Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
19540
az

Pakistan bu qırıcıları Azərbaycana sata bilər - Prezident açıqladı

18:4628 Oktyabr, 2019
930
  • A
 
Pakistan və Azərbaycan arasındakı əməkdaşlıq iki xalq və ölkə arasındakı sıx dostluq münasibətlərinin mahiyyətini əks etdirir. Biz məhz bu dostluğa əsaslanaraq möhkəm tərəfdaşlıq əlaqələri qurmuşuq.

Bu fikirləri Azərtac-a məxsusi müsahibəsində Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi deyib. Bakıda keçirilən Qoşulmama Hərəkatının Zirvə Toplantısında iştirak etmiş Pakistan Prezidenti ölkələrimiz arasındakı əlaqələr barədə danışaraq bir sıra məsələlərlə bağlı fikirlərini bölüşüb.

Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşünün səmərəli keçdiyini vurğulayan Pakistanın dövlət başçısı danışıqlarda müxtəlif sahələrdə əməkdaşlığın müzakirə mövzusu olduğunu söyləyib. O qeyd edib ki, Azərbaycan və Pakistan sülh və ədalətin tərəfdarıdır. “Pakistan və Azərbaycan bir-birinə daim dəstək olur. Biz, həmçinin Qoşulmama Hərəkatının gələcəyi barədə də danışdıq. Azərbaycanın bu mötəbər təşkilata sədrlik etməsi həm böyük uğur, həm də məsuliyyətdir. Ədalətsizlik, haqsızlıq, insanların günahsız yerə əziyyət çəkməsi dünyanı narahat edən məsələlərdir”, - deyə Prezident vurğulayıb.

Prezident Arif Alvi son illərdə Qoşulmama Hərəkatının fəaliyyətində zəifləmə müşahidə olunduğunu qeyd edib. O, Pakistana dost ölkə olan Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi illərinin təşkilatın fəaliyyətində canlanma dövrü olacağına əminliyini ifadə edib: “Bunun üçün isə ən yaxşı yol köməksiz insanlara dəstək olmaq, onların haqlarını bərpa etməkdir. Dinindən asılı olmayaraq hüquqları pozulmuş bütün insanların yanında olmaq lazımdır. Hazırda geniş miqyas almış qaçqınlar problemi var. Bu məsələ daim diqqətimizdə olmalıdır”.

İki ölkənin hərbi əməkdaşlığından danışan Prezident Azərbaycana 10 ədəd “Super Muşşak” hərbi təlim təyyarələrinin göndərilməsinə başlandığını diqqətə çatdırıb. “Pakistanın hərbi sənayesi inkişaf edib. Biz hər cür silah növü istehsal edirik. Bizim özünü doğrultmuş JF-17 qırıcı təyyarələrimiz var. Bu da müzakirə mövzusu ola bilər. Biz, həmçinin hərbçilərin təlimləri məsələlərində də yaxın əməkdaşlıq edə bilərik. Biz terrorizmlə daim mübarizə aparırıq. Pakistan qədər terrora məruz qalan ikinci ölkə yoxdur. Ölkəmizdə 70 min insan terrorun qurbanı olub”, - deyə dövlət başçısı bildirib.

Dağlıq Qarabağ və Kəşmir məsələlərində hər iki ölkənin bir-birini dəstəklədiyini söyləyən Prezident Arif Alvi deyib ki, Pakistan və Azərbaycanın məqsədi sülh və əmin-amanlığa, BMT qətnamələrinin yerinə yetirilməsinə nail olmaqdır: “Hesab edirəm ki, sülhə alternativ yoxdur. Ölkələrin inkişafı üçün münaqişələri dayandırmaq, sülhə nail olmaq lazımdır”.

Digər əməkdaşlıq istiqamətlərindən danışan dövlət başçısı iqtisadiyyat, səhiyyə, təhsil sahələrində də geniş imkanların olduğunu bildirib. “Pakistanda yaxşı həkimlər, yaxşı məktəblər var. Neft sahəsində təcrübəsi olan Azərbaycan Qvadarda neft emalı müəssisəsi yaratmaq barədə təklif irəli sürüb. Şimal-Cənub nəqliyyat dəhlizi ilə qarşılıqlı yük daşımaları mümkündür. Həmçinin kənd təsərrüfatı sahəsində də əməkdaşlıq imkanları mövcuddur. Pakistan kənd təsərrüfatı ölkəsidir. Eyni zamanda, turizm sahəsində də yaxşı perspektivlər var. Azərbaycanın turizm sahəsində uğurlar əldə etməsini eşitmək xoşdur. İnsanlarımız arasında əlaqələrin intensivləşməsi dostluğumuzu daha da möhkəmləndirəcək. Pakistan xalqı bütün məsələlərdə Azərbaycanın yanındadır”, - deyə Prezident qeyd edib. 
  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi - FOTO
Azərbaycan Ordusunun əsgəri fəciəvi şəkildə öldü
Azərbaycan ordusunun zabiti intihar etdi

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Qadın sevgilisinə yazdığı mesajı oğluna göndərdi - Azərbaycanda dəhşətli cinayət