"Mühasirəyə düşən ermənilər "UAZ”ı yandırıb qaçdı" - General cəbhədə baş verənlərdən danışdı


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
“Hər bir dövlət özünün geostrateji vəziyyətinə, doktrinasına və hərbi hədəflərinə uyğun olaraq müxtəlif müdafiə üsullarından istifadə edir. Təbii ki, ərazilərimizin məqsədli şəkildə və davamlı olaraq təhlükələrə məruz qalacağı təqdirdə təhlükəsizlik zonasının yaradılması da gündəmə gələ bilər. Lakin bütün bunlar Ermənistanın öz sərhədləri çərçivəsində geri çəkilməsindən və ərazi bütövlüyümüzün tam bərpa olunmasından sonra mümkündür”.

Oxu24.com Azərbaycan Ordusunun birlik komandiri general-mayor Xəqani Cəbrayılovun Ordu.az-a eksklüziv müsahibəsini təqdim edir:

- Cənab general ilkin olaraq, hazırda Ermənistan-Azərbaycan sərhəd xətti boyu vəziyyət barədə məlumat verməyinizi istərdim.

- Hal-hazırda hərbi birləşmələrin Ermənistan-Azərbaycan sərhədində olan mövqeləri boyunca olan vəziyyət, birliyin hərbi hissələrinin və bölmələrinin şəxsi heyəti tərəfindən tam nəzarəti altındadır, əməliyyat vəziyyəti real şəraitə uyğundur. Şəxsi heyət hər an düşmənin istənilən təxribat xarakterli fəaliyyətlərinin qarşısını almağa qadirdir.


Qeyd etdiyim kimi, bu isdiqamətdə baş verən proseslər Ordumuz tərəfindən tam nəzarətdə saxlanılır, lakin ümumilikdə düşmən öz təxribatlarından çəkinmir və bildiyiniz kimi, hər zaman mülki sakinlərə, şəxsi təsərrüfatlara ziyan vurmağa çalışır. Bununla bağlı, biz də adekvat tədbirlər görürük və təbii ki, düşmən də qarşı tərəfdən əsassız informasiyalar yaymaqda davam edir. Bildirim ki, bu kimi məlumatlar yalandır və həqiqəti əks etdirmir. Ümumi olaraq onu da qeyd edim ki, birləşmənin cavabdeh olduğu zona yalnız sərhəd xəttindən ibarət deyil, cənub istiqamətində şəxsi heyətimiz ön xəttin müdafiəsində də aktiv iştirak edir və hərbi birləşmənin döyüşçüləri üzərlərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirirlər. Digər məsələlərə keçməzdən öncə qeyd edim ki, sərhəd zonasının müdafiəsi dövlətimiz üçün çox vacibdir. Təbii ki, düşmən sərhəd xəttini tanımaq istəmir, vaxtaşırı atəşkəsi pozsalar da, biz hər an əlimiz tətikdə, hər bir təxribatın qarşısını almağa çalışırıq.

- Düşmənin bənzər hiyləgər təxribatı ilə qarşılaşdığımızda ilkin olaraq hansı qərarlar verilir? Axı bu bölgə cəbhə xətti deyil...

- Bu tipli təxribatlar Ermənistan silahlı birləşmələrinin çoxdan tətbiq etdiyi və bizə yaxşı tanış olan bir fəaliyyət sxemidir. Lakin Ordumuzun zabit, gizir və əsgər heyəti bu təxribatlar barədə kifayət qədər məlumatlıdır. Bizim əsas vəzifəmiz sırf Azərbaycan sərhədlərini Ermənistanın təcavüzündən qorumaq, işğal altında olan ərazilərimizi işğaldan azad etməkdən ibarətdir. Bütün şəxsi heyət düşmən ərazisində mülki insanlar və qeyri-hərbi obyektlərə atəş açmamaq haqda təlimatlandırılıb.


Birliyin şəxsi heyəti adından deyə bilərəm ki, bizim heç bir digər ölkənin torpaqlarında gözümüz yoxdur, lakin Azərbaycan ərazilərinin işğal altında qalmasına, ərazilərmizin düşmən tərəfindən atəşə tutulmasına, mülki sakinlərimizin qətl edilməsinə və ya yaralanmasına, şəxsi təsərrüfatlara ziyan vurulmasına göz yummaq fikirimiz yoxdur, əksinə bunun qarşılığı artıqlamasıyla alınır və almaqda davam edəcəyik. Birliyin şəxsi heyəti qarşımızda qoyulan vəzifələri tam həcmdə yerinə yetirməyə, o cümlədən işğalda olan ərazilərimizin azad edilməsi üçün vacib olan bütün tədbirləri həyata keçirməyə tam hazırdır.

