Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
217
az

“Sosial yardımın təyin olunmağına insan müdaxiləsi mümkünsüzdür” - Nazirlik

18:4203 Aprel, 2018
1749
  • A
 Artıq iki ildən çoxdur ki, ölkəmizdə ünvanlı dövlət sosial yardımı mexanizmi avtomatlaşdırılmış sistem (Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi) üzərində fəaliyyət göstərir. Ötən müddətdə bu elektron sistem dövlət sosial yardımı sahəsində məmur-vətəndaş kontaktları, ümumən insan faktorunun iştirakı mümkün olmayan, şəffaf, eyni zamanda vətəndaşların istifadəsi üçün sadələşdirilmiş bir sistemin formalaşmasına imkan verməklə, gözlənilən səviyyədə özünü doğruldub”.

Bunu “Oxu24.com”a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.

E.Babayev bildirib ki, hər hansı vətəndaş təmsil etdiyi ailənin sosial yardım almaq hüququna baxılması üçün heç bir məmura müraciət etmədən və sənəd təqdim olunmadan, yalnız elektron qaydada müraciət edir:

“Müraciətlərə avtomatik şəraitdə 20-dən çox qurumun informasiya ehtiyatlarına inteqrasiya əsasında sistem tərəfindən baxılaraq, yardım təyin olunub-olunmaması barədə elektron qərar qəbul edilir. Yardımın təyin olunub-olunmaması barədə vətəndaşların məlumatlandırılması da elektron qaydada aparılır. Göründüyü kimi, bu prosesdə hər hansı insan müdaxiləsi, kənar təsir mümkün deyil, yardımın təyin olunması, yaxud bundan imtina edilməsi birbaşa elektron sistem tərəfindən həyata keçirilir.

Bununla belə, təəssüf ki, bəzi hallarda ayrı-ayrı vətəndaşlarımızın onların ailələrinə sosial yardım təyin etdirmək vədi ilə onları aldatmağa çalışan dələduzlarla qarşılaşmaları faktlarına da rast gəlinir. Bu günlərdə Xaçmaz rayon sakini Kavazova Günel Müzəffər qızı da ƏƏSMN-ə müraciətində 01.03.2018-ci il tarixdən onun ailəsinə elektron sistem tərəfindən təyin edilmiş 186.29 manat məbləğində ünvanlı dövlət sosial yardımının qarşılığı kimi ondan pul tələb edildiyini bildirib. Araşdırma aparılarkən G.Kavazovanın ailəsinə sosial yardımın alınması üçün zəruri məlumatların Xaçmaz şəhərindəki “komputer mərkəzinin” İlkin adlı işçisi tərəfindən elektron sistemə 30 manat qarşılığında daxil edildiyi və həmin şəxsin guya G.Kavazovanın ailəsinə sosial yardım təyin etdirəcəyini bildirərək, təyin olunacaq sosial yardımın 3 aylıq məbləğini G.Kavazovadan tələb etdiyi müəyyən olunub.

Halbuki G.Kavazovanın ailəsinə sosial yardımın təyin olunması birbaşa avtomatlaşdırılmış sistem tərəfindən həyata keçirilib və burada insan faktoru iştirak etməyib. Sadəcə olaraq, həmin İlkin adlı şəxs G.Kavazovanın ailəsi ilə bağlı sistemə daxil etdiyi məlumatlardan ailəyə sistem tərəfindən sosial yardım təyin olunacağını ehtimal edib və guya məhz onun müdaxiləsi nəticəsində ailəyə yardım təyin olunacağını deyərək G.Kavazovanı aldatmaqla ondan pul qoparmaq qərarına gəlib. Bu cinayət əməli ilə bağlı hüquqi ölçü götürülməsi üçün aidyyəti üzrə müraciət edilib”.

Nazirlik rəsmisi vurğulayıb ki, qeyd olunanları nəzərə alaraq, vətəndaşlara bu və ya digər şəxsin guya hər hansı ailəyə sosial yardım təyin etdirə bilməsi, yaxud onun köməkliyi ilə sosial yardım üçün elektron müraciət ediləcəyi halda sosial yardım təyin olunacağı vədinə aldanmamağı tövsiyə edirik:

“Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, sosial yardımın təyin olunub-olunmaması barədə qərar yalnız avtomatlaşdırılmış sistem tərəfindən qəbul olunur və kimliyindən asılı olmayaraq, hər hansı insan müdaxiləsi ilə bu qərarın verilməsinə təsir etmək mümkünsüzdür. Eyni zamanda, hansısa vətəndaş ailəsinə sosial yardımın alınması üçün elektron formada müraciət etməkdə çətinlik çəkirsə, elektron qaydada müraciətin edilməsi ilə bağlı ətraflı izahat almaq üçün ƏƏSMN-nin 142 və 190- Çağrı mərkəzlərinə də müraciət edə bilər”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Heydər Əliyev Sarayına yeni direktor müavini təyin olunub
Azərbaycanda bu avtomobillərin taksi kimi fəaliyyətinə QADAĞA QOYULACAQ
Azərbaycanda ağırçəkili şəxs xəstəxanaya çatdırıldı - VİDEO

Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Təcili tibbi yardım əməkdaşlarına xəsarət yetirən şəxsə hökm oxundu