Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
454
az

Xocalı soyqırımını törətmiş ermənini məhv edən döyüşçü - Aprel döyüşlərinin gizli tərəfi

12:1610 Aprel, 2018
16871
  • A

 

  Oxu24.com modern.az-a istinadən aprel döyüşlərində şəhid olmuş qəhrəmanlarından daha birinin həyat yolunu təqdim edir.

Daha tez məlumatlanmaq üçün 

https://www.facebook.com/oxu24com/" target="_blank">...



Vətəni qibləgah edən şəhidlər


Həmin il qış həmişəkindən sərt gəlmişdi. Müharibənin ağır havası, gətirdiyi dərd-bəla isanları əlacsız qoymuşdu. Bir tərəfdən də cəbhədən gələn acı xəbərlər, rayonlarımızın ard-arda ermənilər tərəfindən işğal olunması, insanların həyata, dövlətə, hökümətə olan inamını qırmışdı. Elə həmin ağır günlərin birində səhər açılar-açılmaz kəndə xəbər yayıldı ki, ermənilər gecə Xocalını işğal edərək, orada qalan yaşlı, qoca, cavan – hamını güllədən keçirib, evləri yandırıb, şəhəri talan ediblər. Gecə qaçıb canını qurtaranlar qarlı dağlara, meşələrə üz tutublar... 

Bir neçə gündən sonra da bəlli oldu ki, dağlarda, dərələrdə o şaxtalı-çovğunlu qış gecəsində 613 insan şəhid olub, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi məlum deyil.

Xocalıda bir nəfər də yerli sakin qalmayıb, qadınlara, qızlara, gəlinlərə isə ərlərinin, atalarının, qardaşlarının gözü qarşısında təcavüz edib, göz dağı çəkdiriblər.

Bu xəbər hamını için-için yandırırdı, insanlarımızın əli heç yerə çatmırdı. Təzə qurmağa başladığımız müstəqil dövlətimizin nə silahı var idi, nə ordusu, nə də gücü. Könüllülər batalyonları bacardıqları qədər qeyrət göstərib vuruşurdular... 


Düşmənin zəbt etdiyi torpaqlar, viran etdiyi rayonlar, kəndlər-obalar haqqında məlumatları isə vətənpərvər müəllimlərimiz məktəblərdə şagirlərinə çatdırırdılar. Astara rayonunun Əzərud kənd məktəbinin tarix müəllimi Şirməmməd Teymurov da şagirdlərinin vətənpərvərlik ruhunu yüksəltmək üçün əlindən gələni əsirgəmirdi. 

1992-ci il idi. Onun dərs dediyi şagirlərdən biri də qardaşı oğlu Pəncəli Teymurov idi. 5-ci sinifdə oxuyan Pəncəli belə təlatümlü günlərin birində öz tay-tuşlarını başına yığıb, onları qarşıdakı meşəliyə apardı və uşaqlara dedi ki, buradan yol tapsalar, Xocalıdan qaçanları kəndə gətirəcəklər. 

Bir xeyli gedəndən sonra, məktəblilər anladılar ki, bu qarlı qış günündə Qarabağa tərəf getmək çətin olacaq və kor-peşiman kəndə qayıtdılar. Yolda Pəncəli bir ağacın yanında dayanıb gövdəsiinə bir tank, bir qartal və bir dənə də ilan şəkli cızdı. Yanındakı uşaqlara and içdi ki, böyüyəndə gedib ermənilərdən qisas alacaq, tankı ilə onların başını bu ilan başı kimi əzəcək, sonra isə qartal kimi o dağların başında ucaçaq. Uşaqlardan biri ondan: “Sənin qanadın var ki, uçasan?”- deyə soruşanda, Pəncəli: “Adə heyyyy, görərsən, mən böyüyəndə təyyarələrdə, paraşütlərdə uçacağam...”- söylədi.

 

Pəncəli də ki, elə Pəncəliydi ki, xasiyyətində liderlik qabiliyyəti var idi. Həm dərslərini yaxşı oxuyardı, həm də ağır-yüngül işlərin hamısında babalarına, ana-atasına yardım edərdi. Gah qoyun otarmağa gedər, gah ot yığımında iştirak edər, mal-qaranın damını təmizləyərdi... Bir sözlə, evdəki bütün bacı-qardaşları kimi, o da heç bir işdən çəkinməzdi. Daha çox ana babası Xeybər kişinin yanında qalardı. Xeybərin də bir mahal dolusu ad-sanı var idi. Həm də dünyanın lap qurtaracağında, uca dağ başında yerləşən Əzərud kəndinə də, ətrafdakı digər kəndlərə də işığı o çəkərdi. Bir sözlə, ərazinin ilk montyorlarından idi. Bu kəndə işıq gəldikdən sonra, radio işləmişdi, sonra yavaş-yavaş evlərdə televizor peyda olmuşdu. Əslində bu kəndin özü elə bir televizordan çox gözəllik göstərirdi. İnsanların neşə min əsrdən bəri yurd saldığı bu dağlar başdan-ayağa gözəlliklə dolu idi. İnsanları da mərdliyi, cəsarəti uca dağlardan almışdılar. Kişilərinin xasiyyəti bu yerlərin qışı kimi sərt, qadınlarının qəlbi bu yerlərin yazı kimi əsrarəngiz idi. Hələ 5 yaşında olarkən, 1986-cı ildə Pəncəli babasının yanına düşüb kəndbəkənd gəzər, onun evlərə işıq çəkməsini müşahidə edər, hündür dirəklərdə quraşdırılan tarnsformatorlara həsədlə baxardı. Bir dəfə isə babasının gözünü oğurlayıb, hər kəsin dırmaşa bilmədiyi uca dirəyə dırmaşıb, əlindəki naqili transformatora uzatmışdı... Ayılanda özünü kənd adamlarının əhatəsində görmüşdü. Bu hadisəni özü yaxşı xatırlamasa da, əmisi Şirməmməd müəllim indiyə kimi xatırlayır:


“Elə o zaman Allah onu bizə bağışladı. Transfarmatorun cərəyanı vurub onu yarğana atmışdı. Yer torpaq olduğundan, fəsad tez ötüşmüşdü. Bir gün də mənim rayonda icra nümayəndəsi işlədiyim vaxtlar idi. Pəncəli də 5-ci sinifdə oxuyurdu. Xəbər gəldi ki, Pəncəlini it parçalayıb. Xəstəxanaya gəldik. Məlum oldu ki, kənddə ən quduz it buna hücum edib, bu da itin boğazından yapışıb, itlə əlbəyaxa olub və iti boğmağa başlayıb. İt də bunu çeynəyib. Onda Pəncəlinin başına 17 tikiş qoydular. İt kürəyini də yaralamışdı... Belə uşaq idi, heç kimdən, heç kəsdən qorxmazdı”. 



...Astaraya, Əzərud kəndinə getmək üçün yola çıxanda sürücülər bizə deyirdilər ki, Əzəruda gedən yol bağlıdır, yeni yol çəkildiyindən kəndə getmək olmayacaq, gəlin bu yoldan qayıdın. Mənimlə yola çıxan bələdçiyə dedim ki, oğul, bilirsən nə var, mən o şəhidlərimizin adını tutub hara getdimsə, yollar açıq oldu. Qabağıma çıxan mərdümazar da çəkilib getdi. O oğulların ruhu məni qorudu, sınadı, apardı. İndi də o ruhlar bizi aparacaq. Çünki, bu dəqiqə Pəncəlinin özü bilir ki, mən onun ocağına gedirəm. Yunus Əmrənin bir bəndini xatırladım:


Ərzurumun gədiyinə varanda
Onda gördüm büləm-büləm qar gəlir. 
Lələ dedi: - Gəl bu yoldan qayıdaq ,
Kərəm dedi: - Namusuma ar gəlir. 



 
 
 
Dağların gədiyinə qədər gəlib, aşağıda Pəncəlinin qardaşını gözlədik. Famil müəllim “Niva” avtomobili ilə yetişib, bizi dağ üzü yuxarı apardı. Dedi ki, kəndin yolunu 1 saat bundan əvvəl açıblar.

Mən dağ görəndə ürəyim dağa dönür. Dağ aşırımlarını aşdıqca, təbiət özünün füsünkar mənzərələri ilə könlümü valeh edirdi. Qayalıqlarda bitən cürbəcür ağaclar və kollar, qayaların döşündən axan büllur bulaqlar, dərələrdə çaya dönüb aram-aram axan sular... Bu gözəllikləri görən insanlar, bu möcüzələrin içərisində böyüyən adamlar heç vaxt bədxasiyyətli ola bilməzdilər. 

İnsanlar çox vaxt yaşadıqları təbiətə oxşayırlar. Bu birmənalıdır. İnsan təbiətlə harmoniyada yaşayanda, dünyanın maddi nemətlərinə deyil, təbiətin yaratdığı gözəlliklərə könül verdiyindən, gözü-könlü tox olur, təbiəti sevən Tanrısını sevir, Tanrısını sevənin Vətəninə, elinə, torpağına məhəbbəti bitib-tükənmir. Sevginin ən böyüyü isə Torpağa və tanrıya olmalıdır. Çünki əməli saleh insan kimi yaşayanda tənini torpağa əmanət edib, ruhunu Tanrıya təslim edirsən.


Kəndin yolunun üstündə səliqə ilə hasara alınmış lövhədə Azərbaycan torpaqlarının müstəqilliyi uğrunda şəhid olmuş üç əzərudlu gəncinn portreti vurulmuşdu. Portretin üstündə isə üçrəngli Azərbaycan bayrağı dalğalanırdı. Onu yüksəklərdə görəndə ürəyim nanə yarpağı kimi əsdi, titrədi hər zaman. Bayrağı ucalarda görmək ən gözəl hissdir. Famil müəllim dedi ki, bu abidəni qardaşı şəhid olandan sonra, kəndin şəhidlərinin də adına hörmət və ehtiram əlaməti olaraq öz zəhməti ilə düzəltdirib.


“Elə çalışırıq ki, nəsə bir iş görək, qardaşımızın ruhu şad olsun. Pəncəli məndən böyük qardaş idi. Evin kiçik oğlu mən olmuşam. Atam çox təmkinli, sakit bir kişidir. Kənd məkrəbində gözətçi işləyirdi. 7 uşaq böyüdüb. Bizim yaxşı günlərimiz Pəncəlinin əli çörəyə çatandan sonra başaldı. Pəncəli Silahlı Qüvvələrin Xüsusi Təyinatlı Qüvvələrində çalışdığı gündən bütün ailəmizin maddi çətinliklərini yola verməyə başladı. Ailəmizin bütün üzvlərinin toy şənliklərində yardımçı oldu. Birimizə ev tikdi, birimizin toyunu etdi... Məni o oxutdu. Bu gün öz kəndimizdə millətimizin balalarına ingilis dilini öyrədirəm. Özü ali təhsil ala bilmədi, ancaq məni oxutmağa gücü çatdı. O elə uşaqlıqdan cəld idi, qoçaq idi. Biz uşaq olanda kənddə bir nəfərin evində video-maqnitafon var idi. Tez-tez qonşuların evinə gedir, Brus Linin filmlərinə baxırdı. Onun üçün Brus Linin hər bir hərəkəti maraqlı idi. Kinodan öyrəndiyi fəndləri, sonra yaşıdları ilə, özündən böyüklərlə təşkil etdiyi idman yarışlarında tətbiq edirdi. Brus Linin bütün fəndlərini əzbər öyrənmişdi. Pişik kimi cəld idi. Onun üçün bu dağlarda-dərələrdə keçilməz sədd yox idi.

