Yaxın vaxtlarda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) prezidenti Balababa Rzayevin vəzifəsindən azad olunacağı gözlənilir.
Oxu24.com xəbər verir ki, Demokrat.az-ın əldə etdiyi məlumata görə, Balababa Rzayev işində yol verdiyi ciddi nöqsanlara görə yola salınacaq.
Xəbər verdiyimiz kimi, bu ilin oktyabr ayının 5-də Baş nazir Əli Əsədov “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Balababa (Baba) Rzayevə şiddətli töhmət verib.
“Azərenerji” ASC-nin prezidentinə töhmət verilməsinin səbəbi 2024-cü il üzrə təsdiq edilən yanacaq-enerji balansında qazdan istifadənin istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etməsi olub.
“Azərenerji” ASC-nin yeni prezidenti isə “Azəriqaz” İstehsalat Birliyinin sabiq baş direktoru Ruslan Əliyev təyin oluna bilər.
O, hazırda “Azərenerji” ASC-nin departament direktoru vəzifəsində çalışır.
Qeyd edək ki, Ruslan Əliyev ixtisasca energetika mühəndisidir. O, 1995–1999-cu illər — Azərbaycan Dövlət Neft Akademiyasında təhsil alıb, "İstilik energetikası" (İstilik elektrik stansiyaları) ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi bitirib, texnika üzrə fəlsəfə doktorudur. Bu sahənin peşəkarı olan Ruslan Əliyevin “Azərenerji” ASC-nin rəhbərliyinə gətirilməsi sözügedən sektorda ciddi irəliləyişlərə gətirib çıxara bilər.
Xatırladaq ki, Ruslan Əliyev bu ilin əvvəlində “Azəriqaz”ın baş direktoru vəzifəsindən azad edilmişdi.
Oxu24.com
ŞƏRHLƏR