Xeyli vaxtdır ki, bir sıra saytlarda və sosial şəbəkələrdə Bakının Badamdar bələdiyyəsinin keçmiş sədri Bəybala Hüseynovun oğlu, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Emin Hüseynovun Türkiyədə ölümü ilə bağlı yazılar yazılır, atasının adından ittihamlar irəli sürülür. Bir qədər də konkretləşdirsək, Bəybala Hüseynov oğlunun öz əcəli ilə ölmədiyini, qəsdən öldürüldüyünü iddia edir. O, bu ölüm faktına görə Baş Prokurorluğun məsul şəxslərini, hətta az qala Azərbaycan dövlətini ittiham etməkdədir. Keçmiş bələdiyyə sədri belə ağır ittihamı isə 200 min dollar kimi kiçik bir məbləğin mənimsənilməsi niyyəti ilə əsaslandırmağa çalışır.Baş Prokurorluq: “Mərhumun meyitinin ekshumasiya edilməsinə atası razılıq verməyib”
Ancaq Bəybala Hüseynovun ittihamları Baş Prokurorluq tərəfindən qəti şəkildə təkzib olunub. Prokurorluğun rəsmi bəyanatında bildirilib ki, mərhum Emin Hüseynov “Dövlət qulluğu haqqında” Qanuna müvafiq olaraq Azərbaycan Respublikası Baş prokurorunun müvafiq əmri ilə 2015-ci ildə qanunvericiliyə tam uyğun şəkildə həyata keçirilmiş işə qəbul proseduru nəticəsində prokurorluq orqanlarında dövlət qulluğuna qəbul edilərək Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin məsləhətçisi vəzifəsinə təyin edilib.
Baş Prokurorluğun məlumatında Emin Hüseynovun məzuniyyət hüququndan istifadə etdiyi müddətdə vəfat etdiyi, Antalya şəhərində “Lara Delphin Be Grand” otelinin idman zalında idmanla məğul olduğu zaman yıxılaraq huşunu itirdiyi, bir neçə gün xəstəxanada stasionar şəraitdə müalicə olunmasına baxmayaraq öldüyü qeyd edilib. Mərhumun meyitinin ekshumasiya edilməsi (meyitin və ya onun qalıqlarının qəbirdən çıxarılmaqla müayinə edilməsi) və atasının iddia etdiyi kimi, zəhərlənmə əlamətlərinin olub-olmamasının müəyyən edilməsinə cəhd edilsə də, ölmüş şəxsin qanuni nümayəndəsi qismində çıxış edən mərhumun atası Hüseynov Bəybala Qaraş oğlunun Baş Prokurorluğa ərizə ilə müraciət edərək bu istintaq hərəkətinin keçirilməsinə razılıq vermədiyi vurğulanıb.
{banner_reklam}
Bununla belə müvafiq istintaq hərəkətlərinin aparıldığı, ölümün səbəbini müəyyənləşdirməyə çalışıldığı qeyd edilib. Bildirilib ki, Türkiyə Respublikasında aparılmış istintaqla da E.Hüseynovun öldürülməsi faktı müəyyən olunmayıb, mərhumun səhhəti ilə bağlı əziyyət çəkməsi, 2013-cü ildə qaraciyər transplantasiyası, 2017-ci ildə daxili qanaxma diaqnozu ilə əməliyyat keçirməsindən sonra ağır idman növləri ilə məşğul olmasının qəfil ölümə səbəb ola biləcəyi istisna edilməyib.
Eyni zamanda mərhumun atasının Baş prokurorun birinci müavini Rüstəm Usubov tərəfindən qəbul olunaraq dinlənildiyi, ona hüquq və vəzifələri ətraflı izah edildiyi, Baş Prokurorluq tərəfindən Emin Hüseynovun ölümünün səbəbini dəqiqləşdirmək məqsədilə təkrar kompleks məhkəmə-tibbi ekspertizasının keçirilməsi, həmçinin istintaqı aparan müstəntiqin Azərbaycanda aparılacaq prosessual hərəkətlərin keçirilməsi zamanı iştirak etməsi ilə bağlı Türkiyə Respublikasının səlahiyyətli orqanlarına ünvanlanmış beynəlxalq sorğular hazırlanaraq qarşı tərəfə çatdırılması məsələsinə baxılması üçün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə göndərildiyi vurgulanıb.
Bütün bunlara baxmayaraq, Bəybala Hüseynov ittihamlarına ara verməyib, oğlunun ölümünə görə Baş Prokurorluğun məsul şəxslərini, eləcə də Azərbaycan dövlətini günahlandırmaqda davam edib.
Mərhumun qayınanası: “Bəybalanın danışdıqlarının hamısı yalandır”
Elə buna görə də, ölkə.az saytının əməkdaşı məsələ ilə bağlı jurnalist araşdırması apararaq, bir çox qaranlıq mətləblərə aydınlıq gətirməyə çalışıb. Araşdırma zamanı jurnalist Bəybala Hüseynov tərəfindən oğlunun ölümündə təqsirkar kimi ittiham olunanlarla danışmağa nail olub.
O, öncə Bəybala Hüseynov tərəfindən təqsirləndirilən mərhum Emin Hüseynovun qayınanası Aygün Mövsumovanın fikirlərini öyrənib. Qeyd edək ki, Bəybəla Hüseynov müsahibələrində iddia edib ki, oğlu Emin Hüseynovun ölümündə onun həyat yoldaşının da əli olub. Bu məsələyə mərhum Emin Hüseynovun qayınanasının münasibəti belə olub:
“Siz diqqətlə mənə baxın, mənim haqqımda deyilənlər sizcə həqiqətə oxşayırmı? Əslində, bu barədə danışmaq istəmirəm. Danışanda əsəb keçirirəm. Çünki internetdə ağına-bozuna baxmadan nə gəldi yazırlar. Bəybala bilmirəm nəyin peşindədi, amma danışdıqlarının hamısı yalandır. Birinci onu deyim ki, Bəybalanın bir oğlu yox, iki oğlu var. Allah şəfasın versin, onun ikinci oğlu da xəstədir…
Rəhmətlik Emin ailə qurmamışdan öncə qara ciyəri dəyişilmişdi. Qızım 2016-cı ildə ailə qurandan sonra Emin iki dəfə də əməliyyat oldu. Rəhmətliyin şəklinə baxanda da görsənir ki, zəif, xəstə uşaqdı. Fevral ayında (rəhmətə gedən ili nəzərdə tutur) Eminin qanı düşdü və mədəsinə qan sızdı, təcili Türkiyəyə apardılar və əməliyyat elədilər. Sonra aprel ayında varikoz genişlənməsi oldu. Bir sözlə, mənim qızım cəmi 11 ay orda gəlin oldu və 11 ay ərzində bir gün belə Eminin vəziyyəti yaxşı olmadı. Hər gün haldan hala düşürdü…
{banner_reklam1}
Onlar 2017-ci ilin avqust ayında Antalyaya getməzdən öncə analiz verdilər, nəticələr ürəkacan olmadı, pis çıxdı. Emin xəstəliyi ilə bağlı əvvəllər uzun müddət Türkiyədə yaşıyıb. Hətta nişanlı olan vaxtı da Ukraynaya getmişdi, orda da qanaxma olmuşdu Emində. Bəybala hansı sağlamlıqdan danışır ki, uşaq il boyu qızdırma içində olurdu? Çox yaxşı uşaq idi. Həm yeznə kimi, həm də insan kimi yaxşı insan idi. Allah rəhmət eləsin. İnternetdə yayılan videonu görəndən indiyə qədər özümə gələ bilmirəm…”
Aygün Mövsumova Emin Hüseynovun xəstə olduğunu bildikləri halda qızının onunla ailə qurmasına qarşı çıxmamasınabelə aydınlıq gətirib: “Biz, yəni ailəmiz Eminin xəstə olduğu haqda məlumatlı idik. Amma qara ciyərinin dəyişilməsini, ağır əməliyyatlar keçirməsini bilmirdik, bunu bizdən gizlətmişdilər”.
“Oğlu Antalyada komaya düşəndə o, təyyarəyə bilet almadı…”
Qeyd edək ki, Bəybala Hüseynov müsahibələrində bildirib ki, Emin rəhmətə gedəndə onun telefonunu qayınanasının bacısı oğlu suya atıb. Aygün Mövsumova bu iddianı da təkzib edib: “Bəybala özündən hoqqa çıxarır. Mənim qızımın o telefondan ümumiyyətlə xəbəri olmayıb. Telefon məsələsi mənim qızım o evdən çıxandan sonra üzə çıxıb. İkincisi o, mənim bacım oğludursa, Bəybalanın da qaynı oğludur… Nəyə görə bizim adımızı hallandırır? Bəybala düz danışırsa, gedib versin hüquq-mühafizə orqanlarına, qoy təsdiqin tapsın onun dedikləri”. Aygün Mövsumova Bəybala Hüseynovla əvvəldən qohum olduqlarını, Bəybalanın yoldaşının onun bacısının baldızı olduğunu vurğulayıb.
Qəribə də olsa, Emin Hüseynov idman zalında rəhmətə getməsinə baxmayaraq, Bəybala Hüseynov müraciətlərində Aygün Mövsumova və qızını onun əmlaklarını ələ keçirməkdə ittiham edib. Bununla bağlı isə Aygün Mövsumova bildirib: “Mənim qızımın indi 21 yaşı var. Necə Allahsız danışmaq olar? 18 yaşlı bir atasız qızın bunları edəcəyini ağlınıza gətirirsiniz? Emin rəhmətə gedəndən 4 ay sonra mən qızımı o evdən çıxartdım. Ancaq qızıma aid paltarları götürüb qaçdım o evdən. Əgər mal-mülk davası döyən idimsə, elə aldığım mebelləri götürərdim də…
Bəybalanı hardasa başa düşmək olar. Cavan oğlu rəhmətə gedib, bilmir nə etdiyini, amma mətbuat nümayəndələri niyə belə edirlər, onları anlamaqda çətinlik çəkirəm. Onlar bilirlərmi bu məlumatları internetə yerləşdirəndə qızım intihar etmək istəyir? Qızım tələbədir. Qrup yoldaşları gətirib göstərilər ona Bəybalanın çıxışlarını, ittihamlarını. Düşünmürlərmi bir gəncin həyatını məhv edirlər? Bir nəfər intihar edəndə düşürsünüz kiminsə üstünə ki, filankəsin ucbatından intihar etdi. Bu dəfə qızım intihar etsə, o mətbuat kimin üstünə düşəcək? Onu yazan jurnalist gəlib mənim günümü görsə, inanın, utandığından bu movzunu daha yazmayacaq”.
Eminin xəstə olduğu halda yoldaşı ilə Türkiyəyə getməsini isə Aygün Mövsumova belə izah edib: “Onlar evlənən ili də getmişdilər Antalyaya. Bu dəfə də Londona getmək istədilər. Viza problemi olduğundan təkrarən Antalyanı seçdilər. Birdə rəhmətlik Emin elə bir adam idi ki, onu nəyəsə məcbur etmək mümkünsüz idi. Özü Antalyanı istədi və ora da getdi.
Sizə bir söz deyim, Bəybala çox gözəl bilir ki, onun oğlunun xəstəliyi nə olub. Niyə ona-buna şər atır, mən bilmirəm. Amma tək bildiyim odur ki, oğlu Antalyada komaya düşəndə o, təyyarəyə bilet almadı, şəxsi avtomobili ilə 2 gün maşınla yol getdi Antalyaya…
Deyir ki, bir fanta içiblər və Emin zəhərlənib. Vallah gülüncdür. 3 dəfə qaraciyərindən əməliyyat olan, hər gün qan qusan, qaraciyəri dəyişilən, müalicəsi üçün dəfələrlə xarici ölkədə olan, il boyu qızdırması olan adamın kimsə tərəfindən zəhərlənməsini demək gülüncdür. Axı, Bəybala bunların hamısını bilir! Tez-tez “dövlət orqanları” deyir. Bir dövlət orqanları bunun dediklərin araşdırsınlar da…”
“Avanqard Travel”in rəhbəri: “Mənim nəyimə lazımdı onun oğlunun ölümünü təşkil etmək?”
Bəybala Hüseynovun oğlunun ölümündə ittiham etdiyi şəxslərdən biri də “Avanqard Turizm” Agentliyinin rəhbəri Yeganə Nağıyevadır. Onun sözlərinə görə, Yeganə Nağıyeva heç bir əsas olmadan Emin Hüseynova istirahətdə olduğu zaman “mənbəyi və mənşəyi məlum olmayan” “Yaxtatur” gəzintisi hədiyyə etdirmiş və oğlunun zəhərlənməsi də elə o zaman baş vermişdir.
Bu ittiham barədə danışan Yeganə Nağıyeva deyib: “Bəybala Hüseynov məni elə bir adamlara calaşdırıb ki, mən o insanların üzlərini həyatda görməmişəm. “Nağıyev” yoldaşımın soyadıdır. O, Şirvan rayonundandır. Özümün ata soyadım Həsənovadır. Bəybala Hüseynov Antalyada da bu işi qaldırdı, gördü bir şey çıxmır, indi burda başlayıb”.
Xanım Nağıyeva daha sonra “Bəybala Hüseynovun “Heç oğlum Antalyaya getmək istəmirdi, onu turfirma göndərdi” kimi iddiasını cavablandırıb: “Mərhum Emin Hüseynov heç vaxt mənim şirkətimə gəlməyib. Bizdən turu onların sürücüsü Balakişi alıb. Emini ikinci dəfə idi səfərə göndərirdim. Məlum hadisədən bir il əvvəl bal ayına göndərmişdim. Bal aylarında fərdi transferlə tur təşkil etmişdim, otaqlarını bəzətdirdim. Heç özü ilə şəxsi tanışlığım da olmayıb… Mən öz işimi görmüşəm. Sadəcə Balakişi həmişə xahiş edirdi ki, müdirinin oğludur, elə edək narazı qalmasınlar. Antalya səfərində də yaxt-tur təşkil etmişəm, atası yapışıb həmin turdan. Bəybala müəllimin özü turist səfərində olmayıb, ona görə də başa düşmür. Bu sahədə adi bilgisi də yoxdur. Heç kim əvvəlcədən bilmir ki, istirahət zamanı, yaxt-turu kim təşkil edib aparacaq. Dönə-dönə dedim ki, sizin bu işdə hansısa şübhəniz varsa, otelin kamera görüntülərinə baxın ki, kim gəlib aparıb, araşdırın. Həmin adamlar desin ki, Yeganəni tanıyıram. Yay dövrüdür, gündə yüzlərlə müştərim gəzməyə gedir. Absurd bir şeydir. Mənim nəyimə lazımdı onun oğlunun ölümünü təşkil etmək?”
“Eminin xəstə olduğunu bilə-bilə sığorta şirkətindən pul tələb edirdi…”
Daha sonra şirkət rəhbəri açıqlamasında bildirib ki, atası Eminin xəstə olduğunu bilə-bilə sığorta şirkətindən onun cənazəsinin gətirilmə pulunu ödəməyi tələb edib: “O adamın qaraciyəri dəyişilmişdi, atası bunu açıb-ağartmır. Gedin “Atəşgah” sığorta şirkətindən öyrənin. Bizim etdiklərimizin qarşısında onun dedikləri adama qəribə gəlir. Mənə nə desə belə, övladını itirmiş valideyn kimi, onu başa düşməyə çalışırdım. Bu ölüm işi ilə bağlı dindirilmişəm. Heç o adam bildirməmişdi ki, oğlunda qaraciyər transplantasiyası olub.
Deyir ki, guya qanında zəhərlənmə çıxıb. Gah dedi ki, gəlinim zəhərləyib. Öz gəlinindi, mənə aidiyyəti var? Onlar yaxtada heç yemək də yeməyiblər. Bəs onu mən necə zəhərlətdirə bilərəm? Zəhərlənsəydilər ikisi də zəhərlənərdilər”.
