‡агрузка...

102 ermənini məhv edən əfsanəvi komandir hansı şəraitdə şəhid olub? - Gizli qalan fakt+VİDEO

 
O, 102 erməni döyüşçüsünü əsgərləri ilə birgə məhv edən komandir kimi yaddaşlara düşüb.   Onun fəaliyyəti, Azərbaycan ordusunun qurulmasında oynadığı rol haqqında demək olar ki, heç bir yerdə məlumat verilmir. Onun necə öldürülməsi və niyə indiyə qədər ona Milli Qəhrəman statusunun verilməməsi hələ də sual olaraq qalır. Söhbət unudulmaz komandir Məhərrəm Seyidovdan gedir.

Oxu24.com  "Axar.az"-a istinadən   komandir Məhərrəm Seyidovun döyüş yoldaşlarından  birini olan  Ağaəli Əmrahovla müsahibəni təqdim edir:

- Məhərrəm Seyidov peşəkar zabit idi. Orduya baş leytenant rütbəsində gəlmişdi. Tabor komandiri - o vaxtkı terminlə desək, batalyon komandiri vəzifəsinə Müdafiə Nazirliyindən təyinat almışdı. O zaman 741 saylı hərbi hissə yaradılmışdı. Göytəpə qəsəbəsində. Mən də o zaman Rabitə Nazirliyində yüksək postda işləyirdim. Belə desək, idarənin rəis müavini idim. Həftənin beşinci günü idi. İrandan qonaqlarımız vardı. Onları yerbəyer edirdik. Evə gəldim, həyat yoldaşım dedi ki, bəs bundan bir qədər öncə əli silahlılar gəlmişdi. Səni əsgərliyə çağırırlar. Səhərisi gün məni Müdafiə Nazirliyinin qərargah rəisinin yanına apardılar. Bizlə bir saat söhbət edəndən sonra bizi polkovnik Yusifov öz şəxsi maşınına qoyub Göytəpəyə apardı. Məni aparıb Məhərrəm Seyidovun taborunda minaatan batareyanın komandiri təyin etdilər. Ehtiyatda olan zabit idim. Beləliklə, döyüş yolumuz başladı.

O, komandirim idi, amma mənim həyat təcrübəm bir az çox olduğuna, uzun müddət rəhbər vəzifədə çalışdığıma görə, çox şeyi məsləhətləşərdi. Artıq bizim münasibətlər tabeçilik səviyyəsindən çıxıb, dostluq çərçivəsinə daxil olmuşdu.

Onu bütün əsgərləri sevirdi

Məhərrəm Seyidov çox yüksək işlər görmüşdü. Onun işlərindən biri ordu quruculuğunda fəal iştirak etməsi idi. Baxmayaraq ki, Məhərrəm Seyidov sonradan "Talış Muğan Respublikası"nı yaratmaq istəyənlər tərəfindən işdən qovuldu. Buradan o, birbaşa Müdafiə Nazirliyinə yollandı. M.Seyidov burada hər şeyi rəhbərliyə danışdı və bir aydan sonra tabor komandiri kimi yox, hərbi hissə komandiri kimi vəzifəyə geri döndü.

O, əsgərlərin lideri, sevimlisi idi. Təsəvvür edin, onu o qədər çox istəyirdilər ki, bir əmri bəs idi, hamı birbaşa döyüşə girsin və ermənilərlə əlbəayaxa olsunlar.

Bu qədər güclü, ideyalı, fanat bir polk qurmuşdu Məhərrəm Seyidov.

Ələkram Hümbətov tərəfdarları onunla konfliktdə idilər

Məhərrəm Seyidov hərbi hissə komandiri olduqdan sonra biz Müdafiə Nazirliyinin əmri ilə döyüş bölgəsinə yollandıq. Beyləqan-Ağcabədi-Ağdam istiqamətində cəbhənin bütün yerlərinə nəzarəti əlimizə götürdük. Biz onun rəhbərliyi ilə tezliklə bütün istiqamətlərdə xeyli irəlləyişə nail olduq. Demək olar ki, ermənilərin axırıncı istinad nöqtəsinə qədər irəlilədik və postlarımızı orada qurduq. Bir ilə yaxın xidmət keçdik, bundan sonra Məhərrəm Seyidovu yenidən işdən çıxartdılar.

Hərbi hissənin içərisində çox güclü "Talış Muğan Respublikası" tərəfdarları var idi. Daxildə güclü qarşıdurma yaradırdılar. Ələkram Hümbətov tərəfdarları ilə dövlət tərəfdarları arasında ciddi iğtişaşlar yaranırdı. Onlar yenidən Məhərrəm Seyidova üstün gəldilər. Onunla bağlı birbaşa nazirliyə yalançı, təxribat xarakterli materiallar göndərirdilər. Məhərrəm Seyidovu yenidən vurdular.

Amma Müdafiə Nazirliyi də Məhərrəm Seyidovun necə komandir olduğunu bilirdi. Ona görə də təzədən onu Müdafiə Nazirliyinə çağırdılar və Tərtər batalyonuna komandir göndərdilər. Bununla da onunla ünsiyyətimiz bitdi. Daha sonra onunla ayda bir dəfə imkan düşdükcə görüşürdük.

Onu ermənilərin öldürməsinə inanmıram

Tərtərdən sonrakı məqamlar mənim üçün bağlı səhifədir. Mən onun ermənilər tərəfindən öldürülməsinə inanmıram. Niyə?

Baxın, taborun qərargahı döyüş xəttindən ən azı bir kilometr arxada olur. Qərargahda taborun bütün rəisləri olur. Bura erməninin tankla gəlib, onları burada güllələməsi faktına heç cürə inanmıram. Batalyonun döyüş mövqeyindən erməni tankı keçə bilməzdi. Erməni tankı buradan keçsəydi, həmin dəqiqə hər kəsin xəbəri olardı. Çünki taborun qərargahına qədər çoxlu dayaq məntəqəsi var. Bir də ki, Məhərrəm Seyidov erməni tankını taborun qərargahının yaxınlığına qədər buraxacaq zəif zabit deyildi.

Qərargahda zabitlərin hamısını öldürmüşdülər

O zaman "Space" telekanalında Məhərrəmlə bağlı verliş hazırlayanda general Elbrus Orucovla söhbətimiz oldu. Mən onunla bu məsələni araşdırmağa çalışdım və bütün suallarıma cavab axtardım. Fikirləşirdim ki, o generaldır və məndən daha təcrübəlidir. O özü də bu məsələyə mənim kimi şübhəli baxırdı. Qaranlıq məqamların olduğunu deyirdi. Orada zabitlərin hamısı öldürülmüşdü. Məhərrəm Seyidov isə 4 güllə yarası almışdı. O, qanaxmadan ölüb. Əgər ermənilər onu öldürsəydilər, cəsədini də aparardılar. Ermənilər onu yaxşı tanıyırdılar, bilirdilər ki, Məhərrəm Seyidovun adı erməni əsgərləri içərisində böyük xof yaradır. Əgər onu ermənilər öldürsəydilər, cəsədini aparıb, təbliğat üçün istifadə edərdilər.

Mənə elə gəlir ki, Məhərrəmin konfliktdə olduğu insanlar aradan götürdülər. Yenə də bunlar şübhədir və müzakirə mövzusudur.

O, Milli Qəhrəman adı almalıydı, amma...

Məhərrəm Seyidov Milli Qəhrəman statusunu ölməmişdən qabaq almalıydı. Məhərrəmi istəməyən insanlar mane oldular. Ona görə də Məhərrəm Seyidovun fəaliyyəti kölgə altında qaldı, onun adı təbliğ edilmədi.

"Axar.az"da yayımlanan video ortaya çıxana qədər onlar buna nail ola bildilər. Ancaq indi o video ortadadır, əsgərləri yəqin ki, bir-bir bu məsələni eşidib, üzə çıxacaqlar.

Sizə bir söz deyim, Ulu öndərimiz ölümündən sonra onun büstünün qoyulması haqda göstəriş vermiş, "Azərbaycan" ordeninin verilməsi və mayor rütbəsi ilə təltif etmişdi. İnanıram ki, Cənab Ali Baş Komandanımız Məhərrəm Seyidovun layiq olduğu Milli Qəhrəman adını da ona verəcək.

Əsgər onun övladı idi

Məhərrəm Seyidov çox çılğın idi. O, enerjisini sərf etməyə yer axtarırdı. Bir gün biz Müdafiə Nazirliyinə gəldik. Çıxanda artıq gec idi. Komandiri evimizə apardım. Səhərisi gün oğlum birinci sinfə getməli idi. Dedim, komandir, icazə ver, uşağı ilk dəfə məktəbə mən aparım. Biz onunla getdik məktəbə. O, məktəbdə elə çıxış elədi ki, hamı coşmuşdu. Sonra mənə dönüb dedi ki, bu uşağı hərbçi edəcəyinə söz ver. Mən sözümü tutdum.

İndi oğlum zabitdir...

Evinə kartof göndərmədi

Məhərrəm əsgərlərini övladlarından ayırmırdı. Bir dəfə həyat yoldaşı mənə dedi ki, bəs, evdə artıq üç gündür kartof yoxdur. Dedi ki, qoy, heç olmasa özünün ərzaq payını evə göndərsin, heç olmasa, uşaqlara bir şey hazırlayım. Komandirə dedim... (gözləri dolur)

Dedim, komandir, sənin evində yeməyə çörək yoxdur, öz ərzaq payını göndər ki, bəs uşaqlar ac qalmasın. Mənə dedi ki, mənim əsgərim burada nə yeyirsə, uşaqlarım da ondan yeyə bilər. Əsgərimin kartofu yoxdur, zəhmət çəksin, yoldaşım uşaqlarıma şorba bişirsin.

O vaxt orduya siçovul kimi daraşmışdılar. Rusdan qalma briqada idi. Onların əksəriyyəti gizirlər idi. Məhərrəm də onlarla çox ciddi konfliktlərə girirdi. O, qaravul dəstəsi yaratmışdı və məni də ora təhkim etmişdi. O, ərzaq anbarlarından bu gizirlərin oğurluqlarının qarşısını almağa çalışırdı. Bu da çoxlarının xoşuna gəlmirdi. Bu baxımdan ona çox problem yaradırdılar. O isə heç bir kəsin haqqını yemirdi...
loading...




Paylaş:


15-fev, 2019 2 144
loading...
Загрузка...
loading...