 

 


Famil Teymurovdan bu dolanbac dağ yollarını yay-qış, payız fəsillərində necə gedib-gəldiklərini soruşdum. Cavabı belə oldu:


“Kəndimizin hazırda 2000-ə yaxın əhalisi var. Məktəbimizdə 160-dan artıq şagirdə 22 müəllim dərs deyir. İnsanın düşdüyü mühit, doğulduğu yer yaşam tərzini formalaşdırır. Bizim kəndin insanları da bu yerləri, bu yolları heç çətin sanmadılar. Kəndimizdən dağın ətəyinə piyada adi günlərdə bir saata düşmək olur, 1 saat yarıma isə çıxmaq olur. Lap qədimlərdə at-eşşəklə çıxıblar bu yolları. Şükür Allaha ki, evin odununu - istisini, ruzisini elə bu ətrafımızda olan dağlar verib. Uzağa getməmişik. Sonra da “TT 75” traktoru ilə gedib-gəliblər. Elə vaxt olub ki, qarlı-yağışlı havalarda traktor da batıb qalırdı. Ancaq insanlarmız bu yerlərin təbiətinə o qədər bələddirlər ki, heç vaxt yolda qalmayıblar. Hər vaxt mənzillərinə salamat gəlib yetişiblər.

Qardaşım Pəncəli 10-cu sinfi bitirəndən sonra, ilk dəfə hərbi komissarlığa qeydiyyata düşmək üçün bu yolu sevincindən ayaqla getmişdi. Pəncəli 4 il ana babamın yanında qaldı. Babam Xeybər kişi ona tapşırmışdı ki, “döyülsən, evə gəlmə”. O gündən də bu uşaq babasına güvənib hər kəsə öz gücünü göstərməyə başlamışdı. Çətinliklərə dözməyi, kişilik məktəbini bu dağlardan, təbiətdən öyrəndiyi qədər, həm də mərdliyi-kişiliyi babamdan öyrənmişdi. Onun sevgisi Vətənin ucuz-bucaqsız çölləri-dağları və dərə-təpə idi. Şəhidliyindən sonra, yoldaşları danışırdı ki, hərbi hissədə xüsusi tapşırıqlar olanda, onu göndərməyəndə, uşaq kimi küsüb inciyər, hirslənərmiş. Nə tapşırıq olurdusa, hamıdan əvvəl “Mən” deyib qabağa çıxarmış....

Təsəvvür edin ki, 35 yaşında onun hərbi xidmətdə qulluq səlahiyyətləri başa çatacaqdı. Bizimlə oturub söhbət edəndə deyirdi ki, “görəsən, mən qulluq vaxtım bitəndə neyləyəcəm. Mən Ordusuz yaşaya bilmərəm”. Onun yas məclisinədə iştirak edən Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-mayor Hikmət Mirzəyev deyirdi ki, Pəncəli Ordunun bel sütunu idi. Onun şüaətlərindən danışdı. Sonradan bildik ki, qardaşım əks-kəşfiyyat əməliyyatlarında necə uğurla iştirak edib, düşmənə qəti və sarsıdıcı zərbələr endirməklə o işğal olunmuş Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməyin vacibliyini onlara anladıb. Onun iştirak etdiyi əməliyyatlar haqqında dosye yəqin ki, nə vaxtsa açılacaq. Tarix kitablarında, sənədli filmlərdə xatırlanacaq. Dostları isə onun həmin aprel döyüşlərində Goranboydan üzü Talış yüksəkliyinə qədər , Ağdərədə necə ürəklə, həvəslə, qəhrəmanlıqla vuruşduğunu dedilər. Deyirlər ki, həmin gecələrdə Pəncəlinin döyüş ruhu bir ordunun gücünə bərabər idi. Qarşısına çıxan düşmənləri məhv etdikcə, qanı coşub-daşırdı”. 


Famil müəllim dövrümüzün qəhrəmanı Pəncəli haqqında danışanda, Əmir Teymurun düşmənlə döyüşdən sonra Ordu qarşısında etdiyi bir çıxışını xatırladım. 

“Tüzüklar” kitabında yazılıb: “Düşmənin başını bir zərbə ilə qılıncla bədənindən üzdüm, onun yerdə qalmış cansız bədənindən qan yaşıl otlar üzərinə axdıqca, mən sanki yenidən güc alırdım. Düşmənin qanı axıtmaq, ona dərs vermək əsl qəhrəmanlıqdır”. 


Əzərud kəndinin adı Peştəşər dağ silsiləsininin ətəyində axan çayın adı ilə bağlıdır. Su aydınlıqdır. Bu kəndin insanları da min illər keçsə də, burada ocaqları sönməyə qoymayıblar. Hər zaman ocaq yandırıb, ev tikiblər.

Nurməhəmməd kişi də Vahimə bibini valideynlərinin məsləhəti ilə seçmişdi. Bu yerlərin və xalqımızın oturuşmuş milli adət-ənənələrinə görə, oğul evlənmək yaşına çatanda bu işin xeyir-duasını böyüklər verər, “Məsləhətli don gen olar” deyərdilər. 

Təməli 1976-cı ildə qoyulan Teymurovlar ailəsi də elə bu dağlarda bitən dəmirağacı kimi möhkəm oldu. Tanrı da 9 baş külfətin ruzisini pis-yaxşı verirdi.

    

“Mən orta məktəbdə oxuyanda Pəncəli adında bir sinif yoldaşım var idi, dost idik, çox cəsur oğlan idi” - Pəncəlinin atası, Nurməhəmməd kişi deyir: 

“Məktəbi bitirəndən sonra o hərbçi peşəsini seçdi. 1981-ci il martın 24-də Pəncəli doğulanda onun adını dostumun şərəfinə qoydum. Pəncəli də dostum kimi mərd bir oğul oldu. Hər zaman üzümü ağ etdi. Əsəgərliyə gedəndən 10 ay sonra məktub yazdı ki, “ata, izn ver, mən Təlim Tədris Məktəbinə gedib, hərbçi olum”. Çarəm nə idi, onun arzusuna qarşı çıxa bilməzdim. Kənddə qalıb neyləyəcəkdi ki... 
O gündən sonra hər zaman Pəncəli haqqında xidmət etdiyi hərbi hissələrdən minnətdarlıq və təşəkkür məktubları aldım. 17 il Vətənin keşiyini çəkdi. 17 il xalqına, Vətəninə, Millətinə, torpağına xidmət etdi. Lakin biz bir dəfə də olsun, nə işlə məşğul olduğunu bilmədik. Sonradan məlum oldu ki, bu ermənidən elə qisasını alıbmış. Onun etdiyi igidlikləri çox olub. Lakin bu gün də təssəvvür edə bilirəm ki, rəhmətə gedib. Elə bilirəm ki, sağdır. Onun haqqında deyiləsi sözlər çoxdur. Gözüm onun getdiyi yoldadr. Elə bilirəm ki, qayıdıb gələcək. Gəldiyi-getdiyi yollar şəkil kimi qalıb yaddaşımda. Haradan baxıramsa, onu görürəm. Barı özündən sonra bir yadigarı qalsaydı...”.


Bu uca dağlar döşündəki sıldırım yolun üstündəki həyətdə qocaman çinarın ətrafında yığışan qohum-əqrabalar Pəncəli haqqında xatirələri vərəqlədikcə, Vahimə bibi alışıb-yanır, göyüm-göyüm göynəyirdi. İstədim soruşam ki, “bibi, Pəncəlinin həlak olması xəbərini eşidəndə nə hisslər keçirdin?”.

Fikirləşdiyim sualdan utandım. Adam da şəhid olan anaya belə sual verərmi? Araya çökmüş müvəqqəti sükutu Vahimə bibi özü pozdu:

 

“Pəncəli beşikdə olanda gəlib bu dağın ortasındakı həyətdə yurd saldıq, ocaq qaladıq. O zaman üç övladım var idi. Çox ağır günlərlə onları böyütdük. Zülmlər çəkdik. Kişi fəhlə işlədi, özüm də sovxozda fəhləlik etdim. Səhər 8-də çıxırdaq, axşam saat 8-də gələrdik. Böyük qızımın 8 yaşı olardı. Sonra o biri uşaqlar da gəldi dunyaya. Böyüdükcə, hərəsi bir işin qulpundan yapışdı. Kimi təndir qalayır, kimi bulaqdan su gətirir, kimi çayda paltar yuyur, kimi də toyuq-cücəni, mal-qaranı rahlayırdı. 

Cəsurluqda və zirəklikdə isə Pəncəli o biri uşaqlardan çox seçilirdi. Sonra hərbçi oldu. Hərbçi olandan sonra bəzən aylarla üzünü görmürdüm, səsini eşitmirdim. Bir də görürdün dizə qədər yağan qara bata-bata gəlib. Elə keçib təzə otururdu ki, hərbi hissədəki komandanlığından zəng gəlirdi, heç gözlərinin çimirini almamış, yenə də geri qayıdırdı. Adına bişirdiyim yemək, adına açdığım süfrə toxunulmamış qalırdı. Yanıb-tökülürdüm. O, bu kəndə gələndə bütün kənd camaatı tamaşasına, sözün-söhbətinə gələrdi. Hərəni bir şirin dil ilə dindirib, könlünü alardı. Onun gəlişi bu həyətin toy-bayramı idi. Bir dəfə də evə gələndə, oturub elə bu ağacın altında söhbət edirdik. Dedi ki, “ana, elə ailələr var ki, uşaqları şəhid olur, tabutu evlərinə aparanda, zabitlərə, əsgərlərə hücum edirlər, bu çox pis işdir. Yazıq əsgər neyləsin ki?”.

Dedim ki, “ay oğul, sən bu sözü mənə niyə deyirsən ki?” Dedi “ay ana, elə-belə sözdür də söylədim. Başımıza gəlib belə hadisələr, pis olmuşuq, deyirəm ki, biləsən ki, belə ağır günlərdə o tabutu gətirən əsgər üçün ikiqat ağır olur. Yaxın dostu, xidmət yoldaşını itirmək ağır məsələdir..”. 
İndi ölümündən sonra onun hər sözünü xatırlayıram... Fikirləşirəm ki, Pəncəli mənə öz söhbətləri ilə kitablar qoyub gedib, hər xatirəsi bir kitablıq vəsiyyət və nəsihətdi”.


