Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
584
az

Ərim siqareti bədənimdə söndürürdü, atam isə elə bir şey etdi ki... - 21 yaşlı PƏRİNİN DƏHŞƏTİ

16:4813 Aprel, 2018
2859
  • A
 

Bu gün dünyada zorakılığa məruz qalmış, döyülmüş, söyülmüş, tərk edilmiş, ölümə buraxılmış milyonlarla qadın var. Bütün dünya ölkələrində olduğu kimi təəssüf ki, Azərbaycanda da zorakılığa məruz qalan xanımlarla rastlaşırıq. Zorakılıq edən canlının cinsi, dini, irqi olmur. Lakin qadınlara qarşı istər fiziki, istərsə də psixoloji şiddət hər zaman daha çox olub. Bəzən elə düşünənlər olur ki, qadınlar bu şiddətə layiqdirlər. Hətta bu barədə kristallaşmış deyimlər də var: “Allah bilir nə edib ki, əri döyüb, öldürür”, “Yaxşı at özünə qamçı vurdurmaz”, “Qadın xeylağı nədir, kişiyə cavab qaytarmaq nədir?” və s. Bəs həmin qadınların döyülməsi, söyülməsi, bətnlərində övladları ilə küçəyə atılması necə? Yaxşıdırmı?.. Bütün bu qınaqlar qadınlarda sanki “hər şeyə dözək, göz yumaq, nə vaxt ölərik, onda da canımız qurtular…” düşüncəsi yaradıb. Ailədə şiddətə məruz qalıb, qan qusub səsini çıxartmayan “n” qədər qadın var dünyada. Bəlkə də həyat yoldaşları və ya valideynlərindən asılı olduqları üçün. Ona görə də, qadın gərək ailə qurmağı qurtuluş kimi görməsin. Qadın gərək öz ayaqları üzərində durmağı bacarsın. Hər bir qadın bunu əvvəlcə özü, daha sonra isə dünyaya gətirəcəyi körpəsi üçün etməlidir.

***

“Düşünürdüm ki, məktəbi bitirib universitetə daxil olacam. Dünyanın ən tanınan həkimlərindən biri olacam. Məni sevən, hörmət edən bir insanla ailə qurub, dünyanın ən xoşbəxt qadını olacam. Amma təəssüf ki, bu həyatda istənilməyən övlad, sevilməyən, bədbəxt qadın, savadsız və tənha ana oldum… Ən dəhşətlisi isə bu həyatı mənə atam yaşatdı…”


Publika.az-ın bu dəfəki həmsöhbəti əcnəbidir. Acı həyat hekayəsi onu Azərbaycana qədər sürükləyib gətirib. Pəri Həsənova (ad şərtidir) deyir ki, anası 7 aylıq hamilə olanda atası öz ölkəsini tərk edərək, könüllü şəkildə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib. Anası isə sevgisi naminə hər şeyindən keçib və atasının yolunu gözləyib:

“Mən hələ anamın bətnində olanda atam Azərbaycana gəlmişdi. Anam danışırdı ki, atam qızı olacağını bilmirdi, elə bilirdi oğlu olacaq. Gedəndə də anama deyib ki, uşaqdan müğayat ol. Mən atamı 8 il sonra görmüşəm. Sonra anamla atam boşandıqdan sonra atamdan xəbər ala bilmədik. Bilirdik ki, Azərbaycandadı. Amma nə zəng edirdi, nə də xəbər göndərirdi. Uzun illər sonra bildik ki, Azərbaycanda bir qadınla ailə qurub. Mən nənəmgildə anamla birgə yaşayırdım. Elə oldu ki, atam Azərbaycandakı ailəsini də götürüb qayıtdı vətənə. Anamı evdən qovdular. Məni anama vermədilər. Elə deyirdik ki, şükür, hər şey yavaş-yavaş qaydasına düşür, bu dəfə də atam o ailəsini atıb, qaçdı İrana. Ondan yenə heç bir xəbər ala bilmədik. 11 yaşım olanda atam bibimə zəng edib dedi ki, məni də götürüb gəlsinlər Azərbaycana. Bibim ailəsi ilə məni götürüb gəldi Bakıya, atamın yaşadığı yerə. Elə dərdli günlərim də ondan sonra başladı…”

“Atam məni 13 yaşımda 30 yaşlı narkoman bibim oğluna ərə verdi…”

