Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
794
az

Lələtəpədə “tank canavarı”: “Düşmən açıq döyüşdə 12 ədəd tank itirdi”

17:3518 Aprel, 2018
3088
  • A
Hələ də mövzumuz şanlı aprel döyüşləridir. O döyüşlər ki, dünya ictimaiyyəti Azərbaycan Respublikasının iradəsinin, onun ordusunun gücünün və xalqının döyüş əzminin şahidi oldu. Növbəti müsahibimiz isə aprel döyüşləri zamanı cəbhənin Füzuli-Cəbrayıl istiqamətində düşmənin 6 tankını məhv edən döyüşçümüzdür – Gizir Tahir Misirxanov.

Misirxanov Tahir İman oğlu 1988-ci ildə Hacıqabul rayonunda anadan olub. O, orta təhsilini Hacıqabul rayon 2 nömrəli tam orta məktəbində başa vurub. Həqiqi hərbi xidmət keçdikdən sonra necə deyərlər ömrünü hərb işinə bağlayıb. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin giziri kimi ön cəbhədə xidmət edir. O, aprel döyüşləri zamanı Lələtəpə istiqamətində gedən döyüşlərdə göstərdiyi şəxsi şücaətinə görə Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Ailəlidir. İki övladı var.


Ordu.az düşmənin altı tankını heyət və digər texniki təchizatı ilə birlikdə məhv edən gizir Tahir Misirxanovla müsahibəni təqdim edir:

Yoldaş gizir, Lələtəpə uğrunda gedən döyüşlər necə xatirənizdə qalıb? Həmin gecə nələr baş verdi?

Öncədən vurğulayım ki, həmin gecə qürur gecəmiz idi. Təbii ki, bölmələrimiz düşmən təxribatının qarşısını aldıqdan sonra əks-hücum tapşırığı aldı. Həmin vaxt biz də həyəcan siqnalı ilə qaldırılıb ön cəbhəyə yollandıq. Bölmələrimiz Lələtəpə istiqamətində irəliləyərkən, biz də komandanlığın verdiyi tapşırığa uyğun olaraq digər istiqamətdə mövqeləndik. Bizim həmin yerdə mövqelənməyizdə məqsəd düşmənin Hadrut istiqamətindən gələn qüvvələrinin qarşısını almaq idi. Əlbəttə ki, biz verilən döyüş tapşırığına uyğun olaraq həmin ərazini öz nəzarətimiz altında saxlayıb müşahidələr aparmağa başladıq. Düşmən nələrin baş verdiyini anlamırdı. Yəni bəlkə də gözləmirdi ki, biz bu dəfə bunlara daha ciddi dərs verəcəyik.


Düşmənin layiqli dərs aldığını düşünürsüzmü?

Bəli, belə hesab edirəm. Düşmən layiqli dərs aldı. Öncə onu qeyd edim ki, aprel döyüşləri Azərbaycan Ordusunun keçirdiyi kiçik bir əks-hücum əməliyyatı idi. O əməliyyat ki, düşmənin günü-gündən çoxalan təxribatının qarşısının alınması üçün hesablanmışdı. Və düşünün ki, düşmən bizim əks-hücum əməliyyatımız nəticəsində nələr itirdi...

Nələr itirdi?

Mən gizirəm... Əməliyyat zamanı sadəcə öz mövqeyimə cavabdeh idim. Düşünün ki, təkcə mənim və digər silahdaşlarımın dayandığı mövqelərdən düşmən 6 tankını itirdi. Bu da ən azı 12 milyon manat, 18 nəfər ixtisaslaşmış mütəxəssis demək idi. Hələ mən onların komandanlığının məyusluğunu demirəm... (Gülür...)

Yoldaş gizir, ilk atışınız necə oldu? Yəni məlumata görə, həmin günə qədər siz “Spayk”dan atəş açmamışdınız. İlk atış həyəcanlı idimi?

