Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4746
az

Elmar Vəliyə sui-qəsdin 50-ci günü : Başçıya atılan silahın qaranlıq tarixçəsi

10:5625 Avqust, 2018
4267
  • A
 Azərbaycanın ən yeni tarixində dövlət məmurlarına qarşı törədilmiş qanlı cinayətlərdən birindən 50 gün ötür. 2018-ci il iyulun 3-də odlu silahla silahlanmış Rusiya vətəndaşı Yunis Səfərov Azərbaycanın 2-ci böyük şəhəri olan Gəncənin icra başçısı Elmar Vəliyevə hücum çəkdi. Bu qanlı olay ölkənin diqqəti enerji böhranına qarışdığı bir vaxtda baş tutdu.

Mingəçevir İstilik Elektrik Stansiyasının (İES)blokunda qəza səbəbindən paytaxt Bakı şəhəri də daxil olmaqla Gəncə və digər böyük şəhərlər də enerjisiz qalmışdı. Belə bir vaxtda Elmar Vəliyevə qarşı terror aktı törədildi, o və mühafizəçisi Qasım Aşbazov yaralandılar. Qasım Şahbazov Azərbaycanda müalicə olunub və hazırda evində müalicəsini davam etdirir. Elmar Vəliyev isə ilkin müayinə və cərrahiyyə əməliyyatlarından sonra İsraildəki “Rambam” klinikasına aparılıb. Hayfa şəhərində yerləşən bu klinika dünyaca məşhurdur.

İcra başçısının klinikanın neyrocərrahiyyə şöbəsində müalicəsini davam etdirdiyi iddia olunur. Elmar Vəliyevə qarşı qanlı aksiyadan sonra onun qardaşı, hərbi prokuror Xanlar Vəliyev açıqlama vermişdi. O, Gəncə olaylarını radikal müxalifət və dini-ekstremist təşkilatlarla xarici dövlətlərin xüsusi xidmət orqanlarının törətdiyini bildirib.

Rəsmi məlumatlara görə, Y.Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan İslam dövləti qurmaq, bundan ötrü bir neçə tanınmış dövlət məmurunu öldürməklə respublikada xaos yaratmaq, hakimiyyətin zorla ələ keçirilməsi olub. Yada salaq ki, Yunis Səfərovun həbsindən 1 gün sonra daha 11 nəfər saxlanılıb.





Həmin şəxslər - Tərtər sakinləri Firudin Etibar oğlu Zeynalov, Cəfər Mürsəl oğlu Zalov, Gəncə sakinləri Mahir Əziz oğlu Əzizov, Hamlet Ramiz oğlu Abdullayev, Fikrət Balaqardaş oğlu Ələkbərov, Ramil Famil oğlu Paşayev, Ceyhun İsrail oğlu Salahov, Rasim Hafiz oğlu Mustafayev, Elmir Savadxan oğlu Zahidov, Yevlax sakini Muraz Mətləb oğlu Əliyev və Bakı sakini Rauf Rövşən oğlu Həsənovdur. Bu sui-qəsddən bir neçə gün sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə, Sumqayıtda aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb. Rəsmi məlumata görə, 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada polis zabitləri İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetirilib.

Elmar Vəliyevə qarşı törədilən sui-qəsdlə bağlı Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürməyə cəhd və dövlət xadiminin həyatına sui-qəsd etmə maddələri ilə cinayət işi başlanıb. Yunis Səfərovla cinayəti planlamış Gəncə şəhər sakini Ağa Hüseyn oğlu Sərxani “Aslanlar” tərəfindən məhv edilib. İstintaq müəyyən edib ki, o , 2016-cı ildə Suriya ərazisində silahlı birləşmələrin tərkibində döyüş təlimi keçib, mütəmadi olaraq İrana səfərlər edib. Elmar Vəliyevə qarşı törədilən terror aktından ötən müddət ərzində “Aslanlar” bir neçə əməliyyat keçirib. İyulun 3-də hüquq mühafizə orqanları - DİN, Baş Prokurorluq və DTX birgə açıqlama yayaraq Gəncənin icra başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazova qarşı törədilmiş hadisənin terror aktı olduğunu elan edib. Həmin rəsmi açıqlamada Elmar Vəliyevə odlu silahdan atəş açmış Yunis Səfərovun hansı dairələrə bağlılığı da birbaşa olmasa da açıqlanıb. Elmar Vəliyevin qardaşı, Azərbaycan baş prokurorunun müavini, ölkənin hərbi prokuroru olan Xanlar Vəliyev Yunis Vəliyevin anasının erməni və Rusiya xüsusi xidmət orqanlarının əməkdaşı olmasını bildirib.