- Ermənistan silahlı qüvvələrinin son dəfə sakinlərə qarşı heyata keçirtdiyi təxribatlara nəzər salaq. Qazaxda Qaymaqlı, Tovuzda isə Qaralar kəndi isdiqamətində atəşkəsin intensiv pozulması, şəxsi təsərrüfatlara ziyan dəyməsi, nəhayət iyunun 15-də isə Qazaxın Quşçu Ayrım kəndində mülki sakinin ayaq nahiyəsindən yaralanması kimi faktlar düşmənin davamlı olaraq silsilə şəklində təxribatlara əl atdığını göstərir. Maraqlıdır, Birlik Komandiri olaraq bu hadisələrin təkrarlanmaması üçün konkret hansı addımlar atılıb?

- Yaxın keçmişdə Azərbaycana qarşı belə təxribatların artmasının şahidi olmuşuq. Hazırda birlik öz cavabdehlik zonasında hadisələrin istənilən ssenari istiqamətində inkişafını nəzərə alan konkret döyüş fəaliyyət planına sahibdir. Ermənistan ərazisindən Qarabağın dağlıq hissəsinə ehtiyatların yeridilməsinin qarşısının alınması və müdafiənin gücləndirilməsi üçün ümumqoşun ehtiyatlarının düşmənin ehtimal olunan hücum istiqamətlərindəki açılma xəttərinə çıxarılması, artilleriya atəşinin planlaşdırılması, sağ və sol qonşularla qarşılıqlı əlaqənin yaradılması, əsas döyüş fəaliyyətlərinin minimal zaman çərçivəsində yerinə yetirilməsi və s. kimi bütün vacib elementlər müxtəlif təyinatlı hərbi təlimlər çərçivəsində məşq edilərək avtomatik səviyyəyə çatdırılıb.


Ermənistan tərəfindən törədilə biləcək təxribatların intensivləşəcəyi təqdirdə hissə və bölmələrimiz daim cavab atəşi ilə düşmənin atəş mövqelərini zərərsizləşdirməyə qadirdir. Bu fəaliyyətləri icra etmək üçün şəxsi heyətimiz bütün növ texnika, silah və sursat ehtiyatlarına malikdir. Digər təminat növlərinin hər bir əsgərimizə vaxtında çatdırılmasında da heç bir problemimiz yoxdur. Əvvəl qeyd etdiyimiz kimi, tək məhdudiyyət düşmən ərazisində olsa da, mülki əhalinin ziyan görməməsindən ibarətdir. Azərbaycan əsgəri düşməndən fərqli olaraq mülki əhaliyə deyil, yalnız işğalçı ordunun hərbi birləşmələrinin təxribatlarına cavab verir. Ermənistan silahlı qüvvələrinin ərazilərimizə atəş açdığı artilleriya və atıcı silahların mövqeləri, birləşmənin şəxsi heyəti tərəfindən daim cavab atəşi ilə susdurulur.

Bir çox dövlətlər oxşar problemlərlə qarşılaşır. Hər bir dövlət özünün geostrateji vəziyyətinə, doktrinasına və hərbi hədəflərinə uyğun olaraq müxtəlif müdafiə üsullarından istifadə edir. Təbii ki, ərazilərimizin məqsədli şəkildə və davamlı olaraq təhlükələrə məruz qalacağı təqdirdə təhlükəsizlik zonasının yaradılması da gündəmə gələ bilər. Lakin bütün bunlar Ermənistanın öz sərhədləri çərçivəsində geri çəkilməsindən və ərazi bütövlüyümüzün tam bərpa olunmasından sonra mümkündür. Təbii ki, açıqlamaq istəmədiyim daha sərt və adekvat tədbirlər də nəzərdən keçirilir.

Bütün sadalanan döyüş fəaliyyətlərinin həyata keçirilməsi üçün birləşmələrin şəxsi heyəti müvafiq əmri gözləyir.

