Gələn il kimlərin maaşı arta bilər?
07 Oktyabr 2026, 11:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
84
07.10.2026, 10:48
Hər insanın taleyində adı çəkilməsə də hiss olunan bir qapı var: ilk müəllimin açdığı qapı. O, bizə yalnız əlifbanı və rəqəmləri öyrətmir, dünyaya necə baxmağı da göstərir. Biz hələ nə həyatı tanıyırıq, nə insanları. Çantamız özümüzdən böyükdür, qorxumuz sevincimizdən çox. Və bir səhər kimsə əlimizdən tutub deyir: “Gəl, indi öyrənəcəksən.”
Sonra illər axıb gedir. Şəhərlər dəyişir, üzlər dəyişir, telefonumuzdakı nömrələrin sayı artır. Amma uşaqlığımızın ilk əlini tutan adamın nömrəsi çox vaxt orada tapılmır. Çünki bəzi insanlar nömrə ilə yox, xatirə ilə yaşayır. Biz onları itirmirik, sadəcə həyatın axarı bizi müxtəlif sahillərə atır. Bir gün gözlənilmədən sahillər yaxınlaşır və anlayırıq ki, vaxt çox şeyi aparsa da, bəzilərinə toxunmayıb.
Bu yazı da belə bir yaxınlaşma haqqındadır.
Səhər göy üzü yağışlı idi. Belə havada adam özünə tez bəhanə tapır: bu gün olmasın, bir də görərəm. Mən isə tərəddüd etmədim. İçimdəki səs sakit, amma qətiyyətlə deyirdi ki, bu görüş gözləməyə dözmür. Yol boyu yağışın səsi mənimlə addımladı, fikrim isə illərin uzaqlığını bir-bir qət etdi.Səbail rayonundakı 163 nömrəli tam orta məktəbin qarşısına çatanda diqqətimi girişdəki lövhə çəkdi. Orada şəhidimiz Cəmil Məmmədlinin şəkli və həyat yolu haqqında məlumat vardı. Dayandım. Yağış sıxlaşmışdı, mən isə nə qədər durduğumu hiss etmədən lövhənin qarşısında qaldım. Şəkildəki gənc oğlan sakitcə mənə baxırdı. Belə məqamlarda tələsik gündəlik qayğılar, zəng səsləri, görüləcək işlər birdən kiçilir.
Cəmil Məmmədli 2020-ci il oktyabrın 15-də Füzuli rayonunun azadlığı uğrunda gedən gərgin döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Şəhadətindən sonra Prezident İlham Əliyev tərəfindən “III dərəcəli Vətənə Xidmətə görə” ordeni, “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. İsmayıllı rayonu Şəhidlər Xiyabanında dəfn olunub. Onun anası məktəbin direktor müavini, direktor vəzifələrini icra edən Aygün xanımdır.
Həyətə girəndə əvvəlcə boylandım, sanki icazəsiz içəri keçirdim. Çox illər əvvəl bu torpaq döşənmiş, bu divarlarla əhatələnmiş yerdə qaçıb oynayan uşaq mən idim. İndi isə boyu uzanmış, çiyinləri enlənmiş, saqqallı, saçı və saqqalı yüngülcə ağarmağa başlamış bir kişi kimi dayanıb o uşağın izini axtarırdım. Divarlar yerində idi, həyət də. Hətta pilləkəndən gələn addım səsləri belə tanış gəlirdi. Yalnız mən bu mənzərənin gözündə yadlaşmışdım, çünki məktəb uşaqları yadda saxlayır, böyükləri isə qonaq kimi qarşılayır.Gəlişimin səbəbi isə ilk müəlliməm Vəsilə müəllimə idi. O, mənə 163 nömrəli məktəbdə 1-ci sinifdən 3-cü sinfə qədər dərs deyib. Sonuncu dəfə 2013-cü ya 2014-cü ildə yolda qarşılaşmışdıq. Bir salam, bir-iki kəlmə söz, sonra hərə öz yoluna getmişdi. O vaxt elə bilirdim ki, görüşlər hələ çox olacaq. Gənclik vaxtı sonsuz göstərir, sabahı, gələn ayı, gələn ili özünün şəxsi borcu sayır. İndi isə bilirəm ki, hər vidalaşma son ola bilər.