Söhbətə Pəncəlinin böyük qardaşı Elbrus Teymurov da qoşulur:


“Bir dəfə kiçik qardaşımız Əfrailə kimin ona borculu olduğunu, özünün kimə verəcəkləri olduğunu sadalayır. Əfrail də bunu nə üçün dediyini soruşanda, cavab verir ki, “qardaş, bilməyin yaxşıdır. Biz bu canı Vətənə qurban demişik, bir gün gedib də dönməmək var”. Qardaşım axırıncı dəfə mart ayının 24-də bizimlə danışdı. Əslində onu tez-tez görməməyə, günlərlə telefonunun susmasına öyrənmişdik.

Tərtər istiqamətində döyüş dostları - Murad Mirzəyev, Samid İmanov, Muhud Orucovla birgə Talış yüksəkliyinin, Sesulanın alınmasında iştirak etmişdilər. Əməliyyatları da çox uğurla aparmışdılar. Onlar getdikləri yerdən hər zaman uğurla, əlidolu qayıdırdılar. Düşmənin qarışıq yuxularına, qorxulu gecələrinə çevrilmişdilər. Onlar ölmək üçün deyil, Vətən torpağını geriyə qaytarmaq üçün 23 ildən artıq gözlədikləri döyüşə atıldılar və mərdi-mərdanə şanlı bir tarix yazdılar. Bir qoşun əsgər gəlsəydi, o igidlərlə bacara bilməzdilər. Onlar gecənin bağrını yaran əməliyyatçılar idilər. Qardaşım aprelin 3-də həlak olubmuş, bizim isə heç nədən xəbərimiz yox imiş.. Çünki biz heç vaxt təsəvvürümüzə belə, gətirə bilməzdik ki, pəhləvan və şir cüssəli, xüsusi təyinatlıların əfsanə giziri olan qardaşım, nə vaxtsa erməni gülləsindən həlak olar. 

Əslində qardaşım şəhidliyi özü arzulamışdı. İndi sosial şəbəkələrdə, saytlarda Pəncəlinin öz toy günü dediyi fraqmentə bütün dünya baxırb. Orada deyir ki: "Dostlar, həqiqətən bəzi şeylər var ki, bizim əlimizdə deyil.Amma mən sidq ürəklə deyirəm. Hər zaman, hər an xalqım üçün, torpağım üçün, Vətənim üçün canımdan,qanımdan keçməyə hazıram. Həmişə özümə arzu etmişəm ki, Vətənim üçün şəhid olum, tabutum Azərbaycan Respublikasının üçrəngli, ay-ulduzlu bayrağına bükülüb dəfn olunmağa aparılsın””...


Bəzən Tanrı insanların arzularını bir göz qırpımında yerinə yetirir. Pəncəli Teymurovu da Tanrı öz dərgahına belə tez apardı. 


“31 yaşına qədər nə illah elədimsə, onu evləndirməyə razı sala bilmədim. Rusiyada yaşayan bacım qızı, həkim Elviranı da 9 il idi ki, Pəncəli üçün nişanlamışdım. Pəncəli isə toyu hər yaz təxirə salardı”,- şəhid anası deyir:


“Həmin aprel günlərində bir də baxdım ki, televizorda şəhidlər haqqında xəbərlər gedir. Artıq Pəncəliylə xidmət edən zabit və gizirlərin adlarını çəkirdilər. Deyirdilər ki, şəhid olublar. Onlara bu həyətdə o qədər qulluq eləmişəm ki... Özümə zülm etdim. Əllərim göydə, dizim yerdə qaldı. O soyuq qarlı qış günlərində nə evdə duruş gətirə bildim, nə çöldə. Hava da birdən-birə dəyişdi, qar yağmağa başladı. Dedim görəsən bir dəfə Pəncəlinin səsini eşidə bilərəm? 

Aprelin 3-nə kimi zəng çaldıq, cavab vermədi. Ancaq özümü sakitləşdirirdim ki, Pəncəliyə heç bir şey olmaz. Yoxluğunu qətiyyən ağlıma gətirmirdim. Elə hey gözüm yolda, qulağım səsdə idi. Aprelin 10-u axşam saat 5 olardı. Ürəyim köksümdə çırpınırdı. Evin qapılarını açıb çölə çıxmaq istədim. Bu zaman bir quş içəri girdi. Gəlinə dedim ki, ay qız, pəncərəni aç, o quşu burax havaya, burda ürəyi partlayar.

Famillə atası da evdə oturmuşdular. Qapı-pəncərəni taybatay açdıq, quş evdən çıxmadı. Başladı başımın üstündə qanad çalmağa. Bir də gördüm ki, Famil qışqırır: “Ay ana, evimiz yıxılıb, ay ana tifağımız dağlıb... Pəncəli şəhid olub...”. 

Haraydan səksənib, başımı götürüb həyətə çıxanda gördüm ki, həyət adamla doludur. Bir nəfər dedi ki, icra nümayəndəliyindən deyirlər ki, qardaşı və atası gəlib yolda tabuta baxsınlar, sonra həyətə aparaq. Özümü ələ alıb təmkinimi pozmadım dedim ki, oğlumun tabutunu gətirin, açın özüm də baxım.
Pəncəli ölümündən əvvəl mənə nəsihətini etmişdi. O vəsiyyəti qulaqlarımda cingildədi. Sakitcə balamın buz kimi üzünə baxdım. Dedim aparın dəfn edin. Dərd mənim dərdimdir, onu oğlumun adına layiq çəkməliyəm. Kaş ki, ölməyədilər. O zabitlər, o gizilər bu dövlətin gərəyi, sütunu idilər. 17 yaşından Vətəni qorumağa başladı, bizi yox, Vətəni seçdi. Vətəni qorudu”. 

 

Pəncəli bir çox xarici ölkələrdə təlimlər keçmişdi. Türkiyənin Xüsisi Təyinatlılar Komandanlığının “Yurdda sülh, cahanda sülh” adlı medalına layiq görüldü. Xüsusi əməliyyatları uğurla başa vurduğundan, 2015-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olundu. Ölümündən sonra isə yenə Azərbaycan prezidentinin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub. 


Şəhid anası deyir ki, o, Pəncəılinin adının əbədiləşdirilməsini istəyir. Çünki bu tarix bizim silinməyən şərəf tariximizdir.


Pəncəlinin əmisi Şirməmməd Teymurov həm də bu yerlərin qəhrəmanlarının tarixindən danışdı. Aprel döyüşünün qəhrəmanlarını 1941-1945-ci illərdə qəhrəmanlıq göstərən Həzi Aslanov, Ziya Bünyadovla bərabər tutduğunu dedi. Onu da bildim ki, Şirməmməd müəllimin atası Hənəfə kişi də elə Həzi Aslanovun komandirlik etdiyi 416-cı Taqanroq dviziyasında atıcısı olub. Və iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov barəsində maraqlı tarixi bir faktı xatırladı:


“Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı “Russkaya Duqa” deyilən ərazidə apardığı Oryol-Kursk döyüşünə görə, o döyüşdə göstərdiyi şücaətə görə 47 ildən sonra verildi. Haqq-ədalət öz yerini tapdı. Biz nisbətən gənc idik. O zaman Musa Bağırov adlı bir azərbaycanlı jurnalist Həzi Aslanovun xidmətlərini araşdırırdı. Həzi Aslanova aid olan sənədləri də Moskvanın arxivlərindən tapıb üzə çıxarmışdı. Və həmin sənədləri SSRİ Müdafiə Nazirliyinin baş inspektoru, marşal İvan Baqramyana təqdim etmişdi. Lakin neçə il gözləsə də, bu təqdimat baş tutmadı. Sonra SSRİ Silahlı Qüvvələri Qərəgahının baş katibi, marşal Sergey Fyodroviç Axromeyevə həmin sənədləri çatdırdı. Yəhidi kökənli Axromeyev isə Mərkəzi Komitədə oturan ermənilərdən fərqli olaraq, həm Həzi Aslanova, həm də ki, Azərbaycana xüsusi rəğbəti olan bir şəxsiyyət idi. O, Musa Bağırovun məktub və təqdimatlarını diqqətdə saxlayıb, Mixail Qorbaçovun erməni köməkçisinin başı üstündən SSRİ-nin prezidentnə təqdim edə bilib. Çünki ötən uzun illər ərzində Mərkəzi Komitədə kök salan ermənilər azərbaycanlılara aid sənədləri hər zaman it-bata salmışdılar.

Və yalnız bundan sonra Mixail Qorbaçov 1991-ci il iyunun 21-də Həzi Aslanovun ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq götrülməsi barədə qərarı təsdiqlədi. Və bu qərar o vaxtkı “Zaman” proqramında səslənəndən sonra erməni düşmənlərimiz Şahnazarov, Aqanbekyan bizim ünvanımıza nə qədər hədyanlar və yazılar yazsalar da, biz hədəfimizə nail olmuşduq. Lakin arxivlər açılandan sonra o da məlum oldu ki, Həzi Aslanovun döyüşdə həlak olması planını da elə ermənilər özləri təşkil edib”...


Şirməmməd Teymurov deyir ki, bu kəndin hər qarışı, hər ocağı qəhrəmanlar yetişdirə bilir. 

“Kəndimizin tarixi eramızdan əvvəl II minilliyə gedib çıxır.
Tarixi öyrənmək üçün həmin yerin maddi mədəniyyət nümunələrinə baxsan kifayət edir. Bizim ən qədim maddi mədəniyyət nümunələri qəbirlərdir. Bir də ki, eramızdan əvvəl II- IV və VI-VII minilliyə, tunc dövrünə aid ev əşyaları, bəzək, məişət əşyaları... Bu dağlar sirlərlə doludur. Kəndimizin ərazisində yaşayış mərhələləri iki-üç dəfə dəyişilib. Müharibələr olub, gah səlcuqlar istila ediblər, gah ərəblər hökmranlıq ediblər. Ərdəbildən, Gilandan keçənlər də burada öz izlərini qoyublar. Biz Az və ya Əz tayfalarından qalanlarıq. O tayfalar da buraya Qaradağdan, talışca “Siya Kuh” deyilən yerlərdən gəliblər. Əslində burada məskən salan son tayfalar qaradağlılar olublar. Ata-babaları talışdır. Burada türklərlə talışlar bir yaşayıb, bir icma sahibi olublar. Aralarında heç bir problem yaşanmayıb. Və tarixin heç bir səhifəsində belə bir iğtişaş yer almayıb. Geopolitik sistemlər, siyasətlər nə qədər dəyişsə də türk və talış tayfalarının mehribanlığına, birliyinə xələl gətirə bilməyib, talışla-türkü ayrı salmaq mümkün olmayıb. O zamandan bu zamana qaynayıb qarışıblar. 