- Aprel döyüşlərinin uğurlu keçirilməsi üçün Qərb istiqamətində sərhədyanı kəndlərin təhlükəsizliyini təmin etməyin çox vacib olduğunu bilirik. Cavabdeh olduğunuz istiqamət barədə nə deyə bilərsiniz?

- Təbii ki, bir istiqamətdə əməliyyatların keçirilməsi zamanı digər birləşmələr də ümumi hərbi fəaliyyətlərə töhfə verməlidir. Həmin dövrdə birliyin hissə və bölmələri verilən tapşırıqların öhdəsindən müvəffəqiyyətlə gəldi. Nəzarətimiz altında olan ərazilərdə təhlükəsizlik təmin olundu, sərhədyanı kəndlərin əhalisinin və ərazisinin təhlükəsizliyi tam təmin edildi. Təbii ki, istənilən əraziyə nəzarəti təmin etmək üçün hakim yüksəkliklərə malik olmaq vacibdir. Bu vəzifələrin həyata keçirilməsi üçün müəyyən fəaliyyətlər həyata keçirildi. Burada söhbət əlverişli mövqelərdə bölmələrimizin möhkəmlənməsindən gedir. Həmin yüksəklik Azərbaycan Respublikasının sərhədləri daxilindədir. Biz sadəcə daha əlverişli mövqelərə sahiblənərək nəzarətimizdə olan coğrafiyanın miqyasını böyütdük.


Qeyd etmək lazımdır ki, Ermənistan tərəfi son günlərə qədər təxribatlarını davam etdirir, mülki əhalini atəşə tuturdu. Ən çox təhlükəyə məruz qalan Qazaxın Quşçu Ayrım və Məzəm kəndləridir. Son dəfə iyunun 15-də Quşçu Ayrım kəndində dinc sakinimiz yaralandı. Bizim yüksəkliklərdəki mövqelərimiz qarşı tərəfdə yerləşən Ermənistan kəndlərini də nəzərət altında saxlamağa imkan verir. Lakin biz mülki sakinlərə qarşı heç vaxt hər hansı bir tədbirlər planlaşdırmağı düşünməmişik.

- Aprel döyüşlərinin əhəmiyyəti barədə fikirləniz maraqlıdır. Döyüşlər zamanı Sizin hərbi birləşmələr tərəfindən hansı əlavə tədbirlər həyata keçirildi?

- Aprel doyüşləri ordumuzun atəşkəsdən sonra əldə etdiyi ilk böyük uğuru və şanlı qələbəsi hesab edilir. Faktiki olaraq, düşmənin uzun illər eyforiyaya qapılaraq “keçilməz müdafiə səddi” yaratdığı haqqında tirajladığı əfsanələrə bir neçə gün içində son qoyuldu. Yeni və müasir texnologiyalardan istifadə işğalçı orduda ruh düşkünlüyü yaratdı.

Əks-hücum əməliyyatı ilk növbədə Ali Baş Komandanın və Müdafiə naziri Zakir Həsənovun göstərişi əsasında Ermənistan ordusunun təxribatlarına cavab olaraq həyata keçirildi. Keçirilən əməliyyat düşmən ordusunun 25 il ərzində yaratdığı müdafiə zolağının qısa müddətdə yarılmasına, şəxsi heyət və texnika sarıdan ciddi itkilər veriməklə geri çəkilməsinə səbəb oldu. Ermənistan ordusunun rəhbərliyi bütün ümumqoşun və strateji ehtiyatlarını, həmçinin ehtiyatda olan veteranlarını da döyüşə cəlb etməyə çalışsa da nəticə əldə edə bilmədi. Ordumuzun cəsur əsgərləri düşmənin bütün əks-hücumlarının qarşısını aldılar və əldə etdikləri yüksəkliklərdə möhkəmləndilər. Bu döyüşlər nəticəsində Horadiz qəsəbəsini və ətraf yaşayış məntəqələrini daimi olaraq atəş altında saxlayan Lələtəpə yüksəkliyi, Naftalan və Goranboy rayonlarını atəş altında saxlayan Talış yüksəkliyi nəzarət altına alındı. Təbii ki, digər istiqamətlərdən düşmən qüvvələrinin müdafiənin yarılan istiqamətində qüvvə cəmləşdirə bilməməsi üçün bir sıra operativ tədbirlər həyata keçirildi.

