Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105408
az

Azərbaycanı gözləyən təhlükə: Prezident xəbərdarlıq etdi

11:4904 Aprel, 2024
70
CƏMİYYƏT
  • A

5 apreldə Azərbaycanı, eləcə də Cənubi Qafqazı təhlükə gözləyir. Sabah Brüsseldə planlanan görüş həm ölkəmiz, həm də qonşularımız üçün yaxşı nəsə vəd etmir. Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə planlaşdırılan görüşü regionda sabitliyi pozmaq cəhdlərindən biridir.

Regionda vəziyyəti yaxşıya doğru dəyişən Azərbaycan bölgədə sabitliyi təmin etsə də, Ermənistan havadarlarının vədlərinə inanaraq buna aşkar şəkildə mane olmağa çalışır. Məhz sabahkı görüşün təşkili bunun bariz nümunəsidir.

Rəsmi Bakı bir neçə gün əvvəl açıqlamasında bildirib ki, şəffaf şəkildə keçirilməyən konfrans qərəzli xarakter daşıyır. Ötən gün ABŞ Dövlət katibi Antoni Blinken prezident İlham Əliyevə zəng edib. Brüssel görüşü barədə vəziyyəti izah edən Blinken İlham Əliyevlə danışaraq məsələyə aydınlıq gətirilməsini vacib hesab etdiyini deyib. Danışıq zamanı Blinken 5 aprel görüşünün Azərbaycana qarşı olmadığını vurğulayıb.

Dövlət katibi sözügedən görüşün əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini diqqətə çatdırsa da, reallıq başqadır. Belə ki, ölkə başçısı qeyd edib ki, onda olan məlumata görə üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunub. 

Prezident İlham Əliyevin qənaətinə görə aprelin 5-də keçirilməsi planlaşdırılan ABŞ, Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşünün qeyri-şəffaf hazırlanması, Azərbaycanın haqlı iradlarına baxmayaraq təxirə salınmaması Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayrıcı xətlərin və nəticə etibarilə, gərginliyin yaranmasına gətirib çıxaracaq.

Ölkə başçısı Parisdəki mətbuat konfransında Azərbaycana qarşı səsləndirilən əsassız ittihamlara da münasibət bildirib. O, aprelin 2-də Parisdə Antoni Blinken ilə keçirilmiş mətbuat konfransında Fransa xarici işlər nazirinin yalan danışdığını qeyd edib.

Blinkenin ölkə başçısına görüş barədə izahat verməsi İlham Əliyevin siyasi nüfuzunun artmasının göstəricisidir. Lakin, Azərbaycanın narahatlığına baxmayaraq görüş təxirə salınmayıb. Blinken müxtəlif bəhanələrlə görüşün Azərbaycana qarşı olmadığını bəyan edib. Görünür, Qərb və ABŞ-nin sülh prosesinin uzanmasında marağı var. Onlar Cənubi Qafqazda sabitliyi pozmaq istəyirlər. İlham Əliyevin də dediyi kimi, anti-Azərbaycan mahiyyəti daşıyan bu kimi addımlar, o cümlədən Fransa tərəfindən də Ermənistanın silahlandırılması siyasəti regionda silah yarışına və təxribatlara şərait yaradacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənistan arxivindən şok sənəd - FOTO
Kupman Azərbaycana gələcək
Qeyri-qanuni nikahlar hansı fəsadlara yol açır? - VİDEO