Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16545
az

“Ya xan ölər, ya eşşək...” – Paşinyanın 30 illik HİYLƏSİ

14:5507 Avqust, 2019
1106
  • A
Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər edən və Xankəndidə mitinq keçirən Ermənistanın baş naziri Nikol Paşinyanın səsləndirdiyi fikirlər, eləcə də verdiyi vədlər ermənilər tərəfindən də gülünc qarşılanıb. Çünki Paşinyan ötən il verdiyi vədləri yerinə yetirmədiyi halda, 30 il sonra – 2050-ci il üçün proqram təqdim edir.

“2050-ci ildə Ermənistanın əhalisini 5 milyon çatdırmalıyıq. Ermənistanda 1,5 milyon iş yeri yaratmalıyıq, ümum daxili məhsulu 15 dəfə artırmalıyıq, 5 texnoloji şirkət yaratmaqla 10 milyard dollar gəlir əldə etməliyik, orta aylıq əmək haqqını 7 dəfə, səhiyyənin maliyyələşdirməsini 20 dəfə artırmalıyıq. Ermənistana hər il 15 milyon turistin gəlişini təmin etməliyik. Ermənistan dünyanın 20 ən effektiv ordusundan birinə sahib olmalıdır. Ermənistan futbol üzrə dünya çempionu olmalıdır”, - Paşinyan ermənilərə 30 il sonra “cənnət” vəd edir.

İnqilabdan ötən 1,5 il ərzində verdiyi ən xırda vədi belə yerinə yetirməyən Paşinyan ermənilərdən 30 il sonranın “xəyalını” qurmasını istəyir.

Erməni şərhçi Aram Amatuni yazır ki, ölkədə 50 faiz yoxsulluq var: “İqtisadiyyat çökür, emiqrasiya sürətlə davam edir, çoxsaylı sosial, psixoloji problemlər mövcuddur, işsizlik kütləvi hal alıb və s. Bütün bunların fonunda Paşinyanın açıqladığı “meqalayihələr” gülməlidir”.

Paşinyanın 30 il sonrakı dövr üçün “hədəflər” müəyyən etməsi təsadüfi deyil. Çünki qısamüddətli hədəflərə nail ola bilmədiyi üçün, ciddi etirazla qarşılanır. Və çıxış yolu kimi 30 il sonrası üçün proqram təqdim edir və bu həm onun məsuliyyət hissini aradan qaldırır, həm də təbliğat aparmağa imkan verir.

Molla Nəsrəddinin məşhur lətifəsində deyildiyi kimi: “Ya xan ölər, ya eşşək”. Paşinyan da məhz 30 il sonrakı dövr üçün vədlər verməklə düşünür: “Ya ermənilər qırılar, ya da mən hakimiyyətdən gedərəm”. Onun hakimiyyətdən getmək fikri hələki uzaqdır, göstərilən bütün şou da taxtını möhkəmləndirməyə hesablanıb. Amma Paşinyanın vəd etdiyi 30 il sonrakı hədəflər reallaşana qədər ermənilərin qırılacağı daha inandırıcıdır. Onun vədlərini Ermənistandakı vəziyyətlə müqayisə edəndə bu fikir daha da güclənir.

Ermənilər yoxa çıxır: Ermənistan Statistika Komitəsinin 2019-cu ildə açıqladığı rəqəmlərə görə, son 10 ildə ermənilərin sayı 3,8 faiz, işçi qüvvəsinin sayı 17,7 faiz, məşğul əhalinin sayı isə 21,3 faiz azalıb. Bu, 2008-2018-ci illərində Ermənistan əhalisinin 118,1 min, işçi qüvvəsinin 250,1 min, məşğul əhalinin isə 252,3 min azalması deməkdir. Bununla yanaşı, ölüm göstəricisi doğum göstəricisini üstələyir. Lakin rəsmi məlumatlarda reallıq gizlədilir. “Joxovurd” qəzeti yazır ki, son 10 ildə əhalinin sayı 2 milyon 100 min azalıb.

“2005-ci ildən indiyə qədər 1 milyon 10 min 500 erməni Ermənistanı birdəfəlik tərk edir. Ölüm sayının doğum sayını üstələməsi nəticəsində əhalinin sayı 622 min 700 nəfər azalıb. Hazırda Ermənistan əhalisi 1 milyon 900 minə yaxındır, lakin getdikcə daha da azalmağa davam edir”, - deyə qəzet yazır.

Əhalinin sayının sürətlə azalmasının səbəbi ilk öncə ermənilərin ölkəni kütləvi sürətdə tərk etməsidir. Ölkədəki sosial-iqtisadi böhran buna ciddi zəmin yaradır.

