Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17149
az

Məşhur kinorejissorun İNTİHARI - Şövkət Ələkbərovanın əri özünü niyə güllələyib...

09:2526 Avqust, 2019
2080
  • A
 
Gecənin bağrını ov tüfəngindən sinəyə tuşlanan atəş yarır. Son anda gözləri qarşısında Şuşa və onun dar dolanbacları ilə qaçan, filmə çəkildiyi üçün ayağı yerə dəymədən qanadlanan yeddi yaşlı oğlan canlanır. Bu görüntü gözlərində filmin son kadrı kimi qalır və göz qapaqları qapanır. Ondan sonra nə olacaq, daha nə onun özünə, nə də başqa kimsəyə maraqlı idi. Altı yaşlı oğlu, xanımı, güllə səsini eşidib gələn qonşular nə deyəcək, kim necə olacaq, eyninə deyildi. Zatən, bütün bu yüklərdən özünü bir atəşlə xilas etmişdi.


Bəzən insan həyatın dolanbaclarında təntiyəndə düşünür ki, bəlkə həyatımı başqa cür qursaydım, məsələn, bu sənəti seçməsəydim, bu adamla evlənməsəydim, yaxud bu ölkədə yaşamasaydım hər şey başqa cür olardı… Özünü günahlandırırsan, amma heç düşünmürsən ki, harda, necə yaşamağından asılı olmayaraq hansı taleyi yaşamalı idinsə, onu da yaşayacaqsan. Hərdən düşünürsən ki, taleyini insanın xarakteri müəyyən edir, ağlına da gəlmir ki, xarakterin də sənin taleyinə düşəndir axı. Qəhrəmanım da 47 illik qısa ömründə dəfələrlə düşünmüşdü ki, bəlkə də o vaxt Şuşada kinematoqrafçılar qarşısına çıxıb onu kinoya çəkməsəydilər, hər şey başqa cür olardı. "Bəlkə həkim olardım, yaxud müəllim”-deyirdi. Sonra da özünə təskinlik verirdi: mən ona görə kinematoqrafiyaya vuruldum ki, o sənətdə hər sənətdən var, hər bir peşə adamının həyatını ekranda yarada bilərəm.


Ulduz uşaq

Lətif Səfərovdan danışırıq. Kinorejissor, indiki Kinematoqrafçılar İttifaqının yaradıcısı, ilk rəhbəri, onlarla sənədli, "Bəxtiyar”, "Qızmar günəş altında”, "Leyli və Məcnun” bədii filmlərinin rejissoru…


1920-ci ilin bir payız günündə Şuşada dünyaya göz açan Lətif Bəşir oğlu Səfərov taleyinin diktəsi ilə hələ yeddi yaşında ikən kinoda ilk addımlarını atmışdı.


"Azərbaycanfilm” "Tuncay” filmini Qarabağın dilbər guşəsi Şuşada ekranlaşdırırdı. Filmdə əsas rolu oynayacaq balacanı da Qala uşaqlarından seçmişdilər. Yüzlərlə uşağın içində balaca, çəlimsiz, iri qara gözləri olan Lətifə üstünlük verdilər. Çəlimsiz olsa da iri iti, diri baxışlar, çeviklik kinematoqrafçıları cəlb etmişdi. Onun kinoya hədsiz marağı da qeyd edilməlidir. Uşağın kinonu ən xırda detallarına qədər öyrənmək marağı onun oynayacağı rolun da öhdəsindən gələcəyini xəbər verirdi.


Film "Gilan qızı” adıyla ekranlara çıxandan sonra bu balaca oğlanı artıq Azərbaycanda hamı tanıyır. Şuşa camaatı ona yer adamı kimi baxmır, məktəbdə müəllimlər, sinif yoldaşları onu az qala əllərinin içində göylərə qaldırıb gəzdirirlər.


{banner_reklam}


Sonradan o bu illəri xatırlayıb yazırdı: "7 yaşım var idi. "Gilan qızı” filminin bir sıra natura obyektlərini çəkmək üçün Şuşaya gəlmiş Azərbaycan kinematoqrafiyası işçilərini dağın zirvəsində yerləşən şəhərin nağılvarı mənzərəsi heyran etmişdi… Hər şey elə bundan başlandı… Əgər onlar mənim şəhərimə gəlməsəydilər, bəlkə də həyatım başqa cür qurulardı. Əgər mən həkim olsaydım insanları müalicə edərdim, müəllim olsaydım insanlara bilik öyrədərdim…
10-cu sinfi bitirmiş gənci maraqlandıra biləcək çoxlu ixtisas saymaq olar. Mənim qismətimə kinematoqraf düşdü. Burada mən özümü bütün ixtisaslara yiyələnmiş kimi hiss edirəm. Mən bütün peşələrdən olan adamlara xidmət edirəm. Bunu nə qədər çox dərk etdikcə, özümdə daha artıq məsuliyyət hiss edirəm…”


Taleyin işinə bax ki, yeddi yaşında uşağın həyat yolu müəyyən olunur. O, özünü kinematoqrafiyadan ayrı təsəvvür belə edə bilmir.


Atası Bəşir dövrünün oxumuş ziyalılarından idi. Vəzifə sahibi olmuşdu. Elə vəzifədə olması da onunla həyat yoldaşı, yəni Lətifin anası Maya arasında uçurum yaradırdı. Ona görə də ata onu və balaca bacısını anasının himayəsində qoyub özünə "layiq” bir xanımla ailə qurmuşdu. Dörd yaşında ikən artıq ata üzünə həsrət qalan Lətifin qarşısında indi onu və ailəsini bütün çətinliklərdən qurtara biləcək bir yol açılırdı. Anası isə oğlunu gözündən uzağa qoymağa ürək eləmirdi. Bəlkə ana ürəyi duymuşdu ki, oğlunu qarşıda hamar, rahat yol gözləmir. Bəlkə onun vaxtsız faciəli ölümünü də ana ürəyi fəhm edərdi, amma hələlik gözlərini oğlunun ilk, cəlbedici uğuru qamaşdırırdı.


Çəkildiyi ilk filmin rejissoru Leo Mur, operatoru İvan Frolov, görkəmli aktyor Sidqi Ruhulla ondan əl çəkmək fikrində deyildilər. Nəhayət, onu özləriylə Bakıya aparmaq üçün anası Mayanı yarıxoş, yarızor razı saldılar.


Tez bir zamanda balaca Lətif rejissor Mikayıl Mikayılovun qayğıkeşliyi sayəsində kinostudiyanın aktyor ştatına işə götürüldü. Lətif günün birinci yarısını internat məktəbdə oxuyur, dərslərini qurtaran kimi işə tələsirdi. Studiyada çalışanlar balaca aktyora məhəbbətlə, nəvazişlə yanaşırdı. Uşaq heç gözləmədiyi ulduz həyatı yaşayırdı.


1928-ci ildə "Sevil” filminin çəkilişi başlayanda Gündüz roluna aktyor axtarmağa ehtiyac olmadı. Cəfər Cabbarlının tövsiyəsi ilə bu iş Lətifə həvalə edildi. Ağasadıq Gəraybəyli, Mustafa Mərdanov kimi aktyorlarla bir sırada kamera qarşısında dayanmaq həm məsuliyyət, həm də şərəf idi.


Ardınca Mikayıl Mikayılov "Lətif” filmində onu baş rola çəkir. Lətif "Lətif”lə daha da məşhurlaşdı.

İlk məyusluqdan doğan stress


Artıq yeniyetməlikdən gəncliyə addım atmaqda olan Lətifin həyatında bu uğurdan sonra uğursuz qara zolaq başlayır. Balaca yaşında zirvəyə qədəm qoyan oğlan birdən-birə ordan aşağı yuvarlanmağa başlayır. Nədənsə daha onu filmə çəkmirlər, uşaq rollarını artıq başqa uşaqlar oynayır, onu öz yaşına uyğun rolda heç kim görmür, diqqətdən tamam kənarda qalır.


Növbəti iki film – "Şərqə yol” və "Qızıl kol” zəif alınır. Lətif stressdən ağır xəstələnir. Səhhətiylə əlaqədar ona işləməyi qadağan edirlər. Təhsilinə də fasilə vermək məcburiyyətində qalır. Balaca aktyor ruhi-mənəvi sarsıntı keçirir. Bir-birinin dalınca gələn uğursuzluqlardan aldığı zərbələr xeyli vaxt ona baş qaldırmağa imkan vermir. Zərbə ardınca zərbə gəlir.


Bu vaxt ərzində anası bir nəfərə ərə gedir və qızını da götürüb Bərdəyə köçür. Lətif bir müddət anasının yanında yaşayır. 1935-ci ildə yenidən Bakıya dönür. İş yerinə qayıdır, təhsilini davam etdirir, amma yenə onu filmə çəkmirlər.


Nəhayət, qərar verir ki, çəkilməsə də kinodan ayrılmasın, kamera qarşısında deyil, arxasında olsa da kinoda çalışacaq. Lətif rejissor köməkçisi və assistenti, aktyor kimi yenicə fəaliyyətə başlayan dublyaj şöbəsində "Çapayev”, "Lenin oktyabrda”, "Biz Kronştatdanıq”, "Lenin 1918-ci ildə” və başqa məşhur sovet filmlərinin səsləndirilməsində iştirak edir, böyük məktəb keçir. Azərbaycan kinematoqrafiyasının formalaşmasında və inkişafında əməyi olan insanlarla – Səməd Mərdanov, Rza Təhmasib, Əlisəttar Atakişiyev, Sidqi Ruhulla, Rza Əfqanlı, Mustafa Mərdanov, Ələsgər Ələkbərov və başqalarıyla çiyin-çiyinə çalışmaq ona çox şey öyrədir. Lətif yavaş-yavaş rejissor sənətinə meylləndiyini duyur.
16 yaşında komsomol sıralarına keçdikdən sonra, imtahan verib Gəncə Pedaqoji Texnikumunun qiyabi şöbəsinə qəbul olunsa da, gələcəkdə taleyini müəllimliyə bağlamayacağını bilirdi.


"Xalq düşməni”nin atasız oğlu


Belə bir vaxtda atası Bəşir repressiya qurbanı olur. Ona əksinqilabçı damğası yapışdırırlar. İndi Lətif ona atalıq etməmiş adama görə də zərbələrə dözməli idi, "xalq düşməni”nin oğluydu axı.


Bu barədə özü yazmışdı: "…Mən xalq düşməninin oğlu olanda cibimdə pasportum yox idi. Müstəqil həyatımı küçədən başladım. Onda yay kostyumunda idim, cibimdə də 10 qəpik pulum vardı. Allaha şükür ki, yay idi, hələ gecələr bulvarımız isti, amma skamyalar gündüzkü kimi bərk olurdu…”.
Atası sürgündən sağ qayıdır. Görüşürlər. Bu təsirli səhnə Lətifin xatirələrindən yan keçməyib: "…Mənə bu yaxınlarda atamı görmək xoşbəxtliyi nəsib oldu. Bədbəxtlikdən o da uzun sürmədi… O, vəfat etdi…”


1939-cu ildə texnikumu fərqlənmə diplomuyla bitirdi. Arzusu Moskvada Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində oxumaq idi. 1940-cı ildə göndərişlə Moskvada ali məktəbə qəbul olundu. Bundan böyük xoşbəxtlik yox idi onun üçün, nə yazıq ki, bir il sonra müharibə başladı. Bir gün onu da cəbhəyə apardılar, amma orduya yaramadı, tərxis elədilər. Müharibə dövründə heç sevmədiyi işlə məşğul oldu - mülki tədris şöbəsində hərbi inspektor kimi çalışmaqla yaşayırdı.


Qələbədən sonra təhsilini davam etdirmək üçün yenidən Moskvaya yola düşür. Yenidən tələbəlik illərinin sevinci, üstəlik sevgi hissləri onu çuğlayır. Deyəsən, ağ zolağa çıxıb daha. Kurs yoldaşı, sevdiyi Faina Nikolayevna ilə evlənir. Bir oğlu, bir qızı olur.


Diplom işi - "Yeni həyat qurucuları” adlı sənədli filminə görə "əla” qiymət alır.


Qriqori Kozintsevin emalatxanasında təhsilini uğurla bitirib, diplom və müəlliminin verdiyi daşdan keçən xasiyyətnamə ilə vətənə dönür. Xanımı və iki övladı da onunla birgə. Gənc rejissora yaşamaq üçün kinostudiyanın həyətində kiçik bir otaq verirlər.


