Məzarına sahib çıxa bilmədiyimiz, əli süpürgəli GENERALIMIZ -Mehmandarovun doğum günüdür


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
Загрузка...
 Femida.az xəbər verir ki, bu gün Azərbaycanın böyük oğlu, artilleriya generalı, Azərbaycan Xalq Cümhuriyyətinin Hərb Naziri Səməd bəy Mehmandarovun doğum günüdür.


Öncə Mehmandarovlar soyadının tarixini öyrənməyə çalışdıq

Mehmandarovlar haradan gəlir?

Mehmandarov soyadının yaranması barədə müxtəlif fərziyyələr mövcuddur. Onlardan ən ağlabatanı budur ki, Qarabağ xanlığının idarəetmə aparatında olan bir çox hərbi və mülkü vəzifələrdən biri də mehmandar vəzifəsi olub. Bu vəzifənin icraçısının funksiyası xanlığa gələn fəxri qonaqları qarşılayaraq yerləşdirmək idi. Məhz Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin (1762-1806) ağalığı dövründə mehmandar vəzifəsini daşıyan Mirzə Əli bəyin törəmələrinin sonralar Mehmandarov soyadını qəbul etdikləri deyilir.

Bu soyun tanınmış nümayəndələrindən olan həkim Kərim bəy Mirzə Mustafa bəy oğlu Mehmandarov Sankt-Peterburq Tibb Cərrahlıq Akademiyasının məzunu olaraq, “Difai” təşkilatının Şuşa şöbəsinə sədrlik edib.
Mehmandarov soyadını daşıyan ən görkəmli şəxsiyyət isə Səməd bəy Mehmandarov olub. Səməd bəy Mehmandarov Rusiya İmperator ordusunun artilleriya generalı, Azərbaycan Xalq Cümhuriyyətinin hərb naziri olub. Qəhramanımız 1855-ci il oktyabrın 16-da Lənkəranda anadan olub. Bakıda gimnaziya təhsili alıb. 16 yaşında Peterburqda yerləşən II Konstantinovka artilleriya məktəbinə daxil olub. 1875-ci ilin dekabrında pod-poruçik rütbəsi alıb və üçüncü dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif edilib. 1890-cı ildə kapitan , 1898-ci ildə podpolkovnik, 1901-ci ildə polkovnik, 1904-cü ildə general-mayor rütbəsi alıb. Rus-Yapon müharibəsində böyük rəşadət göstərmiş S.Mehmandarova 1908-ci ildə tam artilleriya generalı rütbəsi verilib.

I Dünya müharbəsi başlarkən Varşava ətrafında xidmət edən general S.Mehmandarovun komandir olduğu 21-ci piyada diviziyasının tərkibində dörd alay var idi: 81-ci Abşeron alayı, 82-ci Dağıstan alayı, 83-cü Samur alayı və 84-cü Şirvan alayı. Visla çayı yaxınlığındakı İvanqorod rayonunda da 21-ci diviziya, 52-ci piyada diviziyası tərkibində 205-ci Şamaxı və 206-cı Səlyan alayları da var idi. Diviziya komandiri S.Mehmandarov Lodz istiqamətində aparılmış döyüşdə alman generalı Makenzonun ordusu üzərində qələbə əldə etmişdi.
1915-ci ildə general S. Mehmandarov korpus komandiri təyin edilib. 1917-ci ilin əvvəlində Rusiyanın bütün hərbi ordenləri ilə, eləcə də İngiltərə, Fransa və Rumıniyanın bir neçə hərbi ordenləri ilə təltif edilib.
1917-ci il fevral ayında burjua inqilabı baş verərkən S.Mehmandarov Qafqazda idi. Həmin ilin aprel ayında o, vəzifəsini həmişəlik tərk edib istefaya çıxır. Bir müddət Vladiqafqaz şəhərində yaşadıqdan sonra Azərbaycana gəlir.
General Mehmandarovun ölkə tarixinə ən böyük töhfəsi onun Azərbaycan Xalq Cümhuriyyəti hökumətində 1918-ci ilin 25 dekabrından Hərbi Nazir vəzifəsini tutması və müstəqil Azərbaycanın qısa müddətdə 40 minlik ordusunu yaratması olub.

Ana dilində salamlaşma və ordenlərindən imtina

Hərbiyyə naziri olan kimi Səməd bəy Mehmandarov 1918-ci ilin dekabrında hərbi salamlaşma haqda əmr verir:

“...əsgərlərin Azərbaycan türkcəsində salamlaşması – bir sözlə, - “Salam”, cavabının isə “Əleyküm salam” olmasını bütün zabitlərə əmr edirəm. Təltif zamanı əsgərə deyilməlidir: “Mərhaba!”, əsgər cavab verməlidir: “Çox sağ ol!”.

Bundan başqa Mehmandarovun vətənə sədaqəti imtina etdiyi mükafatlardan da görünür. General Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin başçısı Nəsib bəy Yusifbəyliyə göndərdiyi rəsmi məktubda bildirmişdi ki, ingilis hərbi dəstələri Azərbaycanda olduqları hər yerdə talanlar edir, kəşfiyyat işi aparırlar. Etiraz əlaməti olaraq Səməd bəy İngiltərə hökumətinin I dünya müharibəsi illərində ona verdiyi orden və medalları İngiltərə hökumətinə qaytarmağı Azərbaycan hökumətindən xahiş edir: “Torpağımı və xalqımı fəth edən ikiüzlü bir ölkənin ordeni mənə gərək deyil!”.

40 minlik Milli Ordu

İl yarım ərzində silahdaşı və dostu Əliağa Şıxlinski ilə 40 minlik ordu yaradan Səməd bəy – “yuxudan yenicə oyanmış xalqda sağlam milli hiss oyatmalıyıq” , – deyirdi və bunu mübarizə tədbirlərindən biri hesab edirdi: “Biz heçvaxt boyunduruq altında olmamışıq”. Bu sözlər əsgərləri ruhlandırırdı. Əsgərlər də onun şəninə “Qafqaziyaya şan gəlir, dərdlərə dərman gəlir” - deyə oxuyurdular.
1919-cu ilin yazında ingilis hərbi hissələri Azərbaycanda olduğu dövrdə Hərbi Nazir S.Mehmandarov Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin başçısı Nəsib bəy Yusifbəyliyə göndərdiyi rəsmi məktubda bildirir ki, İngilis hərbi dəstələri Azərbaycanda məskun olduqları yerlərdə talanlar edir, kəşfiyyat işi aparırlar. Bunlara etiraz olaraq S.Mehmandarov İngiltərə hökumətinin I Dünya Müharibəsi illərində ona verdiyi ordenləri özlərinə qaytarmağı Azərbaycan hökumətindən xahiş edir.
1919-cu ilin sonlarında Azərbaycan ordusu iki piyada və bir süvari diviziyadan ibarət idi. Bundan əlavə Gəncədə iki artilleriya batareyası və yüngül toplara malik xüsusi diviziya yaradılmışdı. Ordunun tərkibində həmin dövrdə üç zirehli qatar, 4 hərbi təyyarə, 6 zirehli avtomobil var idi. 1920-ci ilin əvvəlində Azərbaycan ordusunun şəxsi heyətinin 40 min nəfərə çatdırılması planlaşdırıldı. Hərbi xidmətə 19-24 yaşlı müsəlman əhalisinə məxsus gənclərin çağırılması nəzərdə tutulurdu. Ordunu gücləndirmək üçün 5 tank, 12 hidroplan, 6 aeroplan, 9 zirehli avtomobil və s. alınması planlaşdırılmışdı. Ancaq... öz millətinin ordu komandanı olmaq xoşbəxtliyi cəmi ilyarım sürdü. Aprelin 27-də parlamentin son iclasından qayıdan Səməd bəy Mehmandarov ailə üzvlərinin çamadanları hazırlayıb yola çıxmaq istədiklərini görüb dedi: “Boşaldın, heç yerə gedəsi deyilik. Vətəndən ayrılmağa heç bir əsasım yoxdur”. Biləcəridə Müsavat hökumətinin başçılarını Tiflisə aparan qatar Səməd bəy Mehmandarovu saat yarım gözlədi… O, Bakıda qaldı. Gedənlərin taleyi necə oldu, bunu da hamı bilir.

Ahıl yaşda əlində süpürgə!..

“1923-cü ildə ağ saqqallı Səməd bəy Mehmandarovu əlində süpürgə Bakıda görüblər”. Bu sözlər hərb tariximizin tanınmış araşdırmaçısı Şəmistan Nəzirlinin “Azərbaycan generalları” kitabından götürülüb.
Həmin kitabda yaddaşlarda qalan bu qorxunc etirafdan da söz açılır. Deyilənə görə, bolşevik hökuməti Səməd bəy Mehmandarovu Müsavat hökumətinin hərbi naziri işlədiyi binanın – sonralar Azneft kimi tanınan o tikilinin ətrafını süpürməyə məcbur edirmiş. Görk olsun deyə…

Qəbrinə sahib çıxa bilmədik...

Səməd bəy Mehmandarov 1928-ci ildə səhhətinə görə istefaya çıxır. Ona yüz manat pensiya kəsirlər… General 1931-ci il fevralın 12-də Bakıda vəfat edir. Onu Çəmbərəkənd qəbiristanlığında dəfn edirlər. Həyat yoldaşı ərinin ölümündən sonra oğlunu da götürüb Sankt-Peterburqa köçür. 1937-də onları Saratova, 1941-də isə Sibirə sürgün edirlər. Xanım faşistlərin partlatdığı qatarda həlak olur. Oğlu isə sağ qalır və sürgün həyatına davam edir…

Tədqiqatçı jurnalist Şəmistan Nəzərli Səməd bəy Mehmandarov və onun övladı haqqında Modern.az saytı ilə maraqlı məlumatlar bölüşüb:


“Bir hərbi xadim kimi Səməd bəyin xidmətləri əvvəzsizdir. Hərbi sərkərdə kimi, rus hərb tarixçiləri və yazıçıları onun artilleriya sahəsindəki böyük nüfuzundan, istedadından iftixarla yazıblar. Özümüzdə isə inqilabdan əvvəlki generallarımızdan söz düşəndə, ən az məlumata malik adam belə, Şıxlinskinin və Mehmandarovun adını çəkə bilir. Etiraf etməliyik ki, son illərə qədər hər bir azərbaycanlının tanıdığı yalnız bu iki əfsanəvi general olub. Təəssüf ki, onların da adını çox vaxt qorxa-qorxa çəkmişik. Rəsmi dairələrdə isə onların adının yanında həmişə bir neçə ağ ləkə olub: “Çar generalıdı”, “Müsavatın hərbiyyə naziri olub”, “bəy nəslinin nümayəndələri”dir və s. Bu minvalla, yersiz damğalarla görkəmli sərkərdələrimizi unutmuşuq, lap az tədqiq etmişik. Amma qonşularımız praporşik rütbəsində olan oğlunu elə tərifləyir, haqqında o qədər yazır ki, az qala gözündə generaldan da uca olur.
Halbuki, yadların fəxrlə söhbət açdığı bu iki generalımız Port-Arturda yaponlara, Birinci Dünya Müharibəsində almanlara qarşı vuruşaraq, ulu babalarımızdan gələn döyüş ənənələrini bütün dünyaya yayıblar. Birinə “Artilleriyanın allahı” fəxri adı, o birinə isə “Müqəddəs Georgi ordeni”nin bütün dörd dərəcəsi verilib. Böyük imperiyanın minlərlə generalları arasında onların da öz yeri olub”.


“Siz yaxşı valideyn seçməmisiniz, nazirin oğlu olmusunuz”


Şəmistan Nəzərli 1985-ci ildən başlayaraq Səməd bəy Mehmandarovun yeganə övladı İqorla görüşməyə başlayıb. Onun sözlərinə görə mərhum prezident Heydər Əliyev İqor Mehmandarovu Bakıya dəvət edib. Elə həmin vaxtdan o, həyat yoldaşı İza Polagina ilə birlikdə Bakıda yaşamağa başlayıb. İqor Mehmandarov Azərbaycan xalqından yaman incik imiş:


“Mən İqorla görüşməyə başlayanda televiziyada işləyirdim. Ona təklif etdim ki, televiziyaya çıxsın, xalq onu tanısın, amma istəmədi. Həmin vaxt əksəriyyət bilmirdi ki, Səməd bəy Mehmandarovun oğlu var. İnsanlardan gizlənməyinin səbəbini soruşanda isə bildirdi ki, o vaxt atasına əzab veriblər. Halbuki, Səməd bəy Mehmandarova bolşeviklər əzab verib, azərbaycanlıların günahı yoxdur. İqor rusdilli biri idi, Azərbaycan dilini bilmirdi. Onun əsl adı Pir idi. Səməd bəy Mehmandarov Varşavada olan zaman İslam dini ilə məşğul olurdu. Allah ona çox gec, 1907-ci ildə oğlan övladı nəsib etdi. Ondan başqa heç bir övladı olmayıb. Ona görə də həmin vaxt adını Pir qoymuşdu. Pir qeyri-adi tapıntı anlamına gəldiyi üçün Səməd bəy sevincindən oğluna bu adı verib. Daha sonra Səməd bəy həyat yoldaşı Yelizaveta Nikolayevna Teslavın Kiyev zadəgan ailəsindən olduğunu nəzərəa alaraq, uşağın adını dəyişib İqor Samedoviç Mehmandarov yazdırıb.

İqorun əslində Azərbaycana olan sevgisi böyük idi. Bilirsiniz, bir tərəfdən o da haqlıydı. Çünki atasını sürgün etmişdilər. Onunla həmsöhbət olduğum zaman deyirdi ki, “NKVD işçiləri anamı da, məni də tez-tez döyürdülər. Biz bu cür münasibətin səbəbini soruşanda bildirirdilər ki, siz yaxşı valideyn seçməmisiniz, nazirin oğlu olmusunuz”.


Səməd bəyin həyat yoldaşı və oğlu əvvəlcə Kalininqrada, daha sonra müharibə başlayan zaman qatarla Sibir tərəfə sürgünə göndəriliblər. Həmin vaxt qatara qəfildən almanlar hücum edib. Mehmandarovun həyat yoldaşı yaralanıb həlak olsa da, İqor sağ qalıb.

İqorla görüşdüyümüz zaman atası Səməd bəy haqqında heç nə danışa bilmədi. Çünki atasını itirən zaman hələ uşaq idi. Xatirində onunla bağlı nəsə qalmamışdı”.


Tədqiqatçı jurnalist bildirir ki, Səməd bəy Mehmandarov gəlini İza Polagina ilə heç vaxt tanış ola bilməyib. İqorun İza ilə izdivacı ikinci evliliyi idi. Onun ölümündən sonra İza hələ də Bakıda yaşayır. Ş.Nəzərlinin sözlərinə görə, İza Polaginanın yaşadığı evi Heydər Əliyev onlara bağışlamışdı:



“İndi o evdə İqorun həyat yoldaşı İza Polagina yaşayır”


“İza qoca qadındır, təxminən 90 yaşlarındadır. Səməd bəyin oğlu Azərbaycan xalqından incik olsa da, Heydər Əliyevdən razı idi. Heydər Əliyev onu Kalininqraddan gətirib ev vermişdi. İndi o evdə İqorun həyat yoldaşı İza xanım yaşayır. Onların övladı olmayıb. Səməd bəyin gəlininin atası da general olub. Hələ Heydər Əliyev onları bura gətirib mənzillə təmin edən zaman heç kimin onlardan xəbəri yox idi. İqor 1989-cu ilin avqust ayında vəfat edib. Məzarı Yasamal qəbirstanlığındadır”.



Paylaş:


16-okt, 2018 314
Загрузка...
Loading...
 
loading...


 
Facebook səhifəmiz