Məni birinci sinfə gətirdikləri günü ətraflı xatırlayıram. Atam bir yanımda, anam o biri yanımda idi, ikisi də mənə lazım olduğundan ciddi baxırdı. Kiçik olsam da, hiss edirdim ki, bu, onlar üçün də böyük gündür. Sanki məni yox, ürəklərinin bir parçasını təhvil verirdilər. Əlimin iki ovucda necə sıxıldığı indi də yadımdadır. Direktor müavini İlyas müəllim Vəsilə müəlliməni çağırıb dedi: “Gəl, Vəsilə, bu oğlan bu ildən sənin sinfindədir.”
Həmin cümlə taleyimdə bir qapı açdı, mən isə bunu bilmirdim. Çox zaman ən əhəmiyyətli anları fərqinə varmadan yaşayırıq. Sonra dönüb arxaya baxanda başa düşürük ki, hər şey elə o gündən başlayıbmış.
Bir uşağın gələcəyi bəzən iki böyüyün arasındakı qısa bir cümlədə müəyyənləşir.Vəsilə müəlliməni indi də gözümün önünə gətirə bilirəm: qısa saçları, dinc baxışı, sinfə girəndə otağa yayılan nizam. Mənim ilk müəllimim, ilk sinfim, ilk məktəb günlərim idi. Hərfləri onun yanında tanıdım, qələmi onun nəzarəti altında düzgün tutmağı öyrəndim, ilk qiymətimi onun əli ilə yazılmış gördüm. O zaman bunların nə qədər böyük olduğunu bilmirdik.
Böyüdükcə anlayırsan ki, sənə yazmağı öyrədən, eyni zamanda dünyaya baxmağı da öyrədibmiş. Bu gün sözlə dolanıramsa, kökü hardasa o sinif otağında atılmış ilk cızıqlardadır. Hər yazan adamın yaddaşında qələmin kağıza ilk toxunduğu bir otaq var. Mənimki həmin otaqdır.Sonra həyat yolunu dəyişdi. Kirayə ilə bağlı səbəblərdən məktəbdən ayrılıb 21 nömrəli məktəbdə oxumağa davam etdim. Uşaq vaxtı belə qərarları böyüklər verir, uşaq isə sadəcə razılaşır. Yeni sinfə, yeni müəllimlərə, yeni dostlara tədricən alışdım. Amma içimdə bir qapı yarıaçıq qalmışdı. İlk müəllimi unutmaq mümkündürmü?
Sinfə girəndə Vəsilə müəllimə məni tanımadı. Bu, təbiidir, çünki əlindən yüzlərlə uşaq keçib, mən də onlardan biri idim. Amma tanımadığı halda belə, həmişəki isti səsi ilə qarşıladı: “Salam, gözəl oğlum! Xoş gəlmisən!” Bu cümlə boğazımda həyəcana çevrildi. Yad bir adama belə doğma sözlə müraciət etmək həqiqi müəllimin işarəsidir.
Dedim: “Mənəm, 3-ü 5 edən Turan.”
Vəsilə müəllimə güldü. O gülüş illərin üstündən körpü saldı. “Hə, tanıdım!” dedi. Doğrudan da, mən bir vaxt qələmlə 3 rəqəmlərini 5-ə çevirmişdim ki, guya yüksək qiymət almışam. Özüm də bunu unutmuşdum. Sinif yoldaşım Əli gedib müəlliməyə xəbər vermişdi. O vaxt bu iş mənə fəlakət kimi görünürdü, bu gün isə təbəssümə səbəbdir. İnsan çox vaxt vaxtilə qorxduğu şeylərə sonradan ən səmimi şəkildə gülür. Müəllimlər də şagirdlərini ən çox belə kiçik “cinayətlərdən” xatırlayırlar. Uşaq yalanı böyük adamın yalanına bənzəmir: o, qorxunun axtardığı ilk çıxış yoludur.