Mərhumun xanımı: “Mən içmişəm, məndən sonra da eyni qabdan Emin…”
Oğlunun ölümü ilə bağlı Bəybala Hüseynovun ittiham etdiyi gəlini, yəni Eminin həyat yoldaşı Elfira Hüseynova da danışıb. Onunla bağlı Bəybala Hüseynovun ittihamı belədir: “Əslində oğlum istirahətə heç getmək də istəmirdi. Onun həyat yoldaşı necə oldusa, Emini bu işə razı saldı. Hətta oğlum bir dəfə etiraz etmək istəyəndə, qayınanası dedi ki, qızım kiməsə söz verib. Amma kimə söz verib? Niyə mütləq getməli idi? Mən çox narahat idim və istəmirdim oğlum getsin”.
Bu ittihama Elfira Hüseynova belə cavab verib: “Eminin anası da bilir ki, oğlu əvvəl Londona getmək istəyirdi. Bildirdilər ki, viza almaq 2-3 ay çəkəcək, Emin Bəybala müəllimin köməkçisi Balakişi adlı şəxslə məsləhətləşmişdi. Dəniz turunu isə özləri təşkil etdilər. Turizm şirkəti və onun rəhbərini tanımamışam. Artıq iki gün idi ki Antalyada istirahətdə idik, Balakişi müəllim vatsapla səsli mesaj göndərdi ki, tur var, sizi göndərmək istəyirlər. Biz Eminlə razılaşdıq.
Bəybala müəllim deyir ki, guya yaxtada Eminə nəsə içirdiblər, amma orda biz ancaq fanta işmişik, onu da Emin mənə almışdı. Mən içmişəm, məndən sonra da eyni qabdan Emin. Başqa heç bir qida qəbul etməmişik. Bizi oteldən bələdçi gəlib götürüb, bir neçə saat yaxtada olmuşuq. Emin dünyasın dəyişən gün səhər saat 09 radələrində restorana gedib yemək yemişik, hər şey normal olub. Emin hətta atasına da zəng edib, telefona cavab verməyib. Sonra anasına yığıb, o da telefonu açmayıb. Sonra otağa getdik, Emin “idmana gedib, 20 dəqiqəyə qayıdıram” deyərək otaqdan çıxdı. Təxminən 30-40 dəqiqə sonra otağa zəng gəldi. Eminin halının pisləşməsini xəbər verdilər. Aşağı düşəndə artıq təcili yardım gəlmişdi. Həmin vaxt Emin özündə deyildi, sudurqa vəziyyətində idi. Emini “Anadolu” özəl xəstəxanasına apardılar, ondan sonra Emini cəmi bir dəfə, reanimasiyada 5 dəqiqəlik görə bildim. Eminin ölümündən az əvvəl valideynlərinə zəng etməyini bilirəm, amma nə danışdıqlarından xəbərsizəm. Bir şey olsaydı, Emin mənə deyərdi…
“2013-cü ildə ona qaraciyər köçürülmüşdü…”
Eminin xəstəliyi vardı. 2013-cü ildə ona ciyər köçürülmüşdü. Bundan başqa mədəsindən qanaxma ilə Türkiyəyə aparmışdılar. Eminin sonra qızdırması, gecələr qaşınması olurdu, yata bilmirdi, onu həkimə göstərmirdilər. Emin rəhmətə gedəndən sonra qayınatamgil məni evdən qovmaq dərəcəsinə çatdırmışdılar. Bəybala müəllim evdən çıxdığım gün – yanvarın 18-də mənə təhdidedici sözlər dedi. Bildirdi ki, onu öldürəcəklər, sonra isə məni. Guya nəyisə gizlədirəm. Bu ittihamlara dözə bilmədim, bildirdim ki, belə yaşaya bilmərəm. Allah bilir ki, biz əşyalarımızı götürüb ordan necə çıxmışıq. Qayınanam və qayınatam məni təhqir edirdilər, guya Eminə xəyanət etmişəm. Kim olsa çıxıb gedərdi. Əgər Eminin ölümündə əlim varsa, sübut etsinlər”.
Atası Emin Hüseynova donorluq edən dayısı oğlunu da onun ölümündə ittiham edir…
Jurnalist məsələni araşdıran zaman 2013-cü ildə mərhum Emin Hüseynova donorluq edən dayısı oğlu Cavidan Musəvinin də ittiham olunduğuna rast gəlib. Bəybala Hüseynov iddia edir ki, oğlu dünyasın dəyişən zaman gəlinin xalasıoğlu (halbuki, Cavidan mərhum Emin Hüseynovun da dayısı oğludu) onun telefonunu suya ataraq məhv edib. Yəni, bir zamanlar Eminin yaşaması üçün öz qaraciyərindən keçmiş birisi, indi onun ölümünün səbəbkarlardan biri kimi qələmə verilir…
Düzdür, Cavidanı danışdırmaq mümkün olmayıb. Ancaq qəribədir, Cavidan Musəvi niyə 3 il sonra doğma bibisi oğlunun ölümünü istəsin?
Sağlamlığında problem olan şəxs niyə prokurorluqda işə götürülüb?
Qayıdaq Baş Prokurorluğun məsələ ilə bəyanatına. Bu bəyanatda Eminin sağlamlığında problem olduğu xüsusi olaraq vurğulanır: “Bununla yanaşı, Türkiyə Respublikasında aparılmış istintaqla da E.Hüseynovun öldürülməsi faktı müəyyən olunmamış, mərhumun səhhəti ilə bağlı əziyyət çəkməsi, 2013-cü ildə qaraciyər transplantasiyası, 2017-ci ildə daxili qanaxma diaqnozu ilə əməliyyat keçirməsindən sonra ağır idman növləri ilə məşğul olmasının qəfil ölümə səbəb ola biləcəyi istisna edilməmişdir”.
Məlum bəyanatdan sonra Bəybala Hüseynov israrla vurğulayır ki, əgər bu adam xəstə idisə, niyə işə götürmüşdünüz. Jurnalist də araşdırması zamanı bu məsələyə aydınlıq gətirmək üçün mövcud qanunvericiliyə üz tutub. Məlum olub ki, “Dövlət qulluğu haqqında” qanuna müvafiq olaraq məsləhətçi vəzifəsinə təyinat üçün sağlamlıq tələbi yoxdur. Bu da o deməkdir ki, mərhum Emin Hüseynovun vəzifəsi mülki olmaqla, dövlət qulluğunun ilk pilləsidir. Sağlamlıq tələbi prokurorluq işçisi və ya əməliyyat-axtarış fəaliyyəti subyektinin əməkdaşına, yəni hüquq-mühafizə və ya hərbi xidmət qulluqçularına münasibətdə tətbiq edilir. Və Bəybala Hüseynovun da mərhum oğlunun xidməti vəsiqəsini media səhifələrində paylaşması buna sübutdur. Məsələnin ikinci tərəfi, əgər Bəybala Hüseynov qaraciyəri dəyişdirilmiş övladına sağlamlıq haqqında arayışı ala bilibsə, buna işə götürən orqan nə etsin?
Bəybala Hüseynov çirkin “oyunun” iştirakçısına çevrilib…
“Qayıdaq yenidən Bəybala Hüseynovun səsləndirdiyi iddialara. Əgər doğrudan da onun oğlu Emin Hüseynov Türkiyədə zəhərlənibsə, onda onunla birgə olan həyat yoldaşı nə üçün zəhərlənməyib? Və yaxud da belə çıxır ki, Bəybala Hüseynovun gəlini və qaynı oğlu bu işdə “sifarişçi”nin köməkçiləri olublar. Bu necə qətldir ki, işin icraçıları və ya köməkçiləri olan Bəybala Hüseynovun yaxın qohumları heç bir motiv olmadan bu cinayətə gediblər?
Və zəhərlənmə doğrudan da olmuşdusa, nəyə görə Bəybala Hüseynov zəhərlənmə əlamətlərinin olub-olmamasının müəyyən edilməsi üçün mərhum oğlunun ekshumasiya edilməsi istintaq hərəkətinin keçirilməsinə razılıq verməyib?
Əslində verdiyi sərsəm bəyanatlar, absurd ittihamlarla “sarı” mətbuatın “kövrək” qəhrəmanlarından birinə çevrilən Badamdar bələdiyyəsinin sabiq sədri Bəybala Hüseynov özünü “qurban” qismində təqdim etməklə, daha böyük güclərin çirkin maraqlarının “qurbanlığı” olduğunu sərgiləyir” – jurnalist araşdırmasını belə tamamlayır…
{banner_reklam}
Oxu24.com
ŞƏRHLƏR