Pəri mənimlə danışanda gözü kənarda gəzən, oynayan qızlarda idi. Bir anlıq o uşaqlara baxanda fərqinə vardım ki, qızların aşağı-yuxarı 12-13 yaşları olardı. Pəri isə bu yaşda hüquqları tapdanmış, uşaqlığı əlindən alınmış azyaşlı “gəlin” idi. Nə hisslər keçirdiyini nə o izah edə bildi, nə də mən sətirlərə düzə bildim. Fikrini toplayıb belə davam etdi:

“Atam 12 yaşımda məni zorla bibim oğluna nişanladı. Bir il sonra da evləndirib göndərdi öz vətənimizə. Bibim oğlu uşaq yaşlarından anasından ayrı, İranda böyümüşdü. Heç öz anası da bilmirdi ki, oğlu narkomandır. Hər gün narkotik çəkirdi, özündə olmurdu. Mən də başa düşmürdüm ki, özünü niyə belə halsız aparır. Toydan 2 ay sonra başa düşdüm ki, bütün qazancını narkotik vasitələrə verirmiş. Məni elə döyürdü ki, günlərlə ağrıdan sızıldıyırdım. O təhqir qalmırdı ki, mənə deməsin. Mənə deyirdi sən əxlaqsızsan. Evə gəlirdi, məcbur edirdi ki, etmədiyim sözləri, hərəkətləri boynuma alım. Məni həbsdə saxlayırdı. Heç kimlə danışmağa imkan vermirdi. Nə ailəmlə, nə öz bacı-qardaşları ilə. Hamilə idim, səhərdən axşama tək qalırdım, qorxurdum ki, başıma bir iş gələcək, səsimi də eşidən olmayacaq”.

Pəri danışdıqca köynəyinin qollarını barmaqlarının ucuna qədər çəkirdi. Hava soyuq deyildi, ola bilməzdi ki, üşüsün. Onun bu hərəkəti diqqətimi çəkirdi. Ağlıma başqa fikirlər gəlirdi, amma sonra yaşını nəzərə alıb öz-özümə "ola bilməz" deyirdim. Qollarına baxdığımı görüb, yenidən başına gələnləri qaldığı yerdən danışmağa başladı:

“Mətbəxdə yemək hazırladığım zaman gəlib dava salırdı ki, bu yeməyi bişirmə. Təzədən başqa yemək elə. Hər şeyi problem edirdi. Bibim də bütün bunları görürdü, amma heç nə etmirdi. Qaynımın biri azərbaycanlı xanımla evlənmişdi. Bibimə deyirdi ki, gəlin Azərbaycana, burda şərait yaxşıdı. İş-güc qurub, qalarsız burada. Elə oldu ki, bibim, oğlanları, mən, uşaqlarım gəldik bura. Yol pulunu düzəltməyə imkanımız çatmamışdı deyə, evi banka qoyub pul götürmüşdülər. Hava limanına enəndə bizi atam qarşıladı. Amma məni onunla getməyə qoymadılar. Qaynım israr elədi ki, qoyun getsin, atası ilə görüşsün. Birinci gün atamgildə qaldım. Sonra qaynım gəldi, məni apardı. Qayınatam, qayınanam, o biri qayınlarım, baldızım, hamımız Azərbaycandakı qaynımın evində qaldıq. Axşam yeməyindən sonra qayınatam dedi ki, su gətir, ayaqlarımı yuyum…”

Danışdığı yerdə birdən susdu. Elə bildim, halı pisləşdi. Sonra hönkürərək ağlamağa başladı... Pərinin hekayəyə necə davam edəcəyi məni qorxudurdu. Heç bilmirim davam edim, yoxsa yekunlaşdırım.

"Mənə elə bir iftira atdılar ki..."

