Qaynar xətt:

(+99450) 247 90 86

Rəqqasların yerini robotlar tuta bilərmi?   —   Əməkdar artistlə MÜZAKİRƏ

Rəqqasların yerini robotlar tuta bilərmi?   —   Əməkdar artistlə MÜZAKİRƏ

CƏMİYYƏT

24

02.10.2026, 14:45

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son dövrlərdə robot texnologiyalarının sürətlə inkişaf etməsi onların müxtəlif sahələrdə, o cümlədən mədəniyyət və incəsənət tədbirlərində də istifadəsini artırıb. Artıq müxtəlif tədbirlərdə robotların milli və Avropa rəqslərini ifa etməsi ilə bağlı görüntülər sosial şəbəkələrdə geniş yayılır. Bu görüntülər bəzi istifadəçilər arasında “gələcəkdə rəqqasların yerini robotlar tuta bilərmi?” sualını da gündəmə gətirib.

Məsələ ilə bağlı Respublikanın Əməkdar artisti, Prezident mükafatçısı, Bakı Xoreoqrafiya Akademiyasının Dosenti Eteri Cəfərova Oxu24.com-a açıqlamasında robotların texniki baxımdan müəyyən rəqs hərəkətlərini icra edə bilməsinə baxmayaraq, canlı ifaçını əvəz edə bilməyəcəyini bildirib.

Əməkdar artist qeyd edib ki, rəqs yalnız müəyyən hərəkətlərin mexaniki şəkildə təkrarlanmasından ibarət deyil. Onun sözlərinə görə, səhnə sənətində əsas məqamlardan biri ifaçının tamaşaçıya ötürdüyü hiss, enerji və emosiyadır.

“Robot elə hər zaman robot olaraq qalacaq. Çünki o, dəmirdən hazırlanmış bir qurğudur və onun insanın malik olduğu ruhu yoxdur. İnsanda isə ruh var, hiss var, duyğu var və ən əsası, canlı energetika var. Buna görə də canlı ifaya, canlı musiqiyə və canlı rəqsə hər zaman tələbat olacaq.

Mən düşünmürəm ki, robot heç vaxt insanı tam şəkildə əvəz edə bilər. Texnologiya inkişaf edə, robotlar daha mürəkkəb hərəkətlər edə və müxtəlif rəqs növlərini yüksək dəqiqliklə təkrarlaya bilərlər. Lakin səhnə yalnız texniki hərəkətlərdən ibarət deyil. Orada ifaçının daxili dünyası, emosiyası, hissləri və tamaşaçı ilə yaratdığı əlaqə var”, – deyə Eteri Cəfərova vurğulayıb.

Əməkdar artistin sözlərinə görə, canlı ifanın əsas üstünlüklərindən biri də hər bir çıxışın özünəməxsus olmasıdır. Rəqqas səhnədə yalnız əvvəlcədən öyrəndiyi hərəkətləri nümayiş etdirmir, eyni zamanda həmin anın ab-havasını hiss edir və öz emosiyasını tamaşaçıya çatdırır.

“Canlı ifa tamam başqa bir şeydir. Çünki səhnəyə çıxan insan öz energetikasını tamaşaçıya ötürür. Tamaşaçı da həmin enerjini hiss edir. Bu, robotun heç vaxt tam şəkildə verə bilməyəcəyi bir hissdir. Robot müəyyən hərəkəti mükəmməl şəkildə təkrarlaya bilər, amma onun daxilində həmin rəqsin yaratdığı hiss, yaşantı və duyğu yoxdur.

Rəqs insanın ruhundan gələn sənətdir. Ona görə də texnologiya nə qədər inkişaf etsə də, canlı rəqsə və canlı ifaya ehtiyac aradan qalxmayacaq. Robotlar müəyyən tədbirlərdə maraqlı texnoloji təqdimat vasitəsi kimi istifadə oluna bilər, amma onları insan sənətinin əvəzi kimi görmək düzgün deyil”, – deyə sənətçi əlavə edib.

E.Cəfərova hesab edir ki, robotların rəqs etməsi daha çox texnologiya ilə incəsənətin bir araya gəlməsi kimi qiymətləndirilməlidir. Onun fikrincə, bu cür təqdimatlar tamaşaçı üçün maraqlı və fərqli görüntü yaratsa da, insan rəqqasın səhnədə yaratdığı emosional bağ və canlı enerji öz əhəmiyyətini qoruyacaq.

Beləliklə, texnologiyanın incəsənətə inteqrasiyası gələcəkdə də davam edə bilər. Lakin rəqs sənətinin əsasını təşkil edən insan duyğusu, canlı ifa və tamaşaçı ilə emosional ünsiyyət robotların texniki imkanlarından fərqli olaraq, sənətin dəyişməyən xüsusiyyətləri olaraq qalır.

Turan Etibaroğlu