- Cənab general, gəlin son baş verən hadisələr fonunda Ermənistanın bu ərazidə hərbi fəaliyyətlərinin məqsədlərini araşdıraq. Bizə maraqlıdır, cavabdehi olduğunuz bölgədə düşmənin Naxçıvan və Qarabağ istiqamətindən fərqli olan konkret məqsəd və hədəfləri hansılardır?


 Düşmənin bizim bölgədəki hərbi hədəf və məqsədlərinin digər bölgələrlə müqayisədə həm oxşar, həm də fərqli cəhətləri mövcuddur.
Təbii ki, indiyənə qədər mənfur düşmən öz hədəflərinə yaxınlaşa bilməyib. Azərbaycan Ordusu artıq 25 il qabağkı ordu deyil. Ermənistan bu niyyətlərini ordumuzun 25 il qabaq zəif olduğu illərdə həyata keçirə bilməyibsə, bundan sonra da həyata keçirməsi qətiyyətlə mümkün deyil. Onlar bunun üçün nə hərbi potensiala, nə insan resurslarına, nə də ki belə bir qətiyyətli addım atmağa qərar verə biləcək rəhbərliyə malik deyillər. Əgər 25 il əvvəl buna versiya kimi baxılması nəzərdə tutulurdusa, bu gün bu sadəcə bizim üçün istisna təşkil edən variantdan başqa bir şey deyil. Deyə bilərəm ki, bu bir erməni xulyası idi düşünürdülər, baş tutmadı. Bundan sonra da baş tutacağına aid heç bir əlamət mövcud deyil.

- Bildiymiz kimi, 90-cı illərədə Qarabağ müharibəsinin aktiv fazaya keçməsindən öncə Qazax isdiqamətində də düşmən intensiv hücumlar təşkil edirdi və bunun qarşısı təbii ki, o dövrdə alınırdı. Qazax istiqamətində düşmən geri çəkilsə də, hazırda onun işğalçılıq niyyətləri Daşkəsən və Gədəbəy isdiqamətinə qədər uzanır. Bu barədə nə deyə bilərsiniz?

- Bütün bunlar Ermənistanın Azərbaycanın tarixi torpağlarına qarşı işğalçı siyasətinin nəticəsidir. Bu mənfur siyasət bizim bir milyondan artıq vətəndaşımızın öz yurd yerlərini tərk etməsi və 20%-ə qədər torpaqlarımızın işğalı ilə nəticələnib. Təbii ki, öncə qeyd etdiyim kimi, bu bölgədə həm enerji resurslarının daşınması layihələrinin həyata keçirilməsi, həm də strateji kommunikasiya xətlərinin bu ərazidən keçməsi düşməni bu istiqamətdə təxribatçı-yayındırıcı cəhdlərə həvəsləndirir. Lakin yuxarıda da qeyd etdiyim kimi, artıq düşmən bu istiqamətdə bizə qarşı hansısa uğurlu əməliyyat aparmaq gücünə malik deyil.


- İyun ayının 22-də erməni ekspert Suren Sarkisyan öz “Facebook” səhifəsində yazdığı məlumatlarda Azərbaycanın Tavuş istiqamətində uğurlu əməliyyatlar həyata keçirdiyini bildirirdi. Təsadüfi deyil ki, həmin gün Ermənistan müdafiə naziri David Tonoyan ölkənin şimal-şərq istiqamətinə gəldi. Məlumat nə dərəcədə doğrudur, bəlkə əksinə düşmən bu yolla diqqəti yayındırmağa cəhd edirdi?

- İlk öncə qeyd edim ki, hazırda informasiya müharibəsi şəraitində biz bir sıra əks-tədbirlər həyata keçiririk. Birləşmələrin cavabdeh olduğu ərazi sərhəd boyu yerləşdiyi üçün biz əhali ilə sıx işləməyə məcburuq. Yerli icra hakimiyyəti orqanları, icra nümayəndəlikləri və bələdiyyə nümayəndələri ilə birgə əməkdaşlıq edirik, onları mütəmadi olaraq məlumatlandırırıq. Düşmən təxribatı ilə baglı informasiyaları onlara aidiyyəti üzrə çatdırırıq. Suren Sarkisyanın yaydığı məlumatlar isə təmamilə dezinformasiyadır və üstəlik qeyd etdiyiniz kimi, Tonoyanın əraziyə səfəri bu iddianı möhkəmləndirməyə hesablanmışdı.