Danışdıqca ağlayır, peşmançılıqlarını dilə gətirirdi. Bu ədalətsiz həyatı uduzduğunu deyirdi:

 
“Mən qayınatamın ayağını yumaq üçün su gətirdim. Daha sonra yoldaşım məni otağa çağırıb döydü. Mənə dedi ki, sənin mənim atamla nə münasibətin var ki, onun ayağına toxunursan? Çox çirkin böhtanlar atdı. Zəng edib atama elə sözlər dedi ki, atam da məni döyməkdən betər etdi. Sonra bibim qayıdıb atama dedi ki, biz burada dolana bilmirik. Ya bizə pul ver, banka borcumuzu ödəyib, evimizi çıxardaq, ya da biz sənin qızını istəmirik. Atam da dedi ki, bizim pulumuz yoxdur. Yoldaşım həmin sözə görə, məni o qədər döydü ki, 2 gün huşsuz yatdım. Qaynımla baldızım məni güc-bəla ilə atamgilə gətirib. Özümə gələndə gördüm uşaqlarım yoxdur. Ayaq üstə dura bilmirdim ki, gedim uşaqlarımı götürüm. Elə bildim dünya başıma yıxılıb. Deyirdilər ki, uşaqları aparacağıq vətənə, sənə göstərməyəcəyik. O qədər qorxmuşdum ki, ağzım-gözüm əyilmişdi. Sinirlərim pozulmuşdu. Atam polisə şikayət edəndən sonra uşaqlarımı gətirib qaytardılar. Özləri də birdəfəlik getdilər vətənə. Öz-özümə düşünürdüm ki, ağır günlərim geridə qaldı, atam mənə baxacaq, uşaqlarım çöldə qalmayacaq. Amma atam mənə onlardan da böyük dağ çəkdi…”

Davamlı göz yaşlarını köynəyinin qoluna silirdi. Yaş olmuşdu. Qatladı, biləklərini gördüm… Kəsik-kəsik... Dedi ki, atasının 3-cü həyat yoldaşı da əcnəbi olub. Ona ikinci cəhənnəm həyatını da o qadın yaşadıb:

“Mənim atamı Azərbaycanda çox adam tanıyır. O mənə nə də etsə, atamdır. İstəmirəm ona ziyan dəysin. Amma o qadına görə atam məni küçəyə atmaqla hədələyirdi. Evdə bir tikə çörək yemək, bir küncdə qıvrılıb balalarımla yatmaq üçün səhərdən axşama dəli kimi işləyirdim. Yemək hazırlayırdım, ev-eşiyi təmizləyirdim, inəyimiz vardı, ona baxırdım. Bir dəfə yorulmuşdum, xahiş etdim ki, bu gün inəyi o sağsın. Atama nə dedi, nə demədi, məni yanına çağırıb, bir şillə vurdu. Sonra da dedi ki, sən dul qadınsan, inəyi də sən sağmalısan. Sən dura-dura mənim arvadım həyətdə inək saga bilməz. Bu sözlər mənə o qədər toxunmuşdu ki, dəli olurdum. Bir ata öz övldına necə bu sözləri deyə bilər? Mənə son sözü bu oldu ki, evdə qalmaq istəyirsənsə, əxlaqlı ol. Ora-bura getmə, heç kimə zəng eləmə. Heç kim bilməsin ki, sən nəfəs alırsan. Analığım ona o qədər sözlər deyirdi ki, atamı mənə düşmən eləmişdi. Bir dəfə o qədər bezdim ki, siçan dərmanı içib özümü öldürmək istədim. Amma Allahın işinə bax ki, ölməyi də bacarmadım”.

Qeyri-ixtiyari ağlamağa başladı. İki oğlu anasının ağladığını görüb qaçaraq ona sarı gəldilər. Uşaqların mənə baxışı ürəyimə toxundu. Elə baxırdılar, sanki analarının ağlamağında məni suçlayırdılar. Pəri onları görüb özünü toparlamağa çalışdı:

“Atam dedi ki, kimdən hamilə qalmısan ki, özünü öldürmək istədin?”

“Analığım mənə o qədər zülm edirdi ki, uşaqlarımın yediyi tikələri sayırdı. Dözə bilmirdim. 4 il ailəli oldum. Heç vaxt işləməmişəm. Heç bir işlə məğul ola bilmirdim. Atamın verəcəyi bir tikə çörəyə möhtac olmaq, övladlarımın söyülməsinə, döyülməsinə baxa-baxa qalmaq məni öldürürdü. Günlərin bir günü gözümü yumub biləklərimi doğradım. Nə qədər özümdə olmamışam bilmirəm. Ayılanda başımın üstündə atam və analığım vardı. Uşaqlarımı evdə qoyublar ki, qorxmasınlar. Atam həkimin yanında mənə dedi ki, sən də anan kimi əxlaqsızsan. Yenə kimdən hamilə qalmışdın ki, uşağı tələf etmək üçün özünü öldürməyə cəhd etdin. O an çox sevindim ki, uşaqlarım bu sözü eşitmədi…Çox məyus oldum ki, Allah məni yenə ölümdən xilas etdi. Həkimlərə yalvardım ki, atama hamilə olmadığımı sübut etsinlər".

