Nəticədə orta ixtisas diplomu bir çox gənclər üçün əmək bazarına birbaşa daxil olmaq aləti deyil, sadəcə subbakalavr statusu ilə ali məktəblərə imtahansız qəbul olunmaq üçün aralıq bir mərhələ rolunu oynayır. Bu tendensiya isə orta ixtisas təhsilinin öz fundamental mahiyyətindən uzaqlaşmasına gətirib çıxarır.

İlqar Orucov diqqətə çatdırıb ki, qarşıdakı illərdə Azərbaycanda kolleclərin birləşdirilməsi, bir-birini təkrarlayan ixtisasların ləğvi və ya fəaliyyət istiqamətlərinin tamamilə dəyişdirilərək müasir peşə təhsili mərkəzlərinə çevrilməsi təkcə gündəmə gəlməyəcək, həm də dövlətin rəsmi islahat xəttinin əsas hədəfi olacaqdır. Çünki iqtisadiyyatın rasionallığı maliyyə resurslarının bir-birini təkrarlayan sahələrə deyil, daha yüksək səmərə verən sub-sektorlara yönəldilməsini tələb edir:

“Bu baxımdan, oxşar profilli kolleclərin birləşdirilməsi daxili idarəetmə və logistika xərclərini azaldacaq, idarəetmə keyfiyyətini optimallaşdıracaqdır. Eyni zamanda, bəzi kolleclərin maddi-texniki bazasının yeni nəsil peşə təhsili mərkəzləri ilə sinxronlaşdırılması gənclərə daha çevik, qısamüddətli və birbaşa iş tapmağa yönəlmiş praktiki vərdişlər qazandıracaqdır”.

Ekspert hesab edir ki, bu struktur islahatlarının uğurla reallaşdırılması üçün mütləq və kəskin inzibati qərarlardan çox, əmək bazarının böyük verilənlərinə əsaslanan proqnozlaşdırma modelləri tətbiq olunmalıdır:

“İlk növbədə, işəgötürən qurumlar və sənaye subyektləri bu transformasiya prosesinə birbaşa tərəfdaş kimi cəlb edilməli, kurikulum proqramları "ağıllı məktəb" və hibrid infrastruktur prinsiplərinə uyğunlaşdırılmalıdır. İkincisi, subbakalavrların ali təhsilə keçid mexanizmləri saxlanılmaqla yanaşı, istehsalat yönümlü ixtisaslarda dual təhsil modeli tətbiq edilməklə praktiki təcrübə payı ən azı 60-70 faizə qaldırılmalıdır. Yalnız elmi əsaslara söykənən, konyuktur dəyişikliklərə çevik adaptasiya olunan və konkret tətbiqi biliklər aşılayan bir orta ixtisas təhsili modeli dövlətin müəyyən etdiyi strateji iqtisadi hədəflərə və əhalinin məşğulluq templərinin yüksəlməsinə birbaşa töhfə verə bilər".

Çimnaz Telmanqızı