Bizi nə tarix, nə də təbiət dəyişi. Pəncəli də kəndimizin, elimizin obamızın mərdlik xüsusiyyətlərini özündə cəmləşdirmişdi. O mənim şagirdim idi. Yaxşı oxuyurdu dərslərini. Əslində bu gün bizim məktəbdə məndən dərs alan bütün uşaqlarımızın hamısı Pəncəli kimi vətənpərvər, yurdsevər olublar. Bizim məktəbin müəllimləri onları belə öyrətdik.

Artıq Pəncəli öz məsləkini seçmişdi. Bir dəfə yenə bu həyətdə oturmuşduq. Azərbaycan Prezidenti tərəfindən “İgidliyə görə medalı” ilə təltif olunmuşdu. Soruşdum ki, “oğul, o medalı sənə niyə verdilər?”. Söhbəti yayındırdı. Sonra əlimi apardım başına, saçlarının arasında gəzdirib uşaqlıqda it gəmirən yerlərin qalıb-qalmadığı ilə maraqlandım. Dedi ki, “saçımı dibdən qırxdıranda görünür yerləri”. Həmin günü asataralı digər Sovet İttifaqı Qəhrəmanı Mirzə Cəbiyevi xatırlayıb dedi ki, “əmi, Mirzə Cəbiyev 19 yaşında qəhrəman oldu. O Şərqi Prussiyanın Könisberq şəhərində Qələbə bayrağını yüksəltdi. Gün o gün olsun ki, mən də bayrağımızı Şuşaya asanlardan olum”.

İnanın ki, dünənə qədər məktəblərimizdə Həzi Aslanov, Ziya Bünyadov, Mirzə Cəbiyev dərsləri keçilirdisə, bu gün eyni məhəbbətlə Pəncəli Teymurov, Raquf Orucov, İnqilab Quliyev, Vuqar Yusifov dərsləri keirilir. Axı Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev də öz çıxışlarında daim deyir ki, “Aprel döyüşləri Azərbaycanın qəhrəmanlıq səlanməsidir. Bu döyüşləri və o döyüşü aparanları unutmaq olmaz!”.

 

Pəncəli Teymurov kimi, digər qəhrəmanların əksəriyyətinin layiq olduqları fəxri adları gecikdirilsə də, belə düşünürəm ki, nə Bilgə xaqanın, nə Atillanın, nə Koroğlunun, nə Qaçaq Nəbinin... fəxri adları, medalları olub... Lakin xalq bu günə qədər də onları milli dərk yaddaşında yaşadırsa, demək əsas odur ki, xalqının, millətinin qəhrəmanı olub, xatirələrdə yaşayasan. Necə ki, Həzi Aslanov layiq olduğu adı 47 ildən sonra aldı. Demək hələ gözləməyə dəyər. Aprel döyüşləri haqqında hələ çox kitablar yazılacaq, o döyüşün ruhundan hələ çox danışılacaq”. 


Həmin gecə... aprelin 1-dən 2-nə keçəndə, düşmənin təxribatının qarşısını alamaq üçün döyüşə yollanan hərbçilərimiz sankı ov ovlamağa, quş quşlamağa çıxmışdılar. Onların oturduğu döyüş maınının içərisində ancaq gülüş və zarafat səsləri eşidilirdi. Pəncəli də maşının yük hissəsinin baş tərəfinə keçib oturmuşdu. Keyfi çox yuxarı idi. Əslində döyüşə gedib-gəlmək, ağır əməliyyatlarda iştirak etmək xüsusi təyinatlılar üçün adi həyat tərzinə çevrilmişdi. Elə döyüşün əvvəlində Azər Məmmədov ağır yaralandı. Onun yaralandığını görən digər xüsusi təyinatlı zabit Həsrət Almasov yoldaşını kürəyinə alıb, əsgərləri ilə təcili olaraq döyüş bölgəsindən çıxarmışdı. Seysulan düşməndən təmizlənmişdi. İndi növbə xüsusi təyinatlların idi. Bir neçə qrupa bölünmüş xüsusi təyinatlılar bu dağların-daşların yollarını əzbər bilirdilər. Burada hər kolu- kosu tanıyırdılar. Bu meşəlikdə, dağ-dərədən dəfələrlə kəşfiyyata gəlib, verilən tapşırıqları uğurla yerinə yetirmişdilər.

Nəhayət verilən tapşırığa əsasən, Ordumuzun Xüsusi Təyinatlıları Murad Mirzəyev, Tural Qurbanov, Mühit Orucov və Samit İmanovun rəhbərliyi ilə Seysulanda çox uğurlu bir əməliyyat həyata keçirmişdilər. 

6 nəfərlik ilk qrup səhər saat 5-6 arası Talış kəndinə girəndə isə kənddə ancaq başlı başına gəzən mal-qara gözə dəyirdi. Pəncəli bir neçə saat əvvəl cəbhənin Gülüstan qalası tərəfindən istehkamı açmalı idi. Gülüstan tərəfdən ermənidə olan posta gedən ensiz dağ yoluna tək-tənha çıxıb, düşmənin olduğu UAZ-ı saxlayaraq, maşında olan ermənini bir göz qırpımında məhv etmişdi. Həmin vaxt bir neçə il əvvəl Kəlbəcər istiqamətində etdiyi oxşar bir əməliyyatı da xatırlamışdı. Düşmənin mövqelərinə girərək, təkbaşına bir qrup erməni hərbçisini məhv etmişdi. Bir dəfə isə 4 nəfər erməni əsgərini minaya salmışdı. Xocalı soyqırımını törədən erməni zabitini səhər tezdən hava işıqlaşanda izləmişdi. General-mayor rütbəsini almağa yollanan erməni polkovnikini qanına qəltan etmiş, əlində çox dəyərli sübut gətirmişdi.

Uşaq vaxtı dediyi Xocalı qisasını almışdı. Bir dəfə isə heyətini məhv etdiyi düşmən UAZ-nı gətirib öz mövqelərimizə çıxarmışdı. Hətta dostlarına demişdi ki, bu UAZ-ın hissələrini söküb kəndə aparıb, yadigar saxlayacaq. 

2014-cü ildə iştirak etdiyi əməliyyatda 18 nəfər düşməni bir andaca partlatmışdı. Bir maraqlı xüsusiyyəti var idi ki, özü keçirdiyi əməliyyatların hamısını zabirlərinin və əməliyyatda iştirak edənlərin adına yazdırarmış.


Nahaq yerə ona “Xüsusi Təyinatlıların əfsanəsi” adını verməmişdilər. O aprel səhərində bir dəfə Talış kəndinə girib, daha sonra Seysulan tərəfə keçmişdi. Düşməndən geri alınan mövqedə postları möhkəmləndirmək üçün Murad Mirzəyev, Samit İmanov da onun açdığı istehkamla hərəkət edirdilər. Hətta 40 dəqiqəyə 11 kilometrlik kəsmə yol da qət etmişdilər. Azərbaycan Ordusunun cavab atəşindən çaşan, hər zaman “Ohanyan xətti” deyib qoruduqları mövqelərdə yaranan fövqəladə vəziyyət ermənini çaş-baş salmışdı. Lakin əsgərlərimizin yenicə təmizlədiyi səngərlər və mövqelərdə bizim hərbçilər də bərkitmə işləri aparardılar. Arxadan həm də kömək gözləyirdilər...


Bir qədər vaxt keçəndən sonra qarşı tərəfdən yenə də artilleriya hücumları şiddətlənməyə başladı... Pəncəlinin və onun yanında olan zabitlərin dayandıqları səngərə düşən mərmidən Pəncəlinin əlindəki avtomat və başındakı qoruyucu şlem yerə düşdü. Top mərmisinin zərbəsi Pəncəlini götürüb səngərin o biri üzünə atdı. 17 ildə heç zaman gizir Pəncəli Teymurov belə zərbə görməmişdi. Yıxıldığı yerdən ayağa durub, silahını götürərək səngərdən qabağa tullandı... Arxadan Murad Mirzəyev onu nə qədər çağırsa da, Pəncəli eşitmirdi... Çünki Pəncəli kontuziya almışdı. Və özündən asılı olmayaraq, döyüş vərdişlərinə əsasən yenidən hücuma keçmişdi. Hücuma keçdiyi ərazidə - qarşıda mənfur düşmən idi. Düşmənin ikinci dəfə atdığı ağır texnika atəşindən Pəncəli ağır yaralanaraq, yerə yıxıldı... Üzbəüz döyüşdə qalsaydı, Pəncəli erməniyə can verməzdi... Axı bu yollarda düşmən tapdağı altında olan ərazilərimizə keçib o qədər uğurlu əməliyyatlarda iştirak etmişdi ki...


Belə olmamalıydı... Pəncəli hələ Şuşaya bayraq sançmaq istəyirdi axı.. Pənəclinin ruhu bədənini tərk etdi. Və Tanrıya qovuşdu. Tanrı dərgahında dəfələrlə keçid etdiyi Kəlbəcərə getdi, oradan bir dəfə zəfəran da gətirmişdi. Tanrı dərgahında Yerə baxaraq gülümsəyirdi Pəncəli... Çünki o yüksəklikdən ruhu bütün olanları görürdü... hətta içəridən olan satqınlardan da xəbərdar idi... bütün həqiqətlər ona bir andaca əyan oldu. Çünki o bu döyüşdən həmişəki kimi salamat qayıtmalı idi... Bir az bundan əvvəl aşağıda torpağın üstündə döyüş yoldaşları ilə brlikdə kömək gözləyirdi... İndi isə Tanrı dərgahında dayanmışdı... O Tanrı dərgahına sorğusuz-sualsız gəlmişdi. Çünki Vətən uğrunda həlak olmuş, vətəni qorumuşdu, Vətəni canından da, anasından da əziz blmişdi. Tanrı Vətən və torpaq uğrunda şəhid olanları, dərgahına sorğusuz-sualsız aparır. Sorğu-sualı olanları isə Göyün bir az aşağı qatında qarşılayaraq, haqq divanına çəkir. O haqq divanında Raquf Orucovun, Vuqar Yusifovun, Mühit Orucovun, Pəncəli Teymurovun... 2016-cıilin aprel müharibəsində şəhadətə yüksələn Qalibiyyət şəhidlərinin günahkarlara verilən o qədər sualları var ki...


Aida Eyvazlı Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xocalıdan GÖRÜNTÜLƏR: Dörd min hektar ərazidə proses başladı - VİDEO
Xankəndidə Dövlət Yol Polisinin əməkdaşları xidmətə başlayıb - FOTO
Xankəndiyə köç başlayır

Yaşadığı hadisədən sonra insanlardan ÜZ ÇEVİRDİ

18+

Bakıda dəhşətli qətlin videosu yayılıb (18+)
Döyüşlərdən  VİDEO YAYILDI
Dırnaq göbələklərinin ilk əlamətlərini bilmək vacibdir
Bakıda DƏHŞƏT: Qızla dalaşan oğlan qazini öldürdü - ANBAAN VİDEO