Nazirlikdə yeni təyinat (FOTO)
18 Sentyabr 2026, 14:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
58
18.09.2026, 14:14
Millətin ruhunun, düşüncə və təfəkkürünün təmsilçisi, ifadəçisi və təbliğatçısı olan böyük Üzeyir bəy.. XX əsrin əvvəllərində Allahın Azərbaycan xalqına bəxş etdiyi böyük dühalardan biri.
Oxu24.com xəbər verir ki, bunu tanınmış jurnalist, teleaparıcı, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli bildirib.
"Bu gün doğum günüdür. Şərqdə ilk operanın yaradıcısının, Cümhuriyyətin “Azərbaycan” qəzetinin redaktorunun, “Koroğlu” operasının və dövlət himnlərinin müəllifinin millət qarşısındakı əvəzsiz xidmətlərini ehtiramla anırıq.
Onun və Müslüm Maqomayevin doğum günü şərəfinə hər il sentyabrın 18-də keçirilən Musiqi bayramını hər iki dahinin ruhuna sevgi duası kimi qəbul edirik.Əziz ruhları şad olsun",-deyə professor bildirib.
Üzeyir Hacıbəyli mədəniyyət tariximizdə dahi bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim kimi xüsusi yer tutur. O, 1885-ci il sentyabrın 18-də Ağcabədidə kənd mirzəsi Əbdülhüseynin ailəsində dünyaya göz açıb. Uşaqlığı Qafqazın “konservatoriyası” - Şuşada keçib. Ailədə üç qardaş, iki bacı olublar.
Balaca Üzeyir xalq mahnılarını, muğamları avazla oxuyur, tarda çalırdı. Şuşanın zəngin ifaçılıq mühiti onun musiqi istedadının inkişafına böyük təsir göstərir.
Şuşada, Tiflisdəki Qori müəllimlər seminariyasında, Moskvada, Sankt-Peterburqda təhsil alan gənc Üzeyir Cəbrayıl qəzasının Hadrut kənd məktəbində, sonra Bakıda müəllim işləyir. Bir müddət “İslamiyyə”, “Təbriz” mehmanxanalarında və kirayədə yaşayır. “Leyli və Məcnun” operettasını mehmanxanada qalarkən yazır. 1908-ci il yanvarın 25-də Hacı Zeynalabdin Tağıyevin teatrında oynanılan “Leyli və Məcnun” ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulur.
Gənc bəstəkar bir-birinin ardınca “Şeyx Sənan”, “Rüstəm və Söhrab”, “Şah Abbas və Xurşud banu”, “Əsli və Kərəm”, “Harun və Leyla” muğam operalarını yazır.
Şərqdə ilk operettanın yaranması da Üzeyir bəyin adı ilə bağlıdır. “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyaları onu çox məşhurlaşdırır.
Üzeyir yaradıcılığının zirvəsi “Koroğlu” operası sayılır. Müəllif bu əsərində klassik opera qaydaları əsasında bitkin ariyalar, kütləvi xor səhnələri yarada bilir.
O, 300-dən çox xalq mahnısını toplayıb nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor üçün əsərlər yazıb. Azərbaycan Xalq Cümhuriyyətinin, indi isə müstəqil Azərbaycanın dövlət himninin musiqisi Üzeyir bəyə məxsusdur. Ə.Cavadın sözlərinə bəstələdiyi “Çırpınırdın, Qara dəniz” mahnısı təkcə Azərbaycanda deyil, Türkiyədə də çox məşhurdur. “Sevgili canan”, “Sənsiz” romansları isə Müslüm Maqomayevin ifasında Azərbaycan musiqi xəzinəsinin ən dəyərli incilərindən hesab olunur.
Üzeyir Hacıbəyli Bakı Musiqi Texnikumuna, Azərbaycan Elmlər Akademiyasının İncəsənət İnstitutuna, Azərbaycan Dövlət Konservatoriyasına, Bəstəkarlar İttifaqına rəhbərlik edib. İlk xalq çalğı alətləri orkestrini, Azərbaycan Dövlət Xorunu yaradıb.
Tələbələrinə ata qayğısı ilə yanaşan Üzeyir bəyin tədris prosesinə maraqlı yanaşması vardı. Müəllim tələbələrin mühazirəyə gəlməməsindən şikayətlənəndə Üzeyir bəy təbəssümlə soruşarmış: Əminsinizmi ki, Sizin mühazirələriniz zamanı auditoriyanın boş qalmasında təkcə tələbələr günahkardır? Oxun hara atıldığını başa düşən müəllim mühazirələrə daha ciddi hazırlaşardı.
Üzeyir Hacıbəylinin elmi-nəzəri məqalələri, “Azərbaycan xalq musiqisinin əsasları” monoqrafiyası milli musiqi elmimizin inkişafına qiymətli töhfədir. O deyirdi: “Musiqini elə yazmaq lazımdır ki, onu zövqü korlanmış bir qrup adam deyil, bütün xalq başa düşsün”.
Bəstəkar və publisist. Bu iki söz çox nadir hallarda yanaşı işlədilir. Üzeyir bəy də belə nadir şəxsiyyətlərdən biridir ki, həm bəstəkar olub, həm də publisist. “Ü”, “Filankəs”, “Behmankəs” və digər gizli imzalarla felyetonlar yazıb. Onun “Ordan-burdan” başlığı altında dərc olunan felyetonları öz dövrü üçün çox dəyərli idi.
Dahi bəstəkar dövrünün ən yüksək mükafatlarına və fəxri adlarına, o cümlədən SSRİ Xalq Artisti adına layiq görülüb.
1948-ci ildə vəfat edən Üzeyir Hacıbəylinin dəfnində görünməmiş izdiham yaşanır. Onun cənazəsi Bülbülün ifasında “Sənsiz” romansının sədaları altında qaldırılır və Fəxri xiyabanda dəfn olunur.
Onun haqqında “Üzeyir ömrü”, “Üzeyir Hacıbəyov”, “Əbədi iftixarımız” filmləri çəkilib. Dahi bəstəkarın doğum günü 1995-ci ildən Azərbaycanın Milli Musiqi Günü kimi qeyd edilir. Artıq 5 ildir ki, ölkəmizdə Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi festivalı keçirilir.
Bakı Musiqi Akademiyası, Azərbaycan Bəstəkarlar İttifaqının möhtəşəm salonu, Azərbaycan Dövlət simfonik orkestri, paytaxtımızın mərkəzi küçələrindən biri onun adını daşıyır. Bakıda memorial ev-muzeyi fəaliyyət göstərir. Bakı Musiqi Akademiyasının qarşısında heykəli qoyulub.
Üzeyir Hacıbəyli sözün həqiqi mənasında Azərbaycan musiqisinin tacıdır.
Nigar
15:03 / 18 Sentyabr 2026
1
14:59 / 18 Sentyabr 2026
49
14:54 / 18 Sentyabr 2026
25
14:35 / 18 Sentyabr 2026
60
14:25 / 18 Sentyabr 2026
166
14:11 / 18 Sentyabr 2026
60
14:10 / 18 Sentyabr 2026
52
14:03 / 18 Sentyabr 2026
71
13:55 / 18 Sentyabr 2026
60
13:55 / 18 Sentyabr 2026
64
13:48 / 18 Sentyabr 2026
67
13:38 / 18 Sentyabr 2026
124
13:34 / 18 Sentyabr 2026
432
13:26 / 18 Sentyabr 2026
128
13:22 / 18 Sentyabr 2026
66
13:19 / 18 Sentyabr 2026
62
13:05 / 18 Sentyabr 2026
76
13:00 / 18 Sentyabr 2026
61
12:45 / 18 Sentyabr 2026
83
12:39 / 18 Sentyabr 2026
63
12:30 / 18 Sentyabr 2026
275
12:28 / 18 Sentyabr 2026
71
12:18 / 18 Sentyabr 2026
371
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.