Gənc qadınların əksəriyyəti cinsi əlaqədən sonra vaginadan gələn pis qoxudan, ümumilikdə isə iyli axıntıdan şikayətlənirlər.
Medicina.az-ın "Həkimə sualın var?” "chat” bölməsinə də ən çox gələn suallardan biri məhz budur: "Məndə cinsi əlaqədən sonra pis qoxu gəlir, bunun səbəbi nədir?”
Medicina.az-ın əməkdaşı sualların çoxluğunu nəzərə alaraq bu məsələ ilə bağlı mütəxəssis fikrini öyrənib.
Qadınlarda yaşanan pis qoxulu axıntıların səbəbləri nələrdir?
Ginekoloq Amina Allahverdiyeva saytımıza açıqlamasında bildirib ki, bu problem qadınlarda yaranan anaerob infeksiyasının göstəricisidir: "Ən çox balıq qoxusu ilə müşayiət olunur. Şərti patogen mikroorqanizm olduğuna görə orqanzimin immun faktorları aşağı düşdükdə müşahidə olunur. Qrip, soyuqdəymə və ya sistit ilə yanaşı gedir. Pis iyli axıntı olduqda yaxma müayinəsi təyin edilir. Yaxmanın nəticələrində anaerob infeksiyalarla yanaşı, çox zaman leykosit, kokolu flora, qardanella, neyseriya, trizomonada və candella da çıxa bilər. Müalicəsi düzgün aparıldıqda bu problemdən birdəfəlik yaxa qurtarmaq mümkündür. Bu infeksiyalar uşaqlarda da ola bilir. Bəzi hallarda 6-7 yaşlı qız uşaqlarında da pis iyli axıntının olduğunu müşahidə etmək olar. Əsasən gigyenik normalara əməl olunmadıqda, şəkərli diabet xəstələrində və ya immunitetin azalması ilə üzə çıxa bilər”.
Müalicəsi necə aparılır?
"Aradan qaldırmaq üçün metrindozol qrup preparatlarından istifadə olunur. Bu zaman dərmanların düzgün sxemini vermək lazımdır. Həmçinin tərkibində metrindozol və klintametsin maddələri olan vaginal şamlardan da istifadə olunmalıdır. Bu dərman vasitələri ilə çox gözəl effekt əldə etmək mümkündür”, - deyə ginekoloq əlavə edib.
Həyat yoldaşından yoluxma halı mümkündürmü?
A.Allahverdiyevin sözlərinə görə, qadına həyat yoldaşından anaerob mikroblar keçə bilməz: "Bu mikrobların kimdən kimə keçdiyi konkret olaraq bəlli olmur. Çünki bu mikroblar hər iki cinsin nümayəndələrində aşkarlana bilər. Həyat yoldaşından bir sıra mikroblar – süzənək, qonoreya, ureoplazma, xlamida və s. infeksiyalar ola bilər”.
Müalicə olumadıqda fəsadları nə olur?
Ginekoloq deyir ki, müalicə olunmadıqda hər hansı bir fəsaı olmur: "Yalnız pis iyli axıntı, qaşınma, vaginal narahatlıq yarada bilər ki, müalicə olunduqda aradan qaldırmaq mümkündür. Daxili orqanlara, yəni yumurtalıq və uşaqlıq borularında heç bir problem yaratmır. Sadəcə olaraq pis iyli axıntı, qaşınma narahatlıq verə bilər”.
Ev şəraitində nələrə diqqət etmək lazımdır?
"Yaxşı olardı ki, dəman və şam müalicəsi ilə yanaşı ev şəraitində bir sıra bitki dəmləmələrindən vannalar etsinlər. Bu bitkilərə lavanda, çobanyastığını misal göstərmək olar. Bundan əlavə, 1 litr suya 1 ç/q soda və bir damcı yod əlavə edərək, alınan məhlulla da yuyunmaq yaxşı nəticə verir”.
Oxu24.com
ŞƏRHLƏR