Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12791
az

Bizi kompüterimizdə daim təqib edən ziyanvericilər

22:4705 May, 2019
1025
  • A
Virusun yayılmasında sayt körpü, internet isə vasitəçi rolunu oynayır

Oxu24.com kaspi.az-a istinadən yazını təqdim edir.

Kibercinayətkarlar zərərli proqram təminatlarını yaymaq üçün son vaxtlar məşhur televiziya seriallarının pirat versiyalarını istifadə edirlər. "Kaspersky Lab"-ın mütəxəssisləri son iki ildə məşhur teleşouların epizodlarını təqdim edən zərərli faylların yüklənməsi statistikasını təhlil edərək belə qənaətə gəliblər. Ən "viruslu", 2018-ci ildə bütün zərərli faylların 17 %-ni təşkil edən "Taxtların oyunları" serialı olub. Maraqlıdır ki, keçən il bu fantastika dramının yeni seriyaları çıxmayıb. Müqayisə üçün qeyd edək ki, 2017-ci ildə bütün dünya bu seriyalın yeni mövsümünə baxan zaman, bu göstərici 22% olmuşdu. Ümumiyyətlə, zərərvericilər "Taxtların oyunları" vasitəsi ilə bütün dünyada 21 minə yaxın istifadəçiyə hücum ediblər. "Kaspersky Lab"-ın mütəxəssisləri hesab edirlər ki, ən təhlükəli, serialın hər mövsümün ilk və son seriyaları olur: məsələn, bu seriyalarla zərərvericilər daha çox zərərli fayllar gizlətməyə çalışırlar. Ekspertlər indiyə kimi "Taxtların oyunları" adı ilə 33 növ təhlükə və 505 zərərli proqram təminatları qeydə alıblar. Ən çox istifadəçilər, troyan (üçdə bir hallarda), reklam proqram təminatı (28%) və yükləmələr (21%) istifadə edirlər. Antivirus üzrə mütəxəssisi Anton İvanov deyib: "Biz görürük ki, zərərli proqram təminatlarını yayanlar məşhur teleserialların pirat versiyalarına güclü maraq göstərirlər: onlar sevdikləri şouların yeni seriyasını daha tez görmək istəyən istifadəçilərin səbirsizliyindən istifadə edirlər. "Taxtların oyunları" serialının son mövsümünün çıxması ərəfəsində kibercinayətkarların yeni aktivliyini gözləmək olar - yəqin ki, yeni seriyalar adı altında zərərli proqram təminatlarının sayı artacaq".

Bəhs olunan mövzu həqiqətən aktualdır. Belə ki, filmlərlə belə olmasa, zərərvericilər müxtəlif yollarla kompüterimizə yol tapır. Əksəriyyəti isə sosial şəbəkələrdə mesaj formasında yayılır. İstifadəçilərin mesaj qutusuna bilinməyən qovluq formasında mesaj gəlir, onlar da bilmədən açırlar və virus həm bütün kompüterə yayılır, həm də digər istifadəçilərin profilinə avtomatik olaraq göndərilir. Kim bu cür ismarıcı açıb oxusa, virus tələsinə düşmüş olur. Maraqlıdır, bu viruslar şəxslərin kompüterinə, filmlərə necə yol tapır?

İnformasiya Texnologiyaları üzrə ekspert Qafar Əhmədov deyir ki, internet bütün kompüterlər arasında qapı açır. Yəni əgər bir kompüterdə şəbəkə ilə yayıla bilən virus varsa, onun digər kompüterə keçməsi üçün internet bağlantısının olması kifayətdir. İki və ya daha çox kompüter arasında internet bağlantısı mövcuddursa, virusun yayılma ehtimalı yüksəkdir. Bunun üçün də hansısa saytdan kinoya baxanda, kompüterində qeyd edilən viruslardan qorunmaq üçün antivirusun və ya başqa bir önləyici vasitən yoxdursa, həmin virusun kompüterə keçməsi 90%-dir. İndi düşünün ki, bu məsələ daha qlobaldır. Məsələn, bir saytdan bir filmə minlərlə insan baxır və bu o deməkdir ki, bu şəxslərdən heç olmasa birinin kompüterində virus varsa, hamısına keçə bilər. Burada virusun yayılmasında sayt körpü, internet isə vasitəçi rolunu oynayır. Nəticə etibarı ilə virus yayılmağa başlayır".

