Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6520
az

İlham Əliyev Qaxa səfər edib - YENİLƏNİB

21:0728 Oktyabr, 2018
1016
  • A
 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 28-də Qax şəhərində “Ulu Yurd” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Yurd Hotel” mehmanxanasının açılışında iştirak ediblər.

Oxu24.com xəbər verir ki, dövlət başçısı otelin rəmzi açılışını bildirən lenti kəsib.

“Ulu Yurd” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Cuma Əhmədzadə burada yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, Qax şəhərindən 8,5 kilometr məsafədə yerləşən mehmanxana, İlisu kəndində ümumi sahəsi 3,3 hektar olan “Yaşıl Park” istirahət mərkəzinin ərazisində inşa edilib. Kompleksin tikinti sahəsi 2100 kvadratmetrdir. Yüz yerlik, üçmərtəbəli mehmanxana binasında müxtəlif kateqoriyalara uyğun 48 otaq var.

19.54

Oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Ulu Aqro” MMC-nin Qax Aqroparkının açılışında iştirak ediblər.

Oxu.Az xəbər verir ki, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə Qax Aqroparkında görülən meliorativ tədbirlər, həmçinin Əyriçay su anbarı magistral kanallarının planı barədə dövlət başçısına məlumat verib.

Bildirilib ki, Qax rayonunun “Ağyazı” qışlaq otlağının ərazisində yerləşən aqroparkın yaradılması üçün meliorativ tədbirlərə 9 milyon manat, elektrik təminatına 4,7 milyon manat olmaqla, ümumilikdə 13,7 milyon manat dövlət əsaslı investisiya qoyulub. Aqroparkın ümumi ərazisi 2094 hektardır. Suvarılan sahə 1268 hektarı əhatə edir.

Ərazinin 863 hektarında 28 pivot qurğusu qurulub, 405 hektarında isə “damcılama” sistemi yaradılıb. Əkin sahələrinin davamlı və keyfiyyətli su təminatı üçün Aqroparka dövlət investisiyaları hesabına 4,6 kilometr uzunluğunda su xətti çəkilib, tutumu 50 min kubmetr olan beton su hovuzu tikilib, bütün zəruri meliorativ tədbirlər görülüb. Buraya 15 kilometr məsafədən 10 kV-luq elektrik xətti çəkilib, transformatorlar quraşdırılıb. Aqroparka yaxın ərazidən keçən Qax-Qıpçaq-Ağyazı avtomobil yolunda əsaslı təmir işləri aparılıb.

İqtisadiyyat naziri Şahin Mustafayev dövlət başçısına və birinci xanıma İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun maliyyə dəstəyi ilə Şəki-Zaqatala iqtisadi rayonunda yaradılan və fəaliyyəti genişləndirilən müəssisələr, həmçinin tütün, fındıq, bal, quru meyvə istehsalı üzrə respublika, o cümlədən bu iqtisadi rayondakı ötən ilin statistik göstəriciləri barədə məlumat verib.

Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Dövlət başçısı görüşdə çıxış edərək bu aqroparkın açılışının əhəmiyyətini vurğulayıb, kənd təsərrüfatının inkişafına dövlət qayğısından danışıb, hazırda ənənəvi kənd təsərrüfatı sahələrinin bərpa edildiyini bildirib. Son illərdə Qaxda çoxlu infrastruktur layihələrinin icra olunduğunu qeyd edən Prezident İlham Əliyev bu işlərin gələcəkdə də davam etdiriləcəyini bildirib.

Sonra Prezident İlham Əliyev aqroparkın suvarma sisteminin işə salınmasını bildirən düyməni basdı və əkin sahəsinə baxıb.

Məlumat verilib ki, aqroparkda 1200 hektar sahədə buğda, 169 hektarda qarğıdalı və 65 hektarda soya əkilib. Bundan başqa, 217 hektar badam, 50 hektar qoz, 32 hektar şaftalı, 30 hektar alma, 23 hektar gavalı, 12 hektar ərik və 11 hektar gilas bağları salınıb. Bu aqroparkın yaradılmasına dövlət tərəfindən 2 milyon manat güzəştli kredit verilib. Buraya verilən investisiya təşviqi sənədi sayəsində 183 min manat vəsaitə qənaət olunub. “Ulu Aqro” MMC-nin Qax Aqroparkının illik istehsal gücü 3 min ton meyvə, o cümlədən alma, armud, gilas, ərik, şaftalı və gavalıdır. Bundan başqa, burada il ərzində 0,5 min ton badam, 0,4 min ton qoz, 5,2 min ton taxıl, 2,4 min ton qarğıdalının istehsalı nəzərdə tutulub. Ümumilikdə, burada illik 15,2 milyon manatlıq məhsulun istehsalı gözlənilir. Bu aqropark kənd təsərrüfatının inkişafına təkan verməklə yanaşı, kənd təsərrüfatı məhsullarının istehsalı, ölkəmizdə rəqabətqabiliyyətli məhsulların sayının və çeşidinin artırılması, ixrac potensialımızın gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Aqropark yeni iş yerlərinin yaradılmasına da töhfəsini verir. Belə ki, burada 90 nəfərin işlə təmin olunması nəzərdə tutulub.

19.18

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 28-də Kənd Təsərrüfatı Nazirliyinin yenidən qurulan Qax Damazlıq İpəkçilik Stansiyasının açılışında iştirak ediblər.

Oxu24.com xəbər verir ki, dövlət başçısı və birinci xanım stansiyanın rəmzi açılışını bildirən lenti kəsiblər.

Kənd təsərrüfatı naziri İnam Kərimov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya burada yaradılan şərait barədə məlumat verib.


Bildirilib ki, Qax Damazlıq İpəkçilik Stansiyasının əsası 1973-cü ildə qoyulub. Maliyyə çətinliyi səbəbindən stansiya 1998-ci ildən fəaliyyətini dayandırmışdı. Nazirlər Kabinetinin 2015-ci ildə qəbul etdiyi qərarla stansiya Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki qurumların siyahısına daxil edilib. Prezident İlham Əliyevin ötən il imzaladığı “Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama uyğun olaraq, Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqla təchiz olunması məqsədilə Prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 4,5 milyon manat vəsait ayrılıb. Ötən ildən başlayaraq stansiyada əsaslı yenidənqurma işləri həyata keçirilib.

Məlumat verilib ki, stansiyanın ümumi ərazisi 5 hektar, tikintialtı sahəsi 2 min kvadratmetrdən çoxdur. Stansiyanın ərazisində inzibati bina, hər biri ikimərtəbəli olmaqla laboratoriya və inkubasiya mərkəzi, həmçinin hibrid toxumların istehsalı mərkəzi var. Burada, eyni zamanda, baramaqurdu ailələrinin yemlənməsi binası da yaradılıb. Qax Damazlıq Stansiyasında yeni yaradılmış tut ipəkqurdu cins və hibridlərinin yüksək keyfiyyətli ilkin materialının hazırlanması, çoxaldılması, onların bioloji və texnoloji göstəricilərinin yaxşılaşdırılması, barama toxumu zavodlarının və kümçülərin ipəkqurdunun sənaye qrenası ilə yerli istehsal hesabına təmin edilməsi nəzərdə tutulub. Stansiyada hər il 2 min ton yaş barama istehsalını təmin edəcək 4 min qutu hibrid ipəkqurdu toxumunun, eyni zamanda, 4 kiloqram superelit və 50 kiloqram elit sinfinə aid ipəkqurdu toxumlarının istehsalı planlaşdırılır.

Stansiyanın ərazisində 3 hektar sahədə Çin texnologiyası əsasında intensiv tipli tut bağları salınıb. Bu müəssisənin istifadəyə verilməsi ölkəmizdə ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması baxımından müstəsna əhəmiyyətə malikdir. Bununla yanaşı, stansiya yeni iş yerlərinin yaradılmasında da mühüm rol oynayır. Hazırda stansiyada 11 nəfər daimi işlə təmin edilib. Müəssisə tam işə düşdükdən sonra burada 59 nəfər daimi, 150 nəfər isə mövsümi işlərlə təmin olunacaq.

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya müəssisədə süni yemin yaradılması istiqamətində davam etdirilən tədqiqatlar haqqında məlumat verilib.

Qeyd olunub ki, burada tut yarpağının, qarğıdalı nişastasının, aktivləşdirilmiş mayanın, vitamin qarışığının və mərmər tozunun hazırlanması nəzərdə tutulur. Bu layihə ilboyu barama məhsulu istehsalının 6 min tona çatdırılmasını, toxum istehsalının sürətləndirilməsini, emal müəssisələrinin davamlı fəaliyyətini və kənd əhalisinin daimi işlə təminatını nəzərdə tutur.

Dövlət başçısına və birinci xanıma Stansiyada “Ağıllı Kənd” – “Dövlət Kənd İnkişafı layihəsi” barədə də məlumat verilib.

Bildirilib ki, bu innovativ layihə kənd əhalisini və infrastrukturunu yeni texnoloji həllərlə təmin edir. “Ağıllı Kənd” layihəsi bir çox mühüm elementləri özündə birləşdirir. Onların arasında məktəblərdə elektron tədris və təlim mərkəzləri, onlayn təlim platforması, elektron tibbi xidmətlər, alternativ və bərpa olunan enerjidən istifadə, ağıllı suvarma sistemləri, elektron və SMS məlumatlandırma daxildir. Bundan başqa, ağıllı biznes və təsərrüfatın qurulması məqsədilə layihə bazara rahat çıxış platformaları, təchizatçılar, istehsalçılar üçün daxili və xarici bazara rəqəmsal çıxış, onlayn bank xidmətləri və digər xidmətlər təqdim edir. Layihə “Ağıllı Dövlət İdarəçiliyi” istiqamətində elektron kənd təsərrüfatı, elektron xidmətlər, “bir pəncərə” sistemi, GIS əsaslı real zamanda nəzarət və ağıllı yerli idarəetmə imkanlarını da nəzərdə tutur.

Stansiyanın ərazisində geniş abadlıq-quruculuq işləri aparılıb, qazanxana, müxtəlif təyinatlı su anbarları da inşa olunub.

19.01

Oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qax rayonuna səfərə gəliblər.

Oxu.Az xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin Qax şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev rayonda görülən işlər barədə dövlət başçısına və birinci xanıma məlumat verib.

Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qarabağ suvarma kanalı yenidən qurulacaq
Azərbaycanda elektrikli avtobusların istehsalına başlanılacaq
Yüksək faizli depozit kampaniyasının vaxtı uzadıldı

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Taksi sürücüsü 17 yaşlı qızı zorladı
Rusiya sülhməramlıları niyə vaxtından əvvəl Qarabağdan getdi? - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?
Vətəndaşları aldadan şirkət rəhbərləri saxlanıldı