Gənc, həvəsli, işi ilə xarüqələr yaradacağına inanan rejissor bir-birinin ardınca "Gənc leninçilər”, "Azərbaycan sərhədçiləri”, "Quba bağlarında” sənədli filmləri, "Ordenli Azərbaycan” və "Gənc nəsil” kinojurnalları, Moskvadakı mərkəzi xronika studiyası üçün süjetlər çəkir. İşinə o qədər aludə olur ki, ağ ciyərindəki problemi də unudur, ailəsini də.


O, yaradıcı həmkarlarını bir yaradıcı təşkilatda birləşdirməkdə ikən, xanımı uşaqlarını da götürüb Lətif Səfərovu tərk edir.


Lətif Səfərov da deyəsən, onun yaradıcı həyatına duruş gətirməyən xanımının dığdığından bezmişdi, odur ki, onu saxlamağa çalışmadı, yalnız uşaqlara atalıq edəcəyinə onu əmin etmək istədi, qadının cavabı isə qəti oldu: "Hər şey bitdi, sən də bizim üçün bitdin, heç nəyini istəmirik”.


Rejissor isə növbəti yaradıcılıq işi üçün, "Hacı Qara” filmini çəkmək üçün çarpışırdı.


İllər bir-birini əvəz edir. Bir gün nəhayət, "Bəxtiyar” bədii filmini çəkir. Sonra daha iki bədii film. Həmin günlərdə çox tanınmış müğənni Şövkət Ələkbərova ilə rastlaşır. Musiqini gözəl bilməsi və sevməsi Şövkəti ona sevdirir. Evlənirlər… Xoşbəxt idilər, bir oğul övladları dünyaya gəlmişdi, Lətif ona atasının adını vermişdi – Bəşir.


"Paraya dəymə, diriyə dəymə” prinsipi


1958-ci ildə Lətif Səfərov əsasını qoyduğu Kino İşçiləri İttifaqının sədri seçilir, Ümumittifaq Kinofestivalının üzvlüyünə də layiq bilinir. İlk baxışdan bunlar yüksəlişdir, deməli həm də ayaqdan çəkənlərin, problem yaradanların da sayı artır.


Zaman gəlir ki, Lətif Səfərov öz yaratdığı Kinemotoqrafçılar İttifaqında arzuolunmaz insana çevrilir. Tələbkardır, peşəkardır, beləsini sevmirlər. Yeganə ümid yeri Moskvadakı müəllimidir. Tez-tez Q. Kozintsevlə məktublaşır, Bakıdakı mühitdən, problemlərindən söz açır. Bəlkə də, onu intiharının da əsas səbəblərini bu məktublarda tapmaq olar. Müəlliminə mühitin onu hər tərəfdən məngənə kimi sıxdığından söhbət açır. Deyir ki, film çəkməyə imkan vermirlər, tənqidi heç kim qəbul etmir. Düz söz deyənə kino verməməklə "gözünü çıxardırlar”. Üstəlik ətrafdakı yaradıcı insanları sənin əleyhinə çıxardırlar ki, guya sən onlara işləməyə imkan vermirsən. Onların mənafeyi üçün çalışdığın halda onların əli ilə vurulursan və bunu isbat edə bilmirsən.


"Leyli və Məcnun” filminin çəkilişləri onun əsəbləri bahasına başa gəlir. "Onu çəkmə, bunu çək”, "belə çəkmə, elə çək”, "bu sözü çıxart, bu sözü daxil elə” ilə rejissor necə film çəkə bilərdisə elə də çəkmişdi. Ancaq Mərkəzi Komitə onların özlərinin "paraya dəymə, diriyə dəymə” prinsipi ilə ərsəyə gətirdiyi filmə görə Lətifə töhmət verdilər – şifahi, kollektiv içində.


Və qəribə bir tendensiya yaradılır, axı o kino ittifaqa rəhbərlik edir, xoşagəlməz nə varsa günahkarı da odur.


SSRİ Kinemotoqrafçılar İttifaqının qurultayına da belə namizədi göndərmək olmaz. Yaradıcı insanın əlində isə çəkəcəyi filmin ssenarisi var. Gəl bu qədər təzyiqlə çək bu filmi. Sonra da ittifaqın sədrliyindən uzaqlaşdırılması daha bir zərbə olur ona. Üstəlik də get-gedə güclənən xəstəlik, qızdırma, ölüm-dirim mübarizəsi.


Onu incidən itirdiyi vəzifə deyil, bir vaxt həmkar saydığı, böhtan atan, karyeraya həris adamların xəyanətkarlığıdı. Baş mühasib Poqosovanın qəfil məktubu yaxın keçmişəcən sədr işləyən rejissorun ittifaqdan borc, ezamiyyə və kredit məqsədiylə götürdüyü 873,15 manat pulun qısa vaxtda qaytarılmasının vacibliyi haqdaydı.


Bakıdakı yaxınlarından borc almağa utanan Lətif Bərdəyə yollanır. Bacısı onu vəziyyətdən çıxmağa kömək edir, ondan götürdüyü pulla ittifaqdan canını qurtarır.


Həsən Seyidbəylinin "Möcüzələr adası” ssenarisi təklif olunur, götürür. Üzərində işləyib düzəldəcəyinə ümid edir. Tam çəkilişə başlama ərəfəsində operator Rasim Ocaqov çəkilişdən imtina edir.


Lətif davam etməyə çalışır. Amma daha gücü, taqəti qalmır. Xəstəlik canını yeyir, yaşamaq əzaba, işgəncəyə çevrilir.


Dekabrdır, hava da insanlar kimi soyuyub. Lətif Səfərov hamıdan gizli bir qərar verib. Həmkarı ilə öz evində yaradıcılıq planları qurur, ssenari üzərində işləyirlər, guya sabah işə başlayacaqlar. Onu yola salır, hamama girib yuyunur. Sonra bir-bir yataq otaqlarını gəzib xanımı Şövkətlə, oğlu Bəşirlə vidalaşır, xəyalən onlardan üzr istəyir. Gecə saat ikini keçir. Son ssenarisini vərəqləyir, "Azərbaycan möcüzəsi” çəkəcəkdi. Vərəqlədikcə son olaylar gəlib vərəqlərə tökülür, elə bil həyatını vərəqləyir. Atasızlıq, anasızlıq, yad şəhər, ulduz həyatı və unudulmaq. Sonra dişinlə-dırnağınla azacıq qazanılmış uğur və ardınca yenə uğursuzluqlar. Üzünə gülüb arxadan zərbə vuranlar, ayaq altı qazanlar, sənin istedadını, bacarığını özünə təhlükə kimi görənlər. Maddi imkansızlıq, borclar. Bir tərəfdə də ailə, uşaq qayğıları. Məşhur xanımın əri olmaq da asan deyil. Xəstəlik isə boğaza dirənib. Ov tüfəngini sinəsinə dirəyib tətiyi çəkir.


Son anda gözləri qarşısında Şuşa və onun dar dolanbacları ilə qaçan, filmə çəkildiyi üçün ayağı yerə dəymədən qanadlanıb göylərə qalxan yeddi yaşlı oğlan canlanır. Gözlərində bu görüntü filmin son kadrı kimi qalır və göz qapaqları qapanır. Ondan sonra nə olacaq, daha nə onun özünə, nə də başqa kimsəyə maraqlı idi. Altı yaşlı oğlu, xanımı, güllə səsini eşidib tökülüşən qonşular nə deyəcək, kim necə olacaq, onun eyninə belə deyildi. Zatən, bütün bu yüklərdən özünü bir ov tüfənginin atəşi ilə xilas etmişdi.


P.S. Bu yazıda Nəriman Əbdülrəhmanlı və Aydın Kazımzadənin kitablarından, Dövlət Film Fondundan bəhrələndiyim üçün onlara təşəkkür.

Modern.az


{banner_reklam1} Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“WhatsApp“ı kompüterdə işlədənlər diqqət: Təhlükə var
Prezidentin iştirak etdiyi tədbirdə dəhşət: Atın belindən yıxılan jokerin ayağı sındı
Rəqqasədən biabırçı paylaşım: Elə bildim yubkam düşüb

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Usta öldü