Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1517
az

“Dedilər ki, öz helikopterinizi vurmusunuz” - Qarabağ döyüşçüsü

11:1708 May, 2018
3151
  • A
“Döyüş tarixi” ilə bağlı silsilə yazılarımız davam edir.
Bu dəfəki reportajımız Mustafayev Elbrusun döyüş yolundan bəhs edir.

Yenicag.az reportajı sizə təqdim edir:

Qısa arayış:
Mustafayev Elbrus Zülfüqar oğlu 1959-cu il, mayın 5-də Ağdam rayonu Xıdırlı kəndində dünyaya göz açıb. Atası Mustafayev Zülfüqar Qayıb oğlu  Azərbaycanın məşhur nefçilərindən olub və 1964-68-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı seçilib.
Atası “Siyəzən Neft Qazma İdarəsi”ndə çalışdığından Elbrusun uşaqlığı da bu rayonda keçib. Birinci-ikinci siniflərə Siyəzən şəhər 2 nömrəli orta məktəbində gedib.
1968-ci ildə doğma kəndi Xıdırlıya qayıdaraq kənd orta məktəbində 8-ci sinifə qədər təhsil alıb və sonra Bakıya gedərək kimya-biologiya təmayüllü 5 nömrəli internat məktəbində oxuyub. Əmək fəaliyyətinə 1976-cı ildə Xıdırlı kəndində, “İnqilab” sovxozunda fəhləliklə başlayıb. 1978-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Meyvə-Tərəvəz və Üzümçülük fakültəsinə qəbul olub. 1986-cı ildə oranı fərqlənmə diplomu ilə bitirərək alim-aqronom ixtisasına yiyələnib. 1978-80-cı illərdə Sovet ordusu sıralarında xidmət edib. Hərbi xidmətdən sonra 1981-84-cü illərdə isə doğma kəndində aqronom işləyib.
1985-ci ilin yazından 1991-ci ilə kimi Aqrar Sənaye İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsində əvvəlcə təlimatçı-müfəttiş, sonra da baş mühasib vəzifəsində çalışıb.
Elbrus 1988-ci ildən Xalq Hərəkatına qoşulub. 1991-ci ilin iyul ayında Qarabağda müharibə geniş vüsət alanda, kənd camaatının ümumi yığıncağında, könullülərdən yaradılan 50 nəfərlik hərbi dəstəyə komandir seçilib. 1 noyabr 1991-ci ildən Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin yaratdığı Ağdam Ərazi Özünümüdafiə Batalyonunda dəstə komandiri olaraq xidmət edib. 1992-ci ilin aprel ayında 836-cı alayın nəzdində Xıdırlı kəndində rota yaradılanda o, həmin rotaya komandir təyin olunub. 1992-ci ilin noyabr, dekabr aylarında 836-cı alayın komandir müavini vəzifəsinə təyin edilib. Alay dağıdıldıqdan sonra 1993-cü ilin yanvarından aprel ayının ortasına qədər 708-ci briqadanın nəzdində 2-ci batalyonun qərargah rəisinin müavini olub.

– 1988-ci ildə baş verən hadisələrin əsas mərkəzlərindən biri də Ağdam olub. O zamana qədər hansı işlər görülmüşdü?
– 1990-cı ilin 29 yanvar hadisələrindən sonra artıq his edirdik ki, müharibə olacaq. 1991-ci ilin yayına qədər hərə öz bildiyi kimi müharibəyə hazırlıq görürdü. Bundan danışmazdan əvvəl 1988-ci ildə baş verənləri nəql edim. 1988-ci ilin sentyabrın 18-də İrəvandan türkləri qovdular. Onların da böyük bir hissəsi Ağdama pənah gətirdi. Onlar Ağdama gələndə yenə o camaatı qarşılayan, sinəsini qabağa verən Həmkarlar Komitəsinin sədri Zeynal Məmmədov oldu. Bakıdan nümayəndələr gəldi. O zaman ədliyyə naziri Əlisafa Orucov idi. Əhmədavarda Əlisafa Orucovla Zeynal Məmmədov müzakirələr apardı və qaçqınları Qarabağa yerləşdirmək qərarına gəldilər. 600-dən çox adam – 137 ailə Xocalıda yerləşdirildi. 600 nəfərə yaxın adam Ergidə, 300 nəfər isə Kökəltmə birliyinə göndərildi. O insanlara pioner  adı ilə yemək, paltar verdik. Yadımdadır ki, bir “QAZ 53” ayaqqabı yardımı göndərmişdilər. Ağdam camaatı da yardımlar edirdi. Elə ailələr var idi ki, öz həyətində bir neçə qaçqın ailəsini saxlayırdı.

– O vaxt uşaq olsam da, yadıma gəlir, nənəmgil iki ailəni qəbul etmişdi…
– Camaatın qucaq açdığı ailələrin say-hesabını bilmirdik. Bütün insanlar bizə müraciət edirdi. Həmkarlar Komitəsi müharibə qərargahı kimi olmuşdu. 1990-cı il 20 yanvar hadisələri olan zaman Razimovski, Girenko və bir neçə nəfər Ağdama gəlmişdilər. İstəyirdilər ki, Ağdamda camaatı boğalar, çünki ən aktiv yer bura idi. Dağlıq Qarabağın ümidgahı Ağdam idi. Onlar İcra Hakimiyyətinə girib, bütün aktivləri də ora yığmışdılar. Zeynal Məmmədov idarəyə zəng eləyib dedi ki, “bala, evdə divanın yanında top kitab yığmışam, onları çatdırın mənə”. Gəldik, kitabları pəncərədən ona çatdırdıq. Ağdama gələn nümayəndələr aktiv insanların üstünə çığırıb, elə vəziyyət yaradıblar ki, sanki 37-ci ildəki kimi rayonun qaymaqlarını sürgünə göndərəcəklər. Zeynal Məmmədov həmin kitabları gətirib stolun üstünə qoyub, deyib, nə yekə-yekə danışırsınız, Balayanın “Ocaq” kitabı çıxandan mən sizə yazıram. O, təxribat törədəcək kitabları və özünün bu təxribatla bağlı vurduğu teleqramları onlara verib ki, bunlardan sizin xəbəriniz yoxdur? Həmçinin, nəyə görə neçə ildir vurduğu teleqramlara cavab verilmədiyini soruşub.  Bundan sonra Zeynal Məmmədov qapını açdırıb, içəridəki adamları çölə buraxdırıb.
Qaçqınlar yerləşdirildiyi vaxt Xəlil Rza Ulutürk Ağdama gəldi və Şuşada qaçqınların qarşısında çıxış edəndən sonra camaat necə ruhlanıbsa, erməniləri daş-qalaq ediblər. Zəng gəldi ki, Şuşada vəziyyət qarışıb. Şuşada Xaçaturyan adlı bir erməni vardı. Onun oğlu hansısa rayonda icra başçısı idi, oğluna zəng edib ki, Şuşada erməniləri döyürlər. O da Mərkəzi Komitəyə məlumat verib. Söhbət o qədər böyüyüb ki, Vəzirov Murtuzayevə zəng edib deyib, Ağdamda Zeynal kimdir, camaatı yığıb başına, onları yedirdir, qızışdırıb salıb ermənilərin canına. Xəlil müəllimi polislər Şuşadan Ağdama gətirdilər.
Zeynal Məmmədov əsəbləşdi, dedi, onu gətirin mənim yanıma, göndərəcəm Bakıya. Sumqayıt hadisələrindən sonra İrəvandan gələn qaçqınlar Bakıya, Sumqayıta getdilər.
Artıq getdikcə Ağdamda vəziyyət qəlizləşirdi. Müharibənin olacağını hamı başa düşürdü. Bir gün xəbər gəldi ki, kəndimizdə iclas olacaq. İclasda da Xuraman Abbasova ilə Həmzə Əliyev iştirak edəcək. Atama dedim ki, kənddə iclas olacaq, gedək görək nə məsələdir. Həmin vaxt Yaqub Rzayev 6 ay idi ki, Qarabağ şahinlərini yaratmışdı. Gəldik ki, kəndin camaatı akt zalına yığışıb. Xuraman Abbasova dedi ki, ermənilərlə sərhəd kəndlərimizdə özünü müdafiə dəstələri yaradılacaq. O dəstələrə bir komandir, iki müavin təyin edəcəyik. Biz də onları paltarla, silahla təmin edəcək və 300 manat maaş verəcəyik. Bu vədləri verib getdilər. Bizə dedilər ki, harada desəniz, orada zastava tikiləcək. Qasım Kərimova (Karyer Qasım) da təlimat verilib ki, kimə nə qədər daş lazımdır veriləcək. Camaat hamısı dedi ki, komandir Elburus olacaq.

– Və komandir oldunuz.