Aclar və acgözlər: Paşinyan 30 il sonra yeni iş yerləri açmaq, gəlirləri artırmaq vədini verir, lakin bu gün ermənilərin sabaha çıxmaq ümidi azalıb. İnqilabdan sonra ötən 1,5 il ərzində ölkədə böyük işsizlər ordusu yaranıb. Təkcə dövlət qurumlarında aparılan ixtisarlardan sonra minlərlə məmur işsiz qalıb. “Joxovurd” qəzeti yazır ki, “hökumət strukturlarının optimallaşdırılması” adı ilə həyata keçirilən proses nəticəsində bundan sonra ən azı 10 min insan işsiz qalacaq. Ölkədə yoxsulluq həddi 50 faizə çatıb. Əhalinin 50 faizə qədəri ya evsizdir, ya da şərti mənzillərdə yaşayır. Hər ailənin orta gəliri 40 min dram, təxminən 85 dollardır. Dünya Bankının ötən il açıqladığı reytinqində ÜDM-ə görə Ermənistan 195 dövlət arasında 130-cu yeri tutub. Ermənistanın Statistika Komitəsinin məlumatına görə, 2019-cu ilin yanvarında ixrac 2018-ci ilin yanvarı ilə müqayisədə 15,8 faiz azalıb. 2018-ci ilin yanvarında Ermənistanın dövlət borcu 6 milyard 951 milyon dollar idi, 2018-ci ilin dekabrında bu borc 28,1 milyon dollar artıb. İnqilabdan sonra maaşların artırılması gözlənilsə də, hökumət iş yerlərinin ixtisarına başlayıb. Son 1 ildə intiharların sayı 20 faiz artıb.

Bu mənzərə fonunda Nikol Paşinyan hakimiyyətinin üzvləri varlanırlar. Ölkədə monopoliya köhnə rejimdən yeni rejimə keçib və Nikolun vəd etdiyi liberal bazardan əsər-əlamət yoxdur. Baş nazir onunla qürrələnir ki, onun kabinetində heç bir biznesmen təmsil olunmur. Lakin “İrates” saytı yazır ki, Nikol Paşinyanın mətbuat katibi Vladimir Karapetyanın biri İrəvanda, digəri Tbilisidə olmaqla iki restoranı var.

“Tbilisidəki restoran Rustavelli küçəsindədir. Karapetyan 2001-2004-cü illərdə Ermənistanın Gürcüstan səfirliyində məsləhətçi işləyirdi və bu restoranı həmin vaxt açıb. Lakin bunlar yalnız bilinən məlumatlardır”, - sayt yazır.

Ermənistan parlamentinin sədri Ararat Mirzoyanın da biznes şəbəkəsinə malik olduğu haqda məlumatlar var. “Qraparak” qəzeti isə yazır ki, Mirzoyan səfərə getdiyi ABŞ-dan qayıtmaq istəmir: “Mirzoyanın rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 14-də ABŞ-a səfər edib. Səfər müddəti 18 iyulda başa çatsa da, spiker nümayəndə heyətindəki deputatları geri göndərib, özü isə hələ də okeanın o tayında dincəlir”.

İrəvanda isə mer Ayk Marutyan bütün obyektəri şəxsi monopoliyasına götürüb.

Göründüyü kimi, Paşinyanın komandası postları ələ keçirən kimi pul toplayır və istirahətlərinə xüsusi önəm verirlər. Sadə ermənilərsə hər gün daha da çox çətinliklə üzləşir.

Dağılan ordu: Nikol 30 il sonra dünyanın 20 ən güclü ordusundan birini yaratmağı vəd edir, halbuki, bu gün Ermənistan ordusunda nizamsızlıq, intihar halları, qeyri-qanuni münasibətlər və s. kimi dəhşətli hadisələr yaşanır. Erməni şərhçi Sərkis Artsruni yazır ki, orduda itkilər rəqib gülləsindən daha çox qeyri-qanuni münasibətlərin nəticəsində qeydə alınır.

“Baş nazir və digər məmurlar vaxtaşırı orduda korrupsiya risklərinin azalması və yeni münasibətlərin tətbiqi haqqında danışsa da, inqilab bu kədərli statistikanı və qanunauyğunluğu dəyişdirmədi. Keçmiş kriminal-oliqarxiya sistemi ordunu məhv etmişdi. Ordumuz “aprel müharibəsi”nə hər cəhətdən köhnəlmiş şəkildə girdi”, - deyə o yazır.

Erməni şərhçi qeyd edir ki, “daxili düşmən” erməni əsgərlərini qırır: “Korrupsiya, səriştəsiz komandirlər qeyri-qanuni münasibətlər – ordunun ən böyük bəlası hələ də qalmaqdadır”.

Bununla yanaşı, Ermənistan ordusunun hərbi arsenalı olduqca köhnəlib, lakin İrəvanın yeni texnika almaq imkanları da yoxdur. Keçmiş prezident Serj Sarkisyanın erməni hərbi birləşmələrin “aprel müharibəsi”ndə 1980-ci illərdən qalma texnika ilə vuruşduğuna dair sözləri də real mənzərəni göstərir.

Bütün bunların fonunda ötən il verdiyi vədləri yerinə yetirməyən Nikol 2050-ci ildə həyata keçiriləcək işlərdən dəm vurur. Gülməli və ermənilər üçün olduqca kədərli mənzərədir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“ABŞ Ukraynaya kömək üçün 6 milyardlıq müqaviləyə hazırlaşır” – “Politico”
KİV: Müharibədən qayıtmış Rusiya hərbçiləri ümumilikdə 100-dən çox insanı qətlə yetiriblər
ABŞ hərbi kontingentinin bir hissəsini Çaddan çıxaracaq

Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO