Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2401
az

\"Silah sahibi olan şəxs məsuliyyət daşıyır\"-

16:2930 May, 2018
1857
  • A
 

Ağsuda baş verən faciə evdə saxlanılan silahların yığışdırılmasını gündəmə gətirdi

“Silah sahibi hüquqi məsuliyyət daşıyır”


Evdə olan silahlara nəzarət mexanizminin düzgün qurulması barədə dəfələrlə yazılıb, vətəndaşlara xəbərdarıq edilib ki, silahları mümkün olduğu qədər uşaqların əli çatmayan, gözü görməyən bir yerdə saxlamaq lazımdır. Amma ehtiyatsızlıq nəticəsində uşaqların əlində açılan ov tüfənglərinin qurbanlarının sayı azalmaq əvəzinə artır.

Vaxtaşırı azyaşlıların yaralanması, bəzən isə ölümü ilə nəticələnən bu cür bədbəxt hadisələrə şahid olsaq da, problem həll olunmadan qalıb. Yəni qabaqlayıcı tədbirlər görülməsə, azyaşlıların silahla ehtiyatsız davranaraq özlərinə və doğmalarına zərər verməsi halları son da olmayacaq.

Azərbaycan cəmiyyəti bu hadisədən nəticə çıxarmalı və evlərdə olan silahların xüsusilə uşaqlar üçün bir təhlükə meydana gətirməsi faktını unutmamalı, silah saxlama mövzusunda məlumatlı olmağın əhəmiyyətini dərk etməlidirlər. Ekspertlər hər şeydən əvvəl uşaqların kiçik yaşlarından silahlardan istifadə zamanı baş verə biləcək pis nəticələr haqqında məlumatlandırılması və silahların bir oyuncaq olmadığına inandırılmasının zəruri olduğunu hesab edir. Həmçinin də evdə saxlanılan silahların içinin boş və silah ilə güllələrinin ayrı yerlərdə olmasının vacibliyinə diqqət çəkiblər.

Qeyd edək ki, növbəti güllələnmə hadisəsi Ağsu rayonunda baş verib. Rayonun Bico kənd sakini, 1992-ci il təvəllüdlü İmaməliyeva Samirə Sədaqət qızı 5 yaşlı oğlu tərəfindən ov tüfəngindən açılan atəş nəticəsində güllə yarası alıb.

Məlumata görə, iki uşaq anası olan Samirə İmaməliyeva divanda yatan zaman azyaşlı oğlu ov tüfəngini götürərək onu oynadıb və ehtiyatsızlıq səbəbindən qəflətən açılan atəş nəticəsində faciəli hadisə baş verib. Qadın başından aldığı xəsarət səbəbindən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Ağsu Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

5 yaşlı uşağın anasını güllələməsi ictimaiyyətdə birmənalı qarşılanmır. Hadisəni sosial şəbəkələrdə müzakirə edən vətəndaşlar bir sıra qaranlıq məqamların olduğunu iddia edib. Xüsusən də, 5 yaşlı uşağın ov tüfənginin tətiyini çəkəcək gücdə olmadığını deyirlər.

"Sağlam Toplum” İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralı da hadisə ilə bağlı öz mövqeyini bildirib:

 "İki uşaq anası olan Samirə adlı qadın divanda yatırmış, oğlu ov tüfəngini götürərək onu oynadıb və qəflətən açılan atəş nəticəsində faciəli hadisə baş verib. Qadın başından aldığı xəsarət səbəbindən yerindəcə dünyasını dəyişib. Bu barədə dəfələrlə yazmışam burda, evlərdən tüfəngləri yığmaq lazımdır. Sənədlə versinlər lazımi yerə, orda qorunsun. Bu son illərdə 4 ya 5-ci belə hadisədir. Uşaq ya anasını öldürür, ya qardaş-bacısını. Adını da qoyurlar ehtiyatsızlıq. Nəyi ehtiyatsızlıqdır bunun? Dəlinin yadına daş salmaqdır, uşaq olan evdə silah nə gəzir?”.

Lalə Mehralı mülki şəxslərin evdə silah saxlamasının doğru olmadığını deyib. Onun sözlərinə görə, lap sənədi-pasportu olan ov tüfəngi olsa belə, sadə vətəndaşın evində odlu silah saxlaması yolverilməzdir:

"Əvvəla ona görə ki, bu cür hadisələr baş verə bilər, bundan heç kim sığortalanmayıb. Axı azyaşlı uşaq nə bilir onun təhlükəli olduğunu? Hər gün efirdə, filmlərdə gördüyü bir şeyin evlərində olması onun marağına səbəb olacaqdı, bu, aksiomadır. O silahı əlinə götürən uşağın bir xəta törədəcəyi də məlum idi.

Bu dəfə yaralanma olub, amma ölüm hallarını azmı görmüşük? İstənilən halda silah təhlükəlidir, bunu anlamaq çox çətin deyil. Böyüklərin soyuqqanlılığı, etinasızlığı bu kimi hadisələrə səbəb olursa, onda silahların sənədli-qanuni olması məsələsi bir daha düşünülməli, mülki vətəndaşın silah saxlamasına icazə verilməməlidir. Başa düşürəm, ailə yadigarı ola bilər, babadan, atadan qalmış qiymətli xatirə ola bilər, amma bu yadigarın bir insan ölümünə səbəb ola biləcəyi ehtimalı da düşünülməlidir. Buna görə etibarlı yerdə mühafizə edilməlidir. Lap elə lazımi orqana təhvil verilib mühafizə edilməsini qanuni yolla sənədləşdirmək olar”.

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev də hesab edir ki, silahı evdə açıq-aşkar formada saxlamaq təhlükəsizlik baxımından yolverilməzdir. Onun sözlərinə görə, silahı xüsusi metal qutuda saxlamaq lazımdır. Silahın saxlandığı seyfin qalınlığı 3 mm, kilidləri isə iki dənədən az olmamalı və silahı evdə xüsusi ayrılmış yerdə və boş halda saxlanılmalıdır:

"Silah olan yerdə istiliyin, yanğına qarşı tez alışan tez alovlanan maddələrin olmamasına diqqət edilməlidir. Silahın özü sahibi üçün əlavə məsuliyyət yaradır. Sizdə silahın olması pis niyyətli adamların öz əməllərini icra etmək üçün sizin evinizə qanunsuz daxil ola bilmək ehtimalı yaradar , özünüz və ailənizin təhlükəsizliyini təhdid altına atar. Ən başlıcası isə silah evdə uşağın əlinə keçə bilər və bədbəxt hadisəyə səbəb olar. Silahı mənzildə düzgün təhlükəsizlik qaydalarına uyğun formada saxlayarsa, heç bir bədbəxt hadisə baş verməz”.

E.Nurəliyev deyib ki, baş vermiş hadisədə silahın uşağın əlinə necə keçməsi maraqlıdır. Dolu vəziyyətdə və qurulan silahın tətiyinin azyaşlı uşaq tərəfindən çəkilməsi elə də çətin deyil. Əsas silahın dolu vəziyyətdə hansı səbəbdən saxlanılması təbii ki, hüquq-mühafizə orqanları tərəfindən araşdırılacaq və məsələyə hüquqi qiymət veriləcək:

"Silah sahibi olan şəxs ona məxsus olan silaha görə məsuliyət daşıyır. Fərqi yoxdur o silahdan kim istifadə edib, kimin əlinə keçib və istməyərək olub. İstənilən halda silah sahibi evdə, üzərində daşıyarkən təhlükəsizlik qaydalarına riayət etməlidir. Qanuni alınan silahlar dövlət tərəfindən hamısı qeydiyyatdadır. Aidiyyəti üzrə müvafiq qurumlar tərəfindən evlərdə silahların saxlanılma şəraiti ilə tanış olunsa, nöqsanlar varsa, aradan qaldırılsa, verilən tapşırıqlar silah sahibi tərəfindən əməl olunsa daha yaxşı olar”.

İradə Cavadova: "Tüfənginin atəşə hazır vəziyyətdə saxlanmasının səbəbləri araşdırılmalıdır”

"5 yaşlı uşağın "törətdiyi” cinayət ciddi araşdırılmalıdır. Burada silahın sahibi də məsuliyyət daşımalıdır”. Bunu isə "Sherg.az”a vəkil İradə Cavadova deyib. O diqqətə çatdırıb ki, azyaşlı bu hadisədə məsuliyyət daşımır:

"Ov tüfənginin atəşə hazır, dolu vəziyyətdə saxlanmasının səbəbləri araşdırılmalıdır. Üstəlik bu hadisədə 5 yaşlı uşağın ov tüfənginə gücünün çatması, onu atəş açacaq dərəcədə istifadə edə bilməsi də sual altındadır. Prokurorluq bunu tam aydınlaşdırandan sonra qərar verilə bilər. Tüfəngin ağırlığı, böyüklüyü, 5 yaşlı uşağın tüfəngi tutma qabiliyyəti dəqiqləşdirilməlidir. Ov tüfənginin rəsmiləşdirilib, rəsmiləşdirilməməsi də sual altındadır. Silah rəsmiləşdirilibsə, sahibi saxlama qaydalarına riayət etməli idi. Ona görə, tüfəngin sahibi ciddi məsuliyyət daşıyır”.

İ.Cavadova xatırladıb ki, qonşu Türkiyədə silahdan istifadə bir növ dəb halını alıb:

"Qardaş ölkədə sıravi vətəndaşlar da silahdan istifadə edirlər. Bəzi bölgələrin adətlərinə uyğun havaya atəş açmaq ənənəsi get-gedə yayılır. Türkiyədə dəfələrlə azyaşlı uşaqların əlinə silah verilməsi, havaya atəş açılması nəticəsində bədbəxt hadisələr baş verib. Bu adət-ənənə olsa belə, insanların həyatı üçün təhlükə törətdiyindən yolverilməzdir. Belə hallar nümunə olmamalıdır”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü
Şahmar Hüseynova yeni vəzifə verildi - FOTO
“Depressiyaya düşmək zəif iradənin nəticəsidir” - PSİXOLOQ FİKRİ

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Bakıda kafedə ÖLÜM