– Bəzi söz-söhbətlərdən sonra cammat dedi ki, komandir mən olum. Könüllü komandir olmamışam, bunu camaat istədi. Düzdür, hazırlaşırdım döyüşəcəm, ancaq bilmirdim ki, birdən- birə komandir olaram. İki ay Lənkərandan Gürcüstana qədər silah almağa başım qarşdı.
Eşitmişdim ki, Lənkaran uşaqları ruslarla döyüşüb, onlardan silah götürüblər.  Onlar da sağ olsun, silah verirdilər. Bizim kənddən ilk dəfə Həsən kişi var idi, onu öldürdülər. Bölüyümüz iyul ayında yaranmışdı, sentyabr ayının sonları, oktyabrda Şirin Mirzəyev Ağdamda batalyonu yaratdı. Uşaqları yığdım başıma, dedim: “Bu adi bir şey deyil, çox qan töküləcək, gəlin gedib qoşulaq orduya”. Razılaşdılar. Getdik, Şirin Mirzəyevə müraciət etdik. Mirzəyev dedi ki, sizdən yalnız  27 nəfəri – bir tağım kimi qəbul edə bilərəm.  Bunun mümkün olmadığını bildirdim. 50-55 nəfər var, heç kimi çıxara bilməyəcəyimi dedim. Son qərarı bu oldu ki, 33 nəfər götürəcək. Mərzili, Bağmanlar, Gülablı, Şıxbabalı, Şelli, Xıdırlı, Cinli, Əliağalı, Əlimədədli kəndlərində zastavalar yaratmışdılar. Bu zastavaların demək olar hamısı Şirin Mirzəyevin batalyonuna qoşuldu. 1991-ci il noyabr ayının 1-də orduya qəbul olduq. Noyabr ayının 27-28-i Dadaş Rzayev Ağdama silah gətirmişdi. Gecə Yunusla məni ora göndərdi. Oradan 95 ədəd avtomat götürüb, Qiyaslıya apardıq. Şirin Mirzəyev gəldi, mənə 5 avtomat təhvil verdi. Dekabr ayının 12-də gecə Yaqub Rzayev “ratsiya” ilə dedi ki, Xramurtu dağıdacağam. Şirin Mirzəyev bundan xəbər tutur, Əkbəri göndərdi ki, biz qoşulmayaq. Bunu ona görə deyirdi ki, hazırlanmamış bir əməliyyat olacaqdı. Şirin Mirzəyev elə şeyləri sevmirdi. Yaqubgil Xramurtu atəşə tutdu, biz də köməyə getdik. 33 nəfərə cəmi 5 avtomat, 600 güllə vermişdilər. Xramurta kor-koranə güllələr atdıq, sonra dedim, atmayın, gedim polisdən güllə alıb gəlim. Tapşırıq vermişdim ki, yerinizdən tərpənməyin. Polisdə  güllə almaq mümkün olmadı. Gəldim evə uzanmışdım ki, eşitdim atışma düşdü. Demək Yaqub Rzayev səhəri gözləyib, yenidən hücuma keçib. Evdən çıxırdım ki, bibimoğlu gəldi, ağlaya-ağlaya dedi ki, Elbrus şəhid olub. Gediblər, Xramurta çatanda onlara bir kisə güllə veriblər, uşaqlar baxıb ki, güllələr hamısı 7,62 millimetrlikdir, bizim avtomalar da 5,45-lik güllələr ata bilər. Elbrus özündə olan güllələrlə irəli gedib, güllə qurtarıb, ermənilər də onu vurub.

– 1992-ci il 1 yanvar tarixindəki əməliyyatdan danışın.