Sonra 2008-ci ildə oturduğum sıraya yenidən əyləşdim. Bu cümləni yazmaq asandır, yaşamaq çətin.
Sıra kiçik idi, dizlərim güclə yerləşirdi. Əlimi taxtanın üstünə qoydum və bir neçə saniyə susdum. Zaman dayanmışdı. Pəncərədən düşən işıq, otağın qoxusu, divardakı lövhə elə həmin yerdəydi. Dəyişən yalnız mən idim. Daş, taxta, şüşə illərə dözmüşdü, insan isə yorulmuş, dəyişmiş, böyümüşdü. Barmaqlarımın ucu hamar səthdə gəzəndə ağlıma gəldi ki, bu taxtanın da yaddaşı var, neçə-neçə əl onu parıldadıb.Elə həmin sırada oturarkən başqa bir xatirə də oyandı. Sinif yoldaşlarımdan biri hər gün ağlayırdı. Bir gün mən də, sırf şıltaqlıq üzündən, ağlamağa başladım. İlyas müəllim və digər direktor müavini Cəmil müəllim məni güclə sinfə saldılar. İlyas müəllim isə mənə hələ də unutmadığım bir şillə vurdu. Valideynlərimin bundan xəbəri olmadı, mən də demədim. Uşaq ürəyim bunu böyük bir sirr kimi saxlayırdı, sanki dünyanın ən ağır yükünü daşıyırdım.
İndi düşünürəm: bu gün kiməsə şillə vurmaq olarmı? Əsla. Bu, dərhal bütün sosial şəbəkələrdə yayılardı. Zaman dəyişib və yaxşı ki, dəyişib. Uşağa əl qaldırmaq heç vaxt tərbiyə üsulu sayıla bilməz. Amma o şillə yaddaşımda kin kimi yox, o məktəbin, o dövrün bir parçası kimi qalıb. Sonradan dönüb baxanda görürsən ki, o sərt dünyanın içində də qayğı, məsuliyyət, “bu uşaq bizimdir” duyğusu varmış. Bəzi xatirələr yalnız ağ ya qaradan ibarət olmur, hər iki rəngdən pay alır. Biz o dövrü nə bəraət qazandırmaq, nə də ittiham etmək üçün xatırlayırıq. Sadəcə, olduğu kimi xatırlayırıq.O, anda düşündüm ki, bu skamyada bir vaxt balaca bir uşaq oturub. Arzuları da kiçik idi, qorxuları da. Nə həyatın çətinliyindən xəbəri vardı, nə insanların ayrıla biləcəyindən. Elə bilirdi ki, hər şey həmişə belə qalacaq: eyni sinif, eyni müəllim, eyni dostlar. Böyümək ona çox uzaq görünürdü, bəlkə də heç gəlib çatmayacaqdı. Ağlına gəlməzdi ki, bir gün bu sıraya yetkin bir kişi kimi qayıdıb keçmişin üzünə baxaraq susacaq. Ona nəsə demək istədim, narahat olma, hər şey yaxşı olacaq, amma sonrasını özüm də bilmirdim. Yalnız bunu bilirdim ki, o uşaq hələ də mənim içimdə yaşayır və bu gün onunla ilk dəfə üz-üzə gəlmişəm. İnsan nə zaman kövrəlir? Bəlkə də elə o zaman ki, uşaqlığının izinə rast gəlir və başa düşür ki, ora artıq yol yoxdur. Yaşımız artdıqca günlərimiz dolur, öhdəliklərimiz çoxalır, içimizdəki balaca uşaq isə susur. Bu gün o, bir anlığa səsini qaldırdı.