Ümumiyyətlə qeyd edim ki, bu kimi məlumatlar sadəcə daxili auditoriyaya hesablanıb, cəmiyyətin diqqətinin yayındırmaq məqsədi daşıyır. Azərbaycan Ordusu hər hansısa uğurlu bir əməliyyat kecirəcəyi halda bu həm düşmən mediasında, həm erməni cəmiyyətində, həm də o bölgədə yerləşən erməni hərbi birlikləri arasında qeyri-şərtsiz bilinəcək, hiss ediləcək. Faktiki olaraq, düşmənin yaydığı bu məlumat dezinformasiyadır. Yəni əsassız bir informasiyadır və Azərbaycanı öncə qeyd etdiyimiz kimi təxribata çəkmək niyyəti güdür.

Ermənistanda hakimiyyət dəyişikliyinin baş verməsinə, dırnaqarası əks-qrupların hakimiyyətə gəlməyinə baxmayaraq, İrəvanın hazırda nə iqtisadi, nə hərbi, nə də ki siyasi kursunda heç bir ciddi dəyişiklik baş verməyib. Baş verən proseslər sadəcə erməni cəmiyyətini, erməni xalqını aldatmağa hesablanan siyasi bir oyundur. Biz məsələnin hərbi müstəvisindən danışırıqsa, hazırda Ermənistan müdafiə nazirliyinin keçirilən layihələri (“Xalq-Ordu” konsepsiyası nəzərdə tutulur – red.) sabiq müdafiə naziri Vigen Sarkisyanin təsdiq etdiyi plana əsasən qorunub saxlanılır. Onların heç biri deyişdirilmiyib, təxirə salınmıyıb və onların həyata keçirilməsi davam edir. Hazırda Ermənistan müdafiə nazirliyinin bütövlükdə büdcəsi ölkənin müdafiəsinin təşkili üçün kifayət etmir. Sadəcə olaraq Paşinyanın bir “islahatçı” kimi ictimaiyyətə çiçəklənən Ermənistan, Avropa tipli həyat vəd etməsi xalqını aldatmaqdan başqa bir şey deyil.

- Gələk düşmənin aktiv hərbi təxribatlarına. Fevralın 11-də geriyə çəkilməyə məcbur olan düşmənin təxribatçı qrupu özünün bir ədəd UAZ avtomobilini yandırdı. İyulun 15-də isə Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində Karen Kazaryan adlı erməni diversantı ələ keçirildi. Bütün bunlar düşmənin yalnız mülki sakinlərə qarşı deyil, həm də ordumuzun mövqelərinə qarşı fəaliyyətlərinin göstəricisidir. Bənzər hadisələrin qarşısının alınması üçün hansı adekvat tədbirlər görülüb?


- Ümumi olaraq qeyd edim ki, fevralın 11-də düşmənin kəşfiyyat qruplarının bu isdiqamətdə aktivləşməsi müşahidə edilirdi və ümumi kəşfiyyat-diversiya fəaliyyətlərinin həyata keçirməyə cəhd edəcəkləri ehtimal olunurdu. Təbii ki, bölmələrmiz tərəfindən ciddi müqavimətlə qarşılaşan düşmən itki verərək geri çəkilməyə məcbur oldu. Onlara məxsus "UAZ” markalı avtomobil texnikası bölmələrimiz tərəfindən xüsusi texniki müşahidə vasitələri ilə vaxtında aşkar edilərək nəzarətə götürüldü. Lakin öz mövqelərinə geri çəkilən düşmən ərazidə qalan “UAZ” avtomobilinə atəş açaraq onu yandırdı.