– Yanvarın 1-də gecə evə getdim. Gördüm ki, evdə yeməyə-içməyə heç nə olmayıb, bir yumurta, bir kartof mənə saxlayıb, yatıblar. Bayram payımı yedim (gülür). Səhər Ağdama gedəndə bizim yığışıb qalmış maaşlarımızı verdilər, pulu götürüb evə bazarlıq etdim. Gördüm Xramurt tərəfdə atışma gedir. Yola qaçdım, OMON-un uşaqları gedirdi, onların maşınına minib Qaraağacı qəbirstanlığının yanına çatanda gördüm ki, çoxlu sayda texnika var. Şəxsi maşınlar da çox idi. Şəxsi maşınlardan benzini çəkib, hərbi texnikalara tökürlər. Oradan gəldim qərargaha, soruşdum uşaqlar hanı, dedilər, Mərəkdə. Oradan da Xramurta getdiklərini söylədilər. Heç bir qərar olmadan getmişdilər. Açığı uşaqları başa düşürdüm. Xramurta ən yaxın kənd biz idik. Rayonda əli silah tutan hamı ora gedirdi. Bizim uşaqlar da getməsə düz gəlməzdi. Bizim kənddən bəlkə 100 nəfər getmişdi. Onların cəmi 5 silahı var idi. Gəldim Xramorta çatdım. Xramortun alt tərəfində təpə var idi, ermənilər orada səngər qazmışdı, bizim uşaqlar oraya yerləşmişdi. Bir də gördük Yaqub hücuma keçdi, biz də arxasınca. Üstümdə də silah yox idi. Küçədə qarşımıza bir erməni qadın çıxdı. Ona toxunmadıq. Kəndin içərisinə doğru hərəkət etdik. Kəndin yarısına qədər aldıq. Sonra baxdıq ki, kənddə heç kim qalmayıb. İki küçə irəliyə gedəndə gördüm iki nəfər var. Soruşdum kimsiniz, cavab gəlmədi.  Bildik ki, ermənidirlər.  Demək, xəbərimiz olmadan ermənilər bizi yarım mühasirəyə alıblar, oradan bir çətinliklə çıxdıq. Bu bizim ilk döyüşümüz oldu.
– Xocalı hadisəsi zamanı Ağdamda nələr baş verdi.
– İlk dəfə ermənilər Ağdamı fevral ayının 26-da “qrad”la vurdular. Biz Şirin Mirzəyevə tabe idik, ancaq onun tapşrıqlarını həyata keçirirdik. Xocalı hadisəsi olan zaman bizim uşaqlar Əsgəranı almışdılar. Orada mən olmamışam, qardaşım Camal olub. O, orduda deyildi, ancaq harada döyüş olurdu oraya gedirdi. Xocalı hadisəsindən sonra meyitlər daşındı, dəfn edildi. Mart ayının 3-ü bizə komanda gəldi, yollandıq Ağdamdakı Süleyman Sani küçəsinə. Dadaş Rzayev də orada idi. Ağdamdan yola düşüb getdik, yeni Qaralarda ordu dayandı. Şirin Mirzəyev komandirləri çağırdı. Dedilər ki, Qazançı kəndi 8 Azərbaycan kəndinin ortasındadır, orada 50-60 nəfər erməni var. Plan oradakı erməniləri əsir götürüb, xocalılarla dəyişmək idi. Yola düşüb getdik Qazançıya. Kəndə birinci kəşfiyyatla, biz girdik. Barat adlı bir əsgərimiz şəhid oldu, onu biz, Milli Qəhrəman Əlabbas İsgəndərovun meyitini də kəşfiyyat çıxardı. Mühasirəyə düşmüşdük, ermənilər meşədən qışqırırdı ki, təslim olun. Bizi Qobu xilas elədi. Yaralı və meyiti geri qoymadan Qobuya dolduq, oradan çıxdıq. Üstümüzə güllə yağış kimi yağırdı, ancaq necə olurdusa dəymirdi. Əməliyyat uğursuz oldu. Səhərisi gün yenidən hücum oldu, ancaq bu dəfə mənasız idi, çünki kənddəki ermənilər bələdçilərin əli ilə kənddən qaçmışdı. Getdim həmin yerə, fermada evin içinə qumbara atmışdım, bilirdim ki, orada bir neçə nəfər ölüb, uşaqlar dedi ki, 6 nəfər öldürmüşəm.

– İyun ayının 12-dəki əməliyyatda niyə iştirak etməmisiniz?

– İyun ayının 11-də bizə tapşırıq verilmişdi, yerinə yetirdik. Ancaq ayın 12-dəki əməliyyata bizim bölük qoşulmadı. Məşhur lətifədəki kimi, müharibə ediblər, bizə deməyiblər. Ancaq həmin əməliyyat çox uğurlu oldu. İyunun 12-də keçirilən hücum əməliyyatı müvəffəqiyyətlə başa çatdıqdan sonra Şirin Mirzəyev bizim bölüyə Yeni Qaralarda ehtiyatda qalmağı və Fərrux tərəfə nəzarət etməyi tapşırmışdı. Səhəri gün nahar eləməyə batalyona getdik və saat 4 radələrində geri qayıtdıq. Geri qayıdanda tank və bir qədər də canlı qüvvə gəldiyini gördük. Təzə tikilmiş binanın arxasında – KŞM-in arxasında – saqqallı bir oğlanın uzandığını və onun yanında əvvəllər görmədiyim bir silahın olduğunu gördüm. Yaxınlaşıb tanış oldum. Bakıdan olduğunu dedi. Hamı onu “Ağa” deyə çağırırdı. Soruşdum ki, bu nədir? Dedi, uçan obyektləri vurmaq üçün silah – “İqla”dır. “Bu silahı işlətməyi bizə də başa sal, bəlkə döyüşdə lazım oldu” deyə bildirdim. Ağa və köməkçisi silahdan istifadə etməyin yollarını bizə  öyrətdi.
Qəfildən iki helikopter peyda oldu. Bizim Kiçandakı pozisiyalarımızı vura-vura dağdan Xaçın çayına tərəf düşürdülər. Yolla Sırxavəndən bizə tərəf gələn maşınlarımıza divan tutdular. Çaya çatanda ermənilər meşədən piramida şəkilində atəş açdılar. Sən demə, bizim Vəng körpüsünə nəzarət edən 44 nəfər kəşfiyyatçımızın yerini biliblər. Özləri yaxın getməyiblər. İstəyiblər ki, helikopter onları qırsın. Ağanı axtardım, tapa bilmədim. Gördüm ki, köməkçi əlində “İqla” mənə tərəf qaçır. Aparatı hazırladı, elə bu zaman Ağa da özünü çatırdı, əmr elədim ki, helikopteri vur. Ağa “İqla” ilə helikopteri nişan aldı. Bir də gördüm Ağa atəş açdı və helikopterə dəydi. Helikoter çayın ortasına düşdü. O biri helikoter ərazidən uzaqlaşdı. Uşaqlar dedi ki, gedək helikopterdəkilərin üstündə tapança olacaq, onu götürək. Elə bu məqamda helikopter çayın içində partladı. “Ratsiya” ilə baş verənləri məruzə etmək üçün əlaqəyə çıxdım. Mirzəyevlə danışa bilmədim. Bu zaman briqadanı yığdım. Saata, dəqiqəyə baxıb, dedim, erməni helikopterini vurduq. Briqadadan söydülər ki, bəs o helikopter bizimki olub. Bu xəbərdən sonra Ağa ilə ayaq üstə öldük. Bayaqdan sevinən uşaqlar, hamının üstünə elə bil su səpilib. Gəldik, ikinci evin arxasında oturduq. Camaat da bizə düşmən gözü ilə baxırdı. Çox pis olmuşdum, həm iki zabit itirmək, həm helikopterin qiyməti. Bu ara helikopterin maşınların üstündə gələn yaraladığı əsgərlərimizi gətirdilər. Birdən alayın qərargah rəisi Sabir Abbasov Mirzəyevin maşınında gəldi. Maşını dəyişmişdilər, əvvəl elə bildim Şirin Mirzəyevdir, sonra gördüm gələn Sabirdir. Sabirin dili söz tutmurdu. Dedi, evimiz yıxıldı, sizə kim dedi, helikopteri vurun. Əsəbləşdim, “ratsiya” ilə Şirin Mirzəyevə yenidən yığdım. Mirzəyev cavab verdi, dedim, komandir, bizim pozisiyaları güllə-barana tutan vertolyotu vurdurdum. Briqadadan deyirlər ki, öz helikopterimizi vurdurmuşam. İlk dəfə idi onun ağzından söyüş eşidirdim. “Əcəb eləmisən. Bizim helikopter olsa ən azı mənim xəbərim olardı. O istiqamətə helikoter qaldırılacaq”. – dedi. Bir xeyli ürəkləndim. Yenidən briqadanı yığdım. Danışdığım adam dedi, siz orada nə vurmusunuz? Dedim, helikopter vurmuşuq. Bildirdi ki, biz səhv anlamışıq, bizim qırıcını Əsgərnada vurublar.  Uşaqlar yenidən atəşfəşanlığa başladılar. Ağa sevindiyindən pilləkəndən tullanıb bir maqazini Fərrux dağına tərəf atdı. Ağanın gözü heç nəyi görmürdü, güllə atırdı, pilləkəndən baxdım ki, 50 nəfər yaxın adam bizə tərəfə gəlir. Əvvəl elə bildim ki, ermənilərdi, sonradan gördüm Yavərin başçılıq etdiyi kəşfiyyatçılardı. Soruşdu, helikopteri kim vurdu? Dedim, biz. Ağa ilə məni qucaqlarına alıb, atıb tutdular.

