Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının Arsenal-Çelsi futbol klublarının iştirakı ilə final oyununa tamaşa etmək üçün xarici dövlətlərdən paytaxtımıza gələcək çox saylı qonaqların, azarkeşlərin və rəsmi şəxslərin nəqliyyat vasitələrinin sərbəst hərəkətinin təşkil olunması üçün Baş Dövlət Yol Polisi İdarəsi əlaqəli qurumlarla birlikdə zəruri tədbirlər həyata keçirilir.
Bununla əlaqədar Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması, habelə avtomobillərin və piyadaların şəhər daxilində rahat, fasiləsiz hərəkətinin təşkili məqsədilə respublikanın digər şəhər və rayonlarından paytaxta gəlmək istəyən vətəndaşlara may ayının 27-dən 30-dək olan müddətdə, ictimai nəqliyyat vasitələrindən, marşrut avtobuslardan istifadə etmək tövsiyə edilir.
Sumqayıt sakinləri isə avtobuslarla yanaşı, Bakı-Sumqayıt marşrutu üzrə fəaliyyət göstərən sürətli elektrik qatarlarından istifadə edə bilərlər.
Xatırladırıq ki, Bakı şəhərinin giriş hissələrində lazımi şəraitlə təchiz olunmuş və mühafizə olunan ödənişsiz duracaqlar fəaliyyət göstərir. Paytaxta fərdi avtomobillərlə gəlmək məcburiyyətində qalan şəxslər avtomobillərini həmin duracaqlarda saxlayaraq xüsusi marşrutla işləyən avtobuslarla ən yaxın metro stansiyasına gedə bilərlər.
Paytaxt sakinlərindən həmin müddət ərzində fərdi nəqliyyat vasitələrdən mümkün qədər az istifadə etmələri, xüsusilə Bakı şəhərinin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri tövsiyə olunur.
Oxu24.com
ŞƏRHLƏR