Bəli, həyəcanlı idim. Doğru vurğulayırsınız bu mənim tankəleyhinə kompleksdən ilk atışım idi. Ona görə də çalışırdım ki, birmənalı şəkildə səhv etməyim. Amma o ki, qaldı düşmənlə döyüşə qəti şəkildə həyəcan yox idi. Çünki illərdir ki, biz həmin günü gözləyirdik. O fürsət əlimizə düşmüşkən canla başla çalışırdıq ki, düşmənə daha çox itki verək.

Real atışın fərqi nədədir?

Xeyli fərqi var. Real atışda raket qurğudan çıxdıqdan sonra qısa müddət görüntü kəsilir. İlk atışda məni həyəcanlandıran elə həmin proses oldu. Lakin sonradan raketin növbəti mühərriki işə düşəndən sonra görüntü bərpa olunur. Ən çətini ilk atış idi. Çox şükür ki, heç bir səhv etmədən ilk raketlə ilk tankı parçaladım.


Lələpə istiqamətində düşmənin ilk tankının vurulması hansı tarixə təsadüf etdi?

2 aprel səhərinə. Saat təxminən 9-10 radələrinə... Strateji yüksəklikləri itirən düşmən arxadan əlavə qüvvələr cəmləyərək əks-hücuma cəhd göstərdi. Həmin zaman bizim nəzarət etdiyimiz istiqamətdə ermənilər bir tank “batalyonu” ilə bölük-bölük hücuma keçmişdi. Biz onların bir bölüyünü məhv etdikdən sonra digər bölük döyüşə girmədən sürətlə geri çəkildilər.

Mən və heyət nəfərinin hər biri elə döyüş əhval-ruhiyyəsindəydik ki, onlar on dəfə hücuma keçsəydilər onunun da qarşısını alacaqdıq.

Əgər həmin hücumun qarşısı alınmasaydı nələr baş verə bilərdi?

Deməzdim ki, ciddi nə isə əldə edəcəkdilər. Hesab edirəm ki, itkilərimizin sayı çox olacaqdı vəssalam. Çünki onların komandanlığı necə deyərlər başlarını itirmişdi. Doğru-düzgün qərar qəbul edə bilmirdilər. Demək olar ki, düşmənin həmin istiqamətdəki qüvvələri döyüş qabiliyyətini itirmişdi. Hara, niyə, nə üçün getdiklərini anlamırdılar. Səhərə yaxın verdikləri itkilərin şokundan çıxa bilmirdilər. Bir də cəbhənin bu yanına baxsaq peşəkar və soyuqqanlı eyni zamanda əsgərini öz balası qədər sevən komandanlar görmək olardı.

Düşmən tanklarının partladığını gözünüzlə görürdünüz. Həmin vaxt nə kimi hisslər keçirirdiniz?

Həmin hissləri sözlə ifadə etmək mümkün deyil. Onu yalnız yaşamaq lazımdır. O çox gözəl hissdir... (Xəyala dalır və üzündə təbəssüm yaranır)


Eyni mövqelərdən dəfələrlə raket atəşi açırdınız. Qorxmurdunuzmu yerinizi müəyyən edib sizi vurarlar?

Mən bir daha vurğulayıram ki, komandanlığın düşmən təxribatına qarşı hazırladığı əks-hücum əməliyyatı yüksək peşəkarlıqla hazırlamışdı. Mən Lələtəpənin sağ tərəfində idim. Həmin istiqamətdə bizim raketləri tutacaq düşmənin heç bir texniki vasitəsi yox idi. Ona görə də tam arxayınlıqla eyni mövqedən atəş açırdım. Təbii ki, əgər bir əksiklik olsaydı digər planlarımız da var idi. Lakin onlara ehtiyac olmadı.

Ən sıx atışınız necə oldu? Yəni ard-arda neçə raketi, neçə dəqiqəyə atdınız?

Orta hesabla üç raketi iki dəqiqəyə atdım. Bir sözlə iki dəqiqəyə üç düşmən tankını məhv elədim.

Bəs sonra?..

Növbəti atışım bir gün sonra oldu. Həmin gün bir tank vurdum. Daha sonra isə iki tankı vurdum...

Həmin döyüşü necə xatırlayırsınız?

Düşmən bizim döyüş helikopterimizi vurmuşdu. Həmin zaman əraziyə PUA qaldırmışdıq. Məlum oldu ki, təpənin arxasında düşmənin bir tankı maskalanıb. Həmin tankı görmək mümkün deyildi. Mənə tapşırıq gəldi ki, o tankı məhv edim. Onu da qeyd edim ki, bu mənim ilk real atışım idi ki, texnoloji imkanlardan istifadə edərək görmədiyim hədəfi məhv edim. Həmin zaman yolun üstündə məhv etdiyim tank var idi. İlk hədəf kimi həmin tankı seçərək raketi alışdırdım. Raket havaya qalxdıqdan sonra hədəf köçürmə edərək maskalanan tankı məhv etdim.


Sonuncu atışınız nə zaman oldu?

Sonuncu atışımız ayın dördü günü oldu. Onlar yenə hücuma keçmişdilər. Həmin günü düşmənin 3 tankını bir başqa yoldaşımız fərqli istiqamətdə vurdu. Birini isə bizim bölük komandirimiz vurdu. Həmin döyüşlərdə iki tankı da mən məhv etdim.

Ümumilikdə Lələtəpə istiqamətində düşmən neçə tank itirdi?

Lələtəpə istiqamətində gedən döyüşlərdə düşmənin 10 tankı vuruldu. Qeyd etdiyimiz kimi, onun altısını mən dördünü isə digər əsgər yoldaşlarım vurdular. Lakin düşmən təkcə açıq döyüşdə 12 ədəd tank itirdi. Bundan başqa cəbhənin dərinliyindən döyüş gedən əraziyə hərəkət edən xeyli sayda döyüş texnikaları da ordumuzun sərrast artilleriya atəşi nəticəsində məhv edildi ki, həmin itkiləri düşmən gizlədir.

Eyni zamanda öz mövqeyinlə yanaşı səndən sol tərəfdə gedən döyüş əməliyyatını izləyə bilirdinmi?

Bəli böyük fərəh hissi ilə izləyirdim. Əsgərimizin irəli atdığı hər addım mənə fərəh hissi yaşadırdı. Həmin gün biz bütün dünyaya sübut etdik ki, Azərbaycan Ordusu sözdə yox, elə əməldə də regionun ən güclü ordusudur.


Göstərdiyiniz qəhrəmanlığa görə komandanlıq tərəfindən layiqincə qiymətləndirildiyinizi hesab edirsinizmi?

Açığını deyim ki, ən gözəl qiymətləndirilmək elə bizə döyüş əmrinin verilməsi idi. Biz çıxıb döyüş meydanında öz gücümüzü göstərək. Əlbəttə hər şeydən çox razıyam mən “Azərbaycan Bayrağı” ordeni ilə təltif edildim. Lakin heç bir orden və təltif gözləntim yox idi. Ermənilərin qaçan komandirlərindən fərqli olaraq, bizim birlik komadirinin hərbi qulluqçularla çiyin-çiyinə rütbəsindən asılı olmayaraq əsgər kimi səngərdə vuruşması dünyanın ən ali ordeni, medalı idi.

Son olaraq səngərdən gənclərimizə sözünüz varmı?

Şükür Allaha ki, artıq Azərbaycan cəmiyyətində günü-gündən Vətəni daha çox sevən gənclər yetişir. Mən həmin gənclərə deyirəm ki, məşğul olduğunuz sahəni daha dərindən öyrənin. Daha kamil olmaq lazımdır ki, sabah savaşda düşmənə daha da ağır itkilər verə bilək.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qarabağda sülhməramlılara ehtiyac yoxdur - Rusiya Dövlət Dumasının deputatı
Xankəndi belə dəyişdi - Yeni görüntülər - VİDEO
Konqo Prezidenti Qaradağ Günəş Elektrik Stansiyasında OLDU

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO