Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17469
az

Elşad Hacıyev: “Bəzi dilənçilər başına çadra örtüb turist görüntüsü yaradır və...”

12:3903 Sentyabr, 2019
745
  • A
 
Paytaxtda ictimai mənəviyyat əleyhinə və milli mentalitetə zidd olan hallara qarşı mübarizə gücləndirilir. Bu məqsədlə sentyabrın 2-dən başlayaraq, Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəhbərliyi tərəfindən təsdiq olunan Tədbirlər Planına müvafiq olaraq, polisin səlahiyyətləri çərçivəsində konkret vəzifələr müəyyən olunaraq icraya yönəldilib.

Bu barədə "Yeni Müsavat”a BŞBPİ-dən bildirilib. Məlumatda qeyd olunub: "Paytaxt sakinlərindən daxil olan müraciətlərin, müşahidə olunan sosial-neqativ halların təhlilləri göstərir ki, Bakıda fəaliyyət göstərən bəzi əyləncə-istirahət yerlərində  - gecə klublarında, barlarda, hotel və motellərdə, mərkəzi küçələrdə ictimai mənəviyyat əleyhinə, əxlaqa zidd hallar var. Əxlaqa zidd olan bütün halların forma və təzahürlərinə qarşı mübarizənin effektivliyini artırmaq üçün milli-mənəvi dəyərlərimizə uyğun olmayan davranışların, ictimai əhəmiyyət kəsb edən digər neqativ halların qarşısının alınması üçün kompleks profilaktik tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Əsasən Səbayel rayonu ərazisində yerləşən ”Fəvvarələr meydanı" və Nizami küçəsində, Nəsimi rayonu Səməd Vurğun və Nizami küçələrinin kəsişmələrində yüngül əxlaqlı həyat tərzi sürən şəxslərin profilaktikasına dair tərkibi əməliyyat, təhqiqat, ictimai təhlükəsizlik əməkdaşlarından ibarət fasiləsiz fəaliyyət göstərən xüsusi naryad qrupları yaradılıb. Paytaxtda xidmətin nümunəvi təşkili və aparılması, asayişin, vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması nəzarətdə saxlanılmaqla, müvafiq tədbirlər davam etdirilir".

Bəs bu günə qədər hansı tədbirlər həyata keçirilib və nəticəsi necə olub? Bu və ya digər məsələlərlə bağlı BBPİ-nin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev "Yeni Müsavat”ın suallarını cavablandırıb. O qeyd edib ki, ictimai qaydanın, təhlükəsizliyin təmin olunması istiqamətində müvafiq tədbirlər həyata keçirilir: "Bu tədbirlər eyni zamanda cəmiyyətdən, ictimaiyyətdən, mətbuatdan gələn çağırışlar əsasında formalaşır. Həmçinin bizim aşkarladığımız sosial neqativ hallarla paralellik əsasında aparılır ki, cəmiyyəti narahat edən neqativ hallar baş verməsin və yaxud bunun forma və təzahürləri müşahidə olunmasın.

Bakı şəhəri üzrə polis orqanları tərəfindən ötən müddət ərzində milli-mənəvi dəyərlərin qorunması, ictimai-mənəviyyata zidd halların aradan qaldırılması üzrə bir sıra tədbirlər həyata keçirilib və bu, sistemli formada davam etdirilir. Məsələn, cari ilin təkcə 7 ayı ərzində paytaxt ərazisində BŞBPİ və Səbayel Rayon Polis İdarəsi əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində 315 qadın saxlanılaraq, İnzibati Xətalar Məcəlləsinin 524-cü maddəsi ilə məsuliyyətə cəlb olunub. Burada rəqəmin yüksək olması elə bir görüntü yaratmasın ki, şəhərin mərkəzi küçə və prospektlərində əxlaqsızlıqla məşğul olan qadınların sayı çoxdur. Onların böyük əksəriyyəti demək olar ki, təkrarən saxlanılıb. Bu səbəbdən onların sayı bir qədər yüksək görünür. Bu istiqamətdə mübarizə sistemli formada davam etdirilir. Lakin ümumi təhlillər, vətəndaşlardan gələn müraciətlər, son illər paytaxtımıza turist axınını nəzərə alaraq, sosial neqativ halların tam aradan qaldırılması üçün BBPİ rəhbərliyi müvafiq plan təsdiqləyib. Bu plan prezidentin 2001-ci il iyun tarixində "İctimai mənəviyyat əleyhinə olan hallarla mübarizənin gücləndirilməsi haqqında göstəriş”in əsasında hazırlanıb və yenidən icraya yönəldilib. Yəni bu, 2001-ci ildən başlayaraq artıq normativ hüquqi akt formasında polis tərəfindən icra olunub. Amma bu gün cəmiyyətdən gələn çağırışları da nəzərə alaraq bu istiqamətdə işlərin gücləndirilməsi ilə bağlı daha səmərəli işlər görməyə çalışırıq".

Saxlanılan qadınlar əsasən hansı yaş təbəqəsində olur? Aralarında azyaşlılar da varmı?

Bu suala cavabında qurum rəsmisi qeyd etdi ki, saxlanılanların arasında azyaşlı müşahidə olunmayıb: "Dilənçilik, tüfeyli həyat, əxlaqsızlıq, onların həyat düşüncə tərzinə çevrilib. Bir daha təkrarlayım  ki, onların əksəriyyəti dəfələrlə saxlanılanlar, profilaktik tədbirlərdən nəticə çıxarmayanlardır. Amma bütövlükdə kütləvi olaraq biz insanları maarifləndirməyə, istiqamətləndirməyə, yol göstərməyə çalışırıq. Şəhərin mərkəzində bu cür neqativ halların baş verməsi hüquq normalarına zidd olmaqla yanaşı, həmçinin mənəvi-əxlaqi dəyərlərimizi deformasiyaya uğradan hallardır. Biz fəaliyyətimizi o insanları islah etməyə, maarifləndirməyə, tərbiyələndirməyə, profilaktiki iş qurmağa yönləndirmişik.

"Qeyd etdiniz ki, məsuliyyətə cəlb olunanların əksəriyyəti dəfələrlə saxlanılanlardır. Hər dəfə saxlanıldıqda cəza tədbirləri sərtləşdirilir, ya əvvəlki qaydada inzibati məsuliyyətə cəlb olunur” sualına BŞBPİ sözçüsünün cavabı belə oldu: "Əxlaqsızlıqla məşğul olmaq qanunumuzda inzibati xəta kimi təsbit olunub. Əməkdaşlarımız da buna uyğun protokol tərtib edir və işimizi bitmiş sayırıq. Lakin bütövlükdə bu problemə cəmiyyətin özü də maraqlı, səfərbər olmalıdır ki, bu cür neqativ hallar aradan qalxsın. İstərdik və arzulayardıq ki, vətəndaşların sıx olduğu ərazilərdə sosial neqativ hallar olmasın.

Bəzən dilənçiləri fərqləndirə bilmirik, çünki onlar mərkəzi küçələrə gəldikdə elə qiyafələr geyinirlər ki, ya dindar, ya da xarici turist görkəmi yaradırlar. Məsələn, çadra geyinib, öz əməlini həyata keçirir, insanlara yaxınlaşır. Polis ilk baxışda müəyyən edə bilmir ki, həmin şəxs dilənçidir, yoxsa paytaxt sakinidir. Onlar insanları öz duyğuları ilə inandırmağa çalışırlar. Təsəvvür edin ki, polis nə qədər diqqətli və məsuliyyətli olmalıdır ki, onları ayırd edə bilsin. Bu mənada polisin bu məsələdə üzərinə böyük yük düşür".

Bəs əxlaqa zidd hallar aşkarlandığı obyektlərin sahiblərinin də cəzalandırılması nəzərdə tutulubmu?

Bununla bağlı Elşad Hacıyev dedi: "Bəyanatımız əslində cəmiyyətə bir çağırışdır ki, neqativ hallara yol verməyin, aşkarlansa məsuliyyətə cəlb olunacaqsız. Bütün hallarda  qanunvericilik polisə hansı səlahiyyətləri veribsə bunun çərçivəsində həmin obyektlərin sahiblərinə xəbərdarlıq olunacaq, əməlin tərkibinə görə  hüquqi məsuliyyət yaradan formada bununla bağlı profilaktik tədbir görüləcək.

Ümumiyyətlə, cəzalanma məsələsinin əleyhinəyəm. İnsanları daha çox maarifləndirməyə çalışırıq ki, bu cür əməllərdən uzaq olsunlar". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Maksimal bal toplayanların adları - SİYAHI
Güclü külək bu rayonda fəsadlar törətdi - FOTO
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri elan olunub

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO