Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4254
az

Ayağı Lələtəpədə dəfn olunan aprel şəhidi - Cabbarxan necə şəhid olub? -

12:2504 Avqust, 2018
14349
  • A
 ​​​​Aprel döyüşləri zamanı şəhid olan Cabbarxan Hacıağayevin doğum günüdür.

Cabbarxan Hacıağayev 1996-cı il 4 avqustda Bakı şəhərində anadan olub.

Əsgər Cabbarxan Hacıağayev, 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.Xocahəsən qəsəbə qəbirstanlığında torpağa tapşırılıb. Allah rəhmət eləsin.


Cabbarxan Hacıağayev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Oxu24.com şəhidin həyat yolunu əks etdirən reportajı təqdim edir:

– Ay oğul, heç təsəvvürümə gəlməzdi ki, bu yerləri bir də nə vaxtsa görəcəyəm.

Qismətə bax ki, mənim azad edə bilmədiyim yerlərdə indi sən keşik çəkirsən, indi sən də bizim kimi sərhədin o biri üzündə olan yerlərə həsrətlə baxırsan…

– Ata, siz azad etməmisiniz, biz azad edərik.

– Kaş elə olaydı…

Ermənilərin 300-400 metrliyində post qurulan yerdə, Cocuq Mərcanlı istiqamətində xidmət edirdi Cabbarxan Hacıağayev. Atası İlham Hacıağayev, illər öncə oğluna bu yerlər haqqında danışmışdı. Demişdi ki, körpünün o biri üzündə Cənubi Azərbaycandır. Arazın suları elədən- elə, belədən-belə axır.

1992-ci ildə, Cabbarxan hələ dünyaya gəlməyəndə İlham burada Lələtəpə uğrunda döyüşlərdə iştirak etmişdi.

Cabbarxan da bilirdi ki, atası 1992-ci ildə Vətən torpaqlarının müdafiəsi üçün könüllülər batalyonuna yazılıb, ermənilərlə döyüşə getmişdi. İndi Cabbarxanın atasının bir vaxtlar döyüşdüyü postdan özü ermənilərin mövqelərini nəzarətdə saxlayırdı.

İlham həm də rabitəçi idi. Hərbçi rabitəçi kimi sovet ordu sıralarında Çelyabinsk şəhərində TAM MƏXFİ şəraitdə hərbi hissədə xidmət keçmişdi. Ona görə də Azərbaycan ordusu üçün də onun xidməti yararlı idi.

İlham Hacıağayev 1992-ci ildə Qubadlıda Topxana meşəsində bir dəfə ermənilər tərəfdən atılan top mərmisinin partlaması nəticəsində kontuziya alır, lakin bir neçə gündən sonra yenə xidmətini davam etdirir. Füzuli rayonunun Qırmızı bazar istiqamətində isə bir dəfə bir qrup döyüşçü ilə mühasirəyə düşürlər. Üç gün taxıl zəmisində sürünə-sürünə yol axtarırlar.

O zamanlar indiki Cabbarxan yaşında olan gənc uşaqlar acından üzülməsinlər deyə, taxıl zəmisindən yığdığı taxılı əlində üyüdərək, çiyidini onlara yedirir. Onları 776-cı diviziyanın komandiri , Azərbaycanın Milli Qəhrəmanı Eldar Ağayev gəlib tapır və mühasirədən xilas edir.

Cabbarxan da atasının söhbətlərindən bilirdi ki, o zamankı müharibədə ruslar Azərbaycana texnikanı nasaz vəziyyətə gətirəndən sonra verirlərmiş. Döyüşün şiddətli yerində hərbi texnika sıradan çıxırmış.

Elə indi də Cabbarxan yaxşı bilirdi ki, sərhədin o biri üzündə, Sərsəng su anbarı yaxınlığında dayanan əslində ermənilər deyil, rusların 226-cı diviziyasıdır.

Cabbarxan bunlar haqqında atasından da çox eşitmişdi. İndi isə ermənilərlə üzbəüz sərhəddə Cocuq Mərcanlı kəndində qulluq etməkdən fəxr duyurdu. Lakin hər gün qarşıdakı düşmən postlarına və mövqelərinə baxarkən dişi bağırsağını kəsirdi. Qisas gününü gözləyirdi.

İndi İlham Hacıağayev 2016-cı ilin yanvar ayında oğlu ilə olan görüşünü indi belə xatırlayır:

– Horadizə çatanda məəttəl qalmışdım ki, buralar mənə necə tanış gəlir. Sonra oğlumun olduğu posta gəldik. Əli ilə yaxınlıqdakı bir evi göstərib dedi ki, bu Oqtay əminin evidir. Hamı köçüb gedib buradan, qalan bir bizim hərbi hissədir, bir də Oqtay əminin ailəsi. Bakıdan gətirdiyimiz bağlamaları açdıq. Həmişəki kimi, əsgər yoldaşlarını çağırıb, başına yığdı, gətirdiyimiz sovqatlara onları da qonaq elədi. Bir ay ərzində 2-3 dəfə gedirdik oğlumun görüşünə.


Görüşə getməzdən əvvəl Cabbarxan bir ərzaq siyahısı yazırdı, sevinə-sevinə aparırdıq. Orada imkansız uşaqlara paylayırdı. Deyirdi ki, Allaha da xoş gedər. Bir də ki, həmin hərbi hissənin əsgərlərinin əslində heç yemək-içməkdən elə bir problemi yox idi. Hərbi hissənin ətəyində yaşayan Oqtay Həziyev və ailəsi bu əsgərlərə öz balaları kimi baxırdılar. Bayramlarda onlar üçün qoyun kəsir, ev yeməkləri, şirniyyatlar bişirib verirdilər. Özündən də soruşanda ki, ay Oqtay kişi burda tək yaşamağa qorxmursunuz? Deyirdi ki, məni bu qədər əsgər qoruyur. Nədən qorxacağıq?!

Bir dəfə komandiri Cabbardan soruşub ki, sənin idmançı olmağın haqqında söz-söhbət gəzir, ancaq heç sənin bir idmançı kimi nəyə qadir olmağını görmədim axı. Oğlum zabitdən üzr istəyib deyir ki, bir bıçaq götür mənə hücum elə. Zabit bir bıçaqla onun nəyə qadir olduğunu yoxlayır və Cabbarxanın xüsusi fəndlərlə özünü qorumaq bacarığını görüb heyran qalır. Cabbarxan idmanın şaolin Taekvando növü üzrə 5 dəfə Azərbaycan çempionu olmuşdu. Üç qızımdan sonra dünyaya gəldiyindən, onu idmana yazdırmışdım ki, hər yerdə özünü qoruya bilsin, bacılarına arxa-kömək olsun. İdmana getməyi onu həm də pis vərdişlərdən uzaqlaşdırmışdı. Nə siqaret çəkirdi, nə də içki içirdi. Hətta qulluq etdiyi hərbi hissədə də bütün yoldaşlarına siqaret çəkməyi tərgitmişdi. Dostları deyirdi ki, ondan siqaret üçün pul istəyən həmyaşıdlarına pul vermirdi, ancaq başqa ehtiyacı olanlara hər vaxt kömək edirdi. Və onun bu təlim-tərbiyəsi hərbi hissədə kara gəlmişdi.

– Mənim oğlum, belə oğul idi, hər yerdə səliqəli, mərifətli. Qızdan həyalı, – deyərək söhbətə qoşulur Cabbarxan Hacıağayevin anası Riyanə xanım:

– 5 övladım var. Üç qızım, iki oğlum. O qədər pirlərə ocaqlara gedib, nəzir etdim ki, Cabbarxan tək olmasın, bir qardaş da versin Allah ona. Bir neçə il sonra Rəhim doğuldu. Sözümü eşitdi Allah. Ancaq bəzən, eşitmir adamı o göydəki pərvərdigar. Oğlumun əsgərliyi bitmişdi. Aprelin 1-i qayıdıb evə gələcəkdi. Biz onun qarşılamağa hazırlıq görürdük…

Mənim həyat yoldaşım da, qızlarım da hərbi sənaye sahəsində işləyirlər. Bu dövlətə şərəflə qulluq edirlər. Biz hər zaman Vətənə sadiq olmuşuq. Balaca oğlum Rəhim də bu il Sərhəd qoşunları xidmətinin xüsusi məktəbində 9-cu sinfi bitirdi. Əsgərlik vaxtı çatanda sevinə-sevinə getdi. O qədər gözləmişdi ki, həmin günü. Oktyabrın 1-i 2014-cü ildə yola düşəcəkdi. Necə oldusa, həmin günü təxirə saldılar. Axşam evə qayıtdı.

Adətən Cabbarxan gecələr yemək yeməzdi. Dönüb mənə dedi ki, ana bir yemək bişir yeyim, bəlkə bir də səninlə yemək yemədim.

Dedi ki, bəlkə şəhid olacağam. Dedim elə danışma, ağzından qara yellər aparsın. Məktəbdə oxuyanda da bir dəfə evə gec gəldi. Narahatlığımı görüb dedi:

“Ana mənsiz qalmağa öyrən. Vaxt olar elə yerə gedərəm ki, mənsiz qalmaq çətin olar sənin üçün”.

Dedim hara gedəcəksən ki? Sən hara getsən mən də gələrəm. Dedi, yox. Ora hər vaxt gəlmək olmur. Ora bir başqa şəhərdir. Tanrı yazısıdır, bilmirik ki, sonumuz nə olacaq. Fikir vermədim. Dedim uşaqdır da, danışır özü üçün.

2014-cü ilin oktyabr ayının 7-də əsgərliyə yola saldıq. 2015-ci ilin may ayında əsgərlikdən məzuniyyət verdilər ona. Boyuna baxıb sevindim, dedim ki, mən əsgər anasıyam. Dedi ki, ana, bir ad var ki, o əsgər anasından da ucadır. O ada heç bir ad çatmaz. “Nədir o ad ya bala?” – deyə soruşdum. “Vaxtı gələndə biləcəksən”- dedi.

Məzuniyyəti başa çatıb, hərbi hissəyə qayıdanda dedi ki, mütləq mənim 19 yaşımın tamamında nəyin bahasına olur olsun, 1 günlük ezamiyyət alın ki, gəlib doğum günümü- 19 yaşımı sizinlə keçirim.

Neylədiksə, fikrindən döndərə bilmədik. Dedi ki, bilmək olmaz, bəlkə 20 yaşımı keçirə bilmədim. İçimdə ağrayırdım bu sözlərinə, ancaq sözlərinin başına ip salmırdım…

Nə bilim ki, özü öz əcəlindən xəbərdar imiş. 2015-ci ildə, avqustun 4-də onun üçün hərbi hissədən icazə aldıq, səhər tezdən gəldi. Ad günü münasibəti ilə tortu kəsib ilk tikəsini mənə verdi. Bu günümüzdən bir də heç vaxt olmayacaq. 19 yaşın adı başqadır, 20 yaş ya ola, ya olmaya…”- dedi. Elə həmin axşam da qayıtdı hərbi hissəyə…

Onlar düşmənlə üzbəüz mövqedə olduqlarından, hərbi hissə çox mürəkkəb zonada yerləşdiyindən telefondan istifadə etməklərinə qadağa yox idi. Həm də bu hərbi hissədə xidmət edən əsgərlərin valideynləri ilə görüşməyinə daha çox icazə verilirdi.

Bilirdim ki, cəbhə xəttində qarışıqlıqdır. Ancaq Cabbarxan hər gün bizimlə danışdığından, narahatlığım az idi. Aprelin 3-də atası ilə danışdı. Mən narahat oldum ki, mənimlə niyə danışmayıb. Bir də aprelin 4-ü səhər tezdən 6-ya 10 dəqiqə işləmiş İlham dedi ki, Cabbarxan zəng vurub. Sevincək telefonu aldım.


Səsi yaman gümrah gəlirdi. Deyirdi ki, ana ermənini qova-qova gəlmişik. Artıq atamın ala bilmədiyi Lələtəpəni də almışıq. Bayrağımız elə gözəl dalğalanır ki, adamın ürəyi fərəhlənir baxdıqca.

Məndən narahat olmayın. Sevinirəm ki, bu qələbə mənim gözümün qabağında baş verib. Ana, sən özündən muğayat ol, ancaq vaxtım azdır. Qabağam getmişik, hələ gedirik də…

Soruşdum ki, bala nə vaxt gəlirsən? Dedi ki : “Sən hazırlığını gör. Bacımla sənə göndərdiyim konfet kağızları var a…. onlardan al, mənim qonaqlığımda şokalad yeyilməz. Elə aş bişirərsən ki, ətri dünyaya yayılsın. İkinci günü badımcan dolması bişirərsən, üçüncü günü isə, səbziqovurma…”.

Təəccüblə soruşdum ki, ay bala, sən hara gedirsən ki, məgər, əvvəl evə gəlməyəəcəksən? Səhər o başdan bu nə sözdür danışırsan? Sən gələndən sonra hamısını bişirəcəyəm. Gizlin gəlirsən yəqin, arxayın ol, heç kimə deməyəcəm. Bacılarına sürpriz edərsən”.

Dedi ay ana, mənim qonaqlığıma, 20 il üzünü görmədiyin adamlar gələcək, bacımın toyunda iştirak etməyənlər də gələcək. O qədər qonağın olacaq ki… Mən sənə deyirəm axı… başqa yerdə qalmağa gedirəm. Ola bilər 1-2 saata, ola da bilər ki, 3 günə gəlib çatım…

Cabbarxanın danışdıqlarından bir şey başa düşmədim. Aprelin 1-i üçün hazırlıqlarımı görmüşdüm. Bütün ərzaqlarımızı alıb qoymuşdum ki, oğlum əsgərliyini bitirib, qayıdıb gələndə, qonaqlarımız olacaq, onları da, oğlumu da layiqli qarşılayaq. Kasıbın nəyi olmasa da, bəzəkli süfərsi olur.

Atası İlham Hacıağayev:

– Mənə sonradan dedilər ki, bölük komandiri özü də bilmədən necə olubsa, gətirib telefonu Cabbarxana verib ki, al, ailənlə danış. Etiraf edir ki, sanki kimsə ona belə bir göstəriş verdi. Cabbarxanın anası ilə danışdıqlarını eşidib, sonra onu danlayıb ki, məgər adam anası ilə elə danışarmı? Nə olub ki, burada nə var ki, döyüşü qələbə ilə başa vurmuşuq, sən isə ölməkdən danışırsan…

Çabbarxanla yoldaşım danışandan bir az sonra, mənə Yasamal rayonunun hərbi komissarlığından zəng vuraraq çağırdılar. Getdim. Dedilər ki, oğlum Cabbarxan şəhid olub. İnanmadım. Dedim ki, bir az bundan əvvəl anası ilə telefonla danışdırdı. Onlar da çaşıb qaldılar. Dəqiqləşdirmə apardılar. Məlum oldu ki, anası ilə danışıb qurtarandan 10 dəqiqə sonra düşmənin atdığı mərminin qəlpəsi oğlumun ayağını kəsib və qarnının altını yarıb keçib. Elə həmin dəqiqə də canını tapşırıb.

İlham həmin qəlpəni gətirib mənə də göstərdi. Qəlpəni əlimə alıb iki ovcumun içərisində sıxdım. Tumarladım, bu vətənimə qalibiyyət gətirən 20 yaşlı əsgərin bədəninə sonuncu dəfə toxunan, onu qana bələyən, onun qanına bələnən yadigar idi. Fələyin hökmünə bir bax ki, oğlunun canını alan o düşmən qəlpəsini, indi İlham Hacıağayev özünün bir neçə il bundan əvvəl hərbi xidmətdə fərqlənməyə görə aldığı medal qutusunun içərisində saxlayıb əzizləyir. Bir dəmir parçasının hökmü və gücünə bax. Bir ömrü yarımçıq qoyan qəlpə…

– Tanrı heç bir bəndəsinə belə bir acı xəbəri eşitməyi göstərməsin,- deyir İlham. Dostlarımı köməyə çağırdım. İstəyirdim ki, evdəkilər bilməsin. Yasamalda kirayə qaldığımız həyətə gəldim. Baxdım ki, qohum-qonşular bizə yığılır.

Qardaşıma zəng vurub dedim ki, get oğlumun tabutunu sən gətir. Hamıya tapşırdım ki, hələlik evdə bacılarına heç nə deməsinlər. Bilmirdim nə edim, necə deyim onlara bu qara xəbəri. Bütün dünyam alt-üst olmuşdu.

Riyanə telefonla yazışırdı. Deyirdi ki, Cabbarxanla yazışır. Sən demə, döyüş bölgəsində hərbi hissədəki Akif Quliyev adlı dostuna deyiblər ki, sən hələlik anası ilə əsgər Hacıağayevin adından yazış. O da dayanmadan Cabbarxanın əvəzinə yoldaşıma yazırdı.

Cabbarxanın anası:

Başqa vaxt qohum-əqrəbanın belə yığışmasını görsəm, şübhələnərdim. Baxırdım ki, hamı mənə təəccüblə baxır. Mən isə onlara tez-tez deyirdim ki, Cabbarxan sizə salam yazır. Həqiqətən də Cabbarxanın telefonundan mesajlar gəlirdi. Yazışırdıq:

– Ana necəsən?

– Yaxşıyam, oğul.

– Nə vaxt gəlirsən? Bütün qohumlar yığılıb səni gözləyir axı…

– Bir azdan gələcəm, gözlə ana…

– Saat neçədə çatarsan?

– Narahat olma. Qalibiyyət bizim tərəfdədir. Düşməni qovmuşuq.

– Özündən muğayat ol, ha… Cabbarxan..

– Sağ-salamatam, mami…

– Bu sənsən mənə yazan Cabbarxan?!

– Həəəəə… Mənəm…. Bəs niyə mami… yazırsan?

– Nə bilim çaşdım….

Bir neçə saat idi ki, yazışırdım. Dünyadan xəbərim yox imiş. Sən demə, məni aldadırlarmış. Evdəkilərə dedim ki, soyuducudan əti götürüb bişirməyə başlayın. Cabbarxan harda olsa, indi gəlib çıxacaq…

Gecə ayın 5-nə keçəndə, İlham mənə dedi ki, Cabbarxan şəhid olub… İnanmadım. Dedim yalandır, mən bütün günü onunla yazışmışam. Ola bilməz. Sonrasından xəbərim yoxdu…

Bir də ayılanda səhər o başdan gördüm ki, balamı bayrağa bükülmüş tabutda gətirdilər. İnanmaq istəmirdim. Axı o mənə belə demirdi, deyirdi ki, gələcək… Mən oğlum üçün elə xəyallar qurmuşdum, elə arzular tutmuşdum ki… bacıları onun üçün xonça tutacaqdı, Cabbarxan mənim ümid yerim idi, oğlumun 1.85 boyu var idi… Onu çempionatlar gözləyirdi. O Vətəninə layiq oğul idi, qeyrətli idi, ürəyi açıq idi, mərhəmətli idi balam.

Bax beləcə…. tifağımız dağıldı… Cabbarxanın dediyi kimi, onun yasına 20 il bundan əvvəl ayrıldığımız qonşularımız ,dostlarımız gəldilər. Cabbarxanın dediyi kimi, məclisi çox şərafətli oldu… 158 saylı məktəbdə ona dərs deyən dil-ədəbiyyat müəllimi, sinif rəhbəri Səmayə müəllimə gəldi. Tabutunun qarşısında diz çöküb ağladı. Dedi ki, Cabbarxan, heç adam öz dediyi sözə bu qədər sədaqətli olarmı? Ezamiyyətə gələndə niyə dedin ki, şəhid müəlliməsi olacaqsan…

Onu Bakıdakı , Şəhidlər Xiyabanında dəfn etmək istədik, yer vermədilər. Aparıb Xocasəndəki ailə qəbiristanlığında dəfn etdik. Qonum-qonşularımın, doğmalarımın götürdüyü qurban, duaları hasil olmadı… Tanrı təkcə Cabbarxanın dualarını, arzularını eşitdi.

Ancaq məzarına gedəndə inanıram yoxluğuna. Adi günlərdə, hər gün gözüm qapıdadır, qulağım səsdədir. Elə bilirəm ki, harada olsa, yenə zəng edəcək, harada olsa, qayıdıb gələcək. Deyirdilər ki, şəhidlər ölmür. Mən indi o sözə inanıram. Mənim balam da ölməyib, mənim üçün yaşayır.

Cabbarxanını atası:

– Cabbarxanın adını babalarımdan yadigar götürmüşəm. Mənim nənəm ulu babam Səttarxanın qızıdır. Azərbaycan iki hissəyə ayrılmaq məcburiyyətində qalanda, Təbriz xanı Səttarxan Bakıda yaşayan ulu babam Məmmədrza ilə dost olubmuş. Babam Bakıda tanınmış insan olub, ticarətlə məşğul imiş.

Səttarxanın dövründə ara qarışır . Səttarxan babam Məmmədrzanın əli ilə Fatma xanımı yanındakı oğlu Hacıağanı Bakıya aparmasını xahiş edir. Babam Məmmədrza səbətlərin içərisində onları Arazdan bu tərəfə keçirərərək Bakıya gətirir.

O zaman Fatma xanımın əri Səttarxanın yaxın silahdaşı Cabbarxan imiş. Sonra şah Səttarxanı da, Cabbarxanı da hiylə ilə evinə çağırıb, orada həbs etdirir və edam edirlər. Və Babam Məmmədrza Səttarxanın qızı , Cabbarxanın gəlini Fatma xanımı öz oğlu Hacıağaya alır. Bu izdivacdan Əliağa Bakir, Əbdül Rza və Rzaqulu dünyaya gəlirlər.

Biz də o nəsildənik. Mənim babam Hacıağa olub. Biz ondan törəmişik. Ancaq indiyə kimi, bizim nəsildən heç kim, uşaqlarına o babaların adını verməmişdi. Mən o babaların ruhuna hörmət olaraq, ilk oğlumun adını Cabbarxan qoydum. Adını qoymuşdum ki, onlara layiq yaşasın. Babaları kimi hərbçi olsun.

Lakin Cabbarxanı tez itirdim. Cabbarxanın tabutunu gətirəndə bədənində bir ayağı yox idi. Sonradan onun bir ayağını da Lələtəpədə tapdılar. O tək ayağını Lələtəpədə sancılan bayrağın aşağısında dəfn ediblər.

İndi oğlumun iki məzarı var. O məzar Lələtəpə üzərində dalğalanan Azərbaycan bayrağına şahidlik və yoldaşlıq edir. Bildiyiniz kimi, indi oğlumun xidmət etdiyi Cocuq Mərcanlı ərazisi tam nəzarətimizdədir.


 

Oğlumun xidmət etdiyi hərbi hissənin yerində indi məscid tikiblər. Oralara gələn hər kəs balamın bir hissəsi uyuyan məzara baş çəkir. O məzarın üstündən yayda- qışda çiçəklər əskik olmur. Həm təbiət öz çiçəkləri ilə nazıını çəkir məzarın, həm də insanlar unutmurlar. Cocuq Mərcanlıdan heç vaxt ayrılmayan Oqtay Həziyevi isə Azərbaycan prezidenti “Əmək” ordeni ilə təltif etdi. Oğlumun ayağı dəfn edilmiş məzarı ziyarətə gedəndə, Oqtay kişi bir qutu gətirib verdi mənə.

Dedi ki, döyüşə girməzdən əvvəl bu qutunu Cabbarxan ona əmanət edib , deyib ki, qayıtmasam ailəmə çatdır. Qutuda oğluma məxsus olan mülki paltarları, əşyaları və bir də içərisində 426 manat olan pul kisəsi var idi.

Hamısını əlbəəl qaytardı özümüzə. Mən hər dəfə oğlumu görməyə gedəndə, cibinə xərclik qoyardım. O isə həmin pulları xərcləməmişdi. Bundan əlavə, əsgərlik xidmətindən hər aldığı 21 manat aylıqlarını da yığıb saxlamışdı. Əsgər yoldaşların deyirmiş ki, qayıdanda ailə üzvlərinin hər birinə hədiyyə alacaqmış.

Əvvəl istədim ki, həmin pulu, aparıb uşaq evinə verim. Sonra ailədə məsləhətləşib belə qərara gəldik ki, Cabbarxanın özünün dediyi kimi, yadigar nəsə alaq. Pulu zərgərə aparıb verdim. Ailə üzvlərimizin hər birinin adının baş hərfi yazılmış 5 ədəd qızıl medalyon düzəltdirdim. “C” hərfini anasına verdim. İndi həmin medalyon anasının boğazından asılıb.

Cabbarxanın şəkillərinə baxıram. Qardaşına və bacılarına çox mehriban olub. Əsgər getməzdən əvvəl onlarla şəhərə çıxıb şəkil də çəkdirib. Bir də ki, gitarada çalıb oxumağı da var imiş. “Ah… dəniz akşamları” mahnısını çox sevərmiş. Uca səsi olmasa da, zümzümə etməyi, bakılı uşaqlara məxsus, gitara çalmağı xoşlayarmış.


Əsgəri xidmətdə olanda həmin gitarasını da özü ilə aparıbmış… İndi həmin gitara da qara örtüyün içərisində susur… Onun necə qardaş olduğu barədə danışır qardaş və bacıları:

Böyük bacısı Yeganə:

– Qismət elə gətirdi ki, qardaşım əsgərlikdə olduğundan, 2016-cı ilin fevralında toyumda iştirak edə bilmədi. Mart ayında bayramda mən getdim yanına. Bakıdan Horadizə hər gün qatar gedir. Gecə qatara minib, səhər hərbi hissənin yaxınlığında düşdük. Mən təzə gəlin olduğumdan dəyişmişdim. Evdə olanda atam bizə saçımızı kəsməyə, kosmetika işlətməyə icazə vermirdi. Ona görə də toydan sonra qardaşım məni tanımadı. Heç mən də onu tanımadım. Qardaşımın boyu artmışdı, böyümüşdü.

Elə gözəlləşmişdi ki… Üzündə bir işıq var idi. Ayrılanda o qədər öpüb-qucaqladıq ki, bir-birimizi… ayrılanda biz oturan maşının arxasınca o qədər həsrətlə baxdı ki…Gözlərində bir həsrət qoyub gəldim… Onu heç vaxt elə qəmli görməmişdim.

Yaman çətin ayrıldı bizdən… Biz onun yanından qayıdandan bir neçə gün sonra telefonda məndən soruşdu ki, bacı məni nə vaxt dayı edəcəksən? Utana-utana dedim ki, olanda biləcəksən. Qayıdıb mənə dedi ki, sən ana olmaq xəbərini öz ad günündə, mayın 7-də eşidəcəksən. Ancaq mən sənin yanında olmayacağam. Uzaqlarda olacağam. Dedim harada olacaqsan, qardaş Türkiyəyə gedəcəksən? O hələ Türkiyəni görməmişdi. Fikirləşdim ki, oranı nəzərdə tutub. Dedi , hə Türkiyədə olacağam.

Qardaşım həlak olandan sonra, may ayının 7-də səhər gördüyüm yuxuya oyandım. Gördüm ki, qardaşım üzümdən öpür, məni qucaqlayır. Baxıram ki, böyür tərəfimdə üstümdə bir balaca uşaq gəzir. Çox qəribə yuxu idi. Yuxudan ayıldım, özümü pis hiss elədim. Məni həkimə apardılar. Və qardaşımın dediyi kimi, may ayının 7-də öz ad günümdə hamilə olduğumu bildim. Uşaq dünyaya gələndən sonra adını Zeynəb qoyduq. Çünki Cabbarxan deyirdi ki, ya Zeynəb adlı qızla evlənəcək, ya da bu adı öz qızına verəcək.

Əkiz bacıları Pərvanə və Fərqanə:

– Hər bacı üçün qardaşı şirin olur, doğma olur. Mənim üçün də Cabbarxan çox yaxın insan idi. Onu “Kanki” deyə çağırırdıq. Bizdən balaca olsa da, onu özümüzə böyük bilirdik. Çünki çox ağıllı və müdrik qardaş idi. Biz əkiz bacılar tikiş fabrikində işləyirik. Əsgər paltarları tikirik. Bir də görürdün iş vaxtı zəng vurub, işimizlə maraqlanır. Deyirdi ki, bacı, paltarları keyfiyyətli tikin ki, əsgərlərimiz burada üşüməsin. Qardaşım əsgərlikdə olanda elə bil ki, ürəyimin istisini verirdim paltarlara. Tikib , bitirdiyim papaqları, paltarları gözümün üstünə qoyub öpürdüm.

Fikirləşirdim ki, bunlardan hansısa qardaşıma qismət olacaq. Ondan gec zəng gələndə darıxardım. İndi isə elə hey zəng gözləyirəm… Bəzən yuxularıma gəlir, bəzən yanımda hiss edirəm, hərdən nəfəsini də duyuram… elə bilirəm ki, elə sağlığındakı kimi başımı tumarlayır…

– Aprelin 4-ü dərsdə idim. Baxdım ki, hamının diqqəti mənim üzərimdədir. Doluxub dayanmışdım. Birdən məni ağlamaq tutdu. Sonra bir neçə dəfə zabitlər gəlib məndən özümü necə hiss etdiyimi soruşdular. Şübhələndim. Soruşdum ki, qardaşıma nə olub, dedilər ki, yaralıdır. Sonra məni evə göndərdilər. Atam mənə ürək-dirək verdi. İçəri girəndə tabutu gördüm. Dünya başıma firlandı. Qardaşım hərbi xidmətdə olanda, onun hərbi hissəsinə getmişdim. Mənə binoklla, ermənilərin dayandığı əraziləri göstərib demişdi ki, biz buranı alacağıq, biz almasaq, sən alarsan.

Qardaş adama arxadır, o yanımda olanda özümü rahat hiss edirdim. İndi, tək-tənha qalmışam. Bilmirəm kimə güvənim, bir-birimizə güvənirdik. İkimiz birlikdə idmana gedirdik. Mən də Sərhəd xidmətinin xüsusi məktəbində oxuyuram. Kimya və fizika dərslərinə həvəsim daha böyükdür. Fənn olimpiadalarda qalib gəlmişəm. Gələcəkdə ya pilot, ya da kəşfiyyatçı olmaq istəyirəm. Vətənimizin səmalarını , sərhədlərini qorumaq istəyirəm.

Soyadı xanlardan, bəylərdən gələn Hacıağayevlər ailəsi kübarlıqlarını bu günə qədər qoruyub saxlayıblar. İlham Hacıağayev ali təhsilli mühəndisdir. Vətən müharibəsi veteranıdır. Varda-dövlətdə gözü olmayıb. İş elə gətirib ki, ailəsi böyüyəndən sonra, ata ocağını tərk edib, ata evi qardaşına qalıb. Özü isə ailəsi ilə bu günə qədər kirayələrdə yaşayır. İndi o bir şəhid ailəsinin başçısıdır. Azərbaycan prezidenti, Ali Baş komandan hər zaman şəhid ailələrinə xüsusi ehtiram göstərir, onların ailələrinin mərtəbələrinin daha yüksək, statuslarının daha önəmli olduğunu vurğulayır. Aprel şəhidləri haqqında isə daha vüqarla danışır. Onların qəhrəmanlığını öyür. Onlarla fəxr edir. Dövlət rəhbərinin fəxr etdiyi ailələr isə bəzən məsuliyyətsiz məmurlar, şəxslər tərəfindən unudulur, və ya onları layiq olduqları haqqları almaqlarına çətinlik yaradırlar. Gözləməyə vadar edirlər. Hacıağayevlər də kirayələrdə 7 nəfər ailə üzvü ilə ağır şəraitdə yaşayırlar. Yəqin ki, aprel ayında vətənimizə şərəf gətirən şəhidlərin ailələrinin problemini həll edənlər tapılacaq. Unutmayaq ki bizim hamımız canını Vətənə qurban verən şəhidlərə və onların ailələrinə borcluyuq. Şəhid anasını görəndə , şəhid atasını görəndə onların əlini öpmək, onlara baş əymək hər birimizin şərəf borcudur.

Müəllif: Aida EYVAZLI
Mənbə: Modern.az Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Meyiti tapılmadığı üçün paltarı dəfn edilən döyüşçümüz kimdir?
Ayağı Lələtəpədə dəfn olunan aprel şəhidi - Cabbarxan necə şəhid olub? -
“Anasının ildönümü günü baş daşı qoyuldu”- Şəhidin ürəkdağlayan həyat hekayəsi

İti xilas edərkən buzlu suya düşdü

18+

Bakıda dəhşətli qətlin videosu yayılıb (18+)
Döyüşlərdən  VİDEO YAYILDI
Yumurtanın  insana  bu ziyanı var imiş  - Həkimdən şok AÇIQLAMA
Bakıda DƏHŞƏT: Qızla dalaşan oğlan qazini öldürdü - ANBAAN VİDEO