Güldük, keçmişdən danışdıq, gözlərimiz doldu. Bir tərəfdən sevinc, bir tərəfdən qəribə bir kədər içimi bürüdü. Biz xatirələri sevirik, eyni zamanda onların geridə qaldığını bilirik. Sevinc də, kədər də eyni sıradan, eyni gülüşün arxasından gəldi. Bəzən adam gülə-gülə boğazında düyün hiss edir. Mən bu gün belə bir gün yaşadım. Vəsilə müəllimə barədə bir şeyi ayrıca vurğulamaq istəyirəm. O, bizim dövrümüzdə də əsl pedaqoq idi, bu gün də elədir. Peşəsinə ürəkdən bağlıdır, hər uşağa ayrıca diqqət göstərir. Sinifdə kimin darıxdığını, kimin qorxduğunu, kimin dərsə hazır gəlmədiyini bir baxışdan anlayardı. Səsini yüksəltmədən nizam yaradar, tələbkar qalar, amma soyuqlaşmazdı. Biz o zaman bunu sadəcə müəllimlik hesab edirdik, indi isə ustalıq adlandırırıq. Uşaqlar səsin ucalığına yox, baxışın düzgünlüyünə tabe olur. Onun sinfində zəif şagird özünü kiçik hiss etməzdi, güclü şagird qürrələnməzdi. Hamıya eyni sözlə, eyni səbirlə yanaşardı. İllər keçsə də, uşaqlara münasibəti və peşəyə sədaqəti olduğu kimi qalıb. Bəlkə ən böyük müəllimlik budur: zaman dəyişsə də, özün dəyişməyəsən.
Bir də təsadüfə baxın. Mən Vəsilə müəllimənin doğum günü ərəfəsində çıxıb gəlmişdim. Nə planlaşdırmışdım, nə hesablamışdım. Bəzən hadisələr elə düzülür ki, adam istər-istəməz inanır: bu, əvvəlcədən yazılıb. Doğum günü ərəfəsində ilk müəlliməni görmək, onun gülüşünü eşitmək, bəlkə də, mənim ona verə biləcəyim ən sadə, amma ən səmimi hədiyyə idi.Bu görüşü mümkün edən şəxs məktəbin direktor müavini, direktor vəzifələrini icra edən Aygün xanım oldu. Ona ayrıca minnətdaram. Aygün xanım işinin həqiqi peşəkarıdır. Bütün şagirdlərə öz övladı kimi baxır, məktəbi doğma evi kimi qoruyur, ən kiçik təfərrüata belə diqqət yetirir. Belə rəhbərin olduğu məktəbdə uşaq özünü qorunmuş, müəllim isə dəstəklənmiş hiss edir. İllər sonra qapısını döyən keçmiş şagirdi də eyni xoş münasibətlə qəbul etməsi bunun ən gözəl sübutu oldu. Məktəbi yalnız bina, sinif otaqları və dərs cədvəli yaşatmır. Onu qapıdan girən hər kəsi güləryüzlə qarşılayan insanlar yaşadır.
Həmin gün məktəbdə bir başqa Aygün müəlliməni də gördüm. O, sinif yoldaşım Fəridin anasıdır və mənim dövrümdə digər sinfin sinif rəhbəri idi. Onu da sonuncu dəfə 2008-ci ildə görmüşdüm. Məni görən kimi üzünə tanış bir təbəssüm yayıldı və bu qədər zamandan sonra məni tanıdı. Özümü o vaxtkı uşaqdan çox fərqli sanırdım, amma deyəsən, bəzi baxışlar adamı illərin içindən də seçir. Müəllim üçün bundan böyük mükafat yoxdur: şagirdini illər sonra üzündən yox, baxışından tanımaq. Aygün müəllimə də Vəsilə müəllimə kimi o nəslin pedaqoqlarındandır ki, işinə məsuliyyətlə yanaşır, hər uşaqda ayrıca bir şəxsiyyət görürdü. Onun sinfindən keçənlər yalnız dərs yox, hörmət, nizam və xoş davranış da öyrənirdilər.
