Bakının Buzovna qəsəbəsində Xaçmaz rayon sakini Rəşad Əliyevin minik avtomobili ilə qəsdən vurularaq öldürülməsi hadisəsi ilə bağlı maraqlı məqamlar üzə çıxıb.
Publika.az-ın əldə etdiyi məlumata görə, iyunun 24-nə keçən gecə Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində Murad Baxşıyevin idarə etdiyi "VAZ-2107” markalı avtomobillə vurub öldürdüyü Rəşad Əliyev onun bacısının iş yoldaşı olub.
Belə ki, Muradın bacısı Rəşadla birgə Buzovnadakı tikiş sexində işləyib. Gənc oğlan gecə saatlarında işdən çıxıb evə gedən bacısının yanında R.Əliyevi görüb və maşını onun üstünə sürərək vurub. R.Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Murad Baxşıyev hadisənin təsadüf nəticəsində baş verdiyini, Rəşad Əliyevlə hər hansı münaqişəsinin olmadığını, hadisənin qısqanclıq zəminində baş vermədiyini deyib. R.Əliyevin ailə üzvləri isə hadisənin qəsdən törədildiyini bildirərək aidiyyatı qurumlara şikayət ediblər.
Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş açılıb, araşdırmalar davam etdirilir.
Oxu24.com
ŞƏRHLƏR