Rusiya vətəndaşı olan Yunis Səfərovun İranda xüsusi təlim keçərək Azərbaycana gəlməsi və belə bir qanlı aktı gerçəkləşdirməsi onun konkret olaraq hansı qrupun maraqlarından çıxış etməsini birmənalı söyləməyə imkan vermir. Yada salaq ki, Gəncədə qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən 2 polis zabiti - Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov kəsici-deşici alətlərlə yetirilmiş zərbələr nəticəsində öldürülməsi faktı üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 120.2.3-cü, 120.2.7-ci, 220.1-ci, 221.3-cü və 228.4-cü maddələri ilə cinayət işi başlanıb.

Qanlı cinayəti törətməkdə şübhəli bilinən 2 nəfər - Gəncə şəhər sakinləri 1988-ci il təvəllüdlü, əvvəllər qəsdən adam öldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Rəşad Məmmədəli oğlu Böyükkişiyev və eyni təvəllüdlü Fərrux Xəqani oğlu Qasımov müəyyən ediliblər. Xüsusi əməliyyat zamanı R.Böyükkişiyev öldürülüb, F.Qasımov həbs edilib.

Davam etdirilən prosessual araşdırmalar və əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilib ki, törədilən cinayətin icraçısı, hazırda həbsdə olan Yunis Səfərov yaxın münasibətdə olduğu Eldar Orucov, Azər Əliyev, Mahir Əzizov ilə birlikdə Azərbaycanda şəriət qaydaları ilə idarə edilən dövlət qurmaq niyyəti ilə hökumət orqanlarına qarşı partizan müharibəsi aparmaq qərarına gəliblər. Bu məqsədlə onlar 2012-ci ildə xarici ölkələrdən birində döyüş təlimi keçmiş və həmin ilin yaz aylarında Gəncə şəhərinə gələrək şəhər sakini, hazırda həbsdə olan Hamlet Abdullayevdən 1 ədəd “Kalaşnikov” markalı avtomat silah və 1 ədəd “Makarov” markalı tapança alıblar.

Lakin həmin dövrdə planlaşdırdıqları cinayətkar əməllər baş tutmadığından silahları Hamlet Abdullayevə qaytarıb ölkəni tərk ediblər. Dini radikalizmə meylli Hamlet Abdullayev həmin silahları və “Marqulin” markalı daha 1 ədəd tapançanı onunla eyni radikal dini baxışları bölüşən və 2018-ci il iyulun 21-də keçirilən xüsusi əməliyyat zamanı silahlı müqavimət göstərdiyinə görə məhv edilən Anar Bağırovla birgə Gəncə şəhər sakini Pərviz Bayramovdan və 2015-ci ildə avtomobil qəzasında ölmüş Məhəmməd Əzizovdan 500 manata alıb.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov həmin silahları müvəqqəti qaytardıqdan sonra Hamlet Abdullayev “Makarov” tapançasını pul müqabilində Pərviz Bayramova və “Kalaşnikov” avtomatını dayısı, Gəncə şəhər sakini Aydın Qurbanova verib, “Marqulin” markalı tapança isə Anar Bağırovda qalıb. Aydın Qurbanovun və Anar Bağırovun gizlətdikləri silahların və sursatın yerinin müəyyən edilməsi məqsədilə onların Gəncə şəhərində qeydiyyatda olduqları ünvanlarda axtarış aparılıb.

Nəticədə Aydın Qurbanovun yaşadığı binanın çardağından “Kalaşnikov” avtomatı, ona aid 56 ədəd patron və 1 ədəd sandıqça, Anar Bağırovun yaşadığı binanın zirzəmisindən “Marqulin” markalı tapança, ona aid 47 ədəd patron, 132 ədəd avtomat patronu, “Teksun” yağ qabının içində gizlədilmiş daha 273 ədəd avtomat və tapança patronu, 8 ədəd sandıqça, habelə mənzilindən radikal dini məzmunlu materiallar olan və faşizmi təbliğ edən 36 ədəd kompakt disk aşkar edilərək götürülüb. Aydın Qurbanov və Pərviz Bayramov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib. Müvafiq cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri intensiv surətdə davam etdirilir.
“Yeni Müsavat” Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gədəbəydə DƏHŞƏT: Arvadını balta ilə QƏTLƏ YETİRDİ - FOTO
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ
80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO

12 barmağı  uşaq dünyaya gəlib

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Elza Seyidcahan:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda kafedən pul oğurlandı