Biz başqa sinifdə oxusaq da, dəhlizdə qarşılaşanda bizə də eyni qayğı ilə, eyni xoş sözlə müraciət edərdi. Zaman keçib, amma onun səmimiyyəti, insana verdiyi dəyər, uşaqlara olan sevgisi eyni qalıb. Qarşısındakı kim olur-olsun, ona doğma biri kimi yanaşır. O, eyni zamanda gözəl ana və qayğıkeş valideyndir. Övladını elə böyüdüb ki, bu gün həmin övlad Vətənin keşiyində dayanır. Başqalarının uşaqlarını yaxşı yetişdirmək müəllimin, öz övladını layiqli insan etmək isə ananın ən böyük uğurudur. Aygün müəllimə hər ikisinə nail olub və bu iki yükü səssiz-səmirsiz, şikayətsiz daşıyır. Bunu hər kəs bacarmır.
Ondan Fəridin bu gün Vətəni və sərhədlərimizi qoruyan igid hərbçilərimizdən biri olduğunu öyrənmək mənə ayrıca qürur və sevinc bəxş etdi. Eyni dəhlizlərdə, eyni həyətdə qaçan uşaqlar böyüyüb ölkənin keşiyində dayanırlar. İnsan sinif yoldaşı ilə fəxr edəndə öz uşaqlığının nə qədər dəyərli olduğunu bir daha anlayır. Fəridi xatırlayanda gözümün önünə həyətdə qaçan, ayaqqabısının bağı açılan, çantası çiynindən sürüşən bir oğlan gəldi. İndi o oğlan forma geyinib, sərhəddə durur. Həyat bəzən gözlənilməz hədiyyələr də verir.
Məktəbdən çıxanda uzun müddət heç nə düşünmədim, sadəcə yol getdim. Yağış səngimişdi, amma torpaq hələ nəm idi. Bir tərəfim dolu idi, bir tərəfim boş. Dolu idi, çünki ilk müəlliməmi görmüş, onunla gülüb danışmış, keçmişi yenidən yaşamışdım. Boş idi, çünki o günlərin bir daha qayıtmayacağını anlamışdım. İnsan bir yerə qayıdır və o yerin artıq əvvəlki yer olmadığını görür.
Amma belə də yaxşıdır. Bəlkə də biz məhz bunun üçün böyüyürük: bir gün geri baxıb bizə kimlərin əl tutduğunu görmək üçün. Həyatda vəzifə, ad, təcrübə qazanırıq. Lakin ən qiymətlisi, bəlkə də, bizə ilk dəfə “sən bacararsan” demiş adamı yenidən görə bilməkdir. Bu gün mən sadəcə müəlliməmi görmədim. Uşaqlığımı gördüm.
11:16 / 07 Oktyabr 2026
12
11:14 / 07 Oktyabr 2026
24
11:13 / 07 Oktyabr 2026
19
11:11 / 07 Oktyabr 2026
24
11:05 / 07 Oktyabr 2026
27
11:03 / 07 Oktyabr 2026
36
10:57 / 07 Oktyabr 2026
67
10:55 / 07 Oktyabr 2026
34
10:53 / 07 Oktyabr 2026
78
10:43 / 07 Oktyabr 2026
41
10:36 / 07 Oktyabr 2026
46
10:32 / 07 Oktyabr 2026
40
10:23 / 07 Oktyabr 2026
99
10:17 / 07 Oktyabr 2026
275
10:16 / 07 Oktyabr 2026
40
10:09 / 07 Oktyabr 2026
86
10:07 / 07 Oktyabr 2026
55
09:35 / 07 Oktyabr 2026
62
09:28 / 07 Oktyabr 2026
98
09:09 / 07 Oktyabr 2026
57
09:07 / 07 Oktyabr 2026
250
09:06 / 07 Oktyabr 2026
78
02:27 / 07 Oktyabr 2026
202
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.