Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
617
az

Kimyəvi silah çəlləkləri: Suriyada aviabaza niyə bombalandı?

13:4314 Aprel, 2018
1759
  • A
Dünən Tramp Duma rayonunda baş verən kimyəvi hücum iddialarına görə, İran və Rusiyanı günahlandıraraq Suriya hökumət qüvvələrinə raket zərbələri endirə biləcəkləri açıqladı. Bu açıqlamadan saatlar sonra, bazar ertəsi gecə saat 03:25 dən 03:53 qədər Suriyanın Homs əyalətinin Palmira rayonunda yerləşən T-4 hərbi hava bazası Livan ərazisindən raket hücumuna məruz qaldı.

Belə ki, iddialara görə, İsrailin iki F-15 qırıcı təyyarəsi Livan hava sahəsindən istifadə edərək Aralıq dənizi istiqamətindən Suriyanın hərbi bazasına raket zərbələri endirib. İsrail tərəfi daha öncə məhz bu bazadan buraxılan İran istehsalı PUA-ların yəhudi dövlətinin hava məkanını pozduğunu və bunun cəzasız qalmayacağını açıqlayırdı. Bu hücumun da həmin PUA-lara və İranın İsrail sərhədlərinə yaxınlaşmasına cəhd etməsinə cavab zərbəsi olduğu ağılabatandır.

Daha öncə də dəfələrlə Suriya hərbi obyektlərinə hücum edən İsrail hərbi hava qüvvələri bu hücum haqqında məlumatı hələki şərh etməyib. Aerodroma endirilən səkkiz idarəolunan raketdən üçünün bazanın qərb hissəsini dağıtdığı, digər beş raketin isə Suriyanın HHM qüvvələri tərəfindən vurulduğu iddia olunur. Bu iddia kifayət qədər inandırıcı görünmür. Əvvəllər də baş tutan bu tipli hücumları Suriya HHM qüvvələri sadəcə seyr edə bilirdilər. Birdən-birə gecə, məhdud görmə şəraitində idarəolunan raketlərin 62 faizindən çoxunun vurulması real görünmür. Yəqin ki, yaxın günlərdə hücumun detallarına aydınlıq gətiriləcək. Raket zərbəsi nəticəsində ən azı 14 hərbçi həlak olub və yaralılar var. Onların arasında Rusiyadan olan məsləhətçilər olmasa da İran hərbçilərinin olduğu təsdiqlənib.

Livan mətbuatının verdiyi məlumata görə, zərbə İŞİD terrorçularının Palmira ilə Deyr-əz-Zor arasındakı yeganə magistral əlaqə yolunu kəsmək cəhdləri ilə üst-üstə düşüb.

BMT-nin Təhlükəsizlik Şurası bu gün, aprelin 9-da qurumun 9 İdarə heyətinin üzv dövlətləri - Böyük Britaniya, Fransa, ABŞ, Polşa, Hollandiya, İsveç, Küveyt, Peru və Fildişi Sahili - tərəfindən çağrılan iclas keçirəcək. Bu iclas Suriyanın Duma şəhərində kimyəvi silahdan istifadə iddiasına həsr olunacaq. Şəhərə nəzarət edən silahlı "Ceyş əl-İslam" qruplaşması, Suriya ordusunu kimyəvi hücumda ittiham edir. Qərb ölkələri bu ittihama dərhal dəstək verməyə hazır olduqlarını nümayiş etdirdilər.

2013-cü ildə Suriyada hökumət qüvvələri geniş miqyaslı kimyəvi hücum həyata keçirdi. Beynəlxalq təzyiqlər nəticəsində Suriya hükuməti bütün növ bəyan etdiyi kimyəvi döyüş silahlarını məhv etməyə razılaşdı. Super dövlətləri nəzərə almasaq, Suriyada olan kimyəvi silah ehtiyatı dünyada ən böyük arsenal hesab olunurdu. İddialara görə, Suriya bütün kimyəvi silahları ya bəyan etməyib, ya da ən azından xlor tərkibli silahların bir qismini gizlədib.