 


O qədər xəcalət çəkirdi ki, atasının ona ünvanladığı sözləri mənə deyəndə başını aşağı salırdı. Etik olmadığı üçün o sözləri bura qeyd edə bilmirəm:

“Onlar boşandıqdan sonra anamla əlaqəm qalmamışdı. Onu axtarmağa isə nə imkanım vardı, nə də vaxtım. Uşaqlarımı qoyub evdən çıxa bilmirdim ki, yenə heç nədən, bir bəhanə ilə döyəcəklər. 2 oğlum var. Birinin 7, o birinin 5 yaşı var. Kiçik oğlum nə babasını, nə də atsını çox görməyib. Böyük oğlum çəkdiyim zülmləri gördüyü üçün həmişə deyir ki, böyüyəndə işləyib mənə və qardaşına baxacaq. Onların sevgisi məni bütün bu əzablara dözməyə vadar edir. Düzdür, həyatım puç olduğu üçün üzülürəm, amma itirdiyim hər şeyin yerinə oğullarımı qoydum. Ailəm məni öldürməyə çalışdı, amma ölmədim. Bundan sonra da uşaqlarıma görə mübarizə aparacam.

Atamdı, ürəyimdə kin bəsləmirəm. Amma uşaqlarımın çəkdiyi bu əziyyətlərə, axıtdığı göz yaşlarına görə, nə onu, nə də başqalarını bağışlayacam. Atam mənə deyirdi ki, sən bizim adımızı onsuz da ləkələmisən, uşaqlarını ölkədən deportasiya etdirəcəm. Özün də gedərsən, küçələrdə özünü satıb dolnarsan. Mənim yoldaşım siqaret çəkib bədənimdə söndürürdü. Bütün bədənimdə siqaret yanıqlarının izi var. Amma atamın mənə dediyi bu nalayiq sözlər canımı o izlərdən çox yandırırdı. Ondan sonra atamla əlaqələrimi kəsdim. Nə uşaqlarla maraqlandı, nə məinimlə. Ailəmdən heç kimlə əlaqəm yoxdur. Bəzən fikirləşirdim ki, Xoşqədəm Hidayətqızının verilişinə çıxıb, anamı tapım. Sonra deyirəm ki, 2-ci bir zərbəni də anamdan alsam, həyatımı yoluna qoya bilmərəm. İndi tək məqsədim uşaqlarımı böyüdüb, onlara yaxı həyat nəsib etməkdir”.

Həmsöhbətim deyir ki, baş yaylığına sancaq vuranda atası ona "sən əxlaqsızlıq etməyə gedirsən, kişilərin diqqətini çəkmək üçün belə edirsən" deyirmiş. Hazırda Pərinin 21 yaşı var. Gözəllik salonunda saç ustası olmağı öyrənir. Deyir ki, sertifikat aldıqdan sonra saç ustası kimi işləyib, uşaqlarına halal çörək pulu qazanacaq.

Söhbətimizi yekunlaşdırıb Pəri ilə sağollaşdıq. Böyük oğlu bizi yola salmağa gəlmədi. Balaca isə anasının əlindən tutub bizimlə qapıya qədər gəldi. Bilirdim ki, anasının ağlamasına görə bizi günahlandırır. Ürəyində xal qalsın istəmədim. Ona yaxınlaşıb anasının bir də heç vaxt ağlamayacağını dedim. O isə "hardan bilirsən" deyə, sual etdi. "Çünki Pərinin sənin kimi oğlu var" - dedim. Üzünün güldüyünü görmək ürəyimə su səpdi. Tanrıya dua edirəm ki, balacaya verdiyim sözdə yalançı çıxmayım və Pərinin üzündə bundan sonra yalnız gülüş olsun.


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda kafedə ÖLÜM
Dava zamanı qulağını qopardı
Qadın sevgilisinə yazdığı mesajı oğluna göndərdi - Azərbaycanda dəhşətli cinayət

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Bakıda kafedə ÖLÜM