Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11828
az

Azərbaycanda falçıların başına oyun açan şəxslərlə bağlı ŞOK FAKTLAR

18:0010 Aprel, 2019
949
  • A
 
Azərbaycanda hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirli bilinən “XəbərFakt.com” internet informasiya portalının baş redaktoru Fariz Yəhyayev, həmin portalının redaktoru İpək Məmmədova, “Presedent” qəzeti və “XəbərFakt.com” internet informasiya portalının xüsusi müxbiri vəzifəsində işləmiş İlkin Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, “Presedent” ictimai-siyasi, hüquq qəzetinin və “XəbərFakt.com” internet informasiya portalının baş redaktoru Fariz Yəhyayev 2014-cü ilin iyul-avqust aylarında qeyri-rəsmi nikahda yaşadığı, rəhbəri olduğu qəzetin redaksiyasında və internet informasiya portalında redaktor vəzifəsində işləyən İpək Məmmədova ilə birlikdə dələduzluq edib.

Qadının etibarını necə qazandılar?

Fariz Yəhyayev Lənkəran rayonunun Göyşaban kənd sakini Rəsmiyyə Rüstəmovaya özünü “Presedent” qəzetinin baş redaktoru, İpək Məmmədovanı isə həmin qəzetin əməkdaşı kimi təqdim edib. Onlar Rəsmiyyə Rüstəmova ilə tanış olub, onun etibarını qazanıblar.

Onlar KİV nümayəndələri kimi geniş imkanlara malik olduqlarını, 2000 manat müqabilində Rəsmiyyə Rüstəmovanın evini ziyarətgah və şəfa ocağı kimi dövlət səviyyəsində mətbuat vasitəsi ilə tanıdacaqlarını, bundan sonra sonuncuya dövlət tərəfindən hər ay 200 manat məvacib kəsiləcəyi barədə yalan vəd veriblər.

“Şəfa ocağı” fəxri diplomu

Cütlük qadını aldadaraq ona “Presedent” qəzeti adından tərtib edilmiş “Şəfa ocağı” fəxri diplomunu təqdim edib və ondan 2000 manat alıb.

Bundan başqa, Fariz Yəhyayev və İpək Məmmədova Cəlilabad rayonunda Eyvaz Məmmədovun yaşadığı ünvana gəlib, özlərini “Presedent” qəzetinin əməkdaşları kimi təqdim ediblər, onun həyat yoldaşı Səmayə Məmmədovanın falçılıqla məşğul olması barədə onlarda məlumatlar, eyni zamanda şikayət olduğunu, saytda onun barəsində rüsvayedici məlumatlar yayacaqlarını bildiriblər.

Falçı niyə təltif edilib?

Təqsirləndirilən şəxslər Eyvaz Məmmədovdan 500 manat tələb ediblər, pul veriləcəyi halda rüsvayedici məlumatları yaymayacağı və fəxri diplomla təltif edəcəklərini bildiriblər.

Eyvaz Məmmədov arvadı barəsində rüsvayedici məlumatlar yayılacağından və məsuliyyətə cəlb ediləcəyindən qorxaraq onlarla 400 manat verməyə razılaşıb.

Daha sonra onlar Masallı rayonunun Ərkivan qəsəbəsində Nailə Həsənovaya özlərini jurnalist kimi təqdim edib, ailəsindən ayrılaraq atası evinə gəlmiş qızı Xədicə Həsənovanın ərinin valideynlərindən daxil olmuş şikayətlə əlaqədar gəldiklərini bildiriblər.

Boşanan qadının anası şantaj edildi

Söhbət əsnasında kütləvi informasiya vasitəsinin nümayəndəsi kimi geniş imkan sahibi olmaları, 2000 manat pulun müqabilində Xadicə Həsənovanın boşanma prosesinə Bakı şəhərində Qadınlar Şurası vasitəsi ilə müdaxilə edib, əmlakın bölünməsini və uşaqların anası ilə qalamsını təmin etdirəcəkləri barədə yalan vəd veriblər, Nailə Həsənovanın 400 manat pulunu alıblar.

Bundan başqa, Fariz Yəhyayev və İpək Məmmədova təqaüdə çıxarmaq adı ilə Göygöl sakinləri - Nəzakət Allahverdiyevadan 700, Gülnarə Məhərrəmovanın əri Hidayət Məhərrəmovdan 1360, Lətafət Həsənovadan 1520, Mübariz Məhərrəmovdan 1270, Mehman Teymurazovdan 1000, Alim Rzayev və onun oğlu Murad Rzayevdən 3000, Şəmkir sakinləri, Rəşad Minəxanovdan 1500, Əmir Mövlayevdən 800, Rasim Şamilovdan 1800, Hidayət Əliyevdən 1300 manat alıb.

Ata və oğula iş təklifi

Daha sonra Fariz Yəhyayev Kürdəmir rayonunun Karrar qəsəbəsində tanışı Şəmsəddin Əliyevin evində həmin qəsəbə sakini Bayraməli İsgəndərovu və kürəkəni Rövşən Hüseynovun hər birinə görə 400 manat pulun müqabilində Neft Şirkətində iş təşkil edəcəyi barədə yalan vəd verib, onların 800 manat pulunu alıb.

Bundan əlavə, onlar üzuli rayonunun Yuxarı Kürdmahmudlu kəndində tanımadıqları şəxslərdən kənddə yaşayan Züleyxa Misirovanın falçılıqla məşğul olması barədə məlumat alıb, sonuncunun yaşadığı evinə gəliblər.

Züleyxanın əməlləri, yoxsa “jurnalist”lərin şantajı

Onlar Züleyxa Misirovaya falçılıqla məşğul olması barədə diskdə yazılmış məlumatlar olduğunu, bu haqda kütləvi informasiya vasitələrində rüsvayedici məlumatlar yayacaqlarını, eləcə də yayılacaq məlumatlara əsasən inzibati orqanlar tərəfindən məsuliyyətə cəlb olunmaq üçün çağırılacağını bildiriblər.

Hədə-qorxu gəlməklə Züleyxa Misirovadan 100 manat tələb ediblər.

Züleyxa barəsində mətbuatda rüsvayedici məlumatlar yayılacağı və məsuliyyətə cəlb ediləcəyindən qorxub. O, əri Azər Misirova zəng vuranda Fariz və İpək oranı tərk ediblər.

Falçıdan 35 manat qopardılar

Hər iki təqsirləndirilən şəxs falçılıqla məşğul olan Füzuli rayonunun Yuxarı Kürdmahmudlu kənd sakini Nahidə Əbilovanı şantaj edərək 500 manat tələb ediblər, sonda falçıdan 35 manat ala biliblər.

Digər falçı, Yuxarı Kürdmahmudlu sakini Zeynəb Dərgahova da Fariz və İpək tərəfindən şantaja məruz qalıb. Şantajçılar ondan 70 manat olan köz samovarı, 1000 manat pul alıblar.

Falçı Elnarənin əri də işə qarışdı

Lənkəranda falçılıqla məşğul olan Elnarə Mamişevaya da cütlüyün dələduzluq və şantajları ilə üzləşib.

Arvadı haqqında mətbuatda rüsvayedici məlumatlar getməməsi üçün Bəxtiyar Əlihəsənov onlara 200 manat verib.

Fariz və İpək Lənkəran rayonunun Parakənd kəndində falçılıq edən Şərafət İsayevanı da şantaj edib. Ondan 50 manat pul, iki ədəd toyuq alıblar.

Falçı Şahvələddən 2500 istədilər, 500 aldılar

Fariz və İpək həmin kəndə falçılıqla məşğul olan Şahvələd Məmmədovun da evinə gediblər. Onlar falçı kişi barəsində rüsvayedici məlumatlar olduğunu, həmin məlumatların yayılmaması üçün 2500 manat istəyiblər. Sonda falçıdan 500 manat ala biliblər.

Lənkəranın Kərgəlan kəndində falçılıq edən Hikayət Seyfullayevadan 500 manat istəyiblər. Şantaj olunduğunu görən qadın ərinə zəng vurub. Qadının zəng etdiyini görən Fariz və İpək aradan çıxıblar.


ƏTRAFLI
MAGNEB6
Fal açdırdılar, vəsiqə göstərdilər

Hikayət Seyfullayevanın evindən çıxan Fariz və İpək həmin kənddə falçılıqla məşğul olan Arzu Abdullayevanın evinə gəliblər. Fala baxdırmaq üçün fal açdırdıqdan sonra vəsiqələrini təqdim ediblər.

Hədə-qorxu gəlməklə adının falçılar siyahısından çıxarlıması üçün Arzu Abdullayevadan 2000 manat tələb ediblər.

Arzu Abdullayeva onlara 169 manat verib.

Falçı Hökümə kimə zəng etdi?

Fariz Yəhyayev İpək Məmmədova və İlkin Məmmədovla Lənkəran rayonunun Şağlakücə kəndindən keçərkən tanımadıqları şəxslərdən kənddə yaşayan Hökümə Rəhimovanın falçılıqla məşğul olması barədə məlumat əldə ediblər.

Hökumə Rəhimovanın evinə gəlib, falçılıqla məşğul olması barədə məlumat aldıqlarını, bu haqda kütləvi informasiya vasitələrində rüsvayedici məlumatlar yayacaqları, inzibati orqanlar tərəfindən məsuliyyətə cəlb olunmaq üçün çağırılacağını bildiriblər.

Üçlük Hökümə Rəhimovadan 150 manat pul tələb edib.

Qadın qorxaraq onlara 100 manat verib.

Dələduzluq, hədə-qorxu cinayətləri

İstintaq orqanı tərəfindən Fariz Yəhyayev və İpək Məmmədova barəsində Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 178.2.2-ci (təkrar dələduzluq törətmək), 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək), 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə tələb etmə) və 182.2.2-ci (təkrar hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə ittiham elan edilib.

Digər təqsirləndirilən İlkin Məmmədova isə Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri ilə ittiham verilib.

Həbsdən çıxan kişi necə baş redaktor oldu?

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fariz Yəhyayev bildirib ki, Şirvan şəhərində qeydiyyatda olsa da, Bakıda kirayədə yaşayıb: “2007-ci ilin əvvəllərində yol-nəqliyyat hadisəsi törətdiyimə görə Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ili təqsirli bilinmişəm və 5 il müddətə məhkum edilmişəm.

2011-ci ilin oktyabrında cəzadan azad olunmuşam. Azadlığa buraxıldıqdan sonra Bakı şəhərində “Alfa” sığorta şirkətinin satış mütəxəssisi, müxtəlif qəzetlərdə material yığımı üzrə operator işləmişəm”.

Fariz Yəhyayevin sözlərinə görə, 2013-cü ildə “Presedent” ictimai-siyasi, hüquq qəzetini və “XəbərFakt.com” informasiya portalını satın alıb, “Azərbaycan” nəşriyyatının binasının 3-cü mərtəbəsində icarəyə ofis götürüb və orada fəaliyyət göstərib: “Həmin ilin avqust ayında İpək Məmmədova ilə nəşriyyata tanış oldum, o, “Presedent” qəzetində əvvəl xüsusi müxbir, sonra isə redaktor işlədi.

İpək Məmmədovanın oğlu İlkin Məmmədov 2016-cı ilin yanvar ayından bizimlə xüsusi müxbir kimi işləyib.

Qəzetdə işlədiyim müxtəlif vaxtlarda Biləsuvar, Lənkəran, Astara, Masallı, Füzuli, Göygöl, Şəmkir və digər rayonlarda adları ittihamda göstərilən şəxslərlə ünsiyyətdə olan zaman onların müxtəlif problemləri ilə tanış olub, həmin problemləri yoluna qoymaq adı ilə pullarını almışam. Həmin işlərin bəzilərini tək, bəzilərini İpək Məmmədova və İlkin Məmmədovla birlikdə görmüşəm.

Heç kimi fiziki zor tətbiq etməklə, həyatı və sağlamlığı üçün zor tətbiq edilməsi ilə hədələməmişəm”.

Fariz Yəhyayev deyib ki, onlar falçılıqla məşğul olan şəxslər barədə məlumat alıb, onlarla görüşərək qəzetdə, internet saytlarında ifşa və rüsvay edəcəkləri, onların məsuliyyətə cəlb olunacaqları ilə qorxudub, pul almayıblar.

Bu cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cəlil Nəbiyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

Üç məhkum

Məhkəmənin hökmü ilə Fariz Yəhyayev 6 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib, məhkəmə zalından həbs edilib.

İpək Məmmədovanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib, ona 5 il 5 ay 27 gün şərti cəza təyin olunub.

Digər təqsirləndirilən İlkin Məmmədov 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib, məhkəmə zalında həbs edilib.

Şərti cəza və bəraət davası

Hökmdən narazı qalan Fariz Yəhyayev və İlkin Məmmədov apelyasiya şikayəti veriblər.

Fariz Yəhyayev barəsində bəraət hökmünün çıxarılmasını istəyib. İlkin Məmmədov isə cəzasının yüngülləşdirilməsini, həbsdən azad olunmasını xahiş edib. Onların şikayətləri Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Ələsgər Novruzovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin apelyasiya şikayətlərinin dəlilləri araşdırılıb.

Qərara görə, hər iki təqsirləndirilən şəxsin apelyasiya şikayəti qismən təmin olunub.

Fariz Yəhyayevin cəzası 5 il 5 ay 28 gün müddətinə qədər azaldılıb. İlkin Məmmədovun isə barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib, ona 2 il sınaq müddəti olmaqla 5 il şərti cəza təyin edilib.

İlkin Məmmədov məhkəmə zalından azadlığa buraxılıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gədəbəydə DƏHŞƏT: Arvadını balta ilə QƏTLƏ YETİRDİ - FOTO
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ
80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO

12 barmağı  uşaq dünyaya gəlib

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Pensiya alanların NƏZƏRİNƏ - Artımlar...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - DETALLAR