ABŞ prezidenti Donald Trump və Fransa prezidentləri Emmanuel Makron artıq xlor tərkibli kimyəvi silahdan istifadə faktını etiraf ediblər və birlikdə reaksiya verəcəklərini bəyan ediblər. Suriya və Rusiya isə Duma şəhərinin rəsmi Dəməşqin nəzarəti altında keçdikdən sonra hadisəni araşdırmağa söz verib. Mart ayından Rusiyanın Baş qərargahı müxalif silahlı qruplaşmaların Suriya ordusunun kimyəvi silahdan istifadəsini təlqin edəcəyi barədə məlumat verirdi.

Suriya müharibəsində cəbhənin bir tərəfində İran və Rusiya, digər tərəfində isə ABŞ və koalisiya qüvvələri dayanır. Hava zərbələrinə gəlincə, müharibə başlayandan ABŞ zaman-zaman Suriya Ordusuna dəfələrlə ağır raket zərbələri endirib. Bu zərbənin də sonuncu olmayacağı bəllidir.

Rusiya Aralıq dənizi akvatoriyasında yeganə olan Suriyanın Tartus limanını genişləndirir və Dəməşqlə bir sıra iqtisadi və hərbi razılaşmalar imzalayıb. Əsədin getməsi Rusiyanın Aralıq dənizindən getməsi deməkdir. İranın Suriyadakı məqsədləri isə ABŞ və İsrail üçün qətiyyən qəbuledilən deyil. İsrailə görə, Tehran Suriyadan Aralıq dənizinə qədər quru dəhliz, sonra isə Tartusda İran bazası kimi çox təhlükəli iki məqsəd planlayır. Bundan sonra İran rəsmiləri sərhəddə, əzəli düşməninə mümkün qədər yaxın bir Suriya ərazisində hərbi kontingentini və aviasiyasını yerləşdirməyi planlaşdırdıqlarını söylədilər. ABŞ və İsrail isə nə olursa olsun, hadisələrin belə bir inkişafının qarşısını almaq istəyir.

Avropa İttifaqının xarici siyasət xidmətinin nümayəndəsi Maya Kosyançiç bu gün keçirilən brifinqdə bildirib ki, müxtəlif mənbələrdən daxil olan məlumatlar, Dumada baş verən bu kimyəvi hücuma da rəsmi Suriya hakimiyyətinin aidiyyəti olduğunu göstərir. Rusiya və İran xaric, Qərb, Avripa Birliyi, ABŞ və əksər NATO müttəfiqlərinin birmənalı şəkildə Suriya hakimiyyətini günahlandırması, gərginliyin dırmanmasına səbəb olmaqla yanaşı İsrailin hücumlarına da birbaşa haqq qazandırır.

Suriyada İsrail HHQ-yə aid qırıcıların heç bir qırmızı xətlərə, Rusiyadan gətirilən müasir HHM sistemlərinə məhəl qoymadan istədiyi vaxt, hökumət qüvvələrinə məxsus ərazini eninə-uzununa bombalaması, Rusiyanın nota belə verməməsi maraqlı nüanslardan hesab oluna bilər. Müəyyən razılaşmalar olduğu da nəzərə çarpır. Moskvanın eyni hərəkətlərə görə ABŞ-ı daha çox tənqid etdiyinin şahidiyik.

Bu ilin fevralın 10-da İsrail HHQ Suriya ərazisində 12 obyektə zərbə endirdi. Zərbələrdən dördü İran, səkkiz isə Suriya obyektlərinə endirildi. Suriyanın əvvəlkilər kimi bu dəfə də cavab verməyəcəyi bəlli idi. Rusiyanın və İranın dinməz-söyləməz qalması hamının marağına səbəb oldu. Deməli İsraili yalnız uzaqdan danlamaq olar. Bu hücum 1982-ci il Livan müharibəsindən sonrakı dövrdə düşmənin hava hücumundan müdafiə sisteminə qarşı ən böyük aksiya idi. İsrail ordusu əməliyyatın tam uğurlu olduğunu iddia edir. Təl-Əvivin bu cür həlledici hərəkətlərlə Suriya məsələsində heç kimlə hesablaşmayacağını bütün tərəflərin diqqətinə çatdırmaq istədiyi ehtimal olunur. İstənilən halda İsrail istər Suriyada, istərsə ümümilikdə regionda əsas oyunçulardan biridir. İsrail rəsmiləri hər bir hücum aksiyasını "pis niyyətli qonşuların təxribatlarına müdafiə xarakterli cavab" kimi qiymətləndirir. Əslində bu doğrudur. Ərazisini, əhalisini və suverenliyini müdafiə etmək üçün perventiv zərbələr düşməni özünü toparlamasına imkan vermir.

Suriya ilə hər şey aydındır. Yaxın onilliklər belə Suriyanın dövlət kimi bərpa olunmasına yetməyəcək. Od ilə su arasında qalan isə Rusiyadır. Həm İran, həm də İsrail ilə normal münasibətləri olan Rusiya, bir-birilə dərin ziddiyyətləri olan Tehran və Tel Əviv arasında seçim etmək istəmir. İstənilən seçim Moskvanın maraqlarına xidmət etmir. Son zərbələrə görə Moskvanın İsrail barədə Peskovun "vətəndaşlarımızın təhlükəsizliyi bizi haqlı olaraq düşündürür" deyə açıqlama verməsi, Tel Əvivlə "körpüləri" yandırmaq istəmədiyindən irəli gəlir. ABŞ-ın isə istənilən halda İsrailin yanında olması nəzərlərdən qaçmır. Zərbələrin dumanı dağılmadan, zərbənin kim tərəfindən endirildiyi dəqiq bilinmədiyi anda belə ABŞ İsraili dəstəklədiyini açıqladı.

İstənilən halda Suriyada vəziyyət kifayət qədər gərgindir. Hazırda BMT-nin iclasında Suriyadakı vəziyyət müzakirə olunur. Yəqin ki, yenə də həmişəki kimi Rusiya və İrandan başqa hamı Əsədi bu məsələrdə günahlandıracaq. Suriya Ordusunun kimyəvi silahdan istifadə etməsi haqqında iddialar təsdiqini taparsa, o zaman Suriya BMT-dən xaric olunaraq hava məkanının uçuşlara bağlanacaq, ABŞ-ın rəhbərlik etdiyi "cazalandırma" koalisiyasının tərkibi genişlənəcək, hakimiyyətin strateji obyektlərinə tam miqyaslı hava zərbələri intensivləşəcək, hakimiyyətin əldə etdiyi nailiyyətlər və ərazilər müxaliflər və ya koalisiya qüvvələri tərəfindən mənimsəniləcək. ABŞ-ın birbaşa Bəşər Əsədə qarşı nöqtə zərbələri mümkün variantlar arasındadır. Bütün bunlar isə Dəməşq qədər Moskvanın da maraqları ilə daban-dabana ziddir.

İsrailə gəlincə onun Suriyadakı maraqları digər iştirakçı ölkələrdən fərqlidir. Əslində bu zərbələrə İsrail-İran qarşıdurması kontekstində baxılmalıdır. Dumaya çəlləklərlə kimyəvi silah atdığı iddia olunan helikopterlərin, məhz hücuma məruz qalan Tiyas aviabazasında dislokasiya olunması və iranlı məsləhətçilərin fəaliyyəti ilə sıx bağlı olması, İsrailin bir hücumla həm Dəməşqə, həm də İrana öz mövqeyini göstəməsinə səbəb oldu. Suriya ərazilərində heç bir maraqları olmayan Təl-Əvivi düşündürən tək problem sərhədlərinin və vətəndaşlarının təhlükəsizliyidir.

Hərbi ekspert Ədalət Verdiyev
Yazı Ordu.az-a məxsusdur
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Terrorçular  hərbçilərə hücum ediblər
Qorbaçov xəstəxanaya yerləşdirilib
ABŞ qadağan olunmuş raketlərin istehsalına başladı

İti xilas edərkən buzlu suya düşdü

18+

Bakıda dəhşətli qətlin videosu yayılıb (18+)
Döyüşlərdən  VİDEO YAYILDI
Yumurtanın  insana  bu ziyanı var imiş  - Həkimdən şok AÇIQLAMA
Bakıda DƏHŞƏT: Qızla dalaşan oğlan qazini öldürdü - ANBAAN VİDEO