Q. Əhmədov bu viruslardan qorunma yollarının olduğunu bildirdi. O, qeyd etdi ki, hər kəs kompüterinə bahalı internet qoruyucusu olan antivirus yükləyə bilər: "Yaxud da kompüter professional kompüter ustası tərəfindən format edilirsə, özü bu tədbirləri görür. Misal üçün, mən bütün virusları nəzərə alıb brauzerə viruslardan qorunmaq üçün vasitələr yazıram. Bu vasitələrin bəziləri pulsuz, bəziləri isə pulludur. Əgər müştəri pulluya razı olmasa, pulsuzu istənilən halda yazıram. Amma elə proqramçılar var ki, bu antivirusları yazmır. Onlar sadəcə, işini görür, yəni kompüteri format etməklə kifayətlənirlər. Kompüteri format edib müştərini eləcə, yola salır".

Həmsöhbətim "adguard" proqramından da danışdı: "Ən sadə antivirus proqramlarından biri "adguard" adlanır. Bu, xrom brauzerinin marketində var, oradan yükləmək olar. "Adguard" reklam bloklayıcıdır, həm də virusların kompüterə keçməyinin qismən qarşısını alır. Digər tərəfdən, əgər kompüter "windows 10" deyilsə, məsləhət görüləndir ki, kompüter dəstəklədiyi halda "windows 10" orijinal variantda yazılsın. Çünki bu sistemin öz antivirusu olur ki, o da bütün bu tip virusların qarşısını alır. Yəni həmin kompüterə əlavə antivirus proqramı yazmağa ehtiyac olmur. Yox, əgər kompüter "windows 10" sistemini dəstəkləmirsə, bu zaman "windows7" üçün "Microsoft"un antivirusundan yararlanmaq olar. Bu da pulsuz antivirusdur və "Kaspersky"dən dəfələrlə yaxşı, effektivdir. Ona görə də "Kaspersky"-yə 30-40 dollar verməyə dəymir. Amma müştərinin pulu varsa və özü də tələb edirsə, bu zaman "Kaspersky" antivirusunu yükləmək olar. Yanlış anlaşılmasın, mən demirəm ki, bu antivirus pisdir. Əksinə, yaxşı antiviruslardan biridir. Amma məsələ ondadır ki, insanlar adı çəkilən antivirusun 90% funksiyalarından istifadə etmirlər. Yerdə qalan 10% funksiyalar pulsuz olan antiviruslarda da var deyə, onları məsləhət görürəm. Sadəcə, sistemin və antivirusun professional şəxs tərəfindən yazılması kifayətdir".

"Şəbəkə ilə yayılan virusları xəfifə almaq olmaz" deyən İT mütəxəssisi bildirdi ki, bu, hansısa proqramçının yaratdığı "agent" viruslar da ola bilər: "Hansı ki, bu viruslar vasitəsilə insanların kompüterinə girib onların məlumatlarını oğurlamaq məqsədi ilə yayılır. Xüsusilə də şirkətdə iş üçün istifadə edilən kompüterlərlə də diqqətli olmaq lazımdır. Çünki istənilən halda hansısa işçi də müəyyən bir sayta girib film izləyərkən, onun kompüterinə virus düşər və şirkətin bütün məlumatları oğurlana bilər. Sırf bu hadisələrin baş verməməyi üçün əvvəlcədən tədbir almaq mütləqdir. "Taxtların oyunu" filminə gəlincə isə zərərvericilərin sırf onun üzərindən yayılmasının səbəbi baxışın çox olmasıdır. Yəni baxış sayı nə qədər çoxdursa, virusun yayılma ehtimalı da bir o qədər yüksəkdir".

İT sahəsi üzrə ekspert Tural Mustafayev bu virusların sürətlə yayıldığını və qorunmağın vacib olduğunu bildirir. Həmçinin internetdən istifadə edərkən diqqətli olmağı qeyd edir: "Yüklənən faylların genişlənməsinə xüsusi önəm vermək lazımdır. Zərərli proqram təminatlarında belə hallar tez-tez olur. İstifadəçilər şübhəli linkləri açmasınlar. Hansısa filmə baxmaq üçün sayta daxil olmamışdan əvvəl həmin Veb-saytın saxta olub-olmadığını yoxlasınlar, o cümlədən əvvəldə "https" yazılmasına və URL ünvanının düzgün yazılmasına diqqət etsinlər. Bütün növ hücumları tanıyan və blok edən etibarlı antiviruslardan istifadə etmək vacibdir. Antivirus seçimində də professionalların məsləhətini almaq lazımdır". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Faciəvi şəkildə ölən ata və oğulun görüntüsü - FOTO
Azərbaycanda taksilərlə bağlı yeni tələb avtomobil bazarına necə təsir edəcək?
Sabir Rüstəmxanlı:

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Qazax sakini buna görə tutuldu