– Bəs sonra hadisələr necə cərəyan etdi?

– Ayın 14-də Şirin Mirzəyev dedi ki, gedib ön postu təhvil alarsan. 100 nəfər meşənin içərisində düzüldük. Sonra Şirin Mirzəyevə sayımızın az olduğunu söylədim.  Axşam 60 nəfər gənc əsgər göndərdi.  Baş Güney deyilən yerdə posta əsgərləri düzdük.  İyulun 15-i səhər saat 8 olmamış sahəyə taxıl sahəsinə baxırdım, tala-tala laləlik var idi, qan gölünə oxşayırdı. Elə bu vaxt atışma başladı, lalədən olan qan gölü, oldu həqiqi qan gölü. Sol tərəfdə Xaçın çayının içərisində Sumqayıtdan gələn polisləri posta qoyublar. Onlar da səhər açılan kimi soyunub çaya çimməyə giriblər. Ermənilərdə bundan isifadə edib, hücuma keçib, qırdıqların qırıblar, digərləri də canını güc-bəla xilas edib. Sol cinah boşalar, ermənilər də soldan içəriyə doğru keçərlər. Allahyar Şirin Mirzəyevlə “ratsiya” əlaqəyə çıxdı,  18 yaralı olduğunu bildirdi.  Mirzəyev dedi ki, gör onları çıxarda bilirsənsə çıxart. Allahyar maşınla hərəkət edəndə ermənilər maşını vurdu, maşın gözümüzün qabağında yandı… Şirin Mirzəyev gəlib, komanda verdi ki, çıxmaq lazımdır. Çəkilməyə başladıq. Uşaqlara da tapşırdım ki, texnikaya minməsinlər. Özüm də yeriyə bilmirəm. Səhərə qədər yatmamışam, postları gəzmişdim. Qazançının başına çatanda “ratsiya” ilə danışanda eşitdim ki, briqadanın qızları  ağlayır. Təsəvvür edin, nə qədər adam qırılıb. Dedim, narahat olmasınlar, 557 sağ-salamatdır. Elə bil gözə gəldik. Qazançıya düşəndə dedilər ki, Şirin Mirzəyev səni çağırır. Bu anda Adil var, TQAÇ-ı sürürdü. Onu hədələdim ki, uşaqları texnikya mindirmə. Mən keçən kimi uşaqlar texnikaya miniblər. Uzağı 50 metr getmişdik ki, TQAÇ minaya düşdü. Uşaqlar çabalayır, çığırırdılar, adamın başının tükü biz-biz dururdu. Texnika aşmışdı. 7-8 nəfər adam TQAÇ-ın bir tərəfin qaldırdıq. Onları texnikanın altından çıxardıq. Uşaqların çoxu yaralanmışdı.Söhbətin bu yerində Elbrus yumuruğunu düyünləyir, xeyli susur, dərin nəfəs alır, ağlayır.
Yenidən söhbətə başlayırıq.  Yaralıların çoxunu QAZ 66-ya yığıdıq. Kimə dedimsə, heç kim maşını sürməyə yaxın gəlmədi. Özüm oturdum sükan arxasında. Bir qədər gəlmişdik ki, gördük, ermənilər yolu qazıblar ki, texnika oradan keçə bilməsin. 15 uşaq 3 dəqiqəyə ekskavatorun qazdığı çalanı torpaqla doldurdu. (ağlayır) İt yer eşən kimi uşaqlar əli ilə, ayağı ilə torpağı cırmaqlayıb çalanı doldurdu. Bütün kalon mənim arxamca gəlirdi. Əlağalıya çatanda gördüm kənd yanır. Maşını sürüb gətirdim Mahrızlıya. Yaralıların, şəhidlərin sayı hesabı yox idi.
  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xocalıdan GÖRÜNTÜLƏR: Dörd min hektar ərazidə proses başladı - VİDEO
Xankəndidə Dövlət Yol Polisinin əməkdaşları xidmətə başlayıb - FOTO
Xankəndiyə köç başlayır

Yaşadığı hadisədən sonra insanlardan ÜZ ÇEVİRDİ

18+

Bakıda dəhşətli qətlin videosu yayılıb (18+)
Döyüşlərdən  VİDEO YAYILDI
Dırnaq göbələklərinin ilk əlamətlərini bilmək vacibdir
Bakıda DƏHŞƏT: Qızla dalaşan oğlan qazini öldürdü - ANBAAN VİDEO