Qeyd etdiyiniz digər fakt isə bu yaxınlarda baş verib. İyunun 15-də Karen Kazaryan adlı erməni diversantı ələ keçirildi. Dərhal Ermənistan hərbi rəhbərliyi və bütün erməni KİV-ləri onu ruhu xəstə kimi qələmə verdi. Artıq bu neçənci dəfədir ki, Ordumuz tərəfindən ələ keçirilən erməni diversantları Ermənistan rəhbərliyi və müdafiə nazirliyi tərəfindən ruhi və psixoloji xəstə adlandırılır. Birincisi, bu Ermənistan müdafiə nazirliyinin və rəhbərliyinin öz hərbi qulluqçusuna verdiyi qiymətdir. Artıq bu neçənci dəfədir ki, ələ keçirilən diversantlar psixoloji xəstə adlandırılır. Hər ələ keçirilən diversant psixoloji xəstədirsə, deməli Ermənistanın kəşfiyyat bölmələrinin tərkibində sağlam düşüncəli normal əsgər yoxdur? İkincisi, qarşı tərəfin öz əsgərini psixoloji ruhi xəstə adlandırması faktiki olaraq ordunun öz hərbi qulluqçusundan imtina etməsi deməkdir. Bununla da həmin hərbi qulluqçunun işğalçı orduda da olsa, bütün hərbi xidmətlərinin üstündən xətt çəkilir. Bu artıq dəfələrlə baş verib. Kazaryan ilə də baş verən ssenari sadəcə öncəkilərin təkrarı idi. Kazaryan heç də ruhi xəstə deyil, o sağlam düşüncəli, idmançı cüssəsinə malik şəxsdir və faktiki olaraq düşmənin xüsusi bölmələrində yaxşı təlim keçib. Bu kimi məsələlər onun sıradan bir hərbçi olmadığını göstərir. Ümumiyyətlə o, dindirilərkən çox səlist və təmkinli cavablar verməsi ilə yadda qaldı. Öz cavablarında Kazaryan bölgəni yaxşı tanıdığını vurğulayırdı. Hazırda bu isdiqamətdə prosedur tədbirlər həyata keçirilir. Dəqiq olan isə düşmənin bu isdiqamətdə kəşfiyyat fəaliyyətlərinə fasilə verməməsidir. Digər detalların açıqlanması məqsədəuyğun deyil.

Bununla yanaşı, hazırda düşmən mövqelərində döyüş növbətçiliyinə təyin edilən şəxsi heyətin sayında ciddi çatışmamazlıq mövcuddur. Onlar bu problemi yaxınlıqda yerləşən yaşayış məntəqələrinin sakinlərini müzdlu kimi ordu sıralarına cəlb etməklə həll etməyə çalışırlar. Həmin sakinlər əllərinə aldıqları silahları Azərbaycana tuşladığı andan Ordumuzun şəxsi heyəti üçün potensial bir düşmənə çevrilir. Ermənistan rəhbərliyi isə müqavilə əsasında muzdla xidmət edən hərbi qulluqçuların Ordumuz tərəfindən ələ keçirilən kimi onların orduya aidiyyəti olmadığını, onları mülki sakin və ya ruhi xəstə kimi qələmə verərək əsassız iddialar səsləndirir.


Bütün qeyd olunan proseslər fonunda, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun bölgəyə səfər etməsi, hissə və bölmələrmizin şəxsi heyətinin məişət şəraiti, həyata keçirilən tikinti işləri ilə yaxından maraqlanması, göstərilən diqqətin nəticəsidir. Müdafiə nazirinin şəxsi heyət ilə şəxsən görüşməsi, həmçinin döyüş hazırlığı və döyüşə hazırolmanın yoxlanılması, onları dinləməsi şəxsi heyətin ümumi əhval-ruhiyyəsinin yüksəlməsinə səbəb oldu.

Bütün bunlara görə ilk növbədə Cənab Ali Baş Komandana və cənab nazirə təşəkkürümüzü bildiririk. Hazırda hərbi birləşmələrin təminatın bütün növləri üzrə təchizatında heç bir problemi yoxdur. Silah-sursat və digər ehtiyatlarımız eşelonlaşdırma normalarına uyğun tamamlanıb. Birinci eşelon bölmələrinin qışa hazırlıq təchizatı tamamlanmaq üzrədir. Hazırda şəxsi heyət arasında mənəvi- psixoloji vəziyyət olduqca yüksək səviyyədədir. Əsgər, çavuş, gizir və zabitlərimiz komandanlığa tam etibar edir və bir sözlə Cənab Ali Baş Komandanın döyüş əmrini gözləyirik.

- Çox sağ olun! Təşəkkür edirəm!



18-avq, 2018 5 186
Загрузка...
Loading...
Загрузка...
 

Paylaş:

loading...