Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3362
az

Deputatlar Mingəçevirdəki qəzadan şübhələnir: “Bəlkə təxribat olub...”

17:5903 İyul, 2018
3134
  • A
 İyulun 3-nə keçən gecə Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) qəza baş verib. Nəticədə stansiyanın enerji bloklarından birinin fəaliyyəti dayanıb və ölkə ərazisində ciddi enerji problemi yaranıb. Hazırda qəzanın səbəbləri araşdırılır.

Mingəçevir İES-də baş verən hadisə ilə bağlı  Energetika Nazirliyi və "Azərenerji” ASC  birgə rəsmi məlumat yayıblar.

Rəsmi məlumatda bəyan edilib ki, qəza havaların kəskin isti keçməsi ilə əlaqədar olaraq elektrik enerjisinə tələbatın ciddi şəkildə artması (təqribən 40 faiz) və elektrik avadanlıqlarının istismarında açılmalar nəticəsində baş verib.

Prezident baş vermiş hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədi ilə "Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyası yaradıb.

Milli Məclisin deputatları bu dəfə Modern.az-a Mingəçevir İES-də baş verən hadisə  barədə danışıblar.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib ki, dünyanın hər yerində belə hadisələr olur:

"Son günlər Azərbaycanda havalar çox isti keçir. Mingəçevir də isti olan yerdir. Hadisəyə səbəb kimi müəyyən qısaqapanma, problem ola bilər. Son vaxtlar demək olar ki, Azərbaycanda elektrik enerjisi ilə bağlı problem yoxdur. Məsələlər kifayət qədər yüksək səviyyədə həll edilir. Cənab prezident də Mingəçevirdə baş verən hadisə ilə əlaqədar Dövlət Komissiyası yaratdı. Həmin komissiya və hüquq mühafizə orqanları hadisənin başvermə səbəblərini dərindən araşdıracaqlar. Bu hadisədir, ola bilər. İndi elə Qubadan gəlirəm, orada da tempratur yüksəkdir. Təxminən 45-46 dərəcə isti var”.

Deputat bildirib ki, hadisə baş verəndən sonra çoxlu ittihamlar irəli sürülür:

"Azərenerji”nin sistemi ilə mənim azdan-çoxdan tanışlığım var. Mən baş nazirin birinci müavini olan zaman o sistemlə işləmişəm. Orada tədbirlər görülür. İlk növbədə hadisənin səbəblərini araşdırmaq lazımdır. Araşdırmalar olmasa, hər hansı ittihamlar irəli sürmək olmaz. Biz müharibə şəraitində olan dövlətik. Bizdə belə hadisələrin qarşısı çox ciddi şəkildə alınmalıdır. Cavabdeh olan orqanlar da buna cavab verməlidir. Araşdırmalar ciddi aparılmalıdır. Çünki belə hadisələr həm iqtisadi, həm də siyasi cəhətdən dövlətə müəyyən ziyan vurur”.
 
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas xatırladıb ki, 2002-ci ildə də belə bir hadisə baş verib:

"İndi də belə bir hadisə baş verib. Bu, dünyanın hər yerində olacaq bir şeydir. Ancaq məsələ ondadır ki, belə hadisələrə hər zaman hazır olmaq lazımdır. Bundan nəticə çıxarmaq lazımdır. Möhtərəm prezident tərəfindən artıq Mingəçevirdə baş verən hadisə ilə bağlı komissiya yaradılıb. Komissiya hadisənin baş vermə səbəblərini araşdıracaq. Kim də bu işdə məsuliyyət daşıyırsa, cəzalandırılacaq. Adamı cəzalandırmaqla iş bitmiş sayılmır. Sadəcə, iş elə qurulmalıdır ki, belə bir hadisə təkrarlanmasın”.

Deputat qeyd edib ki, Azərbaycan müharibə şəraitində yaşayan dövlətdir:

"Ölkədə işıq da, transformator  partalaya bilər. Bir neçə il bundan əvvəl İrkutskda da elektrik stansiyası partlamışdı. Hətta həmin stansiyanı 1 il müddətinə düzəldə bilmədilər. Nə qədər də adam həyatını itirmişdi. Mingəçevirdə baş verən hadisə ilə bağlı ciddi tədbirlər görülməlidir. Belə hadisələr insanlarda panika, qorxu yaradır. Həm də olmaz axı ki, erməni də həmin vaxt hücum edə bilər. Hesab edirəm ki, araşdırmalardan sonra hadisənin başvermə səbəbləri hamıya bəlli olacaq”.
 
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli dəfələrlə Mingəçevir su anbarı da daxil olmaqla digər su anbarları barədə müəyyən qədər qəza vəziyyəti barədə daim xəbərdarlıqların olduğunu  qeyd edib:

"Bəndlərdə betonun yuyulması, sızma halları var. Bunun nəticəsində də müəyyən qəza hadisələri baş verə bilər. Bunlar eyni zamanda sovet dövründə qurulmuş elektrik şəbəkəsi sistemidir. Müəyyən qədər nasazlıqların olması barədə məlumatlar var. Hesab edirəm ki, belə hadisələrin qarşısının alınması üçün tədbirlər görülməlidir. Mütləq avadanlıqlar dəyişdirilməlidir. Azərbaycanın da buna iqtisadi imkanı çatır. Beynəlxalq standartlara uyğun  transformatorlar qurulmalıdır. Bunu Mingəçevir, Şirvan  və digər su elektrik stansiyalarında da etmək lazımdır”.

Deputat bildirib ki,  Mingəçevir İES-də baş verən hadisə  son 10 ilin ən böyük qəzalarından biridir:

"Çünki adətən belə olmayıb ki, bütün ölkə ərazisində elektrik enerjisinin verilməsi dayandırılsın. Hədsiz dərəcədə məlumatlar var ki, məişət avadanlıqları, soyuducu, kondisioner və s. qurğular sıradan çıxıb. Deməli, ortada ziyanlıq var. Həmçinin, dövlət mülkiyyətinə ziyan dəyib. Bununla yanaşı, əhaliyə maddi ziyan dəyib. Kütləvi ziyan varsa, bunun üçün məsuliyyət də var. Düşünürəm ki, müvafiq orqanlar, prokurorluq birgə araşdırmalar aparmalıdır. Çünki biz dəqiq bilmirik ki, hadisə hansı səbəbdən baş verib. Bəlkə təxribat olub və ya çox ciddi aşınmalar olub... Hər halda ziyan ortadadır. Əhali nə qədər həyəcan yaşayıb. Ölkə ərazisində belə qaranlığın olması nəticəsində xeyli oğurluq hadisələri, cinayət törədilə bilərdi. Ona görə də bu çox ciddi bir məsələdir. Araşdırmalardan sonra, mütləq günahkarlar cəzalarını almalıdlr".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qadın sevgilisinə yazdığı mesajı oğluna göndərdi - Azərbaycanda dəhşətli cinayət
Göygöldə iki bacı dəm qazından zəhərlənib
Bakıda zəncirvari qəza - Xəsarət alan var - FOTO

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Bakıda kafedə ÖLÜM