Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8787
az

İlham Əliyev sərəncam imzaladı

19:3710 Yanvar, 2019
660
  • A
 Prezident İlham Əliyev Azərbaycanda innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında sərəncam imzalayıb.


Oxu24.com xəbər verir ki, sərəncamda deyilir:


1. Mərkəzi icra hakimiyyəti orqanları, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikası Prezidentinin, habelə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi icra hakimiyyəti orqanlarının yaratdıqları publik hüquqi şəxslər, o cümlədən dövlət ali təhsil müəssisələri, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər (bundan sonra – Koordinasiya subyektləri):


1.1. elmi nailiyyətlər, bilik və rəqəmsal yeniliklər bazasında məhsul, xidmət, texnologiya, proses və həllərin hazırlanmasına, təqdim olunmasına və istifadəsinə əsaslanan innovativ inkişaf məsələləri üzrə məsul əlaqələndirici şəxsi (müvafiq qurumun rəhbərinin müavini və ya qurumun idarəetmə orqanlarında təmsil olunan digər şəxs səviyyəsində) on gün müddətində təyin edərək bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına məlumat versinlər;


1.2. innovativ inkişafın (o cümlədən startap fəaliyyətinin) dəstəklənməsi sahəsində aidiyyəti üzrə mövcud vəziyyət barədə məlumatları bir ay müddətində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etsinlər;


1.3. innovativ inkişafın (o cümlədən startap fəaliyyətinin) dəstəklənməsi sahəsində aidiyyəti üzrə görülmüş işlər barədə yarımillik məlumatları hər il yanvarın 15-dək və iyulun 15-dək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etsinlər;


1.4. işçilərinin innovasiya təşəbbüskarlığının və rəqəmsal texnologiyalardan istifadə bacarıqlarının təşviq edilməsi ilə bağlı tədbirlər görsünlər.


2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası:


2.1. Koordinasiya subyektlərinin innovativ inkişafın (o cümlədən startap fəaliyyətinin) dəstəklənməsi sahəsində gördükləri işlərin əlaqələndirilməsini təmin etsin;


2.2. müvafiq sahədə nüfuzlu beynəlxalq məsləhətçi şirkətləri cəlb etməklə Azərbaycan Respublikasının innovasiya strategiyasının layihəsini beş ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.


3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:


3.1. Koordinasiya subyektlərinin (mərkəzi icra hakimiyyəti orqanları, Azərbaycan Milli Elmlər Akademiyası və dövlət ali təhsil müəssisələri istisna olmaqla) idarəetmə orqanlarında ən azı bir nəfərin innovasiyalar və ya elmi tədqiqatlar üzrə mütəxəssis olmasının təmin edilməsinə dair müvafiq təklifləri üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;


3.2. Koordinasiya subyektlərinin (mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Milli Elmlər Akademiyası istisna olmaqla) illik mənfəətinin müəyyən hissəsinin innovasiyaların tətbiqi və elmi tədqiqatların maliyyələşdirilməsinə yönəldilməsi ilə bağlı təklifləri üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;


3.3. ölkədə mövcud olan qabaqcıl texnoloji avadanlıqla təchiz edilmiş elmi tədqiqat mərkəzlərinin və laboratoriyaların (tədqiqat infrastrukturunun) reyestrinin tərtib olunması və aparılması qaydasını Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə hazırlasın və Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etsin;


3.4. dövlət mülkiyyətində olan və ya dövlət vəsaiti hesabına yaradılan tədqiqat infrastrukturundan tədqiqatçıların istifadəsi ilə bağlı təklifləri Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə beş ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.


4. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi bu Sərəncamın 2.2-ci bəndindən irəli gələn zəruri tədbirlərin görülməsini təmin etsin.


5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 2.2-ci bəndində göstərilən tədbirlərin maliyyələşməsini təmin etsin. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Saxta SİQARETLƏR: məktəblərin qarşısındakı alver, xərçəng riski – EKSPERTLƏR AÇIQLADI
Vətəndaş nikahlarının qadağan olunmasi təklifinə ilahiyyatçılardan cavab - VİDEO
Pəhriz saxlayanda kartof yeməyin: SƏBƏB

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Ağır xəstəlikdən əziyyət çəkən qadın TƏBİB-dən kömək